FİFA — Vikipediya
FİFA FIFA, فيفا, ФИФА, 国际足联, FIFA | |
---|---|
Yaranma tarixi | 21 may 1904 |
Rəsmi dili | |
Mərkəzi | |
Sədr | Canni İnfantino |
fifa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
FİFA (fr. Fédération Internationale de Football Association — azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) — mərkəzi İsveçrənin Sürix şəhərində olan, dünyanın ən böyuk idman təşkilatı.
FİFA, hər dörd ildən bir FİFA Dünya Kuboku, hər iki ildən bir FİFA Konfederasiyalar Kuboku və hər il FİFA Klublararası Dünya Çempionatı turnirlərini təşkil edir.
İndiyə qədər quruma 9 nəfər başçılıq edib. FİFA-nın indiki prezidenti Canni İnfantino təşkilatın onuncu rəhbəridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]FİFA 1904-cü ildə yaradıldı. Bu müxtəlif ölkələrin komandaları arasında əlaqələrin genişlənməsinə xeyli təsir göstərdi. 1908-ci ildə futbol ilk dəfə Olimpiya oyunları proqramına daxil edildi.
1908 və 1912-ci illərdə keçirilən olimpiadaların ilk futbol turnirlərində ancaq Avropa qitəsinin təmsilçiləri iştirak edirdilər. 1908-ci ildə bu turnirə 8, 1912-ci ildə isə 12 komanda qatılmışdır. Hər iki turnirin qalibi futbolun yarandığı hesab olunan ölkənin təmsilçiləri — İngiltərə — oldular. Vaxt keçdikcə digər ölkələrin təmsilçiləri də bu turnirdə fərqlənməyə başladılar. 1920-ci ildə Belçika, 1924-cü ildə isə Uruqvay millisi birinci oldu.
Ötən əsrin 20-ci illərində bir çox ölkələrdə futbol həvəskar oyunundan peşəkar oyununa çevrilməyə başladı. Olimpiya oyunlarında əsasən həvəskar futbolçulardan ibarət milli komandalar iştirak edirdilər. Peşəkar oyunçuların iştirak etdiyi daha nüfuzlu turnirin təşkil olunmasına zərurət yaranmışdı. Bu barədə əvvəllər də müxtəlif təkliflər irəli sürülürdü. 1920-ci ilin aprel ayında FİFA-nın Antverpen şəhərində keçirilən konqresində dünya birinciliyinin keçirilməsi prinsipləri müzakirə olunub razılaşdırıldı. Təşəbbüsün ideya müəllifi Fransa Futbol Federasiyasının prezidenti Jül Rime idi. Elə həmin konqresdə o, FİFA-nın prezidenti seçildi, turnirə isə onun adı verildi.
1928-ci ildə FİFA-nın konqresi dörd ildə bir dəfə futbol üzrə dünya çempionatını keçirməyi qərara aldı. Yarışların rəsmi adı bir neçə dəfə dəyişdirilmişdir ("FİFA Dünya Kuboku", "Jül Rime", "Dünya Kuboku — Jül Rime Kuboku" və nəhayət, yenə "FİFA Dünya Kuboku"). Brazilyalılar üçüncü dəfə dünya çempionu olanadək yarışların qalibinə yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanın fiqurundan ibarət olan, xalis qızıldan hazırlanmış (1 kiloqram 800 qram ağırlığında) kubok verilirdi. Brazilyalılar bu yüksək mükafatı həmişəlik sahib olduqdan sonra çempiona təqdim olunmaq üçün yeni mükafat — FİFA-nın "Dünya Kuboku" təsis edilmişdir.
İlk dünya çempionatı 1930-cu ildə öz istiqlaliyyətinin 100 illiyini qeyd edən Uruqvayda keçirildi. Meydan sahibləri bütün iştirakçıların xərclərini ödəməyi və turnirin açılışınadək yeni, iri stadion tikməyi öhdələrinə götürmüşdülər.