Hacı Hüsü — Vikipediya

Hacı Hüsü
Ümumi məlumatlar
Doğum tarixi 1830-cu illər
Doğum yeri
Vəfat tarixi 1898
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, xanəndə
Janr muğam
Təhsili

Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə.

Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir. Lakin toyun sonunda şah tərəfindən verilən birinci mükafata məhz Hacı Hüsü layiq görülmüşdür.

Hacı Hüsü XIX əsrin 80-ci illərində Mir Möhsün Nəvvab ilə birlikdə Şuşada "Musiqiçilər məclisi" təşkil etmişdi ki, bu məclisdə muğam sənəti müzakirə olunurdu. Məşədi Cəmil Əmirov, İ.Abdullayev, Seyid Şuşinski, Sadıqcan kimi tanınmış incəsənət nümayəndələri bu məclisin iştirakçıları idilər. Hacı Hüsü gözəl xanəndə olmaqla bərabər, həm də Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas və müəllim kimi də məşhur idi. O, bir sıra muğamları təkmilləşdirmiş, onların yeni variantlarını yaratmışdır. Məsələn, o, "Kürdi" muğamına "Şahnaz"ı əlavə etmiş və yeni "Kürdi-Şahnaz" muğamını yaradıb oxumuşdur. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Hacı Hüsü Sadıqcanın tarda müşayiətilə "Qatar" muğamının da yaradıcısıdır.

Hacı Hüsü xan qızı Xurşidbanu bəyim Natəvanın sevimli xanəndəsi olmuş, onun məclislərində iştirak etmişdi. O, şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mənsurovun məclislərinə tez-tez dəvət olunardı. Deyilənə görə məşhur Qaçaq Nəbi də Hacı Hüsünün səsinə qulaq asmaq üçün xüsusi olaraq onun oxuduğu toy məclislərinə gələrdi.

Hacı Hüsünün həyatının son illəri çox da uğurlu olmamışdır. O, Ərəbistandan qayıtdıqdan sonra mollaların təzyiqi altında Şuşada Gövhər ağa məscidində minacat verməyə məcbur olmuşdur. Şuşa camaatı ətraf yerlərdən onu dinləmək üçün axışıb məscidə gələrdilər. Bu barədə C. Bağdadbəyov xatirələrində belə yazır: "Qış mövsümündə, yüzlərlə adam gəlib bu cazibəli səsə qulaq asardılar. Hacı Hüsünün uzun nəfəsi olmaqla bərabər, zənguləsinin misli-bərabəri yox idi".[1]

Hacı Hüsü 1898-ci ildə Aşqabad şəhərində vəfat etmişdi.

Xarrat Qulu

  1. Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı: Yazıçı. 1985. səh. 33-37.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Köhnə kişilər (Hacı Hüsü Niftalı oğlu)