Borçalı xalçaları — Vikipediya

Xalça
Borçalı
"Çobankərə" formalı (I üsul) Borçalı xalçası Azərbaycan Xalça Muzeyi
"Çobankərə" formalı (I üsul) Borçalı xalçası
Azərbaycan Xalça Muzeyi
Xalça haqqında məlumatlar
Tam adı Borçalı xalçaları
Məktəbi Gəncə-Qazax xalçaçılıq məktəbinin Qazax qrupu
Növü Xovlu xalça
Ölkə Azərbaycan
Bölgə Borçalı
Toxunması haqqında məlumatlar
Üslubu Qazax xalçaçılıq məktəbi[1]
Digər məlumatlar
Uzunluğu 8-12 metr
Düyünlərin sayı 30х30 = 80000 - 120000 düyün

"Borçalı" xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan Azərbaycan xovlu xalçalarıdır.[2] Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, DaştəpəLəmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir.[3]

Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.[2]

Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.[2]

Bədii strukturundan asılı olaraq, "Borçalı" xalçaları bir neçə varianta malikdir. Borçalı xalçalarının oramental motivlərində totemlərmifoloji inamların təsirlərini görmək mümkündür. Bir zamanlar dini-mistik əhəmiyyət daşıyan motivlər, nəsildən-nəsilə keçərək dövrümüzə çatmışdır. Lakin, onlar öz dini əhəmiyyətlərini itirərək aid bəzək elementlərinə çevrilmişlər.[2]

Birinci variant

[redaktə | mənbəni redaktə et]

Birinci variantda toxunan "Borçalı" xalçaları yerli toxucular tərəfindən "Çobankərə" adlandırılır. Bu xalçaların mərkəzi oxunda şaquli yerləşmiş iki sayda səkkizguşəli göl, həmçinin mərkəzi gölün dörd tərəfindəki ağac təsvirləri kompozisiyanın strukturunu formalaşdırır. Bu göllərin içində həndəsi formaya malik və eyni zamanda antropomorf (insanabənzər) obraz kimi qavranılan müəmmalı bir fiqur yerləşdirilir. Bəzi xalçalarda isə quş, dəvə təsvirləri və "məktəb ocağı" elementi də olur.[2]

İkinci variant

[redaktə | mənbəni redaktə et]

İkinci variantda toxunan "Borçalı" xalçaları Qazaxda daha çox "Fərəhli", Borçalıda isə "Qurbağaoğlu"[4] və ya "Qurbağalı" adları ilə tanınmışdır. Bu cür xalçaların ən çox istehsal edildiyi yerlərdən biri də Marneulinin 12 km cənub-şərqində yerləşən Gavurarx kəndidir. Bu variantda toxunan xalçaların kompozisiyaları müxtəlifdir. Bəzi xalçalarda ara sahədə bir-birinin ardınca göləbənzər elementlər yerləşir. Bu elementlər dörd ulduzabənzər şüası olan və transformasiya edilmiş çoxbucaqlıdan yaranır. Göllərin daxilində üslublaşdırılmış zoomorf fiqurlar simmetrik şəkildə yerləşdirilir. Digər xalçalarda göllərin birləşməsindən uzunsov formada fiqur yaranır. Son zamanlara kimi bu xalçalar Marneulinin Gavurarx və Qurbağaoğlu, Qazaxın Fərəhli kəndlərində toxunurdu.[2]

1930-cu illərdə Lətif Kərimov Qazaxın yaşlı xalçaçılarının toplantısında iştirak etmişdir. İki gün davam edən toplantıda yaşlı xalçaçılarla müzakirələr aparan Kərimova, bir çox naxışların mənşəyini müəyyənləşdirmək nəsib olmuşdur. Həmçinin bu xalçaların mərkəzində yerləşən göl elementi də müzakirə edilmişdir. Xalçaçılardan biri bu elementin qurbağanı simvolizə etdiyini bildirmişdir: "Qurbağa gözəl canlıdır. O, suda balıq, quruda bülbülə çevrilir" deyə xalçaçı qeyd etmişdir. Alınan məlumata istinadən Lətif Kərimov qeyd edir ki, mərkəzdəki göl elementinin tayfanın qədim totemi olan qurbağanı əks etdirdiyini düşünmək olar. Zamanla dini əhəmiyyətini itirən simvol dekorativ elementə çevrilmişdir.[2]

Üçüncü variant

[redaktə | mənbəni redaktə et]

Üçüncü variant "Borçalı" xalçaları yerli toxucular və el arasında "Ziynətnişan" xalçaları və ya "Zeyvənişan" xalçaları adı ilə tanınmışdır. Üçüncü variantda toxunan "Borçalı" xalçaları Borçalı rayon mərkəzinin şimal-qərbində yerləşən Qızılca və ya Qızılhacılı kəndində istehsal olunmuşdur. Xalçanı fərqləndirən əlamət kompozisiyanın mərkəzində yerləşən və şaquli istiqamətdə uzanmış iri xaçabənzər medalyondur. Medalyonun daxilində kvadrat göl yerləşir. Onun yuxarı və aşağı xətti şaquli istiqamətdə bir az dartılaraq piramida şəkilli çıxıntılar əmələ gətirir. Daxili sahə, öz növbəsində iri, cüt-cüt qarmaqşəkilli xətlərlə doldurulmuşdur.[2]

Dördüncü variant

[redaktə | mənbəni redaktə et]

Dördüncü variantda toxunan "Borçalı" xalçaları yerli xalçaçılar və yerli sakinlər arasında "Ləmbəli" xalçaları adlandırılırdı. Dördüncü variantda toxunan "Borçalı" xalçalarının ara sahəsinin mərkəzində yerləşən göllər aşağıdakı qayda üzrə qurulur. Mərkəzdə iri səkkizbucaqlı göl yerləşir. Onun yuxarı və aşağı cinahında kiçik ölçülü medalyonlar təsvir olunur. Bütün medalyonların ətrafı boyunca bir sıra qarmaqşəkilli elementlər toxunmuşdur. Gölün mərkəzində "çanaxlı bağa" — tısbağa və yastılaşdırılmış qurbağanın çox üslublaşdırılmış təsviri yerləşir. Bəzən bu üsulla toxunmuş xalçaların orta sahəsində üç sayda eyni tipli göl yerləşir.[2]

Beşinci variant

[redaktə | mənbəni redaktə et]

Beşinci variantda toxunan "Borçalı" xalçaları "Ləmbəli" adlanır. Ancaq bu xalçalar birinci və dördüncü variantda toxunan "Borçalı" xalçaları ilə oxşar olsalar da, ölçüsünə, ara sahədəki göllərin rənginə və göllərin bir göldən bir növbələnməsinə görə fərqlənirlər. Bundan başqa, beşinci variantda toxunmuş "Borçalı" xalçalarında xarakterik antropomorf fiqurlar üslublaşdırılmaya daha çox məruz qalmışlar.[5]

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Borçalı" xalçaları müxtəlif ölçü və formalarda ola bilər. Ləmbəli xalçaçılıq məntəqəsində nisbətən böyük xalçalar toxuyurlar. Bu xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər olur. Bir kvadrat metrdə olan ilmələrin sayı 80 min ilmədən 120 min ilmə arasında dəyişir. Xovunun hündürlüyü 8–12 mm-dir.[2]

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 12–13.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. Б.: "Гянджлик", 1983 s.145–148.
  3. "Керимов Л. Азербайджанский ковёр. III том. 1983 s.145". 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  4. Qurbağaoğlu Marneuli rayonunda yerləşən azərbaycanlılarla məskunlaşmış kəndin adıdır.
  5. "Borçalı xalçaları". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.