Daimi nümayəndə — Vikipediya

Daimi Nümayəndə — bir ölkənin beynəlxalq təşkilatdakı diplomatik nümayəndəliyinin rəhbəri olan diplomat.

Vəzifə və öhdəlikləri

[redaktə | mənbəni redaktə et]

Diplomatiyada "daimi nümayəndə" beynəlxalq təşkilatlarda bir dövlətin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərən diplomata deyilir. Daimi nümayəndə adətən həmin dövlətin səfiri statusuna malik olur və ölkəsini BMT, Avropa ittifaqı, NATO və digər beynəlxalq təşkilatlarda təmsil edir. Onlar ölkələrinin maraqlarını qorumaq, razılaşmaları müzakirə etmək və qərarların qəbul edilməsində iştirak etmək üçün təyin olunurlar. Daimi nümayəndələr, adətən, dövlətlərinin paytaxtında yerləşən Xarici İşlər Nazirliyinə hesabat verirlər və onların fəaliyyət sahəsi təyin olunduqları beynəlxalq təşkilatın qərargahına uyğun olaraq müəyyən olunur. Məsələn, BMT-də bir ölkənin daimi nümayəndəsi Nyu-Yorkda yerləşir.[1] Daimi nümayəndəliyin diplomatik toxunulmazlıq hüququ vardır. Onlar, beynəlxalq hüquqa əsasən, təmsil etdikləri ölkənin toxunulmazlığına malikdirlər. Bu toxunulmazlıq onların öz işlərini maneəsiz icra etmələrini təmin edir. Daimi nümayəndələr vergi, gömrük və digər dövlət rüsumlarından azad olurlar. Hətta onların şəxsi və diplomatik yükləri gömrük yoxlamasından keçirilmir. Daimi nümayəndələr təmsil etdikləri ölkənin mövqeyini beynəlxalq təşkilatların iclaslarında, komitələrində və digər forumlarında ifadə etmək hüququna malikdirlər.

  1. "Dövlətlərin beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil olunması haqqında Vyana Konvensiyası" (PDF). BMT-nin Hüquq Məsələləri İdarəsi. Birləşmiş Millətlər Təşkilatı. 1975. 26 noyabr, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 sentyabr, 2017.