Kənd Təsərrüfatı Nazirliyi (Azərbaycan) — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Kənd Təsərrüfatı Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 23 oktyabr 2004 (28 May 1918) |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 |
Rəhbərlik | |
Nazir | Məcnun Məmmədov |
Nazir müavinləri | İlhamə Qədimova Elçin Zeynalov Sarvan Cəfərov |
| |
Tabeliyində olan orqan | Aqrar Xidmətlər Agentliyi Aqrar Kredit və İnkişaf Agentliyi |
Rəsmi saytı | agro.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanı.
Haqqında
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir.
Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir.
1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi.
Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı.
1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.
Əsas vəzifələri
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək;
- aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək;
- aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək;
- Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək;
- aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq;
- aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;
- aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək;
- aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək;
- Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;
- aqrar bölmədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görmək, kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları üçün aqroservis, aqrokimyəvi, məsləhət və digər xidmətlərin göstərilməsinə kömək etmək;
- kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
- kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
- Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.
Tabeliyindəki qurumlar
[redaktə | mənbəni redaktə et]- Aqrar Kredit və İnkişaf Agentliyi
- Aqrar Xidmətlər Agentliyi
- Aqrar Tədqiqatlar Mərkəzi
- Aqrar Tədarük və Təchizat
- Aqrar Elm və İnnovasiyalar Mərkəzi
- Aqroservis
- Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Dövlət Aqrar İnkişaf Mərkəzi
- Dövlət Aqrar Ticarət Şirkəti
- Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
- Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
- Dövlət Aqrar Ticarət Şirkəti
- Dövlət Toxum Fondu
- Azərbaycan Təcrübə Sınaq və Təmir Zavodu
- Respublika Süni Mayalanma Mərkəzi
- Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası
- Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi
Beynəlxalq əməkdaşlıq
[redaktə | mənbəni redaktə et]Kənd Təsərrüfatı Nazirliyi, FAO, GTZ, TİKA, ABŞ-nin Beynəlxalq Yardım və İnkişaf Agentliyi (USAİD), Dünya Bankı, Asiya və İslam İnkişaf Bankları, İFAD, EKO, Avropa Komissiyasının Ərzaq Təhsükəsizliyi proqramı, Avropa Birliyi və onun TACİS proqramı, Beynəlxalq Elm Mərkəzləri ilə işgüzar əlaqələri genişlənmiş, onların maliyyə dəstəyi və texniki yardımı ilə həyata keçirilən 25-ə yaxın beynəlxalq layihələr Azərbaycanda aparılan aqrar islahata müsbət təsirini göstərib.