Azərbaycan Professional Kinorejissorlar Gildiyası — Vikipediya

Azərbaycan Professional Kinorejissorlar Gildiyası - 17 may 1999-сu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis olunmuş qurum.

Gildiyanın yaradılmasında əsas məqsəd bazar iqtisadiyyatı şəraitində müəllif, yaradıcı və sosial hüquqların qorunmasını təmin etmək, audiovizual əsərin müəllifi və yaradıcı kollektivin rəhbəri kimi rejissor sənətinin nüfuzunu və ictimai əhəmiyyətini yüksəltmək və milli kinematoqrafın yüksək bədii səviyyədə inkişafına şərait yaratmaq idi.

Bu vaxt ərzində Gildiya üzvlərinin sayı 120-ni ötmüş, istehsalçılar, müəlliflər və hüquqvarisçiləri tərəfindən isə 1000-dən çox audiovizual əsər müqavilələr əsasında Gildiyaya -kollektiv idarəçiliyə verilmişdir. Gildiya 2 Beynəlxalq qurumun AIDAA (Audiovizual Müəlliflərin Beynəlxalq Assosiasiyası) və FERA (Avropa Kinorejissorları Federasiyası) üzvlüyünə qəbul olunub və bu qurumlar vasitəsilə müəllif hüquqları və audiovizual sahədə gedən proseslərdə iştirak edir.

Gildiyanın ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bununla bağlı film müəlliflərinin və istehsalçıların bir çox müraciətləri əsasında və Gildiya Bürosunun Antipirat kampaniyası haqqında qəbul olunmuş qərara uyğun olaraq Müəllif Agentliyi və DİN-yi ilə birgə tədbirlər həyata keçirmişlər. Bunun nəticəsində ölkəmizin videobazarında vəziyyət xeyli dəyişmişdir. 1999-2000-ci illər və 2001-ci ilin birinci yarısına qədər Azərbaycanda istehsal olunan Azərbaycan filmlərinin videokassetlərinin satışı 95% qeyri-qanuni olaraq, müəllif hüquqları tamamilə pozularaq həyata keçirilirdisə və müəlliflər öz əsərlərinin istifadəsindən heç bir maddi gəlir əldə etmirdilərsə, 2001-ci ilin ortalarından vəziyyət dəyişmiş və qeyri-qanuni buraxılan filmlərin faizi yox dərəcəsinə enmişdir. 2002-ci ilin əvvəlindən isə Azərbaycan filmlərinin videokassetlərindən artıq müəlliflərə qonorar ödənilir.

Azərbaycan filmlərinin ölkəmizin telekanallarında qanuna uyğun istifadəsi ilə bağlı Gildiyanın apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində, mərkəzi və regional telekanalların əksəriyyəti film istehsalçıları ilə qanuna uyğun müqavilələr bağlayaraq filmlərin istifadəsinin hüquqi əsaslarını yaratmışlar. Əfsuslar olsun ki, bəzi televiziya kanalları bu günə qədər müəlliflərin və istehsalçıların hüquqlarının qorunması sahəsində hüquqi münasibətlərin formalaşmasını ləngidirlər və bununla da müəllifləri və hüquqvarisçiləri maddi gəlirdən məhrum edirlər.

Kinorejissorlar Gildiyası, audiovizual sahədə gənc müəlliflərə diqqətin artırılmasını, əsərlərinin baxışının və müzakirəsinin keçirilməsini, onların həvəsləndirilməsi və milli kinematoqrafın müasir inkişaf perspektivlərinə cəlb edilməsini vacib hesab edir. Bu məqsədlə kinoteatrlarda mütəmadi olaraq gənc müəlliflərin əsərlərinin ictimai baxışı keçirilir, müzakirələr aparılır. Gənc Audiovizual müəlliflərin "Audiovizual Festival"ı və "Qızıl Pəri" mükafatları təsis olunaraq təqdimatı ilk dəfə 2001-ci ilin oktyabrında keçirilmişdir.

Konfransların, yubileylərin, ictimaiyyətlə görüşlərin keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, festivallarda, seminarlarda, forumlarda iştirak - Gildiyanın gördüyü gündəlik fəaliyyətlərindəndir.

Kinorejissorlar Gildiyası fəaliyyətini kinematoqrafiya və müəllif hüquqları sahəsində fəaliyyət göstərən bütün təşkilatlarla sıx əlaqədə quraraq, kinorejissorların milli kino sənətinin inkişafında aparıcı rolunu əsas tutaraq və üzvlərinin intellektual potensialına arxalanaraq, kinematoqrafiya sahəsində şəxsiyyətin yaradıcılıq inkişafı, audiovizual müəlliflərin sosial, hüquqi, iqtisadi, yaradıcı və digər qanuni maraqlarının təmin edilməsi və qorunması, kinematoqrafiya sənətinin bütün növlərinin yaradılması, inkişafı və yayılmasındə öz fəaliyyətini ardıcıl olaraq həyata keçirib və həmişə həyata keçirmək əzmindədir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]