Cenevrə — Vikipediya
Cenevrə | |
---|---|
Genève | |
46°12′ şm. e. 6°09′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 396 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +41 22 |
Poçt indeksi | 1201, 1202, 1203, 1204, 1205, 1206, 1207, 1208, 1209, 1211[4], 1200[4] |
Nəqliyyat kodu | GE |
Digər | |
geneve.ch | |
Vikianbarda əlaqəli mediafayllar |
Cenevrə (fr. Genève, alm. Genf) — İsveçrənin Fransa sərhədindəki Leman gölü sahilində olan şəhər. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əmək Təşkilatı (ILO) , Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı kimi bir çox beynəlxalq qurumların mərkəzi ilə tam 199 ölkənin nümayəndəliyinə ev sahibliyi edən şəhərdə çalışanların yüzdə əllisi, əcnəbilərdən ibarətdir.[5] İsveçrənin ən yüksək əhalili ikinci şəhəridir. Eyni ada sahib Cenevrə kantonunun paytaxtıdır. Şəhər dünyada yaşaması ən bahalı 10 şəhərdən biridir.[6] CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Cenevrə Əhalisi 192,1 min (2012; aqlomerasiyada 915 min, təqribən 44%-i əcnəbilərdir; əhalisinin sayına görə Sürixdən sonra ölkənin 2-ci şəhəri). 372 metr yüksəklikdə, Cenevrə gölü sahilində, Rona çayının göldən çıxdığı yerdə port. İri nəqliyyat qovşağı. Cenevrədə Avropanın bir neçə mühüm avtomagistralı (Cenevrə-Bern-Sürix, Cenevrə-Turin-Genuya, Cenevrə-Qrenobl-Marsel, Cenevrə-Lion, Cenevrə-Dijon-Paris) qovuşur. Mühüm dəmir yolu qovşağıdır; Cenevrə-Paris, Cenevrə- Marsel, Cenevrə-Monpelye, Cenevrə-Sürix-Sankt-Hallen və Cenevrə-Bil-Bazel istiqamətlərində yüksəksürətli qatarlar işləyir. Beynəlxalq avtovağzal və 2 dəmir yolu vağzalı var. Beynəlxalq Kuantren aeroportu ölkənin ən böyük aeroportlarından biridir; ildə 7 mln.-dan çox sərnişinə xidmət göstərir. İlk dəfə Yuli Sezarın “Qall müharibəsi haqqında qeydləri”ndə Genava adı altında romalıların helvetlərə qarşı mübarizəsində dayaq düşərgəsi kimi qeyd olunur (e.ə. 58 il). Təqribən eramızın 400 ilində burada yepiskopluq təsis edilmişdi. 443-cü ildən Burqundiya krallığının tərkibində, 443-461-ci illərdə Burqundiya krallarının iqamətgahlarından biri olmuş, 534-cü ildə Frank dövlətinin hakimiyyətinə keçmiş, onun süqutundan (888) sonra Yuxarı Burqundiyanın, 1032-ci ildən Müqəddəs Roma imperiyasının torpaqlarına qatılmışdı. 1124-cü ildən yepiskopların idarəçiliyi altında idi. 14-cü əsrdə və xüsusilə 15-ci əsrin 1-ci yarısında Cenevrə yarmarkaları ilə məşhur olmuş, sonralar bank-kredit əməliyyatlarının mərkəzinə çevrilmişdi. 1519-cu ildə Friburla, 1526-cı ildə Bernlə ittifaq bağlayaraq “ittifaq torpaqları” qismində İsveçrə konfederasiyasına qoşulmuşdu. 1533-cü ildə yepiskop Cenevrədən qovulmuş, U. Svinqli və G. Farelin, 1536-1538-ci illərdə və 1541-ci ildən sonra J.Kalvinin ideyaları əsasında Reformasiya keçirilmişdir; Kalvinin zamanında Cenevrə Avropa əhəmiyyətli kalvinizm mərkəzinə (“protestant Roması”) çevrilmişdi. Kalvinin qanunları 1792-ci ilədək Cenevrə həyatının hüquqi əsasını təşkil edirdi. 1536-cı ildən Cenevrə aristokratik respublika idi. 1584-cü ildə Bern və Sürixlə “əbədi ittifaq” bağlamışdı. 1589-1602-ci illərdə Fransanın və Bernin köməyilə Savoyya hersoqları ilə mübarizədə özünün müstəqilliyini qorumuşdu. 16,17-ci əsrlərdə protestant immiqrantların axını Cenevrədə saat və zərgərlik istehsalının inkişafına şərait yaratmışdı. Şəhər patrisiatının ağalığı və siyasi hüquqları məhdudlaşdırılmış xeyli sayda yerli sakinin (Natifs) olması 1792-ci il inqilabının baş verməsinə təkan verdi. İnqilabın gedişində aristokratik hökumət devrilmiş, konstitusiyaya yenidən baxılmış, bütün vətəndaşların bərabərliyi bəyan edilmişdi. 1798-1813-cü illərdə Fransa tərəfindən ilhaq olunmuş (Leman dep-tinin əsas şəhəri), 1815-ci ildə Savoyya və Fransadan ona birləşdirilmiş torpaqlarla birlikdə İsveçrənin 22-ci kantonunu təşkil etmişdi. Radikalların 1846-cı il inqilabı zamanı Cenevrədə siyasi sistem və təhsil sistemində islahatlar keçirilmişdi. 19-cu əsrin 2-ci yarısı — 20-ci əsrin əvvəllərində Avropanın müxtəlif ölkələrindən inqilabi mühacirətin iri mərkəzi idi. 1866-cı ildə burada Birinci İnternasionalın 1-ci konqresi keçirilmişdi. 1907-ci ildə Cenevrədə kilsə dövlətdən ayrılmışdı. Cenevrə beynəlxalq konfransların çağırıldığı, beynəlxalq müqavilələrin bağlandığı ənənəvi yerdir. 20-ci əsrdə, xüsusən İkinci dünya müharibəsindən sonra, Cenevrə çoxsaylı beynəlxalq təşkilatların və təsisatların yerləşdiyi məkana çevrildi. 1919-1946-cı illərdə burada Millətlər Cəmiyyəti yerləşirdi. Cenevrədə BMT-nin Avropadakı mənzil-qərargahı, Avropa iqtisadi komissiyası, həmçinin BMT-nin bir çox struktur bölmələrinin, o cümlədən: BMT-nin Ticarət və inkişaf konfransının, BMT-nin Sənaye inkişafı təşkilatının, BMT-nin Narkotiklər və cinayətkarlıqla bağlı idarəsinin, BMT-nin Kompensasiya komissiyasının, BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarlığının mənzil-qərargahları yerləşir. Cenevrə Avropa Azad Ticarət Assosiasiyasının, Ümumdünya Ticarət Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının, Beynəlxalq miqrasiyalar üzrə təşkilatın, Beynəlxalq telekommunikasiya ittifaqının, Ümumdünya meteorologiya təşkilatının, Beynəlxalq hava nəqliyyatı assosiasiyasının, Parlamentlərarası ittifaqın və bir sıra digər beynəlxalq təsisatların iqamətgahıdır. Cenevrədə həmçinin 100-dən artıq müxtəlif qeyri-hökumət təşkilatı, o cümlədən Beynəlxalq Qırmızı Xaç komitəsi (1863-cü ildən), Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri federasiyası, Ümumdünya kilsələr şurası yerləşir. Ümumdünya iqtisadi forumunun (əsas illik sessiyası Davosda keçirilir) mənzil- qərargahı Cenevrənin şəhərətrafındadır. Ronanın sol sahilindəki Köhnə şəhərdə Sen-Pyer kilsəsi (1160-cı illər — təqribən 1232) olan meydan; “Malle” hoteli (1721, memar J. F. Blondel, hazırda Beynəlxalq Reformasiya muzeyidir); Sen-Jermen kilsəsi (13-cü əsrin ortalarında əsası qoyulmuş, 1334-1315-ci əsrdə yenidən tikilmişdir), şəhərdə ilk kalvinist kilsəsi Tampl-de-la- Füsteri (1715, memar J. Ven), qotik ratuşa (Hotel-de-vil, 15-ci əsr, fransız renessansı üslubunda 1617-ci ildə genişləndirilmişdir, memar F.Petito), şəhərin ən qədim yaşayış binası “Tavelin evi” (1334, hazırda Köhnə şəhər muzeyidir); renessans və klassisizm üslubunda inşa edilmiş mülklər: Turrettinin evi (1617-1620, memarlar J. Patta, F. Petito), Lüllen malikanəsi (hazırda de Sössür; 1707-1712, memar J. Abey), “Enar” sarayı (1817-1821, memarlar Cenevrə Saluççi, J.V. Noble, S. Voşe, neoklassisizm üslubunda; indi Bələdiyyə binasıdır); asma körpü (1822-23, memar Q. Düfur) və s. var. Ronanın sağ sahilindəki Yeni şəhərdə eyniadlı kilsəsi (10-cu əsrdə erkən roman üslubunda inşa olunmuş, 15-ci əsrdə qotik üslubda yenidən tikilmişdir) olan Sen-Jerve məhəlləsi yerləşir. 20-ci əsrin memarlıq abidələri: Kornaven vağzalı (1925-28, memar X. Vittver), “Klarte evi” (1930-32, memarlar Ş.E. Le Korbüzye, P. Jannere), Millətlər Sarayı (1929-38, memarlar J. Flegenheymer, A. P. Neno, J. Vaqo və b.; hazırda BMT-nin Avropadakı mənzil-qərargahı), Nüvə tədqiqatları üzrə Avropa təşkilatının (Cenevrə yaxınlığında, 1954-60, memarlar R. və P. Steyger), Ümumdünya Səhiyyə Təşkilatının (1961, memar J. Çumi) binaları. Cenevrədə J.J. Russo (1834-35, heykəltaraş J.J. Pradye) və Reformasiya abidələri var. Cenevrə gölündəki fəvvarə (1891) şəhərin simvoludur. Cenevrə ölkədə aparıcı ETTKİ mərkəzlərindən biridir. Burada Avropa nüvə tədqiqatları təşkilatı (şəhərin yaxınlığında, Fransa ilə sərhəddə) və BMT sisteminin ən mühüm elmi tədqiqat institutları: BMT- nin Tədris və elmi tədqiqat institutu (YUNI- TAR), BMT nəzdində Sosial inkişaf elmi tədqiqat institutu (YUNRISD), BMT-nin Tərksilah problemlərinin tədqiqi üzrə institutu (YUNIDIR), həmçinin Avropa sosial elmlər akademiyası, Ali beynəlxalq tədqiqatlar institutu, BƏT-in Beynəlxalq sosial- əmək tədqiqatları in-tu; Beynəlxalq geoinformasiya tədqiqatları mərkəzi və s. var. Ali təhsil müəssisələri arasında Cenevrə universiteti (əsası 1559-cu ildə J. Kalvin tərəfindən akademiya kimi qoyulmuşdur, tələbələrin təqribən 40%-i əcnəbilərdir), Maliyyə və menecment universiteti (1971), Ali idarəçilik və biznes institutu (INSAM universiteti kimi tanınır), Cenevrə Ali diplomatiya və beynəlxalq münasibətlər məktəbi (aparıcı özəl universitetlərdən biri); Ali zərif sənətlər və dizayn məktəbi (1748), Ali tətbiqi sənət məktəbi (1876), konservatoriya (1835), Cenevrə saat ustaları məktəbi; İsveçrədə aparıcı astronomiya mərkəzi olan Cenevrə Rəsədxanası (1772); Cenevrə kütləvi və universitet kitabxanası — İsveçrədə beş ən iri kitabxanadan biri (1562; təqribən 2 mln. nüsxə, o cümlədən 6,5 min əlyazması), BƏT kitabxanası (1919) fəaliyyət göstərir. Əsas muzeyləri: təbiyyat tarixi (1820), Arian (1884; keramika, çini və saxsı məmulatlar), etnoqrafiya (1901), incəsənət və tarix (1910, bina 1903-10, memarlar C. və M. Kamoletti), Köhnə şəhər (1986), müasir və tətbiqi sənət (MAMSO; 1994), Beynəlxalq Reformasiya muzeyi (2005), Barbye-Müller muzeyi. Digər muzeylərdən J.J. Russonun muzeyi (1916), Volter institutu və muzeyi (1952), Müasir incəsənət (1968), Qırmızı Xaç və Qırmızı Ay, həmçinin Molonyu villasında saat muzeyi, Patek Filipp (16,21-ci əsrlər Cenevrə, İsveçrə və Avropa ustalarının saat və minalı məmulatlar kolleksiyası) muzeyi, saat firmalarının (“Rolex” və s.) mənzil-qərargahlarında yerləşən muzeylər, Beynəlxalq avtomobil muzeyi, Cenevrə gölü muzeyi. A. Baurun Cenevrə bədii kolleksiyası (1944; 1964 ildə açılmışdır; Çin və Yaponiya incəsənəti; manuskriptlər, nefrit, çini məmulatlar və s.). Malta ordeni muzeyi(şəhərətrafı Kompezyedə). İsveçrə şokoladı emalatxanası (İsveçrədə şokolad istehsalı tarixinə dair ekspozisiya) var. Qran-teatr (1879; Parisdəki “Qrand- Opera” teatrının binasına bənzər tikilmişdir), “Sen-Jerve”, Marionet teatrı və s.; Roman İsveçrəsi orkestri (1918-ci ildə E. Anserme tərəfindən yaradılmışdır), “Viktoriya-holl” böyük konsert zalı (1894-cü ildə açılmışdır) var. Musiqi ifaçılarının beynəlxalq müsabiqəsi (1939) keçirilir. Şəhər iqtisadiyyatının müasir strukturunda çoxsaylı beynəlxalq təşkilat və müəssisələrə (nümayəndəliklərin çoxu şəhərin şimal hissəsində, Cenevrənin Beynəlxalq mərkəzi — Cite İntérnacionale hüdudlarında cəmləşmişdir) yüksək səviyyəli xidmət göstərilməsinə istiqamətlənmiş xidmət sferası (işləyənlərin təqribən 90%-i) üstünlük təşkil edir. Cenevrə İsveçrə və Avropanın iri maliyyə-bank mərkəzi olsa da, fəaliyyət miqyasına görə Sürixdən xeyli geri qalır. Cenevrədə UBS və “Crédit Suisse” (idarə heyətləri Sürixdədir) iki iri İsveçrə bankının filialları, iri xarici (xüsusən fransız) və milli banklar, o cümlədən İsveçrənin ən iri özəl banklarından biri olan (illik dövriyyəsi təqr. 130 mlrd. avro, 2005), Pictet Bank (əsası 1805-ci ildə qoyulmuşdur), Bordier Bank, SCS Alliance Bank, “Lombard Odier Darier Hentsch & Cie” (2002-ci ildə Cenevrənin iki ən qədim özəl bankir evinin — “Lombard Odier & Cie” və “Darier Hentsch & Cie”nin birləşməsi ilə yaranmışdır) yerləşir. “Crédit Agricole (Suisse) S.A.” [əsası 1876-cı ildə qoyulmuş “Crédit Lyonnais (Suisse) S.A.” ilə “Crédit Agricole İndosuez (Suisse) S.A.”nın 2005-ci ildə birləşməsindən yaranan], BNP Paribas Private Bank (Switzerland) S.A. və CBG Compagnie Bancaire Genéve xarici kapitalın üstünlük təşkil etdiyi İsveçrə bankları arasında aparıcı mövqe tutur. Cenevrə fond birjası qiymətli kağızlarla əməliyyatların dövriyyəsi üzrə İsveçrədə Sürix fond birjasından sonra ikinci yeri tutur. “Geneva Financial Center Foundation” fondu dünyanın bir çox ölkəsində investisiya layihələrini maliyyələşdirir.C. işgüzar xidmətlərin, beynəlxalq, topdansatış və pərakəndə ticarətin, sığorta və reklam biznesinin mühüm mərkəzidir. İri beynəlxalq korporasiyaların, o cümlədən “Serono S.A.” (biotexnologiya, əczaçılıq), “Sun Microsystems İnc.”, “ST Microelectronics”, “Hewlett — Packard” (elektron biznesi), “JT İnternational” (tütün sənayesi), “Mediterranian Shipping Company” (dəniz gəmiçiliyi, beynəlxalq kruizlərin təşkili), “İnvista” (toxuculuq və tikiş sənayesi, sintetik və süni lif istehsalı) və “Procter & Gamble”ın (kosmetik vasitələr, ətriyyat, əczaçılıq, gigiyena vasitələri və s.) mənzil-qərargahları və ya Avropadakı baş ofisləri Cenevrədə yerləşir. “SİTA” şirkəti (mənzil-qərargahı Cenevrədədir) mülki aviasiyaya telekommunikasiya və informasiya xidməti göstərilməsi sahəsində dünya lideridir; onun törəmə firması olan “On Air” uçuş zamanı mobil əlaqəni təmin edən sistemlərin dünya bazarında başlıca tədarükçüsüdür; digər törəmə firması “CHAMP Cargosystems” yalnız yük aviaşirkətlərinə xidmət göstərən dünyada yeganə İT-provayderdir. “Société Générale de Surveillance S.A.” (SGS, əsası 1878-ci ildə qoyulmuşdur) korporasiyası dünyanın aparıcı sürveyer (əmtəələrin yoxlanılması, test edilməsi və sertifikatlaşdırılması) şirkətlərindən biridir; “Electronic Arts” şirkəti dünyada video- və kompüter oyunlarının ən iri müstəqil istehsalçılarındandır. Xidmət sferasında fəaliyyət göstərən aparıcı İsveçrə şirkətlərindən olan Cenevrə firmaları: “Univalor S.A.” (maliyyə menecmenti, sığorta xidmətləri), “Julliard İmmobilier S.A.” və “Naef + Partner” (daşınmaz əmlakın idarə edilməsi üzrə əməliyyatlar), “Addor & Julliard” (arxitektura, dizayn, şəhərsalma), “PEG Engineering S.A.” (injinirinq və konsaltinq), “Edipresse” nəşriyyat qrupu. Cenevrədə iri dövri nəşrlər (“Tribune de Genéve”, “Le Temps”, “Le Courrier”) çap edilir, İsveçrənin fransızdilli əhali yaşayan hissəsində ən iri radio və televiziya yayımı korporasiyalarının (“Radio Suisse Romande” və “Télévision Suisse Romande”) mənzil-qərargahları yerləşir. Cenevrənin beynəlxalq ixtisaslaşmasında aparıcı sahələrdən biri də yüksəkkeyfiyyətli tibbi xidmətin (əsasən, kardiocərrahiyə, onkologiya, radiologiya, urologiya, ginekologiya, oftalmologiya sahələrində) göstərilməsidir; burada milli və ümumavropa əhəmiyyətli klinikalar cəmləşmişdir. Yüksək inkişaf etmiş turizm infrastrukturuna malik olan böyük turizm (o cümlədən, işgüzar və konqres) mərkəzidir; şəhərdə İsveçrənin aparıcı turizm agentlikləri və şirkətləri (“Magnafin S.A.” və s.) yerləşir. Sənaye istehsalının həcminə görə Cenevrə İsveçrədə Sürix və Bazeldən sonra üçüncü yeri tutur. Sənayenin aparıcı sahəsi — yüksəkixtisaslı heyətə istiqamətlənən və elmtutumlu məhsul istehsal edən maşınqayırmadır. Cenevrə Avropada ən böyük saat istehsalı mərkəzidir və ölkənin saat sənayesinin başlıca təşkilati-idarəetmə mərkəzidir; 21-ci əsrin əvvəllərində sahədəki istehsalın və kapitalın təmərküzləşməsinə baxmayaraq, çox sayda kiçik, o cümlədən ailə firmaları qalmışdır. Ən iri istehsalçı — “Swatch Group AG”dır (mənzil- qərargahı Bil şəhərlərindədir); 14 saat firmasını özündə birləşdirən bu aparıcı İsveçrə korporasiyasının (ayrı-ayrı illərdə dünya üzrə saat ixracatının təqr. 1/5-i) sənaye müəssisələrinin, ofislərinin, logistika və texniki xidmətlərinin xeyli hissəsi Cenevrədə və şəhərətrafında cəmləşmişdir: başlıca brendləri: “Breguet”, “Omega”, “Blancpain”, “Tissot”, “Certina”. Cenevrədə digər nisbətən kiçik, lakin dünya miqyasında məşhur olan saat şirkətləri də yerləşir:
“Manufactures des Montres Rolex S.A.” (əsası 1905-ci ildə qoyulmuşdur), “Patek Philippe S.A.” (1839), “Longines” (1832), “Haas & Cie” (1848; nadir və eksklüziv ultra nazik saat modelləri). Bahalı saat istehsalı üzrə ixtisaslaşmış bəzi firmalar (o cümlədən əsası 1830 ildə qoyulmuş “Baume et Mercier” və 1860-cı ildə qoyulmuş “Chopard”) həm də zərgərlik məmulatlarının mühüm istehsalçılarıdır. Maşınqayırmanın digər sahələri də yüksək inkişaf səviyyələri ilə seçilir: geodeziya alətləri, dəqiq ölçü cihazları, dəqiq metalkəsən dəzgahlar, tibbi aparatlar və s. istehsalı. 20-ci əsrin sonu — 21-ci əsrin əvvəllərində elektron sənayesi sürətlə inkişaf edir. “ST Microelectronics” müəssisələri mikroçiplər, “Sun Microsystems İnc.” müəssisələri kompüter şəbəkələri üçün serverlər, proqram təminatı istehsal edir, şirkətin özünün istehsal etdiyi aparatlar vasitəsilə (Cenevrədə “Sun Microsystems İnc.”in sınaq və hesablama mərkəzi də yerləşir) inteqrasiya olunmuş bank sistemlərinin testləşdirilməsini həyata keçirir. “ABB High Voltage Technologies Ltd” (“Asea Brown Boveri” İsveç-İsveçrənin korporasiyasının törəmə firması) şirkəti müxtəlif çeşidli elektrotexnika məhsulları (orta gərginlikliyarımstansiyalar,gərginlik sıçrayışlarını aradan qaldıran sistemlər, güc çevirgəcləri və s.) istehsal edir. Lokomotiv və vaqonqayırma, tramvay istehsalı, nəqliyyat vasitələri üçün porşenli kompressorların, elektrovozlar, turbinlər üçün sürətölçən (“ABB Sécheron S.A.”, “Oerlikon”) istehsalı inkişaf etmişdir. Cenevrə Avropada ətriyyat sənayesi və ətirli maddələr istehsalının ən mühüm mərkəzlərindən biridir. Aparıcı istehsalçılar “Givaudan S.A.” (“elit” ətriyyat və kosmetik vasitələrin istehsalı üzrə ixtisaslaşmışdır; ətirli maddələrin və tamlı-aromatik inqrediyentlərin istehsalı və satışı həcminə görə dünyada birinci yeri tutur, dünya ətir bazarında birincilərdəndir; şəxsi gigiyena vasitələri və s. də istehsal edir) və “Firmenich” (əsası 1895-ci ildə qoyulmuşdur; yeyinti sənayesi — ət məhsulları, alkoqolsuz içkilər, qənnadı məmulatları üçün aromatik maddələrin istehsalı üzrə dünya liderlərindən biridir; bahalı ətriyyat məhsulları da istehsal edir) şirkətləridir. Əczaçılıq sənayesi “Serono S.A.” firmasının (əsası 1906-cı ildə qoyulmuşdur; 2006-cı ildən kapitalın 2/3-si “Merck KGaA” Almaniya əczaçılıq konserninə məxsusdur; dağınıq skleroz və onkoloji xəstəliklərin müalicəsi üçün preparatların işlənib hazırlanması və istehsalında dünya liderlərindən biridir) müəssisələri və digər nisbətən kiçik şirkətlər ilə təmsil olunmuşdur. Tamlı məhsullar (xüsusən, şokolad və tütün); poliqrafiya, tikiş, toxuculuq, mebel və s. sənaye sahələri var. Ənənəvi olaraq zərgərlik (Cenevrənin bir sıra zərgərlik və zərgərlik-saat firması “Richemont Group” korporasiyasına daxildir) inkişaf etmişdir.
Tarix
[redaktə | mənbəni redaktə et]Keçmişi Miladdan sonra II əsrə qədər gedib çıxan Cenevrə, tarix boyunca Avropanın barbar qövmləri tərəfindən saysız hücuma məruz qalmışdır. 1602-ci ildə Savoy Düklüğünə qarşı şəhərin güclü bir müqavimət göstərib zəfər qazandığı tarix olan 11 dekabr, hər il ənənəvi mərasimlərlə xatırlanır.[5]
Saat istehsalı
[redaktə | mənbəni redaktə et]İsveçrədə saat sənayesinin ən inkişaf etmiş olduğu yerlərdən biri də Cenevrədir və dünya səviyyəsində ən qabaqda saat markaları bu şəhərdə çıxarılar. Saatçılığın tarixi Cenevrədə 1600 illərə dayanır. Cenevrədə çıxarılan bəzi saat markaları bunlardır: Patek Phillipe, Frank Muller, Swatch, Omeqa və Piaget[7]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Cenevrə şəkilləri
- Cenevrə şəhərinin rəsmi saytı Arxivləşdirilib 2010-02-09 at the Wayback Machine (ing.)
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Arealstatistik Standard - Gemeinden nach 4 Hauptbereichen. İsveçrə Federal Statistika İdarəsi.
- ↑ https://it-ch.topographic-map.com/map-sgt718/Ginevra/?zoom=19¢er=46.19908%2C6.14731&popup=46.19928%2C6.14737.
- ↑ https://www.pxweb.bfs.admin.ch/pxweb/fr/px-x-0102020000_201/-/px-x-0102020000_201.px/?rxid=c5985c8d-66cd-446c-9a07-d8cc07276160. İsveçrə Federal Statistika İdarəsi.
- ↑ 1 2 https://www.post.ch/en/pages/plz-suche.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2008-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-12.
- ↑ "Arxivlənmiş surət". 2008-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-12.
- ↑ http://www.isvicre-web.com/?p=133[ölü keçid]