Şabadin — Vikipediya

Tarixi Zəngəzur əraziləri
Ecanan mahalı
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Mərz: Sünik mərzi
Rayon: Qafan rayonu (1930-1995)
İnzibati mərkəz Qafan
İndiki adı Eğek və yaxud Yeğek (erm. Եղեգ)
Adının dəyişdirilmə tarixi 19 aprel 1991
Sahəsi 10,12 km²
Əhalisi 113[1] (2010)
Saat qurşağı
Xəritədə yeri
Şabadin xəritədə
Şabadin
Şabadin

Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub.[2]

1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir.[3]

Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu ŞabadiniEcanan Şabadini.[2]

1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı.[4] 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır.[2]

Oxçu Şabadini

[redaktə | mənbəni redaktə et]

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş.[5] Digər adı Oxçu-Şabadın. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Türk dillərində çap "iki dağarası çökəklikdə yüksəklik"[6] və monqolca adin "maldar köçərinni təsərrüfatı", "ilxı"[7]

Oxçu Şabadini kəndi XIX əsrdə bölgənin ən böyük kəndlərindən biri kimi məşhur olmuş, 1918-ci ildə Andranikin dəstəsi tərəfindən dağıdılmış, əhalisinin xeyli hissəsi qətlə yetirilmiş, sonradan bərpa edilməmişdir. Bu kənd Qapıcıq dağının ətəklərində, Oxçuçayın kənarında yerləşirdi.[8] Məmməd Səid Ordubadi 1908-ci ildə qələmə aldığı Qanlı illər adlı kitabında bu Şabadindən "Oxçu-Şəbadək" kimi söz açır.[9]

Ecanan Şabadini isə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı. Digər adı Ecanan-Şabadın. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənd idi və 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Hal-hazırda isə ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır.[2][10]

Şabadin sözünün mənası "iki dağ arasında yerləşən yaşayış məntəqəsi" kimi izah olunur. Toponim türk dilində "bitkisiz qumlu, daşlı dağ yamacı", "yastı sıldırım sahili", "uçurum, sıldırım", "yamac", "dərin dağarası çuxurda yüksəklik" mənasında işlənən çap (> şab) sözü ilə türk dilində "dincəlmək üçün dayanmaq", "istirahət", "dincəlmək" mənasında işlənən din (dın) sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[8]

Şabadin sözünün "bitkisiz, qumlu, daşlı yer" mənasına gəldiyi də toponimin etimoloji mənalarından biridir.[11]

Kəndin adı Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə dəyişdirilərək Eğek (erm. Եղեգ və yaxud Yeğek) edilmişdir.

Kənddə 1831-ci ildə 51 nəfər, 1873-cü ildə 198 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 317 nəfər, 1914-cü ildə 375 nəfər azərbaycanlı yaşamışdır.[3][8] 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalan kənd əhalisinin təqribən üçdə biri 151 nəfər Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə öz evlərinə dönə bilmişlər.[3] Ermənistan SSR zamanı kənddə 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 213 nəfər, 1959-cu ildə 380 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının ikinci yarısından etibarən 10 gün müddətində noyabrın 28-ə kimi azərbaycanlılar yenidən öz doğma yurdlarından qovulmuşlar. Hal-hazırda kənddə ermənilər yaşayır. Ermənistan Respublikası Milli Statistika Xidmətinin məlumatına görə 2001-ci ildə kənddə 166 nəfər[12], 2010-cu ildə isə 113 nəfər yaşayıb.[1]

Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı
1831-ci il 1873-cü il 1886-cı il 1897-ci il 1904-cü il 1914-cü il 1922-ci il 1926-cı il 1931-ci il 1959-cu il 2001-ci il[12] 2010-cu il[1]
Şabadin 51 198 261 316 317 375 151 175 213 380 166 113

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

1930-cu ildə Şabadin kəndində ibtidai məktəb açılmış, kolxoz qurulmuşdur. 1959-cu ildə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Ecanan mahalının digər azərbaycanlı kəndləri kimi kənddən 15 km uzaqda olan Sünik erməni sovxozuna verilmişdir.[3] Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi və s. sosial obyektlər var idi.

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

Qafan rayonunda ilk azərbaycanlı ziyalılardan biri olan Qafan rayon Maarif Şöbəsinin müdiri Bahadur İsmayılov bu kənddə anadan olmuşdur.[3]

Şabadin camaatı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən mübarizədə olduqca fəal iştirak etmiş və 7 nəfər şəhid vermişdir:

  • Ramazanov Firudin Bəhram oğlu
  • Əliyev Vəzir Əli oğlu ("Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir)
  • Əhmədov Yaqub Ağəli oğlu ("Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir)
  • Əhmədov Şirvan Məhəmməd oğlu
  • Mehdiyev Nurəddin İmran oğlu
  • Ağakişiyev Asif Xankişi oğlu
  • Albəndəyev Rizvan Hümbət oğlu

1994-cü ilin 16 aprel tarixində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş leytenant Vəzir Əliyev 1993–94-cü illərdə cəbhədə göstərdiyi şücaətlərə görə canlı əfsanəyə çevrilmişdir. Onlarla düşməni məhv edən, düşmənin texnikasını sıradan çıxardan leytenant Vəzir Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

  1. 1 2 3 Ermənistan Respublikası Milli Statistika Xidməti (ERMSTAT). Ermənistan Respublikası mərzləri və İrəvan şəhəri rəqəmlərdə, 2010 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  2. 1 2 3 4 Musa Urud. "Zəngəzur", Bakı, "Nurlar", 2005. səh. 334–335.
  3. 1 2 3 4 5 Sabir Əsədov. "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" Arxivləşdirilib 2022-04-05 at the Wayback Machine (kiril əlif. "Ермәнистан азәрбајҹанлыларынын тарихи ҹоғрафијасы"), Bakı, "Gənclik" nəşriyyatı, 1995. səh. 157–158. ISBN 5-8020-0852-0
  4. "Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.", Типография И. Мартиросиянца, Тифлис, 1893. - стр. 250 Arxivləşdirilib 2019-12-03 at the Wayback Machine
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  6. Мурзаев Э.М. Словарь народных географических терминов. М. 1984.
  7. Словары географических терминов идругих слов, встрецасие в буратских географицеских названиех. 1969, стр. 9).
  8. 1 2 3 İ. M. Bayramov. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 318. ISBN 5-8066-1452-2
  9. Ordubadi M. S. Qanlı illər Arxivləşdirilib 2023-03-31 at the Wayback Machine. Əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan: Ə. D. Bağırov. Naxçıvan: "Əcəmi" NPB, 2001, s. 172
  10. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Шабадин // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  11. Vilayət Əliyev. "Zəngəzurda qalan izimiz" Arxivləşdirilib 2018-11-23 at the Wayback Machine, Bakı, "Prezident Kitabxanası", 2004. səh. 93.
  12. 1 2 Ermənistan Respublikası Milli Statistika Xidməti (ERMSTAT). 2001-ci il Ermənistan əhalisinin siyahıyaalınmasının yekunlarına dair hesabat Arxivləşdirilib 2020-06-22 at the Wayback Machine