Məhəmməd Kazım Şəriətmədari — Vikipediya
Məhəmməd Kazım Şəriətmədari | |
---|---|
Doğum tarixi | 6 yanvar 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 3 aprel 1986[1] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Tanınmış yetirmələri | Məkarim Şirazi, Seyid Musa Sədr, Musa Şübeyri Zəncani, Cəfər Sübhani |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Məhəmməd Kazım Şəriətmədari (az.-əski. سید محمد کاظیم شریتمداری; fars. محمد کاظم شریعتمداری), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986[1], Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi.[2]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Erkən həyat və təhsil
[redaktə | mənbəni redaktə et]1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb.[3] 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib.[4][5]
1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.[6] O, şiələrin din xadimlərinin hökumət mövqelərindən uzaq tutulması ilə bağlı ənənəvi baxışının və Xomeyninin kəskin tənqidçiliyinin tərəfdarı idi. O, İslami Tədqiqatlar və Nəşrlər Mərkəzinə rəhbərlik edib, Qumdakı Dar ət-Təbliğ və Fatimə mədrəsəsinin idarəçisi olub.
1978-ci ilin yanvarında Qumda dini dissidentlərin nümayişlərindən sonra şahın təhlükəsizlik qüvvələri atəş açdı və 6 nəfər həlak oldu. Şəriətmədari qətlləri pisləyib və Ayətullah Xomeynini geri qaytarmağa çağırıb.[2] 4 fevral 1979-cu ildə Xomeyninin qayıdışını təbrik edərək ona məktub göndərmişdir[7]
Siyasi mövqelər
[redaktə | mənbəni redaktə et]Şəriətmədari Xomeyninin "Fuqilərin Rəhbərliyi" (Vilayət əl-Fəqih) konsepsiyasının şərhi ilə ziddiyyət təşkil edirdi, ona görə ki, hazırkı hökumətin ictimaiyyətin maraqlarına zidd hökm çıxardığı aşkar edilərsə, din xadimləri siyasi rəhbərliyi öz üzərinə götürə bilər. Xomeynidən fərqli olaraq Şəriətmədari ənənəvi On ikilik şiə fikrinə sadiq idi, ona görə ruhanilər cəmiyyətə xidmət etməli və siyasətdən uzaq durmalıdırlar. Bundan əlavə, Şəriətmədari qəti şəkildə inanırdı ki, nə qədər əxlaqi cəhətdən düzgün olsa da, heç bir idarəetmə sistemi xalqa məcbur edilə bilməz. Əvəzində insanlar hökuməti sərbəst seçə bilməlidirlər. O, insanların öz işlərini idarə etdiyi demokratik hökumətin Fəqihlərin Rəhbərliyinin düzgün təfsiri ilə mükəmməl uyğunlaşacağına inanırdı.[8] İnqilabdan əvvəl Şəriətmədari 1906-cı il İran Konstitusiyasında qüvvəyə minmiş konstitusion monarxiya sisteminə qayıtmaq istəyirdi.[9] O, həm də İranda Cənubi Azərbaycan milli hərəkatının lideri olub və İranın tərkibində Cənubi Azərbaycan muxtariyyəti və ya müstəqillik ideyasını dəstəkləyib. Qan tökülməsinin qarşısını almaq üçün dinc nümayişləri təşviq edib.[10] Belə bir sistemə görə, şahın səlahiyyətləri məhdud idi və ölkəni idarə etmək parlament sistemi vasitəsilə daha çox xalqın əlində idi. O zamankı İran şahı Məhəmməd Rza Pəhləvi və onun müttəfiqləri isə Şəriətmədari kimi din xadimlərinin pasifizmini zəiflik əlaməti kimi qəbul etdilər. Şah hökuməti inqilabi etirazları dayandırmaq ümidi ilə Məhərrəmliyi qeyd etməyi qadağan etdi. Xalqa və din xadimlərinə qarşı bir sıra şiddətli repressiyalardan və bir çoxlarının öldürülüb həbsindən sonra Şəriətmədari şah hökumətini tənqid etdi və onu qeyri-islami elan etdi və İranda demokratiyanın bərqərar olacağına ümid edərək inqilaba səssizcə dəstək verdi.[11]
26 noyabr 1979-cu ildə Şəriətmədari ABŞ-ın Tehrandakı səfirliyinə hücumu pisləmişdir. O, həmçinin Xomeyninin hökumət sistemini İslama uyğun gəlmədiyi və ya İran xalqının iradəsini təmsil etdiyi üçün tənqid edib. Xomeyninin idarəçilik sistemini qurmaq üçün referendumun keçirilməsini sərt tənqid edib.[12]
1982-ci ilin aprelində Sadiq Qotbzadə hərbi zabitlər və din xadimləri ilə Xomeyninin evini bombalamaq və dövləti devirmək planı hazırlamaqda ittiham edilərək həbs edildi. Qotbzadə Xomeyninin həyatı ilə bağlı hər hansı niyyəti rədd etdi və onun İslam Respublikasını devirmək deyil, hökuməti dəyişməyə çalışdığını iddia etdi. İşgəncələr altında Ayətullah Şəriətmədarindən bəhs etdi. O iddia edirdi ki, plandan xəbərdar olub və plan uğur qazanacağı təqdirdə pul və xeyir-dua vəd edib. Lakin işgəncə altında götürülmüş etiraf Şəriətmədarinin pasifist xarakterinə və baxışlarına uyğun gəlmirdi. Qotbzadə ilə Ayətullah arasında vasitəçilik etməkdə günahlandırılan Şəriətmədarinin kürəkəni həbs cəzasına məhkum edildi və Şəriətmədarini gözdən salmaq üçün təbliğat kampaniyası aparıldı. Şəriətmədari ailəsinin üzvləri həbs edilərək işgəncələrə məruz qaldı. İran hökumətinin aparıcı oyunçusu və İrandakı Hədis Universitetinin rəhbəri Məhəmməd Məhəmmədi Rəyşəhrinin xatirələrini özündə əks etdirən yeni kitaba görə, Ayətullahın özü Rəyşəhri tərəfindən döyülüb.[13] Bütün bunlar qocalmış Ayətullahı milli televiziyaya çıxmağa və iyirmi il əvvəl ölümdən xilas etdiyi insandan bir etiraf oxumağa və bağışlanma diləməyə məcbur etdi. Müctəhid olduğu üçün hökumət onu açıq şəkildə edam edə bilmədi. Onun İslam Araşdırmaları və Nəşrləri Mərkəzi bağlandı və 1986-cı ildə ölümünə qədər ev dustaqlığında qaldı. Qumdakı qəbiristanlıqda sadə qəbirdə dəfn olunub. İran inqilabının aparıcı oyunçularından biri olan Böyük Ayətullah Hüseyn-Əli Montazeri tərəfindən tənqidlərə məruz qalan din xadimlərinin onun cənazə namazına qatılmasına mane oldular.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Mohammad Kazem Shariat-Madari // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Nikazmerad, Nicholas M. "A Chronological Survey of the Iranian Revolution". Iranian Studies. 13 (1–4). 1980: 327–368. doi:10.1080/00210868008701575. ISSN 0021-0862. JSTOR 4310346. 26 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2023.
- ↑ Fischer, 2003. səh. 34-35
- ↑ Fischer, 2003. səh. 63
- ↑ Fischer, 2003. səh. 88
- ↑ Michael M. J. Fischer, Iran: From Religious Dispute to Revolution, Wisconsin: University of Wisconsin Press, 2003, p. 196
- ↑ Sahimi, Mohammad. "The Ten Days That Changed Iran". FRONTLINE. Los Angeles: PBS. 3 February 2010. 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2013.
- ↑ Fischer, 2003. səh. 154
- ↑ Kraft, Joseph. "Letter from Iran". The New Yorker. 18 December 1978. 17 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2009.
- ↑ Fischer, 2003. səh. 194-202
- ↑ Fischer, 2003. səh. 194-195
- ↑ Fischer, 2003. səh. 221-222
- ↑ Mohammad Mohammadi Raishahri, Khaterat (Memoire), vol.2
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Fischer, Michael M. J. Iran: From Religious Dispute to Revolution. The University of Wisconsin Press. 2003. ISBN 978-0-299-18474-2.
- Moojan Momen. bahaipedia.org. Yale University Press. 1986.
- Bakhash, Shaul. Reign of the Ayatollahs. 4 June 1990. ISBN 0-465-06887-1.
- Keddie, Nikki R.; Richard, Yann. Modern Iran: roots and results of revolution. New Haven, Conn.: Yale University Press. 2003. ISBN 9780300098563.