Şibyələr — Vikipediya

Şibyələr (lat. Lichenes).

Bu qrupa 400 cins-13000-ə yaxın növ daxildir.

Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır. Buna görə də şibyələr bitkilərin yayılması üçün ilkin şərait yaradır.

Şibyələr müxtəlif ekoloji şəraitdə təsadüf olunur. Şibyələr, adətən, turş torpaq mühitini sevir. Ona gorə də şumlanmış torpaqlarda torpaq şibyələri olmur. Şibyələr yarpaq, ağac qabığı, quru oduncaq və kötük üzərində də bitir. Yarpaq şibyələrinə həmişəyaşıl tropik bitkilərin çoxillik yarpaqIarı üzərində təsadüf olunur. Azərbaycanda Lənkəran zonasında bitən şümşad bitkisinin yarpaqları üzərində şibyələrə tez-tez rast gəlmək olur. Ümumiyyətlə, şibyələrin müxtəlif novləri respublikanın bütün ərazisində - qayaların, ağac gövdələrinin və kötüklərinin üzərində yayılmışdır. Şibyələr formalarına görə müxtəlifdir. Onlardan quru qabıq şəklində olan şibyələr daşların, qayaların üzərində yayılaraq, orada müxtəlif rənglərdə yarpaq şəklində lövhəciklər əmələ gətirir. Onları zədələmədən daşın üzərindən qoparmaq olmur. Bunlardan qızılı-sarı rəngli divar şibyəsini (ksantoriyanı) göstərmək olar.

Şibyələr (soldan sağa):
Qayalığın üzərində; ağac gövdəsi üzərində; kötüyün üzərində.


Divar şibyəsi ağacların qabığı üzərində qazmaq şəklində olur. Şibyələrin bəziləri kiçik kol şəklindədir. Köhnə ağacların budaqlarından sallanan saqqalabənzər şibyəni, tundrada geniş talalar təşkil edən maral şibyəsini, "İslandiya mamırını" (setrariya), Kladoniya və digərlərini misal göstərmək olar. Şibyələr çox maraqlı quruluşa malikdir. Şibyə birgə yaşayışa uyğunlaşmış iki orqanizmdən - göbələk və yosunlardan ibarətdir. Şibyənin tallomu - bədəni bir-birinə dolaşmış göbələk telləri və bunların arasınla yerləşən birhüceyrəli, yaxud çoxhüceyrəli yaşıl və ya göy-yaşıl yosunlardan təşkil olunmuşdur. Deməli, şibyə simbioz həyat keçirməyə uyğunlaşmış göbələk və yosunlardan ibarət orqanizmdir.Buna görə də,onlar bitki sayılmır.Göbələk su və suda həllolmuş mineral duzlarla yosunu təmin edir. Yosun hüceyrələrində isə fotosintez prosesi zamanı üzvi maddələr əmələ gəlir və o da üzvi maddələrlə göbələyi qidalandırır. Beləliklə,iki müx təlif orqanizmin simbioz yaşayışı təmin olunur. Şibyələrdə kök, gövdə, yarpaq və çiçək olmur. Onlar rütubəti başlıca olaraq yağışdan, şehdən və çəndən bədənlərinə hopdurur. Simbioz həyat, şibyələrə işıq düşən yerdə - qayalarda, ağacların qabıqlarında yaşamaq imkanı verir. İşıq olmadıqda yosun hüceyrələrində üzvi maddələr əmələ gəlmir, şibyələr məhv olur.

Şibyələr, adətən, tallomun hissəcikləri ilə çoxalır. Şibyələrin da xilindəki göbələk sporlarla, yosun hüceyrəsi isə bölünmə yolu ilə çoxalmağa qabildir. Bunlardan əlavə şibyənin tallomu daxilində xüsusi hüceyrə qrupları da əmələ gəlir. Onlar çoxalıb böyüdükdə aşağıdan talloma təzyiq artır. Nəticədə tallom yırtılır, bu zaman hüceyrə qrupları külək və su vasitəsilə ətrafa yayılır. Şibyələrin başqa bitkilər kimi təbiətdə və maddələr dövranında müəyyən rolu vardır. Bundan əlavə başqa bitkilərin yaşaya bilmədiyi yerləri onlar yararlı hala salır.

Şibyələrin xalq təsərrüfatı əhəmiyyəti də az deyildir. Maral mamırı adlanan şibyənin maralçılıq təsərrüfatının inkişafında mühüm əhəmiyyəti vardır. Şimalda - tundra zonasında bu şibyə maralların əsas yemini təşkil edir. "İslandiya mamırı" adlanan şibyə yeyilir. Bəzi ölkələrdə onu una qatırlar. Həmin şibyədən təbabətdə mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur.

Bəzi şibyə növlərindən müxtəlif boyalar alınır. Lakmus şibyəsindən kimya sənayesində geniş istifadə olunan lakmus istehsal olunur. Azərbaycanda qoyunçuluqla məşğul olan rayonlarda el arasında "daş xına" adlanan şibyədən dırnaqları boyamaq üçün istifadə edirlər, Bu şibyə dağlıq yerlərdə daşlar və qayalar üzərində qazmaq şəklində yayılmışdır. Bir çox şibyələr meyvə ağacları üzərində yayılır. Onlar ağaclarda parazitlik etmir. Lakin ağacların gövdəsini örtməklə qaz mübadiləsinə mane olur və həşəratların yaşaması, parazit göbələklərin inkişafı üçün şərait yaradır. Ona görə də meyvə ağaclarının gövdələrini onların üzərində təsadüf olunan şibyələrdən təmizləmək lazımdır.

Hazırda 26 minə qədər şibyə növü məlumdur. O cümlədən, Qafqazda 1200-dək Azərbaycanda 700-ə qədər şibyə növü vardır. Şibyələrin əksəriyyəti mülayim iqlim şəraitində, əsasən, dağlıq yerlərdə yayılmışdır. Yəqin ki, siz dağ rayonlarında daşların üzərində yayılmış qonur-yaşıl rəngli şibyələri görmüsünüz. Bunlar torpağın əmələ gəlməsi prosesində böyük rol oynayır. Belə ki, şibyələr dağ süxurlarının üzərində digər bitkilərin bitməsinə şərait yaratmış olur.

Şibyələr şimal xalqlarının həyatında böyük rol oynayır. Onlar maralçılıqda əsas yem bazasını təşkil edir. Şimal marallarının yeminin 50%-i şibyələrdən(maral mamırından) ibarətdir.

Şimal rayonlarında şibyələrin bəzi növləri ev heyvanlarının yemləndirilməsi üçün istifadə olunur. Şibyələr havanın temperaturu +60°S - dən - 50°S olan yerlərdə yaşaya bilir. Onlar tundrada çox soyuq iqlim şəraitində bitir. Belə ki , soyuğadavamlı digər bitkilərə nisbətən onlara daha şimalda təsadüf olunur.

Şibyələrin tundrada böyük əhəmiyyəti vardır. Onlar tundrada bitki örtüyünün əmələ gəlməsində böyük rol oynayır. Tundrada xüsusi tip bitki örtüyü olan şibyəli tundra zonası vardır. Burada şibyələr şam meşəsinin əmələ gəlməsində əsas rol oynayır. Bununla belə şibyələr rütubətli tropik meşələrdə də özlərini yaxşı hiss edir.

Şibyələr simbioz (şərikli) həyat keçirən canlıdır.

Şibyələri öyrənən elm lixenologiya adlanır.

Şibyələr həm ziyanlı,həm də faydalıdır