Nemət Veysəlli — Vikipediya

Nemət Veysəlli
Nemət Bayramalı oğlu Veysəlli
Doğum tarixi 21 mart 1941(1941-03-21)
Doğum yeri
Vəfat tarixi 25 mart 2023(2023-03-25) (82 yaşında)
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
Əsərlərinin dili Azərbaycan dili, rus dili
Üzvlüyü

Nemət Bayramalı oğlu Veysəlli (21 mart 1941, Yuxarı Veysəlli, Qaryagin rayonu25 mart 2023) — Azərbaycan Yazıçılar Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) üzvü.

Nemət Veysəlli 1941-ci il martın 21-də Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Yeddillik kənd məktəbini bitirdikdən sonra sabiq Martuni (indiki Xocavənd) rayonunun beynəlmiləl (1957–1959) orta məktəbində təhsil almışdır. Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961–1964-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964–1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır.[1]

Azərbaycan Dövlət Universitetinin jurnalistika (1965–1971) fakültəsini bitirmişdir.

Nemət Veysəlli çox mənalı və zəngin həyat yolu keçmişdir. Onun dünyaya gəldiyi dövr çox ağır və məşəqqətli illərlə bağlı idi. Müharibə dövrü və onun sonraya miras qoyduğu üzüntülər bütün ailələrin probleminə çevrilmişdi.

N. Veysəllinin ədəbi fəaliyyət göstərdiyi illərdə Azərbaycan mətbuatındapublisistikasında yeni bir dönüş yaranmışdır. 1960–1970-ci illərin abu havası artıq ədəbiyyatı və həyatı sevən oxucularda yeni bir həvəs və zövq formalaşdırmışdır. Əvvəlki illərdən fərqli olaraq, süni qəzet yazılarından bezən oxucular yeni mövzu və təsvir üslubu gözləyirdilər. Yəni insanların maraq dairəsi dəyişmişdir. Şablon yazılara inam artıq yox idi. Həm ədəbiyyatda, həm də mətbuatda yeni təhkiyə üslubuna, yeni mövzuya və gerçək həyat hadisələrinə real, obyektiv baxışı özündə əks etdirən yazılara ciddi ehtiyac hiss olunurdu. Həmin dövrdə gedən siyasi proseslər, yeniləşmə istəyi o vaxtkı sovet mətbuatında, həm də Azərbaycanda aydın sezilirdi. Yeni düşüncənin və ictimai mühitin ab-havası gənc yazıçı nəslinə, o cümlədən N. Veysəlliyə də təsir göstərmişdi. Bu dövrdə ədəbi həyata qədəm qoyan jurnalistlər bu sahədə xeyli iş görmüşdülər.

Publisistikaya maraq daha da genişlənirdi. Bu baxımdan N. Veysəlli və onun qələm dostları Səyavuş Sərxanlı, Nüsrət Kəsəmənli, Möhbəddin Səməd, Tofiq Abdin, Azər Abdulla, Firuz Mustafayev və b. xeyli işlər gördümüşdülər. Həmin dövrdə tanınmış yazıçılar Əlfi Qasımov, Qulu Xəlilov, Anar, Elçin sənədli nəsrə və publisistikaya böyük maraq göstərirdilər. Məhz o dövrdə qəzet və jurnal səhifələrində bu sahəyə böyük maraq oyanmışdı.[2]

İlk bədii publisistik yazıları "Araz", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Qobustan" incəsənət toplusunda dərc edilmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, radionun "Xəbərlər" informasiya redaksiyasında redaktor (qeyd etmək lazımdır ki, N. Veysəlli televiziya və radioda çalışdığı dövrdə sənət adamlarının həyat və yaradıcılıqları ilə bağlı bir-birindən maraqlı verilişlər hazırlayırdı), sonra isə "Azərbaycan qadını" jurnalında işləmişdir. 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində çalışmış ("Azərbaycan qadını" , "Azərbaycan" və "Ulduz" jurnallarının publisistika şöbəsində işlədiyi dövrdə N. Veysəlli həm öz yazılarında, həm də o vaxt mətbuata can atan, bətbuatda əsərləri ilə çıxış edən yeni nəslin formalaşmasında xüsusi xidmət göstərmişdir), "Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" gəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışmışdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Redaksiya, nəşriyyat" şöbəsində işləyib. Azərbaycan Yazıçılar (1985) və Jurnalistlər Birliyinin (1978) üzvüdür.

"Sehrkar səslər, əfsanəvi rənglər", ("Yazıçı", Bakı, 1984), "Sular qovuşan yerdə" ("Gənclik", Bakı, 1985), "Hər şeydən uca" ("Gənclik", Bakı), "Düzlərin ağ işığı" (Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1988), "Evimiz yuxuma girir" ("Yazıçı", Bakı, 1991), "Salamat görməyimə şadam" ("Mütərcim", Bakı, 1998), "Haran ağrıyır, Vətən?" (Hərbi nəşriyyat, Bakı, 1999), "Sənsiz keçən illər" ("Gənclik", Bakı, 2000), "Bəylər bəy" ("Adiloğlu", Bakı, 2004), "Həyat sevən insan" ("Azərbaycan" nəşriyyatı, Bakı, 2004), "Şəhərlər, evlər, naxışlar" ("Günəş", Bakı, 2005), "Yaş həddinə görə" ("Günəş", Bakı, 2006), "Piyadaların döyüşü" ("Yaddaş Media", Bakı, 2010),"Tikintisi yarımçıq qalmış evlər" ("E. L."Nəşriyyat və Poliqrafiya Şirkətinin mətbəəsi, Bakı, 2014), "Mənim müharibəm" ("Qanun" nəşriyyatı, Bakı, 2017),"Mənim müharibəm" (Naşir: Xudafərin, Tehran, 2018), "Geriyə yol varmı", ("Qanun" nəşriyyatı, Bakı, 2018), "Моя война" (Ганун, Баку, 2020) adlı bədii-publisistik kitablarının müəllifidir.

Publisistin "Sehrkar səslər, əfsanəvi rənglər" adlı kitabında sənət adamlarının həyat və yaradıcılıqları ilə bağlı bir-birindən maraqlı yazılar cəmlənmişdir. O portret və oçerklərində sənət adamlarının gördüyü işləri geniş təhlil etməklə yanaşı, həm də sənətkarları kamil oxucu imtahanından keçirir və onları daha ciddi işləməyə ruhlandırırdı. Həmin dövrdə qəzet və radioda gedən yazılar, tanınmış şəxsiyyətlər və yazıların obyekti oxucunun diqqətini çəkir və onları yeni həyata cəlb edirdi. Onun "qəhrəmanları", yeni dövrün yeni düşüncəli adamları ictimai marağa çevrilirdilər.

N. Veysəllinin bütün oçerkləri və digər janrlarda yazdığı publisist yazılarda diqqət cəlb edən əsas məsələ seçdiyi mövzunun aktuallığı və qoyulan problemə yanaşma tərzi maraq doğururdu. Onun seçdiyi mövzular və "həmsöhbət olduğu qəhrəmanları" Azərbaycanın sənədli nəsrində, publisistikasında seçilirdi. N. Veysəlli və onun təmsil etdiyi nəsl o dövrdə siyasi ppublisistikanın, kommunist mətbuatının yaratdığı süni təsvirə son qoyurdu. Beləcə yeni müəlliflərin və yeni əsərlərin meydana gəlməsinə şərait yarandı. Nemət Veysəlli portret və oçerklərində sənət adamlarının həyatını, onların yaradıcılıqlarını, gördüyü işləri geniş təhlil etməklə yanaşı, həm də insanın mənəvi simasını səciyyələndirən meyarlarla yanaşır, müasirliyin əsas mahiyyətini üzə çıxarmağa və canlandırmağa fikir verir. Yazıçının "Haran ağrıyır, Vətən?" , "Yaş həddinə görə", "Piyadaların döyüşü" publisistik kitablarında yazıçı son illər vətən ağrısı, xain düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın həsrət yanğısından doğan bir sualla "Vətən"in özünə müraciət edir — Haran ağrıyır, Vətən? müraciət edir. Ünvanlanmış suala müəllif bu kitablarında cavab tapır. Nemət Veysəlli həmişəki kimi sənət adamlarına xüsusi bir prizmadan yanaşmağı bacarır. Həyatda çox şey dəyişsə də, yazıçı-publisistin özü üçün qəbul etdiyi meyarlar dəyişmir. Onun əsas mövzusu və qəhrəmanı da dəyişməz qalır. Bu – Vətəndir. O, vətəninə xidmət edən əsgər-yazıçıdır.

Sovet mətbuatını qoruyan ölkə də, onun siyasi meyarları da süquta uğradı. Yazıçı-publisistin yazıları və iş yeri dəyişdi. Həmin dövrdə Azərbaycan xalqına qarşı müharibə başlanmışdı. Ərazisi zəbt olunan, əhalisinin böyük qismi qaçqın və köçkün olan Azərbaycanın ordusu yeni formalaşırdı. Bu dövrdə meydana gələn "Azərbaycan ordusu" qəzeti döyüş bölgələrində böyük işlər gördü. Erməni qəsbkarlarının Azərbaycan dövlətinə qarşı ədalətsiz hücumuna, Qarabağ torpaqlarında yağı düşmənin təcavüz etdiyi bir dövrdə, 1993-cü il may ayının 21-dən könüllü olaraq (1996-cı ilədək) yuxarıda qeyd etdiyimiz, Azərbaycan Müdafiə Nazirliyinin orqanı "Azərbaycan ordusu" qəzetinin döyüş bölgələri üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərmişdir. N. Veysəlli həmin dövrdə özü ilə, qələmi ilə əsgəri xidmətə başlamışdır. Publisist torpaqlarımızda savaş gedən illərdə "cəbhə bölgələrindən operativ materiallar hazırladığına", "Azərbaycanda gedən müharibəni yüksək peşəkarlıqla, obyektiv və fədakarcasına işıqlandırdığına görə" mükafatlara layiq görünmüşdür.[3]

  1. Sehrkar səslər, əfsanəvi rənglər. Bakı: Yazıçı, 1984.
  2. Sular qovuşan yerdə. Bakı: Gənclik, 1985.
  3. Hər şeydən uca. Bakı, Gənclik.
  4. Düzlərin ağ işığı. Bakı: Azərnəşr, 1988.
  5. Evimiz yuxuma girir. Bakı: Yazıçı, 1991.
  6. Salamat görməyimə şadam. Bakı: Mütərcim, 1998.
  7. Haran ağrıyır Vətən. Bakı: Hərbi nəşriyyat, 1999.
  8. Sənsiz keçən illər. Bakı: Gənclik, 2000.
  9. Bəylər bəy. Bakı: Adiloğlu, 2004.
  10. Həyat sevən insan. Bakı: Azərbaycan nəşriyyatı, 2004.
  11. Şəhərlər, evlər, naxışlar. Bakı: Günəş, 2005.
  12. Yaş həddinə görə. Bakı: Günəş: 2006.
  13. Piyadaların döyüşü. Bakı: Yaddaş Media, 2010.
  14. Tikintisi yarımçıq qalmış evlər. Bakı: Kitab "E. L." Nəşriyyat və Poliqrafiya şirkəti, 2014.
  15. Mənim müharibəm. Bakı. Qanun nəşriyyatı. 2017.
  16. Mənim müharibəm. Tehran: Naşir: Xudafərin, 2018.
  17. Geriyə yol varmı. Bakı: Qanun nəşriyyatı. 2018.
  18. Моя война. Баку: Ганун, 2020.
  • "Səhər" qəzetinin, Beynəlxalq Avrasiya Mətbuat fondunun diplomları (1993–1994);
  • AKİVİHİ-nın "Qızıl qələm" (1994) mükafatı;
  • Beynəlxalq Avrasiya Mətbuat Fondunun mükafatı.[4]
  1. "Könül dünyamın həmsöhbəti yazıçı-publisist Nemət Veysəlli". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  2. "Özümdən müsahibə götürmüşəm — Nemət Veysəlli". 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  3. Oğuz Ayvaz. "Beynəlxalq Avrasiya Mətbuat Fondunun mükafatını alan Nemət Veysəlli kim idi?" (Azərbaycan). ednews.net. 2023-05-08 tarixində arxivləşdirilib.
  4. Oğuz Ayvaz. "Beynəlxalq Avrasiya Mətbuat Fondunun mükafatını alan Nemət Veysəlli kim idi?" (Azərbaycan). ednews.net. 2023-05-08 tarixində arxivləşdirilib.