Hummer — Vikipediya
Hummer | |
---|---|
Hummer | |
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi |
Məhsulu | SUV |
Təsis tarixi | 1992 |
Baş qərargahın yeri | |
gmc.com/electric/hummer-… | |
Vikianbarda əlaqəli mediafayllar |
Hummer — General Motors konserninin tərkibinə daxil olan ABŞ şirkətidir. O, iri tutumlu nəhəng superofrouderlərin istehsalı üzrə ixtisaslaşıb. Hummer avtomobilləri İndiana ştatındakı Mişavaka (Mishawaka) şəhərində AM General şirkətinin UAW zavodunda istehsal olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hummerin tarixi Amerika hərbçilərinin xüsusi avtomobilə tələbat duyduqları vaxtdan başlayır. Bu tələbatın nəticəsində 1979-cu ilin yayında AM General şirkəti çətin yollarda hərəkət etmək qabiliyyətinə malik olan avtomobilin yaradılması işlərinə başlandı. Bu proqrama HMMWV M998 (High Mobility Multipurpose Wheeled Vehicle Model 998), yəni "Yüksək çevikliyə malik çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 1998-ci ilin modeli" adı verildi (amerikanlar bu abreviaturanı "Hamm-vi" kimi tələffüz edirlər). Hummer adı məhz bu qısaldılmış addan əmələ gəldi.
Konstruktorların qarşısında yüksək keçid qabiliyyətinə malik, əsgərləri və sursatları rahat yerləşdirə bilən geniş salonlu, böyük klirensli və kiçik siluetli (düşmən üçün asan hədəfə çevrilməmək üçün) ofrouder düzəltmək vəzifəsi dururdu.
İşlərin başlanmasından 11 ay sonra General Motors korporasiyası M998 markalı hərbi avtomobilin ilk nümunəsini təqdim etdi. 1981-ci ildən başlayaraq bu avtomobil seriya ilə istehsal olunmağa başladı və bu gün hamı onu H1 adı ilə tanıyır. Sınaqların nəticələri hərbçiləri heyrətə saldı.Yeni ofrouder ABŞ ordusunun bütün tələblərini və standartlarını geridə qoydu və AM General ilə yanaşı Lamborghini şirkətinin də iştirak etdiyi tenderdə qalib gəldi. Beləliklə, 1983-cü ilin martında AM General ordu üçün HMMWV M998 ofrouderlərinin ilk partiyasını hazırlamaq sifarişini aldı.
Ofrouder asan idarə olunması ilə və çətin yerlərdə qeyri-adi keçid qabiliyyəti ilə seçilir və müxtəlif növ silahların daşınmasına imkan verirdi. Bu ofrouder ABŞ ordusunun əsas avtomobilinə çevrildi. "Səhrada tufan" əməliyyatı başa çatdıqdan sonra Hummer geniş şöhrət qazandı. Fars körfəzindəki müharibədən çəkilmiş kadrlar bütün dünyanın telekanallarını dolaşdı. Həmin kadrlarda Hummer hərbi ofrouderləri ön planda idi. O, səhralıqlarda və meşəliklərdə asfaltda olduğu kimi rahatca hərəkət edir, supermüasir M1A Abrams tanklarını xeyli geridə qoyurdu.
Bu cür reklamdan sonra AM General korporasiyası fiziki şəxslərdən Hummer üçün sifarişlər almağa başladı. Sifarişlər o qədər çox idi ki, şirkət ofrouderin mülki variantını hazırlayıb satışa buraxdı. 1992-ci ildən başlayaraq arzu edənlərin hamısı üçün bu avtomobilin satışları başladı. Amma kifayət qədər yüksək qiymət Hummeri elitar avtomobilə çevirdi: komplektasiyadan asılı olaraq onun dəyəri ABŞ bazarında 70 min dollardan 85 min dollara qədərdir. Satışların illik həcmi isə 2000 ədəd təşkil edir. Qeyd edək ki, satışların bu həcmi Ferrarinin satışları ilə müqayisə oluna bilər.
Hummerin ilk sahiblərindən biri məşhur Arnold Şvartsenegger oldu, onun ardınca Silvestr Stallone, Stiven Spilberq, Corc Lukas kimi məşhur şəxslər, habelə tanınmış tennisçi Andre Aqassi Hummerin sahibləri cərgəsinə daxil oldular. Hummer Yaxın Şərq ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində, eləcə də Azərbaycanda böyük populyarlığa malikdir.
Bu yaxınlarda AM General korporasiyasının imzaladığı sazişə əsasən, GM konserni Hummer ofrouderinin mülki variantını satışı və yayılması hüququnu əldə edib. AM General isə ofrouderin hərbi variantını satmaq hüququnu özündə saxlayıb. Əfsanəvi ofrouderin tarixində yeni mərhələ başlayıb. 2000-ci ildə Detroyt avtomobil sərgisində Hummer ofrouderinin Hummer H2 adlı yeni versiyasının prototipi nümayiş etdirildi. Yeni model GM və AM General konstruktorlarının birgə səyləri ilə hazırlanıb.
H2 modeli H1-ə nisbətən xeyli təmtəraqlı və komfortludur. Axı o, əvvəlcədən hərbi məqsədlər üçün deyil, mülki məqsədlər üçün nəzərdə tutulub. H2 modelinin interyerinin tərtibatı GM konserninin digər təmtəraqlı ofrouderlərinin salonunun tərtibatı ilə vəhdət təşkil edir.
Ən yeni Hummer H3 modeli isə kompakt və ən münasib qiymətli Hummer markalı avtomobildir. Hummer H3 ofrouderi Chevrolet S10 və GMC Sonoma pikapları ilə eyni platformada hazırlanıb. Amma yeni modelin kuzovu və salonunun tərtibatı onlardan fərqlənir və xüsusi olaraq bu model üçün işlənib. Qeyd etmək lazımdır ki, Hummer H3-ün dizaynı iri H2 modelinin üslubunda işlənib. O da analoji iri radiator barmaqlıqlarına və güclü bamperə, geniş təkər tağlarına və altında 8 silindrli mühərrik yerləşdirilmiş güclü kapota malikdir. Hummer H3 üçün iki mühərrik hazırlanıb. Bu, baza modeli üçün 240 at gücünə malik mühərrik, habelə Hummerin ən bahalı versiyası olan Alphaya quraşdırılan 295 at gücünə malik V8 mühərrikidir.
Veteran H1 avtomobilinə gəldikdə, bu modeli daha mülki bazar üçün istehsal etməmək qərara alınıb. Bununla belə, şirkətin modellərinin cərgəsi genişlənməkdə davam edəcək: bu, H3 bazasında hazırlanacaq yeni pikapın və yeni kompakt H4 ofrouderinin sayəsində mümkün olacaq.