Habil Əliyev — Vikipediya
Habil Əliyev | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Habil Kaman |
Doğum tarixi | 28 may 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 8 sentyabr 2015 (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1935-ci ildən |
Janr | muğam |
Musiqi aləti | kamança |
Mükafatları | |
Habil Mustafa oğlu Əliyev (28 may 1927, Ağdaş – 8 sentyabr 2015, Bakı) — Azərbaycanlı kamança ifaçısı, Azərbaycan SSR xalq artisti (1978).
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. İlk vaxtlar ailəsinin təkidi ilə tar sinfində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinfinə keçir. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat etmişdir.[1] Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanım ilə ailə həyatı qurmuşdur. Üç qız və bir oğlu var.)
Fəxri adları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 29 iyun 1964
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978[3]
- "Şöhrət" ordeni — 28 may 1997
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[4]
- "İstiqlal" ordeni — 19 oktyabr 2007
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Qanun naminə (film, 1968)
- Dəli Kür (film, 1969)
- Günlərin bir günü... (film, 1976)
- Nəğməkar torpaq (film, 1981)
- Habil Kaman (film, 1984)
- Sarı gəlin (film, 1998)
- Qızıl fonddan seçmələr (film, 2001)
- Kamanın naxış sehri (film, 2003)
- Muğamat var olan yerdə… (film, 2009)
- Heydər Əliyev (film)
- Kamançanamə[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Habil Əliyev dünyasını dəyişdi Arxivləşdirilib 2015-09-10 at the Wayback Machine. xeber.az, 08.09.2015 (az.)
- ↑ "Arxivlənmiş surət". 2015-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-22.
- ↑ Respublikanın musiqi ifaçılığı sənəti xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.
- ↑ "Azərbaycan və Ermənistan birgə film çəkib". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Əjdər Ol. Habil Əliyevin lətifələri Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. Bakı: "Yeni nəşrlər evi", 1998.
- Ustad sənətkara abidə qoyuldu (az.)