Mirkazım bəy Talışxanov — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirkazım bəy Talışxanov | |
---|---|
Mirkazım bəy Mirəlixan oğlu Talışinski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 (29) iyul 1855 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Məsumə xanım Yadigarova |
Uşaqları | oğlanları: Mirəlixan ; qızları: Sara xanım Talışinskaya (Xürrəmoviç), Liyabəyim Vəkilova, Züleyxa |
Atası | Mirəlixan Talışxanov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Orduda əla və qüsursuz xidmət edən Mirkazım bəy hərbi pillələri çox sürətlə keçmişdir. 1882-ci ildə tərtib olunmuş bir sənəddə göstərilir ki, əla atıcı olduğuna görə avqustun 26-da ona birinci dərəcəli mükafat verilmiş və yetmiş dörd manat pulla mükafatlandırılmışdır. İki il sonra Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanova ştabs-kapitan rütbəsi verilir. 1891-ci ilə qədər yunkerlər məktəbində müəllim işləyən Talışxanov həmin il vaxtilə xidmət etdiyi qrenadyor Minqrel alayının on üçüncü rotasının komandiri təyin olunur. Podpolkovnik Mirkazım bəyin rotası səhra məşqlərində həmişə fərqləndiyinə görə onun xidmət yerini tez-tez dəyişmişlər. Yaxşı komandir kimi onu "axsayan" rotaya komandir təyin etmişlər.
1899-cu ildə podpolkovnik Mirkazım bəy Talışxanov 119-cu Kolomensk piyada alayına, bir il sonra isə səksən ikinci Dağıstan alayına, 1904-cü ildə iki yüz altıncı Larqo-Kaqul ehtiyat piyada alayına, bir neçə aydan sonra isə əlli beşinci piyada batalyonuna komandan təyin olunur.
Polkovnik Mirkazım bəy 1903-cü ildə Qafqaz hərbi dairəsinin iki yüz yetmiş nömrəli əmrilə Qafqaz hərbi Dairə məhkəməsinin üzvü seçilir. Orduda uzun illər qüsursuz xidmətinə görə 1914-cü ildə Mirkazım bəy Talışxanov general-mayor rütbəsinə layiq görülür.
Generalın nəvəsi Rəna xanım Axundzadədə babasının 1905-ci il martın birində tərtib olunmuş "xidmət kitabçası" saxlanılır. Onun ailə vəziyyəti bölməsində oxuyuruq: "Tiflisli saray müşaviri Ağabəy Yadigarovun qızı Məsumə xanımla 1888-ci ildə ailə qurmuşdur. Dörd uşaq atasıdır; oğlu Mirəlixan 1895-ci il sentyabrın 9-da, Sarabəyim 1890-cı il fevralın yeddisində, Liyabəyim 1891-ci il fevralın səkkizində Züleyxa 1892-ci il avqustun üçündə anadan olmuşdur".
Sənədlərlə tanış olarkən qovluqdan saralıb-solmuş bir vərəq də çıxdı. Onu Mirkazım bəyin qızı Züleyxa xanım yazıb: "Atam Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olub.
Minskdə, Magilyovda, Qroznı və başqa yerlərdə. Birinci dünya müharibəsi başlananda Nikolsk-Ussuriysk şəhərində yerləşən üçüncü Sibir atıcı polkunun komandiri idi. Yaşının çox olmasına baxmayaraq yenə də çox sevdiyi hərbi işdən ayrılmaq istəmirdi.
Yadımdadır, o vaxtlar inqilabi iş üstündə "Potyomkin" zirehli gəmisinin heyəti Sibirə sürgün olunmuşdu. Onlar bizim qonşuluqdakı qəsəbədə yerləşdirilmişdilər. Komandirlər xırda bir səhvə görə ağır və dözülməz cəza verəndə atam onlara havadar dururdu. Hətta, bir neçəsini ölüm cəzasından belə xilas etmişdi. Ucaboy, enlikürək matroslar atamla çox hörmət-izzətlə görüşərdilər. Onlar küçədə atama rast gələndə qurşağa qədər əyilər, "Əlahəzrət, səxavətiniz həmişə var olsun. Kölgəniz bizim əzabkeşlərin üstündən əskik olmasın" — deyib yolun qırağına çəkilər, lal-dinməz dayanardılar. Atam isə gülümsünüb onlara yanaşar, əl tutar və bu qədər təzim nəyə gərəkdir, — deyib kədərlə köks ötürərdi.
24 iyul 1913-cü ildə istehsal edilib general-majors və rədd xidmətdən pensiyası ilə[1]. Birinci dünya müharibəsində iştirak etməyib.
1914-cü ildə birinci dünya müharibəsi başlananda atam bizi Tiflisə göndərib, özü isə üçüncü Sibir atıcı polku ilə müharibəyə getdi.
Atam qırx beş ilə yaxın ordu xidmətində çoxlu orden və medallarla təltif olunmuşdu. Onlardan yadımda qalanları üçüncü dərəcəli müqəddəs Anna, ikinci və ücüncü dərəcəli Müqəddəs Stanislav ordenləri, III Aleksandrın hakimiyyəti dövrünə aid xatirə və 1877–78-ci illər müharibəsində aldığı tünd bürünc medallardır. Atam 1916-cı ildə general-mayor rütbəsində istefaya çıxdı. Topoqrafiya general-mayoru İbrahim ağa Vəkilovla yaxın dost olan atam Tiflisdəki Qafqaz müsəlman xeyriyyə cəmiyyətində onunla birgə fəaliyyət göstərirdi. Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə Mirzəkazımbəy Talışxanov idi. Az sonra bu səmimi dostluq qohumluğa çevrildi. İbrahim ağa Vəkilovun böyük oğlu Faris, Mirkazım bəy Talışxanovun qızı Liyabəyimlə ailə həyatı qurdu.
Cümhuriyyət hökuməti dövründə — 1920-ci ildə Lənkəran dairə müfəttişi vəzifəsində şərəflə çalışmışdır.
General-mayor Mirzəkazım bəy Talışxanov 1938-ci ildə səksən dörd yaşında Bakıda vəfat etmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Xanımı Məsumə xanım Yadigarova. Məsumə xanım Yadigarova Zaqafqaziya Qadın Xeyriyyə Cəmiyyətinin üzvü olub. 1923-cü Repressiya qurbanı olmuşdur. Ağa bəy Yadigarovun qızıdır.
- Sara xanım Talışınskaya (Xürrəmoviç) general Mirkazım xanın qızı idi. 7 fevral 1890-cı ildə anadan olmuşdur. H. Z. Tağıyevin açdığı qız rus-türk məktəbində oxumuşdur O, inqilabdan əvvəl Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdi. Bakıda 1917-də keçirilmiş Zaqafqaziya müsəlmanları qurultayının nümayəndəsi və çıxışçısı olmuşdur. 19 fevral 1976-cı ildə Bakıda vəfat etmişdir.
- Qızı Liyabəyim Vəkilova. Faris bəy Vəkilovun həyat yoldaşı olmuşdur. 1891-ci ilin fevral ayının 8-də anadan olmuşdur. Liyabəyim ikinci Tiflis qadın gimnaziyasını qızıl medalla bitirib, Tiflis müsəlman məktəbində müəllim işləyib. 1920-ci ildən sonra həyat yoldaşı Fariz bəylə Fransada mühacirətdə olub. Vətənə qayıtdıqdan sonra C. Məmmədquluzadə, Əbülhəsən, Mehdi Hüseyn, Mir Cəlal, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Süleyman Rəhimov və b. yazıçıların əsərlərini rus dilinə tərcümə edib. 1943-cü ildən SSRI Yazıçılar İttifaqının üzvü idi. Ədəbi ictimaiyyətdə və pedaqoji sahədə görkəmli mütəxəssis kimi tanınan Liyabəyim Vəkilova 19 fevral 1965-ci ildə Bakıda vəfat edib
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Июля 24 дня, в Петергофе // Высочайшие приказы по военному ведомству к № 1188 "Разведчика"". 2017-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı: Gənclik, 1991
- Şəmistan Nəzirli, general Yadigarov qardaşları, Bakı, Şirvannəşr, 2004