AzInTelecom — Vikipediya

AzlnTelecom
Ümumi məlumatlar
Sənaye Telekom
Təsis tarixi 1 mart 1994[1]
Baş qərargahın yeri Bakı, Azərbaycan
İqtisadi göstəriciləri
Ümumi gəliri 28,775,908 AZN (2019) [2]
Rəhbərlik
Təsisçilər Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
www.azintelecom.az


Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Rabitə Nazirliyinin 7 fevral 1994-cü il tarixli əmrinə əsasən, 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) “Aztelekom İB”-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Rabitə Nazirliyinin (RN) 17 yanvar 1995-ci il tarixli əmrinə əsasən, BHM “Aztelekom İB”-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. RN-in 6 dekabr 1996-cı il tarixli əmrinə əsasən, 1 yanvar 1997-ci il tarixindən BHM - Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır.

29.06.2015-ci il tarixdə Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir.

Beynəlxalq səs telefon trafik mübadiləsinin təşkilində “AzInTelecom” MMC-nin fəaliyyəti Azərbaycanla xarici dövlətlərin telekommunikasiya operatorları arasında müqavilələrin imzalanması, coğrafi və şəbəkə baxımından alternativ marşrutlarla beynəlxalq telefon kanallarının yaradılması və istismarı, beynəlxalq telekommunikasiya xidmətlərinin mübadiləsinin aparılması və marşrutlandırmanın optimallaşdırılması, səs trafikinin təşkil edilməsi və bu xidmətlərə görə qarşılıqlı operatorlararası hesablaşmaların aparılması, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), “INTELSAT” və ”EUTELSAT” Beynəlxalq Peyk Təşkilatları, (İTSO) və s. beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsindən ibarətdir.

Beynəlxalq Trafik mübadiləsi - Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsi;

Sertifikatlaşdırma[3] – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vahid əmtəə bazarında müəssisə və təşkilatların fəaliyyəti üçün lazımi şəraitin yaradılması,QRŞ-də tətbiq etmək üçün telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və istehlakçıların tələbləri səviyyəsinə qaldırılması, daxili bazarda rəqabət üçün şərait yaradılması, eləcə də, qabaqcıl texnologiyanın tətbiq edilməsinə şərait yaradılması;

Data Mərkəzi - Bulud əsaslı xidmətlər göstərməklə yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı olmaq, eləcə də, müasir tələblərə cavab verən texniki baza əsasında müştərilərə fərdi həllər təklif etmək;

  1. ""AzInTelecom" MMC". 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  2. "AzInTelecom hesabatlar". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  3. "Arxivlənmiş surət". 2015-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.