Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu — Vikipediya
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu |
---|
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu[1]) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi[2]. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir[3].
Tarixi
[redaktə | mənbəni redaktə et]Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur.
İndiki adını 17 aprel 2015-ci ildən daşıyır[4]. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı[4].
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir[2].
Kollektivi
[redaktə | mənbəni redaktə et]İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var[2].
İnfrastruktur
[redaktə | mənbəni redaktə et]2015-ci ildə ölkə başçısının imzaladığı "Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncama əsasən, İnstitutda ümumi sahəsi 3504 m² olan inzibati-laboratoriya binası əsaslı təmir edilmişdir. Orada kommunal sistemləri yenilənmiş, yardımçı təsərrüfat binaları tikilmişdir. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılmışdır. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə də xüsusi istixana-tingçilik kompleksi tikilmişdir[2]. Yaradılmış yeni sahələrdə 35 iş yeri açılmışdır.
Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dayaq məntəqələri yerləşir. Bundan başqa Zaqatala rayonunda dayaq məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir[2].
İnstitutun təcrübə bazalarının istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır ki, onun da 557 hektarı əkinə yararlı ərazidir[2].
Təhsil
[redaktə | mənbəni redaktə et]İnstitutda fəlsəfə doktoru üzrə doktorantura təhsili həyata keçirilir[5].
Beynəlxalq əlaqələri
[redaktə | mənbəni redaktə et]İnstitut bu xarici qurumlarla geniş əməkdaşlıq həyata keçirir[2]:
- Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu;
- Meyvəçilik Elmi-Tədqiqat İnstitutu;
- Kənd Təsərrüfatı Akademiyası;
- "Meosis" Elmi-Tədqiqat Şirkəti;
- "Viveros-veron" Tingçilik və Tədqiqat Şirkəti;
- Anxoy Aqrar Universiteti;
- meyvəçiliklə məşğul olan "Luare" Kənd Təsərrüfatı Palatası.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. aem.az (az.)
- ↑ 1 2 3 4 5 6 7 İlham Əliyev Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olub Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. president.az, 11.10.2018 (az.)
- ↑ “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 112 nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ 1 2 "Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında" Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 109 nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli Qərarı. e-qanun.az (az.)