Nəmrud (vulkan) — Vikipediya
Nəmrud | |
---|---|
Nemrut Dağı | |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Ermənistan yaylası |
Mütləq hündürlüyü | 3.050 m |
Nisbi hündürlüyü | 1.250 m |
Yerləşməsi | |
38°37′10″ şm. e. 42°14′28″ ş. u.HGYO | |
Ölkə | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır.
Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır.
Baxış
[redaktə | mənbəni redaktə et]Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır.[1] Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir. Nəmrud Türkiyənin şərqindəki digər üç sönmüş vulkanla: Ağrı, Təndürək və Süphanla birlikdəErmənistanın dağlıq ərazisindəki Ərəbistan və Avrasiya tavalarının sərhədləri boyunca uzanan mürəkkəb fay bölgəsində yerləşir. Bu, vulkanların ən qərbində aktiv qalan və ümumiyyətlə Anadoluda tarixi dövrdə püskürmüş yeganə vulkandır.[2] Nəmrud vulkanı Van gölünün şimal-qərb sahilində, Tatvan şəhərinin 10 km şimalında yerləşir.
Nəmrud ehtimal ki, təxminən 1 milyon il əvvəl, Dördüncü dövrdə meydana gəlmişdir.[2] Pleystosenin ortalarında, təxminən 250 000 il əvvəl vulkanda baş verən böyük püskürmə zamanı 60 km-dən çox uzunluğunda lava axını meydana gəlmiş və Van hövzəsindəki suyun qarşısını kəsərək dünyanın ən böyük duzlu endorik gölü olan Van gölünü əmələ gətirmişdir. Eyni dövrdə vulkanın konik üst hissəsi içəriyə çökərək 8,3 × 7 km ölçülərində kaldera əmələ gətirdi.[2] Daha sonralar kalderanın içərisində şirin sulu Nəmud gölü yaranmış və dünyanın ikinci ən böyük kaldera gölü olmuşdur.[3] Sonrakı püskürmələr kiçik Ilı gölünü Nəmrud gölündən ayırmışdır.
Nəmrud vulkanı eliptik bir forma malikdir. Vulkanın bazasında ölçüləri 27×18 km-dir və mərkəzi 377,5 km3 vulkanik material ehtiva edir. Nəmrud kalderası ölçüsünə görə Türkiyədə birinci, Avropada dördüncü, dünyada isə on altıncı yerdədir.[3]
Vulkanik aktivlik
[redaktə | mənbəni redaktə et]Vulkanın püskürmə məhsulları əsasən qələvidir və piroklastik tullantılar və şlaklar da daxil olmaqla bazaltdan riolit və fonolitə qədər geniş çeşidli lavaları əhatə edir. Fərqli dövrlərin püskürmələri gah boşaldıcı, gah da partlayıcı olmuşdur.[2] Nəmrud, vulkanı şimaldan cənuba kəsən və əsas krateri və bir sıra kiçik kraterləri, o cümlədən, maar, isti su mənbələri və fumarolları özündə cəmləşdirən sınma xətti üzərində yerləşir.[4]
Vulkanın qışda havadan görüntüsü | Kalderanın cənub-şərq yamacından görüntüsü. | Qırmızı xətt Nəmrud sınma zonasını, oxlar isə lava axınlarının istiqamətlərini göstərir. |
Nəmrudun vulkanik fəaliyyəti üç mərhələdə baş vermişdir: konusun meydana gəlməsi (kalderadan əvvəlki mərhələ), kalderadan sonrakı mərhələ və son mərhələ. Buna baxmayaraq, bu qruplaşdırma mübahisəlidir və stratiqrafik məlumatların fərqli şərhlərinə əsaslanır.[5]
Vulkan konusunun formalaşması
[redaktə | mənbəni redaktə et]Nəmrudun meydana gəlməsi və püskürmələrin ilk mərhələsi təxminən 1 milyon il əvvəl[4] kiçik çatlaq püskürmələri ilə başladı. Bu püskürmələr əsasən vulkanik süxur olan trakitdən ibarət olan möhkəm (50 m-dən daha qalın) piroklastik təbəqə ilə nəticələndi. Püskürmə məhsulları 500 km² ərazini əhatə edərək Miosen dövründə yaranmış çöküntüləri gizlədən yayla meydana gətirdi.[2]
Növbəti böyük püskürmə (62.6km3 həcmində)[5] vulkanın daxilində böyük boşluqlar yaratdı. Bu da zirvənin çökməsinə və kalderanın əmələ gəlməsinə səbəb oldu. Başlanğıcda kalderanın bu püskürmədən dərhal sonra, təxminən 310 min il əvvəl meydana gəldiyi ehtimal edilsə də, daha yeni tədqiqatlar, çökmənin təxminən 270 min il əvvəl baş verən növbəti püskürmə nəticəsində baş verdiyini göstərir.[4] Bu püskürmənin məhsulları daha çox iqnimbritlərdən ibarət idi.[5] Beləliklə konusun çökməsi tədricən, ehtimal ki, üç mərhələdə baş vermişdir.[4]
Kalderadan sonrakı mərhələ
[redaktə | mənbəni redaktə et]Kalderanın əmələ gəlməsindən sonra püskürmələr onun kənarına qədər lokallaşdı və şimal yamacında ondan çox kiçik krater meydana gətirdi. Püskürmə məhsulunda viskoz trakit və riyolit lavaları üstünlük təşkil edirdi. Kalderanın dibindəki piroklastik axın çöküntüləri yığılaraq iqnimbrit və obsidian, bəzən isə şlak pemzası əmələ gətirmişdir. Kalderanın dibində, qırılma zonasında konus formalı Göltəpə krateri (dəniz səviyyəsindən 2 485 m yüksək) əmələ gəlmişdir.[2]
Son mərhələ
[redaktə | mənbəni redaktə et]Bu mərhələdə daha çox mərkəzi sınma xətti boyunca, kalderanın dibindəki çatlarda 20-yə yaxın kiçik krater və maar əmələ gəlmişdir. Həmçinin, əsas konusdan kənarda, əsasən şimal tərəfində 10–100 m diametrli bir nəçə kraterlər daha meydana gəlmişdir. Bunlara Giriqantəpə (2 433 m), Arizintəpə (2 445 m), Kayalitəpə (2 311 m), Məzarlıktəpə (2 409 m), Atlitəpə (2 281 m), Amis (2 166 m), Kevriağa (2 087 m), Avuştəpə və Nəmrudun ən yüksək nöqtəsi olan Sivritəpə daxildir. Bu kraterlərin bazalt lavası Nəmrud daxilindəki ən gənc vulkanik süxurlardır.[2] Vulkanda sonuncu püskürmə 13 aprel 1692-ci ildə baş vermişdir. O vaxtdan bəri, kalderanın dibində yalnız buxar partlamaları müşahidə olunur və bu da fumarol aktivliyini göstərir.[6]
Tarixi rolu
[redaktə | mənbəni redaktə et]Vulkanın Kral Nimrodla əfsanəvi əlaqələrindən əlavə, alimlər 1990-cı illərdə Nəmrudun ilk sivilizasiyaların həyatında mühüm rol oynadığını kəşf etmişdirlər. Anadolu və İranda obsidian mənbələrinin çox olmasına baxmayaraq, Mesopotamiyadakı bütün yaşayış yerləri və Ölü dəniz ətrafındakı Mezolit dövrü məskənləri üçün Daş dövrünün ən əhəmiyyətli materialı olan obsidianın əsas mənbəyi Nəmrud idi. Obsidian məhsullarının təhlili göstərir ki, bu ərazilərin əhalisi obsidian üçün yalnız iki mənbədən istifadə edirdilər: Nəmrud vulkanı və onun yaxınlığındakı hərəkətsiz Bingöl vulkanı. Ən erkən ticarət yollarından birinin bir hissəsi olan Van gölündə qədim obsidian emal və ticarət mərkəzi aşkar edilmişdir..[7][8]
Nəmrud kalderasının üstündəki obsidian yataqları | Obsidiandan hazırlanmış ox başlığı | Qədim heykəldə obsidiandan göz |
İndiki vəziyyət
[redaktə | mənbəni redaktə et]Vulkanik aktivlik
[redaktə | mənbəni redaktə et]1980-ci illərdə Yapon vulkanoloqları Nəmrudun kalderası içərisindəki qazların təkamülünü araşdırmışdırlar. Onlar buradakı 3He/4He izotoplarının miqdarını 1,06 ×10-5 olaraq qeyd almışdırlar ki, bu da vulkanik aktivliyi göstərir (ölçülən heliumun böyük hissəsi mantiyada formalaşmışdır).[9] Daha sonrakı tədqiqatlar da bu tapıntını təsdiqləmişdir. Ümumilikdə bölgədə seysmik aktivlik yüksəkdir — son illərdə birbaşa Nəmrud fayı ilə əlaqəli bir neçə zəlzələ baş vermişdir.[10]
Ərəbistan və Avrasiya tavalarının sərhədindəki gərginliyin dəyişməsi səbəbi ilə bölgədəki vulkanizmin təbiətinin dəyişə biləcəyinə dair sübutlar var. Belə ki, Ərəbistan tavasının yaratdığı təzyiqin istiqaməti ildə 7,8–9 mm arasında fərq ilə tədricən cənub-şimaldan qərb-şərqə doğru çevrilir.[11]
Kalderanın altındakı Nəmrud fumarolası | Nəmrid gölünü bəsləyən isti bulaqlardan biri |
Struktur
[redaktə | mənbəni redaktə et]Nəmrud vulkanı eliptik formaya malikdir və 486 km2ərazini əhatə edir. Vulkanın mərkəzində əsasən 0,23–1,18 milyon illik lava olmaqla 377,5 km3 vulkanik material var. Kalderanın divarlarının dibindən ölçülən orta hündürlüyü 600 metr (2,000 ft)-dir. Kalderanın ən aşağı nöqtəsi Nəmrud gölünün ən dərin nöqtəsi ilə üst-üstə düşür (dəniz səviyyəsindən 2,071 metr (6,795 ft)). Nəmrud Kalderanın dibində üç göl var: ölçücə böyük olan Nəmrud gölü və iki kiçik göl: İlı və sözdə "Mövsümi göl".[2][6]
İlı gölü, şərqdən görüntü | Nəmrud gölüünü şimal-şərqdən görüntüsü | "Mövsümi göl" |
Nəmrud gölü
[redaktə | mənbəni redaktə et]Nəmrud gölü (türk. Nemrut gölü) kalderanın cənub-qərb hissəsində yerləşən şirin sulu göldür. Göl vulkanik proseslərin təsiri altında Van gölündə də olduğu kimi tədricən duzlu gölə çevrilir.[12] Göl isti bulaqlar ilə qidalanır və buna görə də dibindəki su səthdən daha isti olur və qışda donmur. Gölün Ümumi sahəsi 4,9 × 2,1 km,[13] orta dərinliyi 140 m, maksimum dərinliyi isə176 metrdir.[4] Nəmrud gölü dəniz səviyyəsindən 2 247 m (7 372 fut) yüksəklikdə yerləşir.
İlı gölü
[redaktə | mənbəni redaktə et]İlı gölü (türk. Ilı gölü — "isti göl") qədim lav axını ilə Nəmrud gölündən ayrılmışdır. İlı sınma zınasına Nəmrud gölündən daha yaxındır və bu səbəbdən daha çox isti bulaq axını və daha yüksək temperatur sahibdir. Suyun temperaturu ortalama 6–8 °C olduğu halda, yaz aylarında bəzən 60 °C-ə çatır. Bu temperatur mövcud hündürlükdəki bir göl üçün gözləniləndən daha istidir. Buna baxmayaraq, göl kiçik ölçüsü və dərinliyi səbəbi ilə qışda qismən dondurur.
Gələcəkdə püskürmə riski
[redaktə | mənbəni redaktə et]Son tədqiqatlar vulkanda mümkün püskürmə təhlükəsi olduğunu qeyd edir. Nəmrud Tatvan (10 km məsafədə; əhali: 66 000), Bitlis (əhali: 52 000), Əxlat (əhali: 22 000) və bir sıra daha kiçik yaşayış məntəqələrinin yaxınlığında yerləşir. Ümumilikdə, potensial püskürmə zonasında təxminən 135 000 insan yaşayır. Kalderada 1 km³-dən çox suyun olması, daşqın riskini artırır və bu da 15 000 nəfər əhalisi ola Güroymak qəsəbəsini dağıda bilər.[6][4]
Kalderanın iqlimi, florası və faunası
[redaktə | mənbəni redaktə et]Kalderanın iqlimi Ermənistan yaylası üçün unikaldır. Kaldera bölgədə enliyarpaqlı ağacların yüksək hündürlüklərə qədər böyüdüyü yeganə yerdir. Buna səbəb yüksək temperatur və rütubət şəraiti və kalderanın divarlarının ağacları küləklərdən qorumasıdır. Kaldera həmçinin, bölgəyə xas olan bir neçə bitki növünə ev sahibliyi edir. Nəmrud gölü sahilində donqarburun qılquyruq (Melanitta deglandi) və iki növ qağayı yaşayır və çoxalır. Kalderanın dibi qədim zamanlardan bəri yaxınlıqdakı kəndlər tərəfindən otlaq kimi istifadə olunur.
Bölgə üçün qeyri-adi olan yarpaqlı bitki örtüyü | Nəmrud gölündə qağayı | Mövsümi olaraq yaranmış isti bulağın sahilindəki qoyun sürüsü |
Turizm
[redaktə | mənbəni redaktə et]Nəmrud bölgənin ən möhtəşəm vulkanlarından biri hesab olunur.[2] Kalderaya yayda cənubdan və ya şərqdən 4x4 nəqliyyat vasitəsi ilə getmək mümkündür.[14] Nəmrud ildə beş ay qarla örtülür. Bu səbəbdən Nəmrud yamaclarında Türk səlahiyyətliləri tərəfindən dağ xizəyi kurortu və 2 517 m uzunluğunda xizək marşrutunun inşa işləri aparılır.[3]
Solda: Nəmrudun cənub yamacında xizək kurortunun bir hissəsi olacaq tamamlanmamış kanat; sağda:cənub-şərq yamacında kalderaya gedən yol. |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dewey J.F; Hempton M.R.; Kidd W.S.F.; Saroglu F.; Sengor A.M.C. "Shortening of continental lithosphere: the neotectonics of Eastern Anatolia — a young collision zone". Collision Tectonics. 19. 1986: 1–36. doi:10.1144/GSL.SP.1986.019.01.01.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Y. Yilmaz; Y. Güner; F. Şaroğlu. "Geology of the quaternary volcanic centers of the east Anatolia". Journal of Volcanology and Geothermal Research. 85 (1–4). 1998: 173. doi:10.1016/S0377-0273(98)00055-9.
- ↑ 1 2 3 Crater lakes in Turkey Arxiv surəti 14 oktyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 14, 2012, at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 Ulusoy İ.; Labazuy Ph.; Aydar E.; Ersoy O.; Çubukçu E. "Structure of the Nemrut caldera (Eastern Anatolia, Turkey) and associated hydrothermal fluid circulation". Journal of Volcanology and Geothermal Research. 174 (4). 2008: 269. doi:10.1016/j.jvolgeores.2008.02.012.
- ↑ 1 2 3 Ö. Karaoğlu; Y. Özdemir; A. Ü. Tolluoğlu; M. Karabiykoğlu; O. Köse; J. Froger. "Stratigraphy of the Volcanic Products Around Nemrut Caldera: Implications for Reconstruction of the Caldera Formation". Turkish Journal of Earth Sciences. 14. 2005. 2012-12-22 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 3 E. Aydar; A. Gourgaud; I. Ulusoy; F. Digonnet; P. Labazuy; E. Sen; H. Bayhan; T. Kurttas; A.U. Tolluoglu. "Morphological analysis of active Mount Nemrut stratovolcano, eastern Turkey: evidences and possible impact areas of future eruption". Journal of Volcanology and Geothermal Research. 123 (3–4). 2003: 301. doi:10.1016/S0377-0273(03)00002-7.
- ↑ C. Chataigner; J.L. Poidevin; N.O. Arnaud. "Turkish occurrences of obsidian and use by prehistoric peoples in the Near East from 14000 to 6000BP". Journal of Volcanology and Geothermal Research. 85 (1–4). 1998: 517. doi:10.1016/S0377-0273(98)00069-9.
- ↑ G. Wright; A. Gordus. "Distribution and Utilization of Obsidian from Lake Van Sources between 7500 and 3500 B. C". American Journal of Archaeology. 73 (1). 1969: 75. doi:10.2307/503380. JSTOR 503380.
- ↑ Nagao K.; Matsuda J.I.; Kita I.; Ercan T. "Noble gas and carbon isotopic composition in Quaternary volcanic area in Turkey". Jeomorfoloji Dergisi. 17. 1989.
- ↑ Pinar A.; Honkura Y.; Kuge K.; Matsushima M.; Sezgin N.; Yılmazer M.; Öğütçü Z. "Source mechanism of the 2000 November 15 Lake Van earthquake ( Mw= 5,6) in eastern Turkey and its seismotectonic implications". Geophysical Journal International. 170 (2). 2007: 749. doi:10.1111/j.1365-246X.2007.03445.x.
- ↑ Yürür, M. Tekin; Chorowicz, J. "Recent volcanism, tectonics and plate kinematics near the junction of the African, Arabian and Anatolian plates in the eastern Mediterranean" (PDF). Journal of Volcanology and Geothermal Research. 85 (1–4). 1998: 1. doi:10.1016/S0377-0273(98)00046-8. hdl:11655/18940. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-28.
- ↑ Kempe S.; Kazmierczak J. Modern Soda Lakes. Model Environments for an Early Alkaline Ocean. Modelling in Natural Sciences: Design, Validation and Case Studies. Springer. 2003. ISBN 978-3540001539.
- ↑ Özpeker I. "Nemrut Yanardağinin petrojenezi". Ofset Baski Atölyesi. ITÜ Maden Fak. 3/14. 1973.
- ↑ Турция, Эком-пресс, Moscow, 1997 ISBN 5-7759-0025-1