Aktyor sənəti — Vikipediya

Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadə Hamlet rolunda.

Aktyor sənəti və ya aktyorluqaktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması.

Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyülyaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır. İstər dini, istər xalq taşamalarının təşəkkül dövründə aktyor eyni zamanda həm dramaturq, həm də rejissor idi. O, bəstəkar, rəssammusiqi ifaçılığı işlərini də özü görürdü.[1]

Konstantin Stanislavskinin Qərbdəki peşəkar təlimin çox hissəsinin əsasını təşkil edən aktyorların yetişdirilməsi "sistemi"ni inkişaf etdirməyə başladığı Birinci Studiyanın üzvləri.

Aktyor sənətinin yaranması və inkişafı ayrı-ayrı xalqlarda müxtəlif vaxtlara təsadüf edir. Qədim Yunanıstanda e.ə. V əsrdə aktyor artıq müstəqil sənətkar kimi çıxış edirdi. Qədim Romada pantomima janrı yaranmışdır. Aktyor sənəti Roma imperiyası dövründə tənəzzülə uğramışdır. Orta əsrlərdə aktyor sənəti gistrionlarskomoroxlar kimi xalq gəzərgi aktyorlarının yaradıcılığında mövcud idi. Onların tamaşaları antiklerikal, satirik, üsyankar xarakter daşıdığından bu aktyorları kilsə təqib edirdi. Bu dövrdə xalq meydan teatrı növü olan italyan maska komediyası yüksək inkişaf mərhələsinə çatmışdı. İtalyan xalq komediyasında satirik ümumiləşdirmələr, demokratik nikbinlik, rəngarənglik, dinamizm, lirika, poetika güclü idi. Bu sənət intibah dövründə İspaniya, Fransa, İngiltərə və başqa ölkələrdə aktyor sənətinə mühüm təsir göstərmişdir. Aktyor sənətində intibah realizminin müdafiəçisi Vilyam Şekspir olmuşdur. XVII–XVIII əsrlərdə Fransada teatrı ümumxalq və dövlət mənafeyinə tabe etmiş klassisizm sistemində aktyor sənəti çiçəklənmə dövrü keçirmişdir. Maarifçilik dövründə aktyor sənətində şəxsiyyətə maraq artmış, hislər bir növ ictimai bərabərlik təbliğ edən vasitəyə çevrilmişdir. XIX əsrin birinci yarısında romantizmin inkişafı ilə əlaqədar İngiltərədə Edmund Kin, Fransada Frederik Lemetr, Rusiyada Pavel Moçalov kimi aktyorlar burjua əxlaq qaydalarına etiraz ruhunda xarakterlər yaradırdı. XIX əsrin ikinci yarısında aktyor sənətində realizm sistemi Avropada hakim mövqe tutmağa başlamışdır. İtaliyada Tommazo Salvini, Eleonora Duze, Fransada Sara Bernarın yaradıcılığı. Bu dövrdə realizm məktəbi səhnə obrazlarının psixoloji və ictimai-məişət baxımından həllinə nail olurdu. XIX əsrin sonu və XX əsrin əvvəllərində Rusiyada demokratik ictimai-siyasi meyllərin təsiri ilə realist aktyor sənəti böyük ideya qüvvəsi, psixoloji incəlik kəsb edirdi. Stanislavski sisteminin yaranması dünya aktyor sənətinin inkişafına böyük təsir göstəmişdir. Konstantin StanislavskiVladimir Nemiroviç-Dançenkonun rəhəbrliyi altında bir çox görkəmli aktyor yetişmişdir. Yevgeni Vaxtanqov, Aleksandr Tairov, Vsevolod Meyerxold, İqor İlyinski, Maksim Ştraux, Lev Sverdlin və başqalarının da aktyor sənətinin inkişafına mühüm xidməti olmuşdur.[1]

1920-ci illərdə sovet respublikaları teatrlarında milli aktyor sənəti məktəbi yaranmağa başlamışdır. Milli ifaçılıq ənənələrinin müxtəlifliyi aktyor sənətində sosialist realizminin formalaşmasına və inkişafına təsir göstərmişdir. SSRİ xalqları aktyorları eyni zamanda öz yaradıcılıqlarını rus realist teatrının ən yaxşı ənənələri ilə zənginləşdirdilər. Bu dövrdə aktyor sənətində müxtəlif bədii istiqamətlər sıx qarşılıqlı əlaqədə inkişaf edirdi. İkinci Dünya müharibəsi illərində aktyor sənəti siyasi cəhətdən daha da fəallaşmış, publisistik xarakter kəsb etmişdir. 1950–1970-ci illərin aktyor sənəti üçün böyük fəlsəfi ümumiləşdirmələr, inqilabi ehtiraslılıq, siyasi fəallıq, müasirlik və s. xarakterikdir. Yuri Tolubeyev, İnnokenti Smoktunovski, Yuliya Borisova, Mixail Ulyanov və başqalarının yaratdığı obrazlarda ideya dərinliyi və bədii kamillik aydın nəzərə çarpır. Dövrün Qərb teatrında aktyor sənəti Jan Lui Barro, Jan Vilar, Mariya Kazares, Jerar Filip, Con Gilqud, Vivyen Li, Lorens Olivye, Pol Skofild və başqalarının yaradıcılığında yüksək inkişafa çatmışdır. Bir çox Şərq ölkəsi teatrlarında özünəməxsus aktyor sənəti sistemi formalaşmışdır.[1]

Ülvi Rəcəb Otello və Mərziyyə Davudova Dezdemona rolunda. "Otello" faciəsinin səhnələşdirilməsi.

Bir çox görkəmli Azərbaycan aktyorunun ilk yaradıcılıq dövrü bu və ya digər dərəcədə meydan teatrının təsiri ilə bağlıdır. Dünyanın bir çox ölkəsində xalq teatrı, eləcə də misteriya teatrı professional dünyəvi teatrın yaranması üçün zəmin olmaqla bərabər, bilavasitə professional teatra çevrilmə prosesi də keçirmişdir. Azərbaycanda nə xalq teatrı, nə də dini teatr bilavasitə professional teatra çevrilə bilmədiyindən professional teatr bəzi ölkələrə, xüsusən Avropa ölkələrinə nisbətən gec yaranmışdır. Azərbayanda uzun müddət feodal münasibətlərinin hökm sürməsi, dinin ağır təzyiqi və fanatizm realist teatr sənətinin, həmçinin aktyor sənətinin inkişafına mane olmuşdur. XIX əsrin əvvəllərində, Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra əmələ gələn iqtisadi və ictimai-siyasi irəliləyiş Azərbaycanda dramaturgiya və teatr sənətinin inkişafına şərait yaratmışdır. Mirzə Fətəli Axundovun komediyalarının tamaşaya qoyulması Azərbaycan milli teatrının gələcək inkişafında mühüm rol oynamışdır. Azərbaycanda əsl aktyor sənətinin inkişafı professional teatrın yaranması, eləcə də ilk peşəkar aktyorlar Cahangir ZeynalovHüseyn Ərəblinskinin yaradıcılığı ilə bağlıdır.[1]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra aktyor sənətinin inkişafı üçün geniş imkanlar yaranmışdır. Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Sidqi Ruhulla və başqaları Azərbaycan sovet teatrının yaradıcısı olmuşlar. Azərbaycan aktyor sənətinin inkişafında Cəfər Cabbarlının rolu böyükdür. Azərbaycan teatrının ən yaxşı aktyorlarının yaradıcılığı məhz Cəfər Cabbarlı dramaturgiyası ilə əlaqədardır. 1930–1940-cı illər Azərbaycanda aktyor sənətinin yetkinləşmə dövrüdür. Bu dövrdə Mərziyyə Davudova, İsmayıl Hidayətzadə, Məmmədəli Vəlixanlı, Əli Qurbanov, Əsmətxanım Məmmədova, Rza Təhmasib, Ələsgər Ələkbərov, Fatma Qədri, Sona Hacıyeva, Mustafa Mərdanov, Möhsün Sənani, Rza Əfqanlı, Ədhəm Sultanov, Ağasadıq Gəraybəyli, Habil Qurbanov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Ağahüseyn Cavadov və başqa aktyorların yaradıcılığı aktyor sənətini zənginləşdirmişdir.[1]

  1. 1 2 3 4 5 Актјор сәнәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 206.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Boleslavsky, Richard. 1933 Acting: the First Six Lessons. New York: Theatre Arts, 1987. ISBN 0-878-30000-7.
  • Benedetti, Jean. 1999. Stanislavski: His Life and Art. Revised edition. Original edition published in 1988. London: Methuen. ISBN 0-413-52520-1.
  • Brustein, Robert. 2005. Letters to a Young Actor New York: Basic Books. ISBN 0-465-00806-2.
  • Csapo, Eric, and William J. Slater. 1994. The Context of Ancient Drama. Ann Arbor: University of Michigan Press. ISBN 0-472-08275-2.
  • Elam, Keir. 1980. The Semiotics of Theatre and Drama. New Accents Ser. London and New York: Methuen. ISBN 0-416-72060-9.
  • Hagen, Uta and Haskel Frankel. 1973. Respect for Acting. New York: Macmillan. ISBN 0-025-47390-5.
  • Halliwell, Stephen, ed. and trans. 1995. Aristotle Poetics. Loeb Classical Library ser. Aristotle vol. 23. Cambridge, MA: Harvard University Press. ISBN 978-0-674-99563-5.
  • Hodge, Alison, ed. 2000. Twentieth Century Actor Training. London and New York: Routledge. ISBN 0-415-19452-0.
  • Magarshack, David. 1950. Stanislavsky: A Life. London and Boston: Faber, 1986. ISBN 0-571-13791-1.
  • Meisner, Sanford, and Dennis Longwell. 1987. Sanford Meisner on Acting. New York: Vintage. ISBN 978-0-394-75059-0.
  • Pavis, Patrice. 1998. Dictionary of the Theatre: Terms, Concepts, and Analysis. Trans. Christine Shantz. Toronto and Buffalo: University of Toronto Press. ISBN 0802081630.
  • Stanislavski, Konstantin. 1938. An Actor’s Work: A Student’s Diary. Trans. and ed. Jean Benedetti. London and New York: Routledge, 2008. ISBN 0-415-42223-X.
  • Stanislavski, Konstantin. 1957. An Actor's Work on a Role. Trans. and ed. Jean Benedetti. London and New York: Routledge, 2010. ISBN 0-415-46129-4.
  • Wickham, Glynne. 1959. Early English Stages: 1300–1660. Vol. 1. London: Routledge.
  • Wickham, Glynne. 1969. Shakespeare's Dramatic Heritage: Collected Studies in Mediaeval, Tudor and Shakespearean Drama. London: Routledge. ISBN 0-710-06069-6.
  • Wickham, Glynne. 1981. Early English Stages: 1300–1660. Vol. 3. London: Routledge. ISBN 0-710-00218-1.
  • Zarrilli, Phillip B., ed. 2002. Acting (Re)Considered: A Theoretical and Practical Guide. Worlds of Performance Ser. 2nd edition. London and New York: Routledge. ISBN 0-415-26300-X.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]