Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar — Vikipediya
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar — Azərbaycanda xeyli sayda qeyri-ənənəvi yanacaq faydalı qazıntılar mövcuddur (təbii bitum, yanar şistlər, daş və qonur kömür). Bunlardan ən mühümləri böyük ehtiyata malik olan təbii bitum və yanar şistlərdir.
Təbii bitumlar
[redaktə | mənbəni redaktə et]Abşeron yarımadasında, Qobustanda və Aşağı Kür rayonlarında 50-dən çox təbii bitum yataqları və təzahürləri mövcuddur. Bitum yığımları müxtəlif yaşlı çöküntülərdə (Eosen-Alt Pliosen) toplanmışdır. Onlar mikroelementlərlə (Mg,Ni,Cu,Mo,Zn və s.) zəngindir. Respublikada təbii bitumun ehtiyatları 2 milyon tondan artıqdır. Təkcə Abşerondakı Qırmaki yatağında 50 milyon ton bitumlu qum-ağır neft ehtiyatı vardır. Bəzi bitum təzahürləri palçıq vulkanları (Ayrantökən, Qırlıq, Axtarma-Paşalı, Şorbulaq, Xıdırzindi və s.) ilə əlaqədardır.[1] Abşeron yarımadasında qədim neft yataqları ərazilərində (Balaxanı, Binəqədi, Lökbatan və s.) neft hopmuş torpaq sahələri vardır. Hesablamalara görə, təqribən 10 mədə sahəsindəki həmin torpaqlardan 63 milyon ton neft emal etmək mümkündür. Bitumlu qumlardan asfalt yol örtüyü üçün istifadə olunur. Onlardan müxtəlif neft məhsulları — benzin, liqroin, sürtgü yağları və digər yanacaq məhsulları alınır; ağır fraksiya olan mazutdan elektrik stansiyalarında istifadə edilir.
Yanar şistlər
[redaktə | mənbəni redaktə et]Azərbaycanda yanacağın bu növü geniş yayılmışdır. Onların əsasən, İsmayıllı, Quba, Şamaxı-Qobustan rayonlarında və Abşeron yarımadasında 70-dən çox yataq və təzahürləri aşkar edilmişdir.
Yanar şistlər müxtəlif yaşlı çöküntülərlə (Təbaşir-Miosen) əlaqədardır. Bəzi süxurlarda üzvi maddənin miqdarı 29 faizə, istilikvermə qabiliyyəti isə 12 MC/kq-a çatır. Quba, Diallı, Cəngiçay, Pirəkəşkül yataqlarında geoloji-kəşfiyyat işləri aparılmışdır. Yanar şistlərin kəşf olunmuş ehtiyatı 450 milyon tona yaxındır. Təbii bitum və yanar şistlərin 1:500000 miqyasında xəritəsi tərtib edilmişdir.
Daş kömür və qonur kömür
[redaktə | mənbəni redaktə et]Əvvəllər daş kömür təzahürləri respublikada Kiçik Qafqazda Torağaçay (Tərtər rayonu) sinklinoriumu və Böyük Qafqazda Vəndam (Qəbələ rayonu) zonalarında məlum idi. 2002-ci ildə isə Qanıx-Əyriçay qırışıq zonasının Çayqaraqoyunlu antiklinal strukturunun şimal qanadında yeni qonur kömür təzahürləri aşkar edilmişdir. Kömürün tərkibində üzvi maddənin miqdarı 29-55 faiz, kükürdünkü 0.2-0.4 faiz,istilikvermə qabiliyyəti isə 14 MC/kq-a qədərdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Вопросы геологии и разработки нефтяных и газовых месторождений Азербайджана.Б.1987.
- Геология Азербайджана.Т.6.
- Полезные ископаемые.Б.2003.