Birinci Fransa imperiyası — Vikipediya
Tarixi dövlət | |||||
Birinci Fransa imperiyası | |||||
---|---|---|---|---|---|
| |||||
| |||||
Paytaxt | Paris | ||||
Dilləri | fransız dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | katolisizm | ||||
Valyuta | Fransa frankı | ||||
Ərazisi |
| ||||
Əhalisi |
| ||||
İdarəetmə forması | ikili monarxiya[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Birinci imperiya (fr. Le Premier Empire) — 1804-cü ildən 1815-ci ilə kimə Fransada mövcud olmuş Napoleon Bonapart imperiyası.
Tarixi
[redaktə | mənbəni redaktə et]İmperiyanın yaranması və ilk tədbirləri
[redaktə | mənbəni redaktə et]1804-cü ilin mayında Napoleon Bonapart I Napoleon adı ilə Fransanın imperatoru elan edildi. Tacqoyma mərasimini Roma papası keçirmişdi. 1807-ci ildə Tribunat ləğv edildi. Tribunat bonapartçı rejimdə müxalifətin mövcud olduğu yeganə orqan idi. Qanunverici Korpus isə nadir hallarda toplanırdı. Saray titulları bərpa, imperiya marşalı vəzifəsi təsis edildi, “vətəndaş” sözü lüğət fondundan çıxarıldı.
1802-ci ildə mühacir zadəganlara bəraət verilməsi haqqında qanun qəbul edildi. Napoleonun dövründə prefekt təyin edilənlərin yarısı köhnə zadəganların nümayəndələri idi. Eyni zamanda Fransa imperatoru öz rejimini möhkəmləndirmək üçün yeni elita yaradıb onlara zadəgan titulları verdi. 1808-1814-cü illərdə 3600 şəxsə zadəgan titulu və torpaq verilmişdi. Lakin silki imtiyazlar bərpa olunmadı. Napoleonun qanunvericiliyi hüquqi bərabərliyi möhkəmləndirdi.
1805-ci ildə Napoleon özünü İtaliyanın kralı elan etdi. 1809-cu ildə onun Rusiya imperatorunun bacısı ilə evlənmək cəhdi uğursuz oldu. 1810-cu ildə Napoleon Avstriya imperatorunun qızı Mariya Luiza ilə evləndi. Bu nikah vasitəsilə Napoleon Fransanı Avropanın legitim monarxiyalarının sırasına qoşmaq və öz sülaləsini yaratmaq fikrində idi.
Konsulluq və imperiya dövründə Fransada yerli özünüidarəetmə ləğv edildi və mərkəzləşdirilmiş idarə sistemi yaradıldı. Departamentlərə hökumət tərəfindən təyin olunan və geniş səlahiyyətlərə malik prefekt başçılıq edirdi. Şəhərlərin meri və kənd kommunalarının başçısı da təyin edilirdi. Andlılar məhkəməsi ləğv edildi. Bütün məhkəmə orqanları hökumətdən asılı idi. Polis nazirliyinə Napoleonun yaxın dostlarından biri olan Fuşe başçılıq edirdi. Bu nazirliyin bütün departamentlərdə prefekturaları yaradılmışdı.
XIX əsrin əvvəllərində Fransa kənd təsərrüfatı ölkəsi idi. Əhalinin 80%-ni kəndlilər təşkil edirdi. İnqilab kənd təsərrüfatında kapitalizmin inkişafı üçün şərait yaratmışdı. Müharibə ilə bağlı kənd təsərrüfatı məhsullarına tələbat və onun qiyməti artmışdı. Torpaqların əksəriyyəti zadəganlara məxsus idi. Ölkədə toxuculuq, metallurgiya və kimya sənayesinin inkişafı sürətlənmişdi. Müəssisələrdə maşınlardan istifadənin artması Fransada sənaye çevrilişinin başlanmasını göstərirdi.
1799-cu ildə Fransadan 553 milyon frank, 1802-ci ildə isə 709 milyon frank məbləğində məhsul ixrac edilmişdi. 1810-cu ildə ildə ölkədə istehsal edilən sənaye məhsulunun miqdarı inqilabdan əvvəlkinə nisbətən 50% çox idi. Sahibkarlıq fəaliyyətini şirnikləndirmək üçün 1800-cü ildə Fransa bankı təsis olundu, 1810-cu ildə Ticarət işləri üzrə Şura yaradıldı. Buxar maşınlarından istifadə iri müəssisələrin təşkilinə şərait yaratdı. Əmək qabiliyyətli əhalinin 6%-ni fəhlələr təşkil edirdi.
Fransanın maliyyə vəziyyətinin yaxşılaşması hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri idi. Ona görə hökumət vergiləri artırmışdı. İri kapitaldan alınan vergi azaldılmışdı. Müharibənin və himayədarlıq siyasətinin nəticəsində xarici ticarətin həcmi artmışdı. Fransa özü üçün əlverişli şərtlərlə Avropa ölkələri ilə ticarət müqavilələri bağlamışdı. İdxal gömrüyünün artırılması Fransa sənayesini İngiltərə məhsullarının rəqabətindən qoruyurdu. Konsulluq və imperiya dövründə Fransada qanunvericiliyin təkmilləşdirilməsi sahəsində böyük işlər görüldü. 1804-cü ilin martında qəbul edilmiş Mülki məcəllə şəxsiyyətin toxunulmazlığı, vicdan azadlığı, vətəndaşların qanun qarşısında bərabərliyi kimi inqilab prinsiplərini bir daha təsdiq etdi. Xüsusi mülkiyyət mütləq və toxunulmaz elan edildi.
1807-ci ildə Cinayət məcəlləsi, 1811-ci ildə Ticarət məcəlləsi qəbul edilmişdi.Xüsusi mülkiyyətin, sahibkarlıq azadlığının və kapitalist istismarının müdafiəsi Fransada yeni qanunvericiliyin məzmununu təşkil edirdi. Yeni məcəllələr fəhlələrin öz sahibkarlarına münasibətdə hüquqsuz vəziyyətini təsbit etdi. Fəhlələrin ittifaqlarda birləşməsi və tətillər qadağan idi. Xüsusi mülkiyyətə qəsd edənlər ciddi cəzalandırılmalı idi. Yeni qanunlar həm də nikah münasibətlərini tənzimləyirdi. N.Bonapartın ölkədə yaratdığı diktatura rejimi zabitlərin və məmurların hakimiyyətinə əsaslanırdı. Burjuaziya ölkənin idarə olunmasında iştirak etmirdi. Hökumət burjuaziyanı xalqın hücumlarından qoruyur, eyni zamanda feodal qaydalarının bərpasına imkan vermirdi. Kəndlilər Fransada I İmperiyanın əsas sosial dayağı idi. Əhalinin əksəriyyətini hökumətin ətrafında birləşdirmək üçün Napoleon “millətin birliyi” ideyasından geniş istifadə edirdi. Fransa xalqının özünəməxsusluğu, Fransanın dünyada hegemonluğunun zəruriliyi kimi ideyalar ölkədə geniş təbliğ edilirdi.
Hərbi əməliyyatların başlanması
[redaktə | mənbəni redaktə et]Konsulluq və Birinci imperiya dövründə Fransa Avropa dövlətlərinə qarşı fasiləsiz müharibələr aparmışdı. Fransanın əsas məqsədi yeni ərazilər işğal etmək, Avropada və bütün dünyada aparıcı rol oynamaq idi. Napoleon həm də Avropa ölkələrində feodal-mütləqiyyət qaydalarının ləğvinə çalışırdı. Avropanın İngiltərə, Rusiya, Avstriya və Prussiya kimi dövlətləri Fransanın məqsədlərinin həyata keçməsinə mane olmaq üçün ona qarşı bir neçə koalisiya yaratmışdılar. Fransaya qarşı birləşmiş dövlətlərin həm də öz məqsədləri var idi, bu isə onların arasında çoxsaylı ziddiyyətlər yaradırdı. Rusiya və Avstriya Balkanlarda nüfuz uğrunda, Avstriya və Prussiya isə alman torpaqlarında hegemonluq uğrunda mübarizə aparırdılar. Napoleon Avropa dövlətləri arasında ziddiyyətlərdən bacarıqla istifadə edirdi. İngiltərə ilə Fransa arasında iqtisadi və siyasi rəqabət XIX əsrin əvvəllərində beynəlxalq münasibətlərin aparıcı xəttini təşkil edirdi.
1800-cü ildə Fransaya qarşı yaranmış ikinci koalisiya dağıldı. Rusiya müharibədən çıxdı, Avstriya öz ordusunu İtaliyadan çıxarmalı oldu. N.Bonapart Fransanın yeni sərhədlərini tanımaq şərti ilə İngiltərə, Avstriya və Rusiyaya hərbi əməliyyatları dayandırmağı təklif etdi. Təbii ki, Napoleon bu zaman müttəfiqlər arasındakı ziddiyyətləri də nəzərə alırdı. Avropa dövlətləri Napoleonun təklifini qəbul etmədilər.
Müharibəni davam etdirən Fransa ordusu 1800-cü ilin iyulun 14-də İtaliyanın şimalında Marenqo döyüşündə Avstriya qoşununu məğlub etdi. 1801-ci ilin fevralın 9-da Fransa ilə Avstriya arasında Lünevil sülhü bağlandı. Müqaviləyə əsasən Avstriya Belçikanın, Reynin sol sahilinin və Venetsiya əyalətinin bir hissəsinin Fransa tərəfindən işğalını tanıdı. Neopalitan kralı Florensiyada Fransa ilə sülh müqaviləsi imzaladı.
Napoleon Rusiyanı sülh danışıqlarına həvəsləndirmək üçün 1799-cu ilin əməliyyatları zamanı əsir götürülmüş rus əsgərlərini qaytarmaq haqqında göstəriş vermişdi. 1800-cü ilin sentyabrında Malta adasındakı Fransa qarnizonu ingilislərə təslim oldu. Rusiya yaxşı bilirdi ki, İngiltərə onu Aralıq dənizindən sıxışdırmağa çalışır. Maltanın tutulmasından sonra Rusiya İngiltərə ilə əlaqələri kəsib ona qarşı Danimarka, İsveç və Prussiyanın iştirakı ilə silahlı bitərəflik liqası yaratmağa başladı. Eyni zamanda Parisdə Rusiya ilə Fransa arasında diplomatik əlaqələrin bərpası haqqında danışıqlar başlandı. 1801-ci ilin martında Rusiyada hakimiyyət dəyişikliyi və Kopenhagen buxtasında Danimarkanın hərbi donanmasının İngiltərə eskadrası tərəfindən məğlub edilməsi Rusiya-Fransa danışıqlarını sürətləndirdi. 1801-ci ilin oktyabrında Fransa ilə Rusiya arasında sülh müqaviləsi və onun gizli əlavəsi imzalandı. Bu sənədlərdə deyilirdi ki, Rusiya Fransa ilə Sardiniya krallığı və bir sıra alman dövlətləri arasındakı danışıqlarda vasitəçilik edəcək. Fransa İonik adalarının Rusiya tərəfindən işğalını tanıdı. Fransa müqaviləyə görə Neoplitan krallığına hücum etməməli və Rusiya ilə birlikdə “dəniz azadlığını” təmin etməli idi. Müttəfiqlərini itirən İngiltərə tənəffüs əldə etmək üçün Fransa ilə danışıqlara başlayıb 1802-ci ilin martın 27-də onunla Amyen sülh müqaviləsini bağladı. İngiltərə 1792-ci ildən sonrakı dövrdə Fransanın işğallarının nəticələrini tanıdı və bəzi müstəmləkələri ona qaytardı. İngiltərə öz qoşunlarını Maltadan çıxartmağa və Misiri Türkiyəyə qaytarmağa razı oldu. Fransa əvəzində öz qoşunlarını Neopoldan, Romadan və Elbadan çıxarmalı idi. Fransa və İngiltərə Avropada mövcud vəziyyəti saxlamağa çalışmalı, Fransa isə Misirə qarşı iddialarından imtina etməli idi. İngiltərə və Fransa məcburiyyət qarşısında imzalanmış Amyen müqaviləsinə əməl etmək fikrində deyildi. İngiltərə çalışırdı ki, Fransa ilə “azad ticarət” prinsipi əsasında yeni müqavilə bağlasın. Fransa onun təklifini qəbul etmədi. Fransa İngiltərəni və onun müstəmləkələrini işğal etmək planı hazırlamışdı. 1802-ci ilin payızında Parma, Pyemont və İsveçrə Fransaya birləşdirilmişdi. Napoleonun bütün tələblərinə baxmayaraq İngiltərə öz qoşununu Maltadan çıxartmadı. Fransa Yaxın Şərqə yeni müdaxiləyə hazırlaşırdı. 1803-cü ilin mayında İngiltərə ilə Fransa arasında hərbi əməliyyatlar bərpa olundu. Fransa qoşunu Hannoverə daxil oldu. Rusiyanın İngiltərə ilə Fransanı barışdırmaq cəhdləri nəticəsiz oldu. Napoleon İngiltərə ərazisinə desant çıxarmağa hazırlaşırdı. Rusiya başa düşürdü ki, təkcə diplomatik vasitələrlə Fransanın Aralıq dənizi hövzəsinə və Mərkəzi Avropaya müdaxiləsinin qarşısını almaq mümkün olmayacaq, Avropa dövlətlərinin iştirakı ilə müdafiə ittifaqlarının yaradılması zəruridir. 1804-cü ildə Rusiya ilə Fransa arasında diplomatik münasibətlərin kəsilməsi Fransaya qarşı Avropa dövlətlərinin üçüncü koalisiyasının yaradılmasını sürətləndirdi. Rusiya və İngiltərə 1805-ci ilin aprelin 11-də Peterburqda ittifaq müqaviləsi bağladılar. Napoleon 1805-ci ilin martında özünü İtaliya kralı elan etmişdi. 1805-ci ilin iyun ayında Genuya və Lukka Fransaya birləşdirilmişdi. Napoleonun İtaliyadakı işğalları Avstriyanın mənafelərinə zidd idi və Avstriya 1805-ci ilin avqustunda İngiltərə-Rusiya ittifaqına qoşuldu. Rusiyanın müttəfiqləri olduğuna görə İsveç, Danimarka və Siciliya da üçüncü koalisiyada iştirak edirdilər.
1805-ci ilin sentyabrın 23-də Türkiyə Rusiya ilə ittifaq müqaviləsi bağlayıb koalisiyaya qoşuldu. Qara dəniz boğazlarını Rusiya və Türkiyə birlikdə qorumalı idi. Rusiyanın hərbi gəmiləri boğazlardan sərbəst keçirdi, qeyri-Qara dəniz dövlətlərinin gəmiləri isə keçə bilməzdi.
1805-ci ilin oktyabrın 21-də admiral Horatsio Nelsonun başçılığı ilə İngiltərə donanması Trafalqar döyüşündə birləşmiş Fransa-İspaniya donanmasını məğlub etdi. Avstriya tərəfindən hücum təhlükəsini nəzərə alan Napoleon Britaniya adalarına hücumdan imtina edib əsas qüvvələrini Avstriya ordusuna qarşı yönəltdi. 1805-ci ilin oktyabrın 20-də Fransa ordusu Ulm döyüşündə Avstriya qoşununu məğlub etdi və Napoleon noyabrda Vyanaya daxil oldu. 1805-ci ilin dekabrın 2-də Fransa ordusu Austerlits döyüşündə birləşmiş Avstriya və Rusiya qoşunlarını məğlub etdi. Bu qələbə nəticəsində İngiltərə qitədə öz müttəfiqlərini itirdi.
Austerlits qələbəsi Prussiyanın mövqeyinə təsir göstərdi. 1805-ci ilin noyabrın 3-də bağlanmış müqaviləyə görə Prussiya Rusiya ilə birlikdə Fransaya qarşı çıxış etməli idi. Lakin Austerlits döyüşündən sonra Prussiya hökuməti qələbə münasibətilə Napoleonu təbrik etdi. Napoleonun tələbinə uyğun olaraq 15 dekabr 1805-ci ildə Prussiya ilə Fransa arasında ittifaq müqaviləsi imzalandı və Napoleon Hannoveri Prussiyaya verdi. 26 dekabr 1805-ci ildə Fransa ilə Avstriya arasında imzalanmış Presburq sülhünə əsasən Avstriya Fransanın Qərbi Avropada bütün işğallarını tanıdı, Fransaya Venesiyanı, İtaliyanı və Dalmatsiyanı, həmçinin 40 milyon frank təzminat, Tirolu isə Fransanın Almaniyadaki müttəfiqlərinə verdi. Avstriyanın Almaniya torpaqlarında hökmranlığına son qoyuldu.
1806-cı ilin avqustun 6-da Avstriyanın dövlət başçısı F.İosif alman imperatoru titulundan imtina etdi və Müqəddəs Roma imperiyası öz mövcudluğunu dayandırdı. 12 iyul 1806-cı ildə Fransanın himayəsi altında 16 alman dövlətindən ibarət Reyn ittifaqı yaradıldı. Bağlanmış ittifaq müqaviləsinə əsasən Reyn ittifaqının üzvü olan dövlətlər Fransa ordusuna əsgər göndərməli idi. Reyn ittifaqının protektoru Fransa imperatoru idi.
Napoleonun arzuları təkcə Avropada ağalıqla məhdudlaşmırdı. Fransa Yaxın və Orta Şərqdə, Adriatik dənizində və Balkanlarda möhkəmlənmək istəyirdi. Türkiyə sultanı III Səlim 1805-ci ildə Napoleonu Fransa hökmdarı kimi tanıdı və bildirdi ki, Fransa Türkiyənin köhnə və sadiq müttəfiqidir. 1806-cı ilin avqustunda İstanbula gələn Fransa nümayəndəsi general Sebastyan Türkiyə ilə Rusiya arasında münaqişə yaratmağa çalışırdı.
Fransa çalışırdı ki, Rusiya üçün Bosfor boğazı bağlansın və Dunay knyazlıqlarında Türkiyənin ağalığı bərpa olunsun. Türkiyə sultanı Moldaviya və Valaxiya hakimlərini dəyişmişdi. Ona görə 1806-cı ilin sonunda Rusiya qoşunları Dunay knyazlıqlarını işğal etdi. 1806-cı ilin dekabrında Türkiyə Rusiyaya müharibə elan etdi. 1807-ci ilin əvvəlində Türkiyə İngiltərə ilə əlaqələri kəsdi. 1807-ci ilin yazında Napoleon İrana nümayəndə heyəti göndərmişdi. Fransanın siyasəti Prussiyanı Rusiya və İngiltərə ilə yaxınlaşmağa məcbur edirdi. Fransa əleyhinə yaradılan koalisiyalara qoşulmaq istəməyən Prussiya Avstriyanın müharibə aparmasından istifadə edib Almaniyanın şimalında öz mövqeyini möhkəmləndirməyə çalışırdı. Lakin 1806-cı ildə Fransa ordusu Prussiya sərhədində dayanmışdı və Prussiya koalisiyaya qoşulmasa Fransaya qarşı tək mübarizə aparmalı idi.
1806-cı ilin yayında Rusiya və Prussiya bəyannamə mübadiləsi yolu ilə hərbi ittifaq yaratdılar. İttifaqa İsveç də qoşuldu, bu dördüncü koalisiya idi. İngiltərə Prussiyaya kredit vəd etdi. 1806-cı ilin oktyabrın 1-də Prussiya kralı III Fridrix Napoleondan tələb etdi ki, 10 gün ərzində qoşunlarını Reynin arxasına keçirsin. Buna cavab olaraq Napoleonun ordusu əvvəl Türingiyaya, sonra Prussiyaya hücum etdi. 1806-cı ilin oktyabrın 14-də Prussiya qoşunu İen və Auerştadt döyüşlərində məğlub oldu, oktyabrın 27-də isə Napoleon Berlinə daxil oldu. Prussiyanın darmadağın edilməsindən sonra Fransa İngiltərənin qüdrətini zəiflətmək üçün yeni addım atdı. 1806-cı ilin noyabrın 21-də Napoleon İngiltərəinin qitədən mühasirəsi haqqında dekret imzaladı. Dekretə əsasən Fransadan asılı ölkələrin İngiltərə və onun müstəmləkələri ilə bütün əlaqələri, o cümlədən, poçt rabitəsi qadağan idi və bitərəf ölkələrin gəmiləri İngiltərə limanlarına daxil ola bilməzdi. Avropa ölkələrində olan bütün İngiltərə vətəndaşları həbs, İngiltərə məhsulları müsadirə olunmalı idi. Bu dekretə əməl etməməyə görə edama qədər müxtəlif cəzalar nəzərdə tutulmuşdu. Napoleon birbaşa hücum və Hindistana yürüş yolu ilə İngiltərəni zəiflədə bilmədiyinə görə Avropa bazarlarını İngiltərə məhsulları üçün bağlamaq yolu ilə onun müqavimətini qırmaq, iqtisadi cəhətdən zəiflədib tabe olmağa məcbur etmək istəyirdi.
Fransa diplomatiyası çalışırdı ki, asılı ölkələr qitədən mühasirə haqqında dekretin tələblərinə əməl etsinlər. Lakin Napoleonun İngiltərəni iqtisadi cəhətdən zəiflətmək niyyəti baş tutmadı. Çünki İngiltərənin iqtisadi imkanları geniş idi, onun çoxsaylı müstəmləkələri, Amerika ilə yaxşı qurulmuş əlaqələri var idi və gizli yolla Avropa ölkələrinə öz məhsullarını satmaqda davam edirdi. Avropa ölkələrinin iqtisadiyyatına qitədən mühasirə ağır təsir göstərdi. Fransada istehsal edilən məhsullar İngiltərə malları qədər ucuz və keyfiyyətli deyildi. Mühasirə nəticəsində böhran keçirən Avropa ölkələri Fransa məhsullarını almırdılar. Qitədən mühasirə Fransada sənayenin inkişafına kömək etdi. Lakin Fransanın İngiltərədən gətirilən xammala ehtiyacı böyük idi. Mühasirə nəticəsində Fransanın Marsel, Nant və Tulon kimi liman şəhərlərinin fəaliyyəti pozulmuşdu. Ona görə 1810-cu ildə qitədən mühasirənin xarakterində dəyişiklik edildi. Lisenziya əsasında İngiltərə ilə məhdud ticarətə icazə verildi, lakin lisenziyanın haqqı baha idi.
Rusiya ilə müharibə
[redaktə | mənbəni redaktə et]Dördüncü koalisiyanın üzvü olan Rusiya Fransaya qarşı müharibəni davam etdirirdi. 1807-ci ildə Prussiya ərazisində olmuş Preysiş-Eylay və Fridland döyüşlərində Rusiya qoşunları məğlubiyyətə uğradı. Rusiya imperatoru I Aleksandr sülh xahişi ilə Napoleonun yanına nümayəndə göndərdi. 1807-ci ilin iyunun 25-də I Aleksandrın Tilzitdə Napoleonla görüşü oldu. Tilzitdə Fransa ilə Rusiya arasında iki mühüm sənəd imzalandı: sülh müqaviləsi və İngiltərəyə qarşı yönəlmiş ittifaq müqaviləsi. Polşa torpaqlarında Fransadan asılı olan Varşava hersoqluğu yaradıldı. Rusiya Napoleonun Qərbi Avropadaki işğallarını tanıdı və İngiltərənin qitədən mühasirəsinə qoşuldu. Rusiya öz qoşunlarını Dunay knyazlıqlarından çıxarmalı idi. 1807-ci ilin iyulun 9-da Tilzitdə Fransa ilə Prussiya arasında sülh müqaviləsi bağlandı. Prussiyanın ərazisi və əhalisi iki dəfə azaldı. Prussiya İngiltərənin qitədən mühasirəsinə qoşulmalı və Fransaya böyük məbləğdə təzminat verməli idi. 1807-ci ilin sonunda İngiltərə ilə əlaqələri kəsmək və qitədən mühasirəyə qoşulmaq istəməyən Portuqaliyaya Fransa qoşunu göndərilmişdi. Portuqaliyada başlanan üsyanın və İngiltərə əsgərlərinin köməyi ilə Fransa ordusunun hücumu dəf edildi. 1808-ci ilin yazında İspaniya Fransa ordusu tərəfindən işğal edilmiş və Napoleonun qardaşı Jozef Bonapart İspaniya kralı təyin edilmişdi. İspaniyada işğalçılara qarşı üsyan başlandı.
1808-ci ilin sentyabrında Erfurtda I Aleksandrla Napoleonun görüşü oldu. Napoleon Rusiyanın Moldaviya, Valaxiya və Finlandiyaya olan iddialarını tanıdı. I Aleksandr Avstriya məsələsində güzəşt etmədi, çünki Fransanın çətinliklərini və Napoleonun Rusiyaya hücum etmək niyyətini bilirdi. Rusiya imperatoru Avstriya kralının nümayəndəsini qəbul etmiş və ona bildirmişdi ki, bir dövlət başqa dövlətin daxili işlərinə qarışmamalıdır, Avstriyanın ən yaxın dostu Rusiyadır və Rusiya Avstriyanı xarici hücumlardan müdafiə edəcək. Fransanın çətinlikləri haqqında I Aleksandra Taleyran məlumat vermişdi. Tilzit görüşündən sonra Napoleon Taleyranı xarici işlər naziri vəzifəsindən çıxarmışdı. Taleyran isə Erfurtda Rusiya çarı ilə gizli əlaqə yaratmışdı. Taleyran əmin idi ki, Fransa ilə Rusiya arasında toqquşma zəruridir və Erfurtda I Aleksandra məsləhət görmüşdü ki, Fransa ilə birlikdə Avstriyaya qarşı müharibədə iştirak haqqında müqavilə bağlamasın. 1808-ci ilin oktyabrında Erfurtda Rusiya ilə Fransa arasında ittifaq haqqında saziş bağlanmışdı. Avstriyanın hərbi hazırlıqları ilə bağlı Napoleon Fransaya qayıtdı. İngiltərənin yaratdığı beşinci koalisiyaya qoşulan Avstriya 1809-cu ilin aprelində Yuxarı Dunayda hərbi əməliyyatlara başladı. İyulun əvvəlində Baqram döyüşündə məğlubiyyətə uğrayan Avstriya ilə Fransa arasında sülh danışıqları başlandı. 1809-cu ilin oktyabrında Avstriya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Qalitsiya Varşava hersoqluğuna birləşdirildi, İlliriya vilayəti Fransaya verildi. Avstriya ordusunu ixtisar etməli, böyük məbləğdə təzminat ödəməli və İngiltərənin qitədən mühasirəsinə qoşulmalı idi. 1809-1811-ci illərdə Papa vilayəti Fransanın tərkibində olmuşdu. Napoleon güclü ordu yaratmışdı və ondan Fransanın mənafeyi üçün məharətlə istifadə edirdi. Napoleon hərbi işi və diplomatiyanı yaxşı bilirdi. O, Avropa dövlətləri arasındakı ziddiyyətlərdən bacarıqla istifadə edirdi. Napoleon Rusiyanın nəzarətində olan Polşa torpaqlarını işğal etmək istəyirdi, ona görə Polşa zadəganlarına Reç Pospolitanın bərpasını vəd etmişdi. Napoleon Balkan yarımadasını işğal etmək, Türkiyənin Rusiyaya qarşı müharibəyə başlamasına nail olmaq istəyirdi. Fransa Dunay knyazlıqlarının Rusiyaya keçməsini istəmirdi. Qitədən mühasirə Rusiyanın iqtisadiyyatına ağır təsir etmişdi. Ona görə Rusiya 1810-cu ildən mühasirənin şərtlərinə əməl etmirdi. Rusiya 1810-cu ilin dekabrından Fransa məhsulları üçün idxal gömrüyünü artırmışdı. Napoleon Avropada Rusiya kimi güclü bir dövlətin mövcudluğu ilə barışmaq istəmirdi. 1810-cu ildən Fransa Rusiyaya qarşı müharibəyə hazırlaşmağa başladı. Rusiyadan sonra Napoleon İngiltərəni məğlub etmək və dünya ağalığı planını həyata keçirmək niyyətində idi. Rusiya Fransanın ona qarşı müharibəyə hazırlaşdığını bilirdi, digər tərəfdən, Avropada öz mövqelərinin zəifləməsini istəmirdi. 1812-ci ilin fevralında Fransa Prussiya ilə gizli saziş imzalamışdı. Prussiya Rusiyaya qarşı 20 minlik qoşun göndərməli idi. 1812-ci ilin martında Avstriya Fransa ilə saziş bağlayıb Ukraynaya 30 min nəfər qoşun göndərməyi vəd etdi. Rusiya üzərində qələbədən sonra Pribaltika Prussiyaya, Volın Avstriyaya verilməli idi. Avstriya və Prussiya könüllü şəkildə Rusiyaya qarşı müharibə etmək fikrində deyildi. Fransa İsveçi və Türkiyəni Rusiyaya qarşı müharibəyə qoşmaq istəyirdi, lakin buna nail olmadı. İsveç 1812-ci ilin fevralında Rusiya ilə gizli saziş imzalamışdı. 1812-ci ilin iyulun 18-də Rusiya ilə İngiltərə arasında müqavilə imzalanmışdı. 1812-ci ilin mayında Rusiya Türkiyə ilə Buxarest sülhü imzaladı. Napoleon Rusiyaya hücum üçün 600 minlik qoşun hazırlamışdı. Rusiyanın sərhəd boyu dağınıq vəziyyətdə yerləşən ordusu isə 220 min əsgər və zabitdən ibarət idi.1812-ci ilin iyunun 24-də Fransa ordusu Rusiyaya hücum etdi. Napoleon Rusiya qoşunlarını sərhəddə mühasirəyə alıb məhv edə bilmədi, Smolensk döyüşündən sonra Rusiya ilə ilk dəfə danışıqlara cəhd etdi. Lakin Rusiya bu təklifə Borodino döyüşü və partizan hərakatı ilə cavab verdi. Napoleonun planının əksinə olaraq Rusiya qoşunu böyük döyüşə girməyib ölkənin içərilərinə geri çəkildi. 7 sentyabr 1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə Fransa ordusu 60 min nəfər, Rusiya ordusu isə 40 min əsgər itirdi. Döyüşdən sonra Rusiya ordusu geri çəkilməkdə davam etdi. Borodino döyüşü “Böyük Fransa ordusu”nun məğlubedilməzliyi haqqında əfsanəyə son qoydu. 1812-ci ilin sentyabrın 14-də Fransa ordusu Moskvaya daxil oldu, lakin Napoleon Moskvada olarkən üç dəfə I Aleksandra Rusiya üçün əlverişli şərtlərlə danışıqlara başlamağı təklif etdi. I Aleksandr bu təklifləri qəbul etmədi. Fransa ordusu bir neçə döyüşdə məğlubiyyətə uğrayıb Rusiya ərazisini tərk etdi. Geriyə çəkilən Fransa qoşunları müttəfiq orduları tərəfindən təqib edilirdi. Fransaya qarşı yaradılan altıncı koalisiyaya Rusiya, İngiltərə, Prussiya, İsveç və Avstriya daxil idi. Napoleon Leyptsiqdə 1813-cü ilin oktyabrında baş vermiş döyüşdə məğlub olub Reynin arxasına və Parisə qaçdı. Müharibənin son məqsədlərinə müttəfiqlərin münasibəti müxtəlif idi. Rusiya və Prussiya Fransada Bonopartları hakimiyyətdən salmaq istəyirdilər. İngiltərə Fransada Burbonların hakimiyyətə qayıtmasını təklif edirdi. Napoleon Fransanın inqilabdan əvvəlki sərhədlərə qayıtması şərti ilə müttəfiqlərin danışıqlara başlamaq təklifini qəbul etmədi. 1814-cü ilin martın 1-də İngiltərə, Avstriya, Rusiya və Prussiya Şomon müqaviləsini imzaladılar. Bu dövlətlər tam qələbəyə qədər Fransa ilə gizli müqavilə bağlamamalı idi. Onlardan üçü Fransaya qarşı 150 min qoşun göndərməli, İngiltərə isə hər il 5 milyon funt sterlinq pul verməli idi. Fransa 1792-ci il sərhədlərinə qaytarılmalı idi. 1814-cü ilin martında müttəfiq qoşunları Parisə daxil oldu. 1814-cü ilin aprelin 6-da Napoleon oğlunun xeyrinə taxtdan əl çəkdi, onu Elba adasına göndərdilər. XVI Lüdovikin qardaşı qraf Dartua Parisə gəldi və 23 apreldə müttəfiqlərlə Fransa arasında barışıq sazişi imzalandı. Qraf Dartua XVIII Lüdovik adı ilə Fransanın kralı oldu.
İmperiyanın süqutu
[redaktə | mənbəni redaktə et]30 may 1814-cü ildə Parisdə sülh müqaviləsi imzalandı. Fransa 1792-ci il sərhədlərinə qaytarılmalı idi. Vyanada beynəlxalq konqres çağırılması qərara alındı. Fransa nümayəndəsi konqresdə iştirak etməli idi. 1814-cü ilin mayında XVIII Lüdovik “Konstitusiya xartiyasını” elan etdi. Xartiyaya görə kralın hakimiyyəti iki palatalı parlament tərəfindən məhdudlaşdırıldı. Yuxarı palatanın üzvləri kral tərəfindən təyin edilir, aşağı palatanın üzvləri yüksək əmlak senzi əsasında seçilirdi. Bu amil iri torpaq sahiblərinin və burjuaziyanın hakimiyyətini təmin edirdi. Lakin feodallar və ruhanilər torpaqlarının qaytarılmasını və hüquqlarının bərpasını tələb edirdilər. Feodal qaydalarının bərpası təhlükəsi, 20 mindən çox zabitin və məmurun ordudan və dövlət idarələrindən qovulması əhalinin Burbonlardan narazılığını artırdı. Napoleon yaranmış şəraitdən istifadə etdi. Napoleon Vyana konqresində danışıqların ləng getməsini və müttəfiqlər arasında ziddiyyətlərin olmasını bilirdi. 1815-ci ilin martın 1-də Napoleon min qvardiyaçı ilə ölkənin cənubuna çıxdı və Parisə doğru irəliləməyə başladı. Yol boyu hərbi hissələr Napoleonun tərəfinə keçir, əhali onu yaxşı qarşılayırdı. Martın 20-də Napoleon Parisə daxil oldu və imperiya bərpa edildi. Lakin daha Napoleon İngiltərənin, Rusiyanın, Prussiyanın və Avstriyanın birgə qüvvələrinə qalib gəlmək iqtidarında deyildi. Fransaya qarşı yeddinci koalisiya formalaşdı. 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə Napoleonun ordusu məğlub edildi. Napoleon İngiltərənin əsiri kimi Müqəddəs Yelena adasına göndərildi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Водовозов В. В., Кареев Н. И., Рихтер Д. И., Шокальский Ю. М., Штернберг Л. Я. Франция // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Bruun, Geoffrey. Europe and the French Imperium, 1799—1814 (1938) online.
- Bryant, Arthur. Years of Endurance 1793—1802 (1942); and Years of Victory, 1802—1812 (1944) well-written surveys of the British story
- Colton, Joel and Palmer, R. R. A History of the Modern World. New York: McGraw-Hill, Inc., 1992. ISBN 0-07-040826-2
- Esdaile, Charles. Napoleon’s Wars: An International History, 1803—1815 (2008); 645pp excerpt and text search a standard scholarly history
- Fisher, Todd & Fremont-Barnes, Gregory. The Napoleonic Wars: The Rise and Fall of an Empire. Oxford: Osprey Publishing Ltd., 2004. ISBN 1-84176-831-6
- Godechot, Jacques; və b. The Napoleonic era in Europe. Holt, Rinehart and Winston. 1971.
- Grab, Alexander. Napoleon and the Transformation of Europe (Macmillan, 2003), country by country analysis
- Hazen, Charles Downer. The French Revolution and Napoleon (1917) online free
- Lefebvre, Georges. Napoleon from 18 Brumaire to Tilsit, 1799-1807. Columbia University Press. 1969. influential wide-ranging history
- Lefebvre, Georges. Napoleon; from Tilsit to Waterloo, 1807-1815. Columbia University Press. 1969.
- Lyons, Martyn. Napoleon Bonaparte and the Legacy of the French Revolution. (St. Martin’s Press, 1994)
- Muir, Rory. Britain and the Defeat of Napoleon: 1807—1815 (1996)
- Lieven, Dominic. Russia Against Napoleon: The Battle for Europe, 1807 to 1814. Allen Lane/The Penguin Press. 2009. 617.[1]
- Schroeder, Paul W. The Transformation of European Politics 1763-1848. Oxford U.P. 1996. 177–560. ISBN 9780198206545. advanced diplomatic history of Napoleon and his era
- Pope, Stephen. The Cassel Dictionary of the Napoleonic Wars. Cassel. 1999. ISBN 978-0-304-35229-6.
- Rapport, Mike. The Napoleonic Wars: A Very Short Introduction (Oxford UP, 2013)
- Ross, Steven T. European Diplomatic History, 1789—1815: France Against Europe (1969)
- Rothenberg, Gunther E. "The Origins, Causes, and Extension of the Wars of the French Revolution and Napoleon". Journal of Interdisciplinary History. 18 (4). 1988: 771–793. JSTOR 204824.
- Schroeder, Paul W. The Transformation of European Politics 1763—1848 (1994) 920pp; online; advanced analysis of diplomacy
- Dwyer, Philip. Napoleon: The Path to Power (2008) excerpt vol 1; Citizen Emperor: Napoleon in Power (2013) excerpt and text search v 2; most recent scholarly biography
- Englund, Steven. Napoleon: A Political Life. Scribner. 2010. ISBN 978-0674018037.
- McLynn, Frank. Napoleon: A Biography. New York: Arcade Publishing Inc., 1997. ISBN 1-55970-631-7
- Johnson, Paul. Napoleon: A life. Penguin Books. 2002. ISBN 978-0-670-03078-1.; 200pp; quite hostile
- Markham, Felix. Napoleon. Mentor. 1963.; 303pp; short biography by an Oxford scholar
- McLynn, Frank. Napoleon. Pimlico. 1998. ISBN 978-0-7126-6247-5. ASIN 0712662472.; well-written popular history
- Mowat, R. B. (1924) The Diplomacy of Napoleon (1924) 350pp online
- Roberts, Andrew. Napoleon: A Life (2014)
- Thompson, J.M. Napoleon Bonaparte: His Rise and Fall. Oxford U.P. 1951., 412pp; by an Oxford scholar
- Bell, David A. The First Total War: Napoleon’s Europe and the Birth of Warfare as We Know It (2008) excerpt and text search
- Broers, Michael, et al. eds. The Napoleonic Empire and the New European Political Culture (2012) excerpt and text search
- Chandler, David G. The Campaigns of Napoleon. New York: Simon & Schuster, 1995. ISBN 0-02-523660-1
- Elting, John R. Swords Around a Throne: Napoleon’s Grande Armée. New York: Da Capo Press Inc., 1988. ISBN 0-306-80757-2
- Gates, David. The Napoleonic Wars 1803—1815 (NY: Random House, 2011)
- Haythornthwaite, Philip J. Napoleon’s Military Machine (1995) excerpt and text search
- Uffindell, Andrew. Great Generals of the Napoleonic Wars. Kent: Spellmount, 2003. ISBN 1-86227-177-1
- Rothenberg, E. Gunther. The Art of Warfare in the Age of Napoleon (1977)
- Smith, Digby George. The Greenhill Napoleonic Wars Data Book: Actions and Losses in Personnel, Colours, Standards and Artillery (1998)
- Anderson, F.M. The constitutions and other select documents illustrative of the history of France, 1789–1901. 1904., complete text online