Buslar — Vikipediya
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri.
E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir[1]. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir."[2] Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir[3]. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.