Azərbaycanda işıq böhranı — Vikipediya

2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi
Tarix 3 iyul 2018
Yeri  Azərbaycan
Səbəbi Azərbaycan İES-in 6-cı enerji blokunda baş verən partlayış
Nəticəsi Ölkə ərazisində elektrik enerjisinin kəsilməsi

2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi — iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir.[1]

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyə olunub.

Gecə saat 02:22-də president.az saytında Prezidentin Mətbuat Xidmətinin bu məzmunda məlumatı dərc edilmişdir[2]:

" İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.

"

Prezident İlham Əliyev hadisədən dərhal sonra "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın araşdırılması ilə əlaqədar nazir və hökumət adamlarından ibarət Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb[3].

İqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir.[4] Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, Azərbaycan üzrə elektrik gücün 46 faizi Abşeronda toplansa da, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür və bu enerji düzgün paylanmaması ilə əlaqədardır.[4]

Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub.

  1. "Azerbaijan Hit by Massive Blackout, Worst in Decades". www.nytimes.com. www.nytimes.com. 2018-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2018.
  2. Prezidentin Mətbuat Xidmətinin məlumatı Arxivləşdirilib 2020-11-25 at the Wayback Machine. president.az, 03.07.2018  (az.)
  3. "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. president.az, 03.07.2018  (az.)
  4. 1 2 "Ölkəni zülmətə bürüyən problemin qaranlıq tərəfləri". www.azadliq.org. www.azadliq.org. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2018.