Avstraliya Milli Universiteti — Vikipediya
Avstraliya Milli Universiteti ANU, 澳國立, 澳国立 | |
---|---|
The Australian National University | |
35°16′40″ c. e. 149°07′14″ ş. u.HGYO | |
Əsası qoyulub | 1946 |
Tip | Dövlət universiteti |
Tələbə sayı | 16715 |
Şəhər | Kanberra şəhəri |
Ölkə | |
Sayt | anu.edu.au |
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliya Mkjjjjkilli Universiteti (ing. Australian National University) — Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]II Dünya müharibəsindən sonra Avstraliya dövlətinin rəhbərliyi ölkənin həyatında əhəmiyyətli dəyişiklik etmək, dövlətin imicini formalaşdırmaq, qonşu dövlətlərlə əlaqələri və iqtisadi inkişafı gücləndirmək məqsədilə universitet yaratmaq qərarına gəlir. ölkənin baş naziri Bin Çifli və müharibədən sonra bərpa işləri üzrə nazir vəzifəsində çalışmış J.J. Dedman universitet yaradılması haqqında qanunu parlamentin müzakirəsinə verirlər. Beləliklə, 1 avqust 1946-cı ildə Avstraliya Federal Parlamenti Avstraliya Milli Universitetinin yaradılması haqqında akt qəbul edir və universitet Avstraliyada Federal Parlament tərəfindən yaradılan ilk və yeganə ali məktəb olur.
Yarandığı gündən universitetdə Avstraliyanin dünyada tanınmış alimləri - radiolokasiya və nüvə fizikası üzrə layihələrilə lider olan Mark Olifant, penisillinin yaradıcısı ser Hovard Flori, tanınmış tarixçi Keyt Xenkoka, iqtisadçı Herbert Kumbs və s. çalışmağa başlayır.
1949-cu ildə universitetin əsas binası, Con Kertin Tibb Məktəbi və Fizika Elmləri Tədqiqatlar Məktəbi tikilir. Avstraliya Konstitusiyasının yaradıcılarından olmuş Robert Garran 1951-ci ildə Avstraliya Milli Universitetinin ilk fəxri doktorluq dərəcəsinə layiq görülür. 1952-ci ildə Lord Bryus ali təhsil müəssisəsinin ilk kansleri təyin olunur.
Avstraliya Milli Universitetinin inkişafında və möhkəmlənməsində də bir sıra şəxslərin xüsusi xidmətləri olub. Bunlardan 1960-1971-ci illərdə tarix fakültəsinə rəhbərlik etmiş, tarixçi professor Menninq Klarkı, su çiçəyi xəstəliyinin müalicəsində, peyvəndin yaradılmasında aparıcı rol oynamış professor Frenk Fenneri, universitetin ilk qadın professoru Hanna Neymanı qeyd etmək olar.
1960-cı ildə Avstraliya Milli Universitetindən öncə fəaliyyət göstərən Kanberra Universitet Kolleci bu ali məktəblə birləşdirilir və həmin ildən universitetə tələbə qəbulu genişləndirilir. 1960-cı ildə universitetin Sosial Elmlər və Sakit Okean Elmi-Tədqiqat məktəbləri, incəsənət, iqtisadiyyat, hüquq və elmlər fakültəsi açılır. Bir il sonra universitetin kampusunda ilk Bryus Holl tələbə yataqxanası tikilir, şərqşünaslıq fakültəsi (1970-ci ildən Asiya Elmləri Məktəbi adlanır), Yeni Qvineya Tədqiqat Bölməsi yaradılır. 1967-ci ildə Kimya və Biologiya Elmi-Tədqiqat məktəbləri, 1968-ci ildə Kompüter Mərkəzi, 1972-ci ildə Yer Haqqında Elmlər Məktəbi, Resurs və Ekoloji Tədqiqatlar Mərkəzi, 1973-cü ildə Şimali Avstraliya Tədqiqat Bölməsi, 1974-cü ildə Bəşəriyyət Tədqiqatı Mərkəzi, 1979-cu ildə isə ümumi Tədqiqatlar Məktəbi açılır.
1984-cü ildə Saydinq Sprinq rəsədxanasında 2,3 metrlik teleskop hazırlanır. 1987-ci ildə isə Avstraliya Milli Universiteti "Fujitsu FACOM VP50 vektor prosessoru" əldə edir və superkompüter yaradır. 1992-ci ildə Kanberra İncəsənət İnstitutu Avstraliya Milli Universiteti ilə birləşdirilir, 1993-cü ildə mühəndislik və informasiya texnologiyaları, 1998-ci ildə menecment, 1999-cu ildə ərəb və islam elmləri fakültələri açılır. 1996-cı ildə Avstraliya Milli Universiteti təntənəli surətdə 50 illik yubileyini qeyd edir.
2001-ci ilin iyununda Avstraliya hökuməti universitet rəhbərliyi ilə birgə 12 virtual milli institut - İncəsənət, Asiya və Sakit Okean Regionu, Biologiya, İqtisadiyyat, Biznes, Texnika və İnformatika, Ətraf Mühitin Mühafizəsi, İdarəetmə və Hüquq, Yerli Avstraliyalılar, Sağlamlıq və Bəşəriyyət, Humanitar, Fiziki və Sosial Elmlər institutları yaradılması haqqında qərar qəbul edir. 2004-cü ildə incəsənət fakültəsi universitetin Milli İncəsənət İnstitutuna birləşdirilir. 2006-cı ildə Avstraliya Milli Universitetində elmi məktəb, fakültə və mərkəzləri birləşdirən 7 kollec yaradılır.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Avstraliya Milli Universitetinin əsas kampusu Kanberranın şəhərətrafı qəsəbəsi olan Ektonda 1,45 hektar ərazidə yerləşir. Universitetin kampusu Dikson, Linneus, Deyli, Kinqsli, Baldessin, Elleri, Liversic, Garran hissələri daxil olmaqla səkkiz inzibati ərazidən ibarətdir. Kampusun ərazisində 200-dən çox bina, tədris müəssisələri, yataqxanalar müxtəlif tələbə mərkəzləri yerləşir. Avstraliya Milli Universitetində təhsil alan tələbələr üçün məşhur yataqxanalardan Bryus, Ursula, Fenner, Toad, Barton və Garran rezidensiyalarını qeyd etmək olar. Hazırda universitetin şəhərciyində 3126 tələbə yaşayır. Universitet Cəmiyyəti müəllimləri, tələbələri və buraya gələn hər bir insanı yüksək şəraitlə təmin edir. Kampusun ərazisində konsert zalları, teatrlar, mağazalar və bir sıra əyləncə mərkəzləri fəaliyyət göstərir. Universitetin İdman Assosiasiyası idmanın bütün növləri üzrə xidmət göstərir. Kampusun daxilində hərəkət etmək üçün xüsusi avtobuslar mövcuddur. Şəhərcikdə ağaclar çox olduğundan buranı "Yaşıl Kampus" da adlandırırlar, hətta Avstraliya Milli Universiteti 2003-cü ildə məhz bu yaşıllığa görə Ekologiya Cəmiyyəti tərəfindən mükafatlandırılıb.
Kolleclər
[redaktə | mənbəni redaktə et]Avstraliya Milli Universitetində 7 kollec fəaliyyət göstərir:
- İncəsənət və Sosial Elmlər Kolleci
humanitar elmlər, bədii incəsənət və sosial elmlər üzrə ixtisaslaşıb. İncəsənət fakültəsi, Bəşəriyyətin Tədqiqatı Məktəbi, Sosial Elmi-Tədqiqat Məktəbi, Yerli Əhalinin (Aborigen) İqtisadi Siyasət Araşdırma Mərkəzi, Avstraliya Demokrafik və Sosial Tədqiqat İnstitutu, Avstraliya Milli İnternaturalar Proqramı, Maarifləndirici İnkişaf və Akademik Metodlar Mərkəzi də buraya daxildir.
- Asiya və Sakit okean Kolleci
Avstraliya, Əfqanıstan və Sakit okean əraziləri üzrə mükəmməl tədqiqatlar aparıb. Kollec tərəfindən həmin ərazilərin iqtisadiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, etnoqrafiyası geniş öyrənilib. Asiya və Sakit okean Kollecinə Asiya Elmləri Fakültəsi, Asiya və Sakit okean Elmləri Tədqiqatları, Kroford İqtisadiyyat və Hökumət məktəbləri daxildir.
- Biznes və İqtisadiyyat Kolleci
bir çox ixtisaslar, sənaye, iqtisadiyyat, biznes, idarəetmə sahələri üzrə dünya standartlarına uyğun tədqiqatlar aparır, müxtəlif proqramlar həyata keçirir və elmi dərəcələr verir.
- Mühəndislik və Kompüter Elmləri Kolleci
kompüter elmləri və mühəndislik sahələri üzrə qabaqcıl təcrübələrə malikdir. Kollecə Kompüter Elmləri, İnformasiya Texnologiyaları və Mühəndislik departamentləri daxildir. Kollecin bir çox əməkdaşları və tədqiqatçıları beynəlxalq informasiya texnologiyaları institutları ilə işbirliyi qurur.
- Hüquq Kolleci
ictimaiyyət üçün faydalı tədqiqatlar həyata keçirir, məhkəmələrdə iştirak edərək ictimaiyyətlə sıx əlaqə yaradır, ödənişsiz hüquq məsləhətləri verir, qanunvericilikdə islahatlar aparır və cəmiyyətdə ədalətliliyin təminatçısı kimi çıxış edir.
- Tibb, Biologiya və Ətraf Mühitin Mühafizəsi Kolleci
həyat, dəqiq, psixologiya və ekologiya elmləri, tibbin bütün sahələri, əhalinin sağlamlığı, kliniki təcrübə üzrə geniş tədqiqatlar aparır və ən müasir tələblərə cavab verən şəraitə malikdir. Kollecə Fenner Ətraf Mühit və Cəmiyyətin Tədqiqatı, Biologiya Tədqiqatları, Səhiyyə və Psixoloji Elmlər, Con Kartin Tibbi Tədqiqatlar məktəbləri daxildir. Biologiya Tədqiqatları məktəbində kənd təsərrüfatı, ətraf mühit, nevrologiya, vizual elmlər, neyroetologiya, səhiyyə və texnologiya sahələri üzrə tədqiqatlar aparırlar.
- Fizika Elmləri Kolleci
dəqiq elmlər üzrə mükəmməl tədqiqatlar həyata keçirir. Kollecə Riyaziyyat Elmləri İnstitutu, Fizika və Mühəndislik Elmləri, Astronomiya və Astrofizika, Kimya, Yer Elmləri Tədqiqatı məktəbləri, İctimaiyyətin Elmi Məlumatlanması Mərkəzi daxildir. Astronomiya və Astrofizika Məktəbində Stromlo Rəsədxanası yerləşir. 2006-cı ildə burada dünyanın ən güclü teleskopu quraşdırılıb. Bu layihə dünyanın ən böyük elmi-tədqiqat mərkəzlərindən olan Arizona, Harvard universitetləri, Smitson Astrofizika Rəsədxanası ilə əməkdaşlıq nəticəsində həyata keçirilib.
Digər təşkilatlar
[redaktə | mənbəni redaktə et]Avstraliya Milli Universitetinin nəzdində müxtəlif institutlar və elmi-tədqiqat mərkəzləri (Milli Avropa Mərkəzi, Riyaziyyat Elmləri İnstitutu, Milli Ali Menecment Məktəbi, Milli Epidemiologiya və Əhalinin Sağlamlığı Mərkəzi, Ekles Nevrologiya İnstitutu, Enerji Sistemlərinin Sabitliyi Mərkəzi və s.) fəaliyyət göstərir. 2008-ci ildə Avstraliya Milli Universiteti xərclərinin 80%-ni elmi-tədqiqat işlərinə ayırıb. Hazırda Avstraliya Milli Universitetinin işçi heyəti 3 874 nəfərdən ibarətdir. Onların 1578-ni akademik heyət təşkil edir. Universitetin Milli Akademiyasına 320 nəfər qəbul edilib, onlara tədqiqat qrantları və məsləhət xidmətləri üçün 1 milyon Avstraliya dolları vəsait verilib. Universitetə kansler Kim Bezli və vitse-kansler Yen çubb rəhbərlik edirlər.
Avstraliya Milli Universiteti kitabxanası qitənin ən böyük və zəngin kitabxanasıdır. Kitabxana sisteminə 2 milyon cilddən çox kitab daxildir və bu say ildən-ilə artmaqdadır. Avstraliya Milli Universitetinin kitabxana kolleksiyasına bu universitetin Mətbəə Bazası, Asiya və Sakit okean, humanitar fənlər, hüquq, qəzetlər, rəsmi sənədlər, nadir kitablar və əlyazmalar, ehtiyat kolleksiya, elm və texnika, astronomiya, biologiya, kimya, yer elmləri, mühəndislik və informasiya texnologiyaları, riyaziyyat, tibb, fizika, psixologiya, sosial elmlər, tezislər və s. daxildir.
Universitetin kitabxanasında "Compendex" adlı biblioqrafik məlumat və resurs mərkəzi fəaliyyət göstərir. "Compendex" kompüterləşmiş mühəndislik indeksi sözlərindən yaradılmış abbreviaturadır. "Compendex" 5 000 mühəndislik sahəsinə aid jurnalları, konfranslara dair biblioqrafik məlumat və resursları özündə birləşdirir. Bu istinad xarakterli sənədlərə Skopus adlanan məlumat və resurs mərkəzində də rast gəlmək olar. Skopus isə tədqiqat ədəbiyyatının geniş və abstrakt bazasını təşkil edir.
Mühəndislik sahəsinə dair 190 fənn və əsas ixtisaslar üzrə təxminən 5 000 beynəlxalq mənbə və yeni elektron materiallar Skopusa əlavə edilib. 1969-cu ildən etibarən bu məlumat və resurs mərkəzinin əhatə dairəsi genişlənir və hər həftə yenilənir. Mühəndislik sahəsinə dair mövzular, əsasən, nüvə texnologiyası, biomühəndislik, transportasiya, kimyəvi və emal mühəndisliyi, yüngül və optik texnologiya, kənd təsərrüfatı mühəndisliyi və ərzaq texnologiyası, kompüter və verilənlər bazasının işlənilib hazırlanması, tətbiqi fizika, elektronika və kommunikasiya, nəzarət, mülki, mexaniki, materiallar, neft, aviakosmik və avtomatik mühəndislik sahəsini əhatə edir.
Büdcəsi
[redaktə | mənbəni redaktə et]2008-ci ildə Avstraliya Milli Universitetinin gəlirlərinin ümumi məbləği 760873000 Avstraliya dolları (1 Avstraliya dolları, təxminən, 0,91 ABŞ dollarına bərabərdir) təşkil edib. Bu gəlirin 485924000 dollarını Avstraliya hökumətinin, 2284000 dollarını yerli Ştat hökumətinin qrant, ödəniş və yardımları təşkil edir. Tələbə ödənişlərindən gələn gəlir isə 10115 000 dollar olub.
Təhsil haqqı
[redaktə | mənbəni redaktə et]Universitetdə 1 illik təhsil haqqı 18000-51000 Avstraliya dolları arasında dəyişir. Ən bahalı fakültə tibb və cərrahlıq ixtisaslarıdır ki, onların 1 illik təhsil haqqı 51456 Avstraliya dollarıdır. Əksər ixtisaslar üzrə 1 illik orta təhsil haqqı 24768 Avstraliya dolları təşkil edir. Universitetdə təhsil xərcləri ildən-ilə dəyişir. Bütün ödənişlər yalnız Avstraliya dolları ilə qəbul olunur.
Avstraliya Milli Universitetində hazırda 16715 tələbə təhsil alır. Onların 9603-nü bakalavrlar, qalanlarını isə magistratura, doktorantura və ixtisasartırma üzrə təhsil alanlar təşkil edir. 246 tələbə isə hələ də diplom ala bilməyənlər sırasındadır. Avstraliya Milli Universitetinin tələbələrinin 37%-i diplomdansonrakı təhsil pilləsi siyahısına daxil edilir. Universitetdə təhsil alan tələbələrin 31%-ni Avstraliyanın müxtəlif bölgələrindən gəlmiş tələbələr təşkil edir.
Xarici əlaqələri
[redaktə | mənbəni redaktə et]Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu 8 ali təhsil müəssisəsini cəmləşdirən "Səkkizlik qrupu"na, "Sakit Okean Regionu Universitetləri", "Astronomiya Tədqiqat Universitetləri" assosiasiyalarına və Beynəlxalq Tədqiqat Universitetləri Alyansına[1] daxildir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]2015/16[2] | 2014/15[3] | 2013/14[4] | 2012/13[5] | 2011/12[6] | 2010/11[7] |
---|---|---|---|---|---|
19 | 25 | 27 | 24 | 26 | 20 |
2014/15[8] | 2013/14[9] | 2012/13[10] | 2011/12[11] | 2010/11[12] |
---|---|---|---|---|
45 | 48 | 37 | 38 | 43 |
2003[14] | 2004[15] | 2005[16] | 2006[17] | 2007[18] | 2008[19] | 2009[20] | 2010[21] | 2011[22] | 2012[23] | 2013[24] | 2014[25] | 2015[26] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
49 | 53 | 56 | 54 | 57 | 59 | 59 | 59 | 70 | 64 | 66 | 74 | 77 |
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Avstraliya Milli Universitetinin çoxlu sayda məşhur məzunları var. Universiteti bitirən şəxslərin əksəriyyəti yüksək karyera əldə ediblər, onlar tanınmış elm və incəsənət xadimləridir. Universitetdə "Məzunlar cəmiyyəti" fəaliyyət göstərir. 65000 nəfərdən ibarət olan bu cəmiyyətin üzvlərinin sayı hər il 3000 nəfər artır. Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Kevin Radd - Avstraliyanın baş naziri;
- Merti Nataleqava - İndoneziyanın xarici işlər naziri;
- Barbara Spenser - Kanada İqtisadiyyat Assosiasiyasının prezidenti;
- Riçard Batler - BMT-nin silahlandırma üzrə müfəttişi;
- Ceraldin Çin - Avstraliya Fond Birjasının baş direktoru;
- Şeril Lunı - Avstraliya İnformasiya Sənayesi Assosiasiyasının icraçı direktoru;
- Katerina Holms - Avstraliya Ali Məhkəməsinin hakimi;
- Cenifer Donohyu - Dünya Bankının yoxsulluqla mübarizə proqramının koordinatoru;
- Martin Ayndik - ABŞ-nin İsraildəki sabiq səfiri;
- Krispin Konroy - Avstraliyanın çilidəki səfiri;
- Alan Gilbert - Mançester Universitetinin vitse-kansleri;
- Qlin Devis - Melburn Universitetinin vitse-kansleri;
- Rolf Zinkernagel - Tibb üzrə Nobel mükafatı laureatı;
- Con Sokkroft - Nüvə fizikası üzrə Nobel mükafatı laureatı;
- Piter Doherti - İmmunologiya üzrə Nobel mükafatı laureatı;
- Con Ekles - Neyrobiologiya üzrə Nobel mükafatı laureatı.
Qəbul qaydaları
[redaktə | mənbəni redaktə et]Avstraliya Milli Universitetinə qəbul olmaq üçün ingilis dilini bilmək haqqında arayış, orta məktəbi və ya ali məktəbi bitirmək barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti, tövsiyə məktubu, universitet tərəfindən verilmiş xüsusi formanın doldurulması, İELTS, TOEFL üzrə yüksək nəticə tələb olunur. Onlayn ərizələrinin dəyəri 75 Avstraliya dolları, kağız şəklində təqdim olunan ərizələrin qiyməti isə 100 Avstraliya dolları təşkil edir.
Avstraliya Milli Universitetində tədris ilinin I semestri fevral ayında, II semestri isə iyul ayında başlayır. Universitetə sənəd qəbulu yay aylarında aparılır və noyabrın ortalarına qədər davam edir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva. "Avstraliya Milli Universiteti". "Azərbaycan müəllimi", 25 dekabr 2009, № 50 (az.). muallim.edu.az. 2014-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Members Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine. iaruni.org (ing.)
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "ARWU - The Australian National University". Shanghai Ranking Consultancy. 2015. 2019-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2011". 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- anu.edu.au — Rəsmi saytı