Elşad Qurbanov — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elşad Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | bioloq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | biologiya, botanika |
Elmi dərəcəsi | |
| |
Təltifləri | |
elshad.info |
Qurbanov Elşad Məcnun oğlu (2 yanvar 1951, Urud, Sisian rayonu) — Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. O, 1968–ci ildə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə isə fərqlənmə diplomu ilə Bakı şəhəri 8 nömrəli tibb məktəbini bitirmişdir.[2] Qurbanov 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır.[2]
Elşad Qurbanov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin botanika ixtisasını bitirib. 1979–1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil alan Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə isə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. O, həmin ildən BDU-nun professorudur.[2]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir.[2] Qurbanov Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir. Atropatan florasına aid olan 2 595 bitkinin Azərbaycan və latın dillərində adlarını qeyd edən Qurbanov 6 mindən çox herbari nümunəsi toplayaraq herbari fonduna vermişdir.[3]
E.M. Qurbanov 128-i xaricdə dərc edilmiş 397 elmi əsərin (16 kitab, 381 məqalə),[1] 60-dan artıq tədris proqramı və metodik göstərişin,[3] 13 müəlliflik şəhadətnaməsi və patentin müəllifi[1] və 15 kitabın elmi redaktorudur. O, dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında (Avropa ölkələri, Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, İranda) çıxış etmişdir. Qurbanovun müəllifliyi ilə "Azərbaycanın Qırmızı Kitabı"nın (II cildlik) 2-ci nəşri çap olunmuşdur.[3]
E.M. Qurbanov onlarla doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya aparıcı təşkilat kimi rəyçisi olmuş, onun rəhbərliyi altında 60-dan çox magistrant və 15 doktorantı fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Elmlər doktoru proqramı üzrə 2 doktorantının dissetasiya işi Müdafiə Şurasına təqdim etmək üçün hazırlanmış, hazırda 5 fəlsəfə doktorantı elmi rəhbəri, 3 elmlər doktorunun elmi məsləhətçisidir.
E.M. Qurbanov AMEA-nın Dendrologiya İnstitutunda elmi şurasının üzvü olmuşdur, ADPU-nin nəzdində fəaliyyət göstərən B/D.02.061 doktorluq müdafiə şurasının üzvü olmuşdur, AMEA-nın "Botanika" ixtisası üzrə Problem şurasının üzvüdür, 2008-ci ildən AMEA-nın Dendrologiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır (2017-ilədək), Biologiya fakültəsində "Botanika", "Mikologiya", "Mikrobiologiya" və "Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq" ixtisasları üzrə magistrantların Dissertasiya Müdafiə Şurasının sədri, BDU-da dekan və kafedra müdiri vəzifəsini tutmaq üçün yaradılmış seçki komissiyasının katibi, BDU-nun Böyük Elmi Şurasının üzvüdür və BDU-nun Elmi Şurasının Baş Elmi katibi vəzifəsində çalışmışdır.
E.M. Qurbanov yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə 2009, 2012-ci illərdə "İlin alimi", pedaqoji fəaliyyətinə görə 2010-cu ildə "İlin müəllimi" fəxri adlarını almış, Təhsil Nazirliyinin Fəxri Fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri bölməsinin büro üzvü, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Biologiya və Aqrar elmlər üzrə Ekspert Şurasının sədr müavinidir. 2017-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Elmi Şurasının üzvü olmuşdur.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1995-ci il parlament seçkilərində Elşad Qurbanov Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 6-cı sırada olmuşdur.[4] Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[5] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir.[6] Elşad Qurbanov isə deputat seçilə bilməmişdir.
2000–2002-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
Pedeqoloji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Qurbanovun elmi tədqiqatları ilə yanaşı pedaqoji fəaliyyəti də təqdirə layiqdir. O, 1988-ci ildən Botanika kafedrasının müəllii, baş müəllimi və 1992-ci ildən Botanika kafedrasının müdiri vəzifəsində işləyir, 2005-ci ildən isə Bakı Dövlət Universitetində professor vəzifəsində çalışır. "Bitki morfologiyası", "Ali bitkilərin sistematikası", "Yerli flora", "Bitki örtüyünün mühafizəsi", "Meşəçilik" və s. fənlərdən mühazirələr oxuyur.
Mükafat və təltifləri
[redaktə | mənbəni redaktə et]- Tərəqqi medalı (2009)
- Təhsil Nazirliyinin fəxri fərmanları (2010, 2011)
- "Avropa Nəşr Mətbuat Evi" tərəfindən "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və fəxri diplomu (2015)
- BDU-nin "Fəxri fərman"ı (2016)
- "Yüksək Peşəkarlığa Görə Fəxri Fərman" (2017)
- "Şərəfli ömür yolu" diplomu (2017)
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019) Azərbaycan Respublikasının medalı" (2019).
- Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdr (2021).
Fəxri adları
[redaktə | mənbəni redaktə et]- "İlin alimi" (2009, 2012)
- "İlin müəllimi" (2010)
- "İlin kafedra müdiri" (2016)
- "Əməkdar elm xadimi" (2019)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Qurbanov Elşad Məcnun oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
- ↑ 1 2 3 4 Nadir İsmayılov, Alim ömrünün salnaməsi, Respublika qəzeti, 7 mart 2013, səh. 11, 2020-02-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-12-22
- ↑ 1 2 3 Taryel Talıbov. "Elmə və təhsilə həsr edilmiş alim ömrü". azerbaijan-news.az. 7 yanvar 2021. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ "Proporsional seçkilərə qatılmış partiyalar". Mərkəzi Seçki Komissiyası. 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- ↑ Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.