Ambuaz qəsri — Vikipediya
Ambuaz qəsri | |
---|---|
fr. Château d'Amboise | |
47°24′47″ şm. e. 0°59′09″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Şəhər | Ambuaz |
Yerləşir | Endr və Luara, Mərkəz - Luara vadisi |
Sifarişçi | VIII Karl |
Üslubu | Beynəlxalq qotika |
Vəziyyəti | stabil |
Rəsmi sayt | chateau-amboise.com |
Rəsmi adı: The Loire Valley between Sully-sur-Loire and Chalonnes | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iv |
Təyin edilib | 2000 |
İstinad nöm. | 933 |
Dövlət | Fransa |
Region | Avropa |
Fransa tarixi abidələri | |
Təyin edilib | 1840 |
İstinad nöm. | PA00097503 |
Kateqoriya | Qəsr |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ambuaz qəsri (fr. Château d'Amboise) — Fransanın Luar vadisində yerləşən Endr və Luara departamentindəki Ambuaz şəhərində yerləşən tarixi şato-qəsr. XV əsrdə monarxiya tərəfindən konfiskasiya edildikdən sonra qəsr, kralların sevimli məkanlarından birinə çevrilmiş və yenidən qurularaq genişləndirilmişdir. 1498-ci ildə Fransa kralı VIII Karl başını qapı kənarına vurduqdan sonra bu qəsrdə vəfat etmişdir.
XVI əsrin ikinci yarısından sonra əsasən tərk edilmiş qəsr tənəzzülə uğramış, bir çox daxili tikililər isə uçub-dağılmışdır. Buna baxmayaraq qəsrin əsas tikililəri dövrümüzə çatmış, müdafiə divarları və qüllələr də daxil olmaqla dövrümüzə çatan bütün tikililər əsaslı bərpa edilmişdir. 1840-ci ildə Fransa Mədəniyyət Nazirliyi tikilini tarixi abidə kimi qeydiyyata almışdır. 81 metr hündürlükdə[1] yerləşən qəsr 2000-ci ildə UNESCO tərəfindən Luar vadisindəki digər qəsrlərlə birlikdə Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Anju qrafları və Ambuaz ailəsinin mülkü
[redaktə | mənbəni redaktə et]Ambuaz qəsri Luar çayı üzərindəki mahmız ərazidə inşa edilmişdir. Ərazinin strateji əhəmiyyəti orta əsrlərdə qəsrin inşasından daha əvvəl anlaşılmış və onun yerində qall oppidi inşa olunmuşdur.[2] IX əsrin sonlarında Orlean vikontu olan İnqelqer anası vasitəsiylə Fransa krallarının köməkçisi olan Hüqo Abbatla əlaqəli idi. İnqleqer Ambuaz qəsrini idarə edən məşhur ailənin (yepiskop və arxiyepiskop bu ailənin üzvü və İnqelqerin evləndiyi qızın əmiləri idi) üzvü olan Adelaisa adlı qızla evlənir. Sonradan o, Anje qrafı olur və İnqleqerin karyera yüksəlişini qohumluq əlaqələri və əsgər reputasiyası ilə izah etmək olar. Varislik nəticəsində Ambuaz qəsri İnqelqer və Adelaisanın oğlu I Fulkun hakimiyyətinə keçir. I Fulk hakimiyyət ərazisini genişləndirməyə başladıqda Ambuaz, Loş və Villentrua onun hakim olduğu ərazinin mərkəzini təşkil edir.[3] Ambuaz Anjelilərin hakimiyyətinin şərq sərhəddini təşkil edir.[4]
Ambuaz və onun qəsri 987-ci ildə ailə varidatı sayəsində III Fulkun hakimiyyətinə keçmişdir. III Fulk hakimiyyət ərazisini Anjuya qədər genişləndirməyə çalışan Blua qrafı I Odonun ambisiyaları ilə mübarizə aparmalı olmuşdur. I Odo ardıcıllarının köməyindən istifadə edərək Bretani hersoqu I Konan, Saumurlı Gelduin və Sen-Florent-de-Saumur abbatı Robertə III Fulkun mülklərini izləməyi həvalə edir. Konan Anjenin qərb sərhəddində mübarizə apardığı vaxt, Gelduin və Robert şərqdə Ambuaz və Loş qəsrlərini təcrid etməyə çalışırdı.[5] Ambuazı təhdid altında saxlamaq üçün Şomon və Monsoro qəsrləri inşa edilmiş, Sent-Enyan isə qarnizon kimi istifadə edilmişdir.[6]
Kral iqamətgahı
[redaktə | mənbəni redaktə et]Əsrlər boyunca Ambuaz qəsri təkmilləşdirilmiş və genişləndirilmişdir; qəsr sahibi Tuar vikontu (1392-1469) Lui Ambuazın 1431-ci ildə XI Lüdovikə qarşı sui-qəsddə günahlandırılaraq edamla cəzalandırılmasından sonra kral VII Karl onu əfv etmiş, lakin Ambuaz qəsrini əlindən almışdır. Fransa krallarının əlinə keçdikdən sonra qəsr XI Lüdövikdən I Fransiskin dövrünə kimi saray əhlinin sevimli məkanı olmuşdur.[7] VIII Karl qəsri genişləndirməyə qərar vermiş, 1492-ci ildən etibarən əvvəlcə qəsr fransız qotikasının son dövrünü əhatə edən Alovlu qotika stilində tikilmiş, 1495-ci ildən sonra isə İtaliyadan dəvət edilmiş bənna-inşaatçılar Domeniko da Kortona və Fra Cakondo Ambuaz qəsrinə Fransa memarlığında ilk İntibah memarlığı elementləri və dekorlarını əlavə etmişlər. Sənədlərdə həmin inşaatda iştirak etmiş üç fransız memarın adı saxlanılmışdır: Kolin Biart, Giyom Seno və Lui Armanjart.
1494-1495-ci illər İtalyan müharibəsindən sonra Karl italyan memarları və sənətkarlarını Fransaya dəvət edərək şatonu “Fransanın ilk italyansayağı sarayı”na çevirir.[8] Karlın İtaliyadan gətirtdiyi adamlar arasında Paçello da Merolyano da var idi; onun layihəsi əsasında Ambuaz və Blua qəsrlərinin bağları inşa edilir; onun fəaliyyəti fransız peyzaj dizaynerlərinin sonrakı fəaliyyətinə ciddi təsir edir.[9] 1498-ci ildə başını Ambuaz qəsrində qapı kənarına vuran Karl, qəsrdəcə vəfat edir.[8] Ölümündən əvvəl o, parter yerləşdirmək üçün qəsrin yuxarı terrasını genişləndirir və pavilyonlar, xəndəklərlə əhatə edir. Onun varisi XII Lüdovikin terras ətrafında inşa etdirdiyi dairəvi qalereyanı Jak Andrue dü Sersonun 1576-cı ildə yaratdığı “Les plus excellens bastimens de France” adlı qravüründə görmək mümkündür. XX əsrdə parterlər formal ağac bosketləri və kvadrat qazonlar şəklində bərpa edilmişdir.
Anası Savoyalı Luizaya məxsus olan Ambuaz qəsrində böyümüş kral I Fransiskin hakimiyyətinin erkən illərində, qəsr məşhurluğunun ən yüksək zirvəsinə çatmışdır. 1515-ci ilin dekabrında kralın dəvəti ilə Leonardo da Vinçi Ambuaz qəsrinə gəlmiş və ömrünün sonuna kimi qəsrlə yeraltı tunel vasitəsiylə əlaqələndirilmiş yaxınlıqda yerləşən Klo-Lüse qəsrində yaşamış və yaratmışdır. Sənədlər göstərir ki, vəfatından sonra Da Vinçi 2 may 1519-cu ildə Müqəddəs Hubert kapellasından 100 metr aralıda yerləşən Müqəddəs Florentin kapellasında dəfn edilmişdir. Müqəddəs Florentin kapellası XVIII əsrin sonlarında dağıdılmış, Da Vinçinin məzarı isə Müqəddəs Hubert kapellasına köçürülmüşdür. Ambuaz qəsrinin ərazisində yerlşəmiş Müqəddəs Florentin kapellası məzh qəsrin mülkiyyətində olmuşdur. Onu, Ambuaz ərazisində yerləşib qəsrin mülkiyyətində olmayan digər Müqəddəs Florentin kapellası ilə qarışdırmamalı.
Böyük Fransa inqlabından (1789-1799) sonra qəsr ərazisindəki Müqəddəs Florentin kapellası dağılaraq elə vəziyyətə düşmüşdü ki, I Napoleon tərəfindən təyin edilmiş mühəndis onu xilas etməyi mümkünsüz hesab edib tamamilə sökülməsinə qərar vermişdir. Kapellanın sökülməsindən əldə edilmiş daşlar isə Ambuaz qəsrinin dağılmış hissələrinin bərpa olunması zamanı istifadə edilmişdir. Altmış il sonra (və ya Leonardonun vəfatı və dəfnindən 330 il sonra) Müqəddəs Florentin kapellasının təməlində qazıntı işləri aparılmışdır; bildirilir ki, kapellanın yerində bütöv kişi skeleti və Da Vinçinin adının hərfləri qeyd edilmiş daş plitənin qırıqları tapılmışdır. Bununla yanaşı digər məlumatlarda insan sümüklərindən yaradılmış təpəcikdən (Fransanın digər kapellalarında olduğu kimi) və əyləncə üçün kəllələrlə oynayan uşaqlardan da bəhs edilir. Bununla yanaşı həmin insan sümükləri və qeyri-adi dərəcədə böyük insan kəlləsi Müqəddəs Hubert kapellasında dəfn edilmişdir. Məzarın üstündə yer səviyyəsində böyük daş plitə qoyulmuş, plitənin üzərinə isə Da Vinçinin metal relyefli portreti (Metsinin çəkdiyi portret əsasında hazırlanıb) və Leonardo da Vinçi yazısı yerləşdirilmişdir.
II Henri və Yekaterina Mediçi öz övladlarını, II Fransiskə vəd edilmiş Şotlandiya kraliçası Mariya Stüartla birlikdə Ambuaz qəsrində böyütmüşlər.
- Qəsr və Ambuaz şəhərinin sahilyanı hissəsinin Luara çayının digər tərəfindən görünüşü
- Luar çayına baxan və vadini nəzarət altında saxlamağa xidmət edən nəhəng dairəvi qüllə qəsrin strateji əhəmiyyətini artırır
- Qəsrin bağa baxan əsas fasadı
- Ambuaz bağından qəsr ərazisinin ümumi görünüşü
- Qəsrin həyətində Leonardo da Vinçinin büstü
- Ambuaz bağının bir hissəsi və üzmlüyü (arxa fonda)
- Səfirlər zalı
- Musiqi zalı
- Zadəganlar zalı
- Zərbçilər zalı
- Kral II Henrixin yataq otağı
- Kral Lui-Filippin iş otağı
Ambuaz qəsdçiliyi
[redaktə | mənbəni redaktə et]1560-cı ildə Fransada dini müharibələr zamanı hugenot Burbonların azyaşlı II Fransiskin adından Fransanı idarə edən Gizlərə qarşı qəsdçiliyinin üstü Qraf de Giz tərəfindən açılmış və qarşısı alınmışdır. Əməliyyatın başa çatması bir ay çəkmiş və bu vaxt ərzində şəhər divarlarından 1200 protestant asılmışdır. Tezliklə cədəslərin qoxusuna görə saray əhli şəhəri tərk etməli olur.
12 mart 1563-cü ildə kral və Yekaterina Mediçini qaçırmaq üçün təşkil edilmiş qəsdçiliyin iştirakçısı olan Konde şahzadə I Lui Burbon-Konde arasında uğursuz Ambuaz sülh müqaviləsi imzalanır. “Əfv əmri” adlandırılan bu sənəd senyorlar və hakimlərin şəxsi kapellalarında protestant kilsə ibadətini qadağan edərək, bu cür ibadətlərin yalnız şəhər divarları içində keçirilə biləcəyini elan edir. Lakin, tərəflərdən heç biri bu qərardan razı qalmır və nəticədə əmr geniş şəkildə qəbul edilmir.
Tənəzzülü
[redaktə | mənbəni redaktə et]Baş verən hadisələrdən sonra Ambuaz bir də kralların rəğbətini qaytara bilmir. XVII əsrdə Burbonlardan olan kral XIII Lüdovikin qardaşı Orleanlı Qastonun mülkiyyətinə keçən nəhəng qəsr tərk edilmiş vəziyyətə düşür. Onun ölümündən sonra Ambuaz qəsri yenidən taxtın mülkiyyətinə qayıdır və Fronda dövründə həbsxana kimi istifadə edilir. XIV Lüdovikin hakimiyyəti dövründə Ambuaz qəsrində bədnam nazir Nikola Fuke və Antuan Nompar de Komon Lozen saxlanılır. XV Lüdovik Ambuaz qəsrini bir müddət əvvəl qərbdə Şantelup qəsrini almış naziri Şuazyölü hersoqu Etyen Fransua de Şuazyölə hədiyyə edir. Böyük Fransa inqlabı zamanı Ambuaz qəsri ciddi zədələnir, qəsr ərazisindəki tikililərin böyük bir hissəsi dağıdılır. İmperator Napoleon Bonapartın əmri ilə təyin edilmiş mühəndis qiymətləndirməsindən sonra qəsrin böyük bir hissəsi yararsız hesab edilərək sökülməsinə qərar verilir.
1840-cı ildə Ambuaz qəsri Fransa Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qeydiyyata alınır.[11] Kral Lui-Filipp hakimiyyəti dövründə qəsrin bərpasına başlayır, lakin, 1848-ci ildə onun taxtdan imtina etməsindən sonra qəsr hökumət tərəfindən konfiskasiya edilir. 1848-ci ilin noyabrında Əlcəzairin Fransa tərəfindən kolonizasiyasına qarşı çıxan Əmir Əbdülqadir ailəsi və yaxınları ilə birlikdə Ambuaz qəsrinə sürgün edilir.[12] 1852-ci ildə “Bentley's Miscellany” jurnalında məlumat verilir ki, Əmirin ailəsi tərəfindən məskunlaşana kimi qəsr turistlər tərəfindən tez-tez ziyarət edilən məkanlardan idi.[13]
Həmin ilin sonunda Prezident Lui-Napoleon Bonapart Əbdülqadiri Ambuaz qəsrində ziyarət edərək azad olması xəbərini verir.[14] 1873-cü ildə qəsr üzərində mülkiyyət hüququ Lui-Filippin varislərinə verilir və Ejen Violle-le-Dükün rəhbərliyi altında ciddi bərpa işləri aparılır. 1940-cı ildə Nasist Almaniyasının Fransanı işğaı etməsindən sonra qəsr zədələnir. Dövrümüzdə Lui-Filippin varisi olan Paris qrafı tədricən qəsrin bərpası və konservasiyasını həyata keçirir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Château d'Amboise Elevation and Location". elevationmap.net. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2020.
- ↑ Garrett, 2010. səh. 97
- ↑ Bachrach, 1993. səh. 4–5
- ↑ Bachrach, 1993. səh. 15–16
- ↑ Bachrach, 1993. səh. 27–28
- ↑ Bachrach, 1993. səh. 36–37
- ↑ Garrett, 2010. səh. xx
- ↑ 1 2 Garrett, 2010. səh. 100
- ↑ Benevolo, 1978. səh. 363
- ↑ Cartwright, Mark. "Chapel of Saint Hubert, Amboise". Ancient History Encyclopedia. 29 April 2019. 25 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
- ↑ Monuments Historiques et Immeubles protégés sur Amboise (French), www.annuaire-mairie.fr, 2021-04-28 tarixində arxivləşdirilib, İstifadə tarixi: 3 iyul 2020
- ↑ Garrett, 2010. səh. 101
- ↑ Anon, 1852. səh. 258
- ↑ Garrett, 2010. səh. 102
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Anon, "The Arabs at Amboise", Bentley's Miscellany, Richard Bentley, 1852: 258–262
- Benevolo, Leonardo, Landry, Judith (redaktor), The Architecture of the Renaissance, Volume 1, 1978 [1968], ISBN 0-415-26709-9
- Bachrach, Bernard S., Fulk Nerra, the neo-Roman consul, 987–1040: a political biography of the Angevin count, University of California Press, 1993, ISBN 978-0-520-07996-0
- Garrett, Martin, The Loire: A Cultural History, Oxford University Press, 2010, ISBN 978-0-19-976839-4