Penelopa (mifologiya) — Vikipediya

Penelopa
(q.yun. Πηνελόπη) (lat. Penelope)
Mifologiya Yunan mifologiyası
Hissə Odisseya
Yer İtaka, Şimali Qərbi Yunanıstan
Cinsi Qadın
Atası İkari
Anası Peribey
Əri Odissey, Teleqon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Penelopa (q.yun. Πηνελόπη, lat. Penelope) — Qədim yunan mifologiyası personajlarından biri, Homerin "Odisseya" dastanında mərkəzi obraz. İtaka çarı Odisseyin arvadı, Telemaxın anası. Bəzi mənbələrdə onun spartalı, bəzilərində isə Messeniya kral ailəsinə mənsub olması qeyd edilir. Əmisi Tindariusun Yelenanın evliliyi ilə əlaqədar Odisseylə razılığa gəlməsi nəticəsində Odisseylə evlənmişdi. Oğlu Telemaxın dünyaya gəlməsindən az sonra Odissey Troya müharibəsinə yollandı və Penelope iyirmi il tək qaldı. Dastanın klassik versiyasına görə, itakalıların əksəriyyəti onun qayıdacağına inanmadığı halda Penelopa ərinə sadiq qaldı. İtaka və qonşu adalardan yüzdən çox gənc aristokratlar Penelopaya onlardan birinə ərə getməyi barədə israrla müraciət edirdi. O isə vaxt qazanmaq üçün hiyləyə əl atdı — namizədlərdən qayınatası üçün kəfən toxunana qədər vaxt istədi və hər gecə gün ərzində ərsəyə gətirdiyi toxumaları məhv edirdi. Bu hiylə aşkar edildikdən bir müddət sonra Odissey İtakaya qayıtdı və namizədlərin hamısını öldürdü, lakin tanrıların ona olan qəzəbinə görə o sürgünə getməli oldu, Penelopa isə indi oğlunun idarə etdiyi İtakada qalmalı oldu. Daha sonra Odissey yenidən geri qayıda bildi. Geri qayıdan Odissey öz oğlu — Kirkadan doğulmuş olan Teleqon tərəfindən öldürüldü. Ərinin ölümündən sonra Penelopa həyat yoldaşının qatilinə — Teleqona ərə getdi. Həyatını Müqəddəs adalarda başa vurdu.

Odisseyada Penelopa çox uzun bir ayrılıq dövründə də ərini sevən, ailənin sədaqət nümunəsi olan çox ağıllı bir qadındır. Homer tərəfindən yaradılan görüntü sonrakı dövrlər üçün çox vacib idi. Penelopa afinalı dramaturqların bir sıra pyeslərində bir personaj oldu, Ovidin "Heroidlər" əsərində ondan bəhs edildi, antik heykəltəraşlar və sənətkarlar tərəfindən təsvir edildi. Sonrakı dövrlərdə Penelopa Odisseya miflərinə həsr olunmuş bir çox sənət əsərində ikinci dərəcəli bir xarakter olaraq meydana çıxır.