İbrahim Safi — Vikipediya

İbrahim Safi
İbrahim Qafar oğlu Səfiyev
Doğum tarixi
Doğum yeri Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Qafqaz canişinliyi Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti rəssam
Təhsili
Janr Rəssamlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İbrahim Safi (əsl adı: İbrahim Qafar oğlu Səfiyev; 1898[1], Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası4 yanvar 1983, İstanbul, Türkiyə) — Azərbaycan əsilli Türkiyə rəssamı, Atatürkün portretini çəkən ilk rəssamlardan biri.

İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir, 12 yaşında ikən "Araz balıqçıları" adlı ilk rəsmini çəkmişdir.

İlk təhsilini Baş Noraşen (indiki Cəlilkənd) kənd məktəbində almış İbrahim, sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur.[2]

1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatını almışdır. Bu həvəs onu Moskvadakı Rəssamlıq Universitetinə gətirdi. İmtahanları uğurla verib, tələbə adını alan İbrahim, iki il burada oxuduqdan sonra Rusiyadakı 1917-ci il inqilabi və s. hadisələrdən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana geri qayıdır. Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahim Səfiyev, I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatının sonuna qədər burada yaşayır.

İstanbulda Sanayi Nefise Mektəbinə (Gözəl Sənətlər Akademiyası) daxil olan İbrahim Səfiyev, 1923-cü ildə buradan məzun olur və Türkiyənin məşhur rəssamı Namiq İsmayılın emalatxanasında "misafir tələbə" olaraq çalışır.

1924-cü ildən etibarən sərgilərdə iştirak etməyə başlayır. II dünya savaşının başlanması ilə əsgərliyə çağrılan İbrahim, orduda qulluğunu tamamladıqdan sonra həmişəlik İstanbulda məskunlaşaraq həyatını sənətə bağlayır.

4 yanvar 1983-cü ildə Oda Kule iş Mərkəzinin art salonunda açılan yüzüncü fərdi sərgisinin açılış axşamı böyük usta həyata vida etmişdir.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Naci Kalmukoğlu ilə İbrahim Safi (şapkalı olan)

Türk rəsm sənəti tarixində özünəməxsus tərzi ilə yer eləmiş rəssam, iki il Münhendə olmaqla bərabər, 11 il Avropa ölkələrində yaşadı. Dövlət tərəfindən Roma və Vyanaya göndərilən rəssam, bu ölkələrdə fərdi və qarışıq sərgilərdə iştirak edir. 1967-ci ilə qədər sadəcə Marsiliyada səkkiz fərdi sərgi açmışdır.

Klassik rəsm üslub düşüncəsini dəyişdirərək Türk rəsminə yeni bir meyl gətirmiş İbrahim Çallı, Nazmi Ziya, Namik İsmayıl, Feyhaman Duran və Hikmət Onat kimi impressionist türk rəssamlarından ilham alaraq öz dəst-xəttini yaratmışdır.

İlk rəsm təhsilini Rusiyada alan rəssam, güclü rəsmilə impressionizmin gətirdiyi boya incəliyini qaynaşdırmışdır. Son dərəcə sağlam, həssas və lirik bir incəliyə sahib çalışmalarında təbiəti müxtəlif cəhətləriylə təsvir edir və hər an dəyişən işığa və onun əsasında günəşə könül vermişdir.

Rusiya Rəsm Akademiyasındakı ilk təhsil pilləsindən sonra Avropa və Türk rəsminin təsiri altında qalan rəssamın yaradıcılığında rus impressionizminə verilən önəm hiss olunur. Bu onun 1950-ci illərdən bu yana çox sayda açdığı sərgilərdə nümayiş olunan əsərlərindəki seçdiyi üslubda, xüsusilə qalın rənglərə olan güclü meylində aşkar olunur.

Rəssamın qalın rəng mozaikasından yoğrulmuş portretlərdə psixoloji məqamlar çox güclüdür. Hiss və duyğuların çox güclü olduğu əsərlərdə biçim və rənglərdəki lirika böyük ustalıqla vurğulanır. Əsərlərdəki təkrarsız kompozisiya biçimləri rəng həlli və bədii şəhri də müxtəlif məziyyətləri aşkarlamağa xidmət edir.

Tabloların rəng həlli rəssamın keçirdiyi hiss duyğularının ünvanını dəqiq şərtləndirir.

"Ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin içində var" — deyən rəssamın əsərlərinin böyük bir hissəsinin mövzusunun təbiətdən alınması bir təsadüf deyildir. Təbiətdə dəyişməyən və hər zaman insanın qəlbini xoş arzularla dolduran bir şey varsa, o da ağaclardı, güllərdi və dağlardı. Bəlkə elə ona görə də İbrahim Səfiyev natürmortlarında saysız gül, çiçək çəkmiş. Bu çiçəklərin rəngarəngliyi, parlaq boyaları insanda ilıq, həzin xoş hisslər oyadır.

Bir çox rəngkarlıq lövhələrində rəngli cizgilərin qəribə ritmindən ortaya çıxan romantik ovqat seyirçini ilk baxışdan özünə cəlb edir.

İbrahim Səfiyevi Türk təsviri sənətinin postimpresyonist janrına ən layiqli töhfə verən sənətkarlardan hesab etmək olar. Yaradıcılığının ilk illərində Türk tarixinin şanlı səhifələrinə müraciət edərək ulu öndər Mustafa Kamal Atatürkün portretini yaratmaqla Türk tarixinin dolğun həyat və qəhrəmanları ilə yaşadan rəssam, Türk Dünyasının atası Atatürkün rənglərdən "boylanan" obrazını yaratmağa nail olmuşdur. Bu portretdə bizə özündə türk xalqının qəhrəmanlığını, şücaətini hifz edən şəxsiyyətin baxışları yönəlməkdədir. Bu portretdə obrazın bədii kamilliyi ilə yanaşı, tarixi durumun inandırıcı ifadəsi də diqqəti çəkir. Bir-birini təkrarlamayan saysız əsərlərində, həyatdan aldığı ağır zərbələrlə əlaqəli əsərlərindəki rəng həlli sənətkarın keçirdiyi hiss duyğuların ünvanını dəqiq şərtləndirir.

İbrahim Səfiyevin əsərlərinin xronologiyası onun keçdiyi yoldur. Rəssamın sənətdəki inkişafını, onun rəngkarlıq manerasını formalaşdıran mərhələləri ardıcıl izlədiyimiz zaman görə bilərik. O, işığın yardımı ilə obrazlarının simasında əsas olanı vurğulamağa çalışmışdır.

Rəssam İbrahim Səfiyev sənətlə dolu ömrünü saysız hesabsız qiymətli əsərləri ilə zənginləşdirmişdir. Bir sənətçi olaraq, məlum səbəblərdən çəkdiyi sıxıntılara baxmayaraq, həyatını tamamən sənətə həsr etmiş, ara vermədən Türkiyədə müxtəlif fərdi sərgilər açmışdır. İstər ifadədə, istərsə də biçimlərdə olsun Səfiyev, rəssamlığın əsas qanunları içində güclü və mənimsənmiş bir realizmə hakimdir. Əsərlərini bir-bir gözdən keçirdikdə, çalışma əsnasında meydana gələn davamlı şəkildə yeni düşüncələr və görüntülər arasındakı bağlantı hiss olunmaqdadır. Yaşadıqlarının sonunda ortaya çıxmış duyğusal biçimlər və ifadələr realist bir tərzdə anladılan "İnsan" çox saylı əsərlərinin əsas mövzusudur.

Sənətçinin rəng koloriti əsasən canlı və parlaqdır. Xüsusilə 1960–70-ci illərdən sonra işlənmiş rəsmlərində daha canlı və parlaq rəngə üstünlük verilmişdir. Canlı və soyuq rənglərin əks etdirdiyi hərarət və işıq, bu rənglərə ağırlıq verən məna təzadı insanı öz təsiri altına alır.

Sənətdə öz prinsipləri, mükəmməl biçimi olan sənətçinin son illərdəki əsərlərində olan yeni xüsusiyyətlər çeşidli mövzularda meydana çıxır. 1975 – 80-ci illərdə İbrahim Səfiyev görmə qabiliyyətini get-gedə itirir.

Müxtlif sənət cərəyanlarına, təzadlı rəssamlıq üslublarına yaxından bələd olan İbrahim Şəfı yaradıcılığında realizmə üstünlük vermiş, dünya incəsənətinin mütərəqqi ənənələrini davam etdirmişdir. Boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr ("Otel" parkı tərəfdən Bursa görünüşü", "Anadolu sahilinin görünüşü", "Qarxana rayonu", "Sultaniyyə məsçidindən bir görünüş", "Mənzərə" və s.), natürmortlar ("Gül vazası", "Natürmort" və s.), portretlər ("Qadın portreti", "Portret", "Qərəzli musiqiçi Hafızin portreti", "Zərrux xanımın portreti" və s.) yaratmışdır. Bəzi mənzərə və natürmortların şux, şəffaf kaloriti, rənglərin oynaqlığı onu fransız impressionistlərinə yaxınlaşdırır, impressionizmin naturaya gətirdiyi işığa, parlaqlığa, kolorit gözəlliyinə aludəçiliyi göstərir ("Burqaz adası tərəfdən Anadolu sahillərinin görünüşü", "Bursa dağında düzənlik", "Bosfordan bir mənzərə", "Qış mənzərəsi", "Anadolunun görünüşü" və s.) əsərlərində bir çox ölkələrə səfər təəssüratları əksini tapmışdır. Türkiyədə, həmçinin Fransa, Avstriya, ABŞ, İsveçrə və s. ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Mənzərə, portret və natürmortlarından ibarət bəzi əsərlərini Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə bağışlamış, bir neçə əsəri 1989 ildə Bakıda keçirilən "Əzizim vətən yaxşı…" sərgisinin ekspozisiyasına daxil edilmişdir. Əsərləri Türkiyədə və dünya muzeylərində, o cümlədən şəxsi kolleksiyalarda, R. Mustafayev adına Azərbaycan İncəsənət Muzeyində saxlanılır.[4]

  • Ressam İbrahim Safi (1898–1983). İstanbul: Sanat Çevresi, 1990;
  • İbrahim Safi. Sergi kataloğu. 1–20 Şubat 1999, Tünel Sanat Galerisi. Katalog Kitap. İstanbul: TC Ziraat Bankası, 1999;
  • İbrahim Safi. Resimler, Mektuplar, Belgeler. İstanbul: Kırmızı Kedi, 2019;
  • Jalə Cəfərova. Rəngləri danışdıran adam. Bakı: Təhsil, 2021;
  • Fizzə Quliyeva. İbrahim Səfinin həyatı və yaradıcılığı. Naxçıvan: Əcəmi, 2021.
  1. Ibrahim Safi // Artnet. 1998.
  2. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 152. ISBN 978-9952-5455-010.
  3. "İbrahim SAFİ - Artist Detail - Turkish Paintings". www.turkishpaintings.com. İstifadə tarixi: 4 yanvar 2017.
  4. Terlan Mehdiyeva. "Türkiye'de çalışan Azerbaycanlı ressamların yaratıcılığı" (PDF). 38. ICANAS (Uluslararası Asya ve Kuzey Afrika Çalışmaları Kongresi). Bildiriler. Tarih ve Medeniyetler Tarihi. IV. Cilt. 2007: 2065–2084. 2024-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]