Məcid Behbudov — Vikipediya

Məcid Behbudov
Ümumi məlumatlar
Doğum tarixi 18 aprel 1873(1873-04-18)
Doğum yeri
Vəfat tarixi 6 sentyabr 1945(1945-09-06) (72 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr muğam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Behbudov Məcid Behbudalı oğlu (18 aprel 1873, Şuşa6 sentyabr 1945, Qazax) — Azərbaycan xanəndəsi.[1]

Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. Atası Behbudalı kişi bir müddət Qarabağın Boyat kəndində Mirzalıbəy Behbudovun malikanəsində təsərrüfat işlərində çalışıb. Atasının vəfatından sonra Məcid bəy ailənin bütün məsuliyyətini öz üzərinə götürməli olur və varlı bir tacirin yanında işləməyə başlayır. O, tacirin şərq ölkələrindən gətirdiyi rəngarəng parçaları evbəev gəzərək satır və bu zaman Şuşada "Segah" və "Bayatı" muğamlarını oxuyaraq müştəriləri cəlb edir. Onun səsi şəhər əhli və din xadimlərinin diqqətini çəkir, tez-tez Yuxarı Gövhər Ağa məscidində minacat verməyə və məhərrəmlik mərasimlərində növhə oxumağa dəvət olunur. Beləliklə səsi ona geniş şöhrət qazandırır və Məcid bəy toylara, kef məclislərinə xanəndə kimi dəvət olunur.[2]

Məcid Behbudovun gələcək həyat yoldaşı Firuzə xanımla tanışlığı belə bir məclisdə baş verir və bu hadisə illər sonra Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının süjetinə ilham verir. Operettanın baş qəhrəmanı Əsgərin prototipi kimi Məcid Behbudovun təsvir olunduğu bildirilir. Maraqlıdır ki, Məcid bəyin oğlu Rəşid Behbudov daha sonra bu operettanın film versiyasında baş rolu ifa edərək dünya miqyasında məşhurlaşmışdır.[2]

Məcid Behbudov 1904-cü ildə ailəsi ilə birlikdə Tiflisə köçür. Burada həmyerli sənətkarlarla şənliklərdə iştirak edərək qısa müddətdə musiqisevərlər arasında tanınır. 1906-1907-ci illərdə rəsmi olaraq xanəndəlik fəaliyyətinə başlayan Məcid bəy, tarzən Məşədi Zeynal Haqverdiyev və Rzabala ilə birlikdə Zaqafqaziyanın bir çox şəhər və kəndlərində məclislərdə çıxış edir. O, tez-tez Tiflisin məşhur "Dvoryanski klubu"nda çalıb-oxuyur və teatr tamaşalarının fasilələrində də çıxış edir. 1910-cu ildə "Qrammofon" cəmiyyəti tərəfindən Riqaya dəvət olunur və burada bir neçə muğam və xalq mahnısını vala yazdırır. M.Behbudov səsini vala yazdırmaq üçün dəfələrlə Avropa ölkələrinə də dəvət almış və bu səfərlərdə həyat yoldaşı Firuzə xanım onu müşayiət etmişdir.[1]

Qarabağ xanəndəlik məktəbinin digər yetirmələri kimi Məcid Behbudov da Azərbaycanda opera teatrının inkişafına mühüm töhfələr vermişdir.[3] O, 1911-ci ildə Bakıda Nikitin qardaşlarının teatrında səhnəyə çıxaraq "Fərhad və Şirin" operasında Xosrov rolunu ifa etmişdir. 1915-ci ildə isə Məşədi Cəmil Əmirovun "Seyfəl-mülk" operasının Gəncədəki tamaşasında Ələsgər Abdullayev və Murtuza Məmmədovla tərəf-müqabili olmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal alan", "O olmasın bu olsun" və digər əsərlərində müxtəlif obrazları canlandırmışdır.[1]

1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov və həyat yoldaşı Firuzə Vəkilova Tiflisin mədəni və ictimai həyatında fəal iştirak etmişlər. Firuzə xanım Tiflisin Azərbaycan məktəblərində rus və fransız dili müəllimi kimi çalışmışdır. Lakin 1933-cü ildə Firuzə xanımın vaxtsız vəfatı Məcid bəyi dərin böhrana salır və o, Tiflisi tərk edir. Bir müddət İrəvanda Şərq orkestrində çalışdıqdan sonra vətənə qayıdır və Qazax rayonunda mədəniyyət evində fəaliyyət göstərir. Burada o, gənc istedadların təlim-tərbiyəsi ilə məşğul olur və Qarabağ xanəndəlik məktəbinin sirlərini öyrədir.[4]

Məcid Behbudov 1945-ci ilin sentyabr ayının 9-da Qazaxda vəfat etmişdir.[5] Doğulub böyüdüyü Şuşa uzaqda olduğu üçün elə Qazaxda dəfn edilmişdir. Yaradıcılığı boyu Azərbaycanın şəhərlərində və Qafqaz ölkələrində çıxışlar etmiş, İranda qastrol səfərlərində olmuş və xalq musiqisini təbliğ etmişdir. Onun sənət yolu övladları, SSRİ Xalq artisti Rəşid Behbudov, Ənvər Behbudov və Əməkdar artist Nəcibə Behbudova tərəfindən davam etdirilmişdir. Məcid Behbudovun səsi yazılmış val kolleksiyaları dünyanın bir çox muzeylərində, o cümlədən Böyük Britaniyanın Kral Kitabxanasında qorunur. Onun ifa etdiyi "Şuşa təsnifi" və "Qalalıyam, qalalı" xalq mahnısı xüsusi ilə diqqətəlayiqdir.[2]

  1. 1 2 3 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (az.). 2. Bakı: "Azərnəşr". 2017. səh. 258.
  2. 1 2 3 ""Cənnətim Qarabağ": Məcid Behbudov". Azərtac.
  3. Firudin Şuşinski. Azərbaycan xalq musiqiçiləri (az.). Bakı: "Yazıçı". 1985. səh. 176.
  4. "Uzaq diyarlardan gələn gözəl səslərimiz". anl.az. 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-15.
  5. Firudin Şuşinski. Azərbaycan xalq musiqiçiləri (az.). Bakı: "Yazıçı". 1985. səh. 178.
  6. Энциклопедия Азербайджанского Мугама (rus). Баку: "Шарг-Гарб". səh. 78.