Metamfetamin — Vikipediya
Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patı — narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6–24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psevdoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir.[1]
Metamfetaminin müxtəlif jarqon adları var: met, patı, mavi (blue), kristal, buz, bleyd (blade), qara gözəl (black beauty), krenk (crank), ays (ice), şüşə (glass), vayt (white), çılçıraq (chandelier). Metamfetaminin qlobal istehsalı və qaçaqmalçılığı günümüzdə əsas problemə çevrilib, onun istehsalı və dövriyyəsindən narkotik kartelləri və cinayət təşkilatları külli miqdarda gəlir əldə ediblər.
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra,[2] metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi.[3] "Metamfetamin" termini bu yeni qarışığın kimyəvi quruluşundan törəmişdi: Methyl alpha-methylphenylethylamine. Kristallaşdırılmış metafemtamini 1919-cu ildə əczaçı Akira Oqata efedrinin redoks üsuluyla qırmızı fosfor və yod istifadə etməklə sintezlədi.
Təsirləri
[redaktə | mənbəni redaktə et]Metamfetaminin uzun müddətli istifadəsi kilo itkisi, dişlərin çürüməsi, dəri yaraları, paranoya və aqressiya kimi bir çox problemə səbəb ola bilər. Metamfetamin istifadəsi cinayət, zorakılıq və riskli seksual davranışların artması ilə əlaqələndirilir. Maddə qəbul edildiyi zaman təzyiq və bədən istiliyi yüksəlir, göz bəbəkləri genişlənir. İshal, ürəkbulantısı, qusma müşahidə edilir. Beynin funksiyaları pozulur, depressiyaya gətirib çıxarır. İstifadəçilərdə qalıcı anedoniya meydana gəlir. Heroindən daha çox asılılıq yaratdığı irəli sürülmüşdür. Davamlı istifadəçilərində "Met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəifləyir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə erektil disfunksiyaya səbəb olur. Qüvvətli sistemik reaksiya ilə ölüm baş verə bilər.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [1] Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine Methamphetamine
- ↑ "Arxivlənmiş surət". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-10-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-11-10.
- ↑ "Arxivlənmiş surət". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.