Lənbəran — Vikipediya

Lənbəran
40°13′26″ şm. e. 47°19′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 24 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.941 nəf. (2009)
Xəritəni göstər/gizlə
Lənbəran xəritədə
Lənbəran
Lənbəran

LənbəranAzərbaycan Respublikasının Bərdə rayonunun Lənbəran kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd qədimliyi ilə tanınır.

Azərbaycanın Bərdə rayonunun böyük yaşayış məntəqələrindən biri olan bu kəndin qədim tarixi var.

1742-ci il
Cavanşir qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Lənbəran

Kəndin adı Ləmbəran variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsinin adı ilk dəfə XII əsrdə Xaqaninin əsərlərində çəkilir. Bir qism tədqiqatçılar oykonimi fars dilindəki ləmbir (çay vadisi) sözü ilə əlaqələndirirlər.[2]

Lənbəran kəndi Azərbaycanın ən qədim tarixə malik olan kəndlərindən biridir. Tarixi mənbələrin verdiyi məlumata görə, Lənbəran kəndi 1174-cü ildə slavyanların hücumuna məruz qalmış və üç il slavyanların əsarəti altında olmuşdur. 1177-ci ildə I Şirvanşah Axsitan tərəfindən kəndimiz slavyan əsarətindən xilas edilmişdir.

Lənbəran kəndi Qarabağın ən qədim şənliklərindən biridir. Bu kənd səfəvilər dönəmində Bərdə qəzasına bağlı idi. Xanlıq dönəmində isə Kəbirli mahalının inzibati-ərazi vahidələrindən hesab olunurdu.

Lənbəran kəndi Qarabağın iqtisadiyyatında, mədəniyyətində önəmli rol oynamışdı. Qarabağ Azərbaycanın mühüm ticarət mərkəzlərindən biri hesab olunurdu. Elxanlılar dövlətinin ərazisindəki baş ticarət yolunun mühüm qolu Qarabağdan keçirdi. Qarabağ ticarət yolu Bəkrəbad kəndindən keçərək Araza çatır, sonra isə Qarabağ ərazisinə (Arrana) daxil olurdu. Araz sahilindən Gəncəyə kimi olan 34 fərsənglik yol Xaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Xanəgah-Şutur kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən keçirdi. Daha sonra bu yol Şəmkür, Yurd-Şadakban, Ağstafa, Yam və s. yerlərdən keçib, Tiflisə çatırdı. Yolun bu hissəsinin uzunluğu 20 fərsəng, ümumi Qarabağ yolunun uzunluğu isə 45 fərsəng idi.

Lənbəran kəndindən bir çox tanınmış şair çıxıb. Bunlardan Asəf Lənbərani, Qafil Lənbərani, Mustafa Lənbərani, Molla Hüseyn əfəndi Lənbərani (1823-?) və başqalarını göstərmək olar.

Lənbəran kəndinə XVIII yüzilin önündə Kazım ağa Həsən ağa oğlu, XIX yüzilin önündə Məhərrəm kovxa Məlik bəy oğlu (1788-?), sonunda, daha dəqiqi 1899-cu ildə Əhməd yüzbaşı Məmməd oğlu, XX yüzilin önündə, daha dəqiqi 1903-cü ildə Nəbi yüzbaşı Şahməmməd oğlu, 1914-cü ildə Kərim yüzbaşı Əzim oğlu başçılıq etmişdi.

Kəndin bəylərindən Ağa bəy Məhərrəm bəy oğlu (1824-?), Abdulla bəy Ibrahim bəy oğlu (1824-?), Ağakişi bəy Məmmədhüseyn bəy oğlu (1825-?), Əhməd bəy Kərim bəy oğlu (1831-?), ağalarından Əbdüləziz Hacı Bayram oğlu (1845-?), Şükür Hacı Bayram oğlu (1848-?), Məşədi Nəsir Hacı Bayram oğlu (1857-?) çox varlı-hallı olmaqla yanaşı, xeyirxah, ehsan yiyələri idilər.

Kənd mollalarından Molla Mustafa Bayram oğlu (1794-?), Hacı Molla Nuri Adıgözəl oğlu (1796-?), Mirzə Abdulla Molla Məhəmməd oğlu (1804-?), Hacı Molla Əhməd əfəndi Seyid Molla Sadıq əfəndi oğlu (1808-?), Molla Qasım əfəndi Hacı Əhməd əfəndi oğlu (1823-?), Molla Şərif əfəndi Cəbrayıl əfəndi oğlu (1828-?), Molla Hacı Həmid əfəndi Yusif əfəndi oğlu (1838-?), Molla Sədrəddin əfəndi Hacı Məhəmməd əfəndi oğlu (1847-?) və başqaları mədrəsə təhsili görmüş, savadlı, dini dinara satmayan üləmalar arasında şöhrət tapmışdılar. Lənbəran kəndi tanınmış şəxsiyyətlər Cəmil Lənbəranskinin (1884–1959), Əliş Lənbəranskinin (1914–1999) soyadlarında yaşayır. Lənbəran kəndi Əhməd xan Ibrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin idi. O, vəfat edəndən sonra kənd varislərinə qaldı. Lənbəran kəndi 1844-cü ildə 74 tüstüdən ibarət idi. Lənbəran kəndində 1849-cu ildə 114 tüstü qərar tuturdu. Lənbəran kəndində 1873-cü ildə 256 tüstü vergi ödəyirdi. Lənbəran kəndi 1886-cı ildə 286 tüstüdən təşkil olunmuşdu. Lənbəran kəndi sovet dönəmində kolxoz ətrafında toplanmış pambıqçılıqla məşğul olurdu. Hazırkı Lənbəran kəndinin 6000 nəfərə yaxın əhalisi vardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Lənbəran kəndində orta çağda ipəkçilik geniş inkişaf etmişdi. İpəkdən hazırlanan məşhur Lənbəran qumaşları bütün Şərq aləmində tanınırdı.

Xanlıq dönəmində Lənbəran kəndində toxuculuq hər yönlü inkişaf etmişdi. "Ləmbəran xalçası" bəy-xan evlərinin bəzəyi sayılırdı. "Lənbəran şalvarı" Qarabağ aristokratiyasının geyimi idi. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin vəziri, ünlü şair Molla Pənah Vaqif yazırdı:

Çün bizim şalvarımız əlavü həm əfzəl gərək
Rəngi yaşıl, bir qədər qəddi dəxi ətvəl gərək,
Əbrişimi zülfi-müşkəfşanı müsmsəl gərək,
Toxuyan amma onu bir ağü nazik əl gərək,
Lənbəran məhvəşlərindən bu işə feysəl gərək.

Kənddə "Hacı Həmid" məscidi dini icması fəaliyyət göstərir.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh.85.
  3. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)