Qara Yuluq Osman bəy — Vikipediya

Bəhaüddin Qara Yuluq Osman bəy
قره عثمان
bayraq
Ağqoyunluların V tayfa başçısı
bayraq2
1403 – 1435
ƏvvəlkiƏhməd bəy Bayandur
SonrakıCəlaləddin Əli bəy
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Ərzurum
Fəaliyyəti suveren[d]
Atası Fəxrəddin Qutlu bəy
Anası Maria Komnenos
Həyat yoldaşı Dəspinə xatun
Uşağı
Dini islam

Qara Yuluq Osman Bəy (təq. 13501435, Ərzurum) — Ağqoyunlu tayfa birliyinin qurucusu.

Qara Yuluq Osman bəyin atası Fəxrəddin Qutlu bəy anası isə Dəspinə Xatundur. Onun doğum ili və harada doğulması barədə dəqiq məlumat yoxdur. Lakin vəfat edərkən 80 yaşında olduğunu nəzərə alsaq 1350-1355-ci illərdə dünyaya gəldiyi ehtimal edilir. Osman bəyin əcdadları XIII əsrdən Azərbaycandan Anadoluya köç edərək ƏrzincanBayburt ətrafında məskunlaşıblar.[1]

Babası Turəli bəy 3 dəfə Trabzon-Rum imperatorluğuna hücum etmiş və imperatorun qızını oğlu Qutlu bəy ilə evləndirmişdir. Osman bəy məhz bu evlilikdən dünyaya gəlmişdir.[2]

Hakimiyyətdən öncə

[redaktə | mənbəni redaktə et]

Qara Yuluq Osman bəy hərb səhnəsinə ilk dəfə 1385-ci ildə qaraqoyunlularla döyüş zamanı çıxmışdır. Bu hadisə ilə hərbi bacarıqlarını göstərmiş və sonrakı şəxsi fəaliyyətləri üçün böyük nüfuz qazanmışdı.

1386-cı ildə qardaşları ilə mübarizədə uduzaraq dayısı Qazi Bürhanəddinin yanına getdi. Burada o, Qazi Bürhanəddinə dövlət işlərində köməklik göstərmiş, dövlətin gücləndirilməsində rol sahibi olmuşdur. Sonradan Qazi Bürhanəddinin Kayseri valisini ölürməsi onlar arasındakı 11 illik münasibətin pozulmasına gətirib çıxardı.[3] Nəticədə Osman bəy 1398-ci ildə Sivas yaxınlığında baş verən Qarabel döyüşündə Qazi Bürhanəddini məğlub edərək öldürür.Heç kimin gözləmədiyi bu hadisə Anadolunun taleyinə böyük təsir etdi.[4] Bir tərəfdən məmlüklər, digər tərəfdən də osmanlılar Osman bəyin vasitəsilə nəhəng düşməndən xilas olduqları üçün sevinirdilər. Osmanlı sultanı Yıldırım Bəyazidin Ərzincana səfəri də məhz bu hadisədən sonra baş verdi.

Bundan sonra bölgədə yerli əmirlərlə əməkdaşlıq edərək fəaliyyətini davam etdirən Osman bəy Şərqdən Teymuri təhlükəsinin nəzərə alaraq Teymurun sərkərdəsi olmağın daha məqsədəuyğun olduğunu düşünərək 1400-cü ildə Əmir Teymurun ordusu ilə Sivas, ƏlbistanMalatyanin Osmanlılardan alınmasında iştirak etdi.[5] 1402-ci ildə Əmir Teymur ordusu ilə İldırım Bəyazidin ordusuna qarşı müharibədə Osmanlı ordusunun sol cinahını dağıtmışdır. 1403-cü ildə Əmir Teymur tərəfindən Diyarbəkirə bəy təyin olunmuşdu. Bu hadisədən sonra Osman bəy öz bəyliyini yaratdı. Onun Teymuri dövləti ilə əlaqələri isə ömrünün sonunadək davam etdi.

Əmrlik dövrü

[redaktə | mənbəni redaktə et]

Osman bəy Teymur tərəfindən ona verilən Diyabəkir əmirliyini genişləndirməklə məşğul olur. Onun səlahiyyətindəki ərazilər bunlar idi: Kemax yaylağı, Amid və Ərqani. Teymur daha əvvəl Ərqani ərazisini Əmir Şəmsəddinə soyurqal olaraq vermişdi. Əmir Şəmsəddin isə bir müddət sonra buranı Osman bəyə buraxdı. Osman bəyin bu bölgədəki qonşuları; kürd mənşəli Zərki və Süleyman tayfaları, Qaraqoyunlu, Məmlük dövləti, Türk tayfaları Dögər, Avşar və İnallılar və ərəb qəbilələri idi. Bunlardan dögərlər Fəratın kənarında qışlayan Ağqoyunlu tayfalarından Mehəmməd bəyi qarət etdi. Belə olan halda Məhəmməd bəy gəlib Osman bəydən kömək istəyir. O zaman ağqoyunlular arasında nizam-intizam yox idi. Lakin Osman bəy uzaqgörən bir şəxs kimi onun köməyinə gedərək dögərləri məğlub edir. Bu hadisə ağqoyunluların vahid mərkəz ətrafında toplanmasında mühüm rol oynadı.Osman bəy daha sonra hücum edərək əvvəlcə Mardini mühasirəyə aldı və ətrafını dağıtdı. Sonra isə Saur qalasına hücum edərək qalanı fəth edir. Yenə həmin ərazidəki kürd camaatını da özünə tabe edərək, vergiyə cəlb edir.[6]

Bu hadisədən sonra Osman bəy Mardini mühasirəyə aldı. Oradan kürd əmirlərinə hücum etdi. Mardin sultanının və kürd əmirlərinin hücumlara müqavimət göstərməyə gücü çatmadı. Onlar da Məmlük-Suriya valisi Əmir Çəkəmdən kömək istədilər. Əmir Çəkəm bölgədəki İnallu, Bayat kimi türkmən tayfalarına səfərlər edib, onlara əziyyət edirdi. Bu xahişdən sonra o, Dimaş, ​​HələbHəma əsgərlərini toplayaraq Mardin hökmdarının köməyinə qaçdı.[7] Nəticədə Osman Amid yaxınlığında döyüşdə uduzaraq şəhərə sığındı. Mənbələrə görə, Əmir Çəkəmin bu döyüşdə ən azı 10 min əsgəri var idi və onlar tam təchiz olunmuşdu. Osman bəyin əsgərləri isə ibtidai silahlarla, hətta sapandlarla şəhəri müdafiə edirdilər. Döyüş zamanı Əmir Çəkəm bütün xəbərdarlıqlara qulaq asmayıb, düşmən yaxınlaşmasın deyə Osman bəyin qalanın qarşısına axıtdığı suyun içinə, palçığa girdi. Bunu görən yaxınlıqdakı türkmənlər Çəkəmə hücum edərək onu öldürdülər. Başsız qalan Məmlük əsgərləri isə qaçmalı oldu. Bu vəziyyəti görən Osman bəy qaladan çıxaraq qaçan düşmənin üzərinə hücuma keçdi və bir neçə min əsgəri öldürdü. Ölənlərin arasında Mardin hökmdarı İsa bəy də varidi. Osman bəy bu döyüşdə oğlanlardan birini- İbrahimi itirsədə hərbi fəaliyyətində ilk böyük uğurunu qazanmış oldu.[8]

Qaraqoyunlularla münasibətlər

[redaktə | mənbəni redaktə et]

1407-ci ildə Mosulda Qara Yusiflə döyüşsə də, daha sonra sülh bağlamışdı. Urfanı ələ keçirən Osman bəy buradan Mardinə üz tutdu və şəhəri mühasirəyə aldı. Bu dövrdə Mardin Artukluları çox zəifləmişdi və şəhəri müdafiə edəcək gücləri yoxidi. Buna görə də qaraqoyunlulardan kömək istədilər. Qara Yusif Osman bəyə verdiyi sözü unudaraq Mardinə köməyə getdi. 1409-cu ildə Osman bəy Qara Yusifə Mardin yaxınlığında məğlub oldu. Bu zəfərdən sonra Qara Yusif Mardini öz torpaqlarına birləşdirdi. Artuk hökmdarına isə Mosulu iqta kimi verdi. Bu hadisədən sonra mənbələrdə Qara Yuluq Osman və ağqoyunlular barəsində geniş məlumat yoxdur. [9] Həmin dövrün yeganə Ağqoyunlu qaynağı Əbubəkr Tehraninin Kitabi-Doyarbəkriyyə əsəridir. Osman bəyin əlində sadəcə Amid, Urfa və Ərqani kimi şəhərlər qalmışdı. Bundan başqa davamlı şəkildə qaraqoyunluların təzyiqlərinə məruz qalsa da, əmirliyini qoruyub saxlamağa nail ola bilmişdi.[10]

1412-ci ildə Qara Yusifin Şərqi Anadoluya gələrək Ağqoyunlu torpaqlarına daxil olduğunu görürük. Ağqoyunluları birdəfəlik məhv etmək istəyən Yusuf bəy bu dəfə Amid və Çermük əkinlərinə zərər vurduqdan sonra Osman bəyin yerləşdiyi Ərqaniyə yürüş etdi. Ərqani yaxınlığında döyüşdə məğlub olan Osman bəy qalaya sığındı.[11]

Qara Yusif şəhərin ətrafını dağıtdıqdan sonra Təbrizə qayıtdı. 1416-cı ildə Osman bəy böyük strateji əhəmiyyətə malik olan və qaraqoyunluların əlində olan Ərzincanı mühasirəyə aldı. Şəhərin valisi Pir Ömər Qara Yusifdən kömək istədi. O, oğlu İskəndəri köməyə göndərdi. Bunun üzərinə Osman bəy mühasirəni qaldırıb geri qayıtdı.[12]

1417-ci ildə Qaraqoyunlu Qara Yusifə Kahta yaxınlığında bir daha məğlub oldu və 1 milyon dirhəm, 100 at və dəvə xərac verməyə məcbur oldu. Osman bəy Saur qalasını da Qara Yusifə təslim etdi. Lakin bu sülh çox çəkmədi. Osman bəy 1418-ci ildə Mardini mühasirəyə alaraq ətrafını dağıtdı. Yaxınlıqdakı 8 qalanı zəbt edərək və 20 kənd əhalisini isə öz torpaqlarına köçürdü.[12] Bunu eşidən Qara Yusif Osman bəyin üzərinə hücuma keçir. Qara Yusif 20 sentyabr 1418-ci ildə onu bir daha məğlub edir. Məğlub olan Osman bəy Hələbə qaçır. Qara Yusif onun ardınca Məmlük torpaqlarına daxil olur. Lakin məmlük sultanı Şeyx onu daha irəli getməməsi üçün təhdid edir. Nəticədə Qara Yusif Məmlük torpaqlarını tərk edir. Osman bəy isə Amidə qayıdır. Qara-Yusifin bu son səfəri Ağqoyunlu camaatında və Suriyada böyük təşvişə səbəb oldu. Daha əvvəl Ağqoyunlularla birlikdə olan İnallu, Bayat və Avşar tayfaları bu əsnada Trablus bölgəsində idilər. 1420-ci ilə qədər başqa bir hadisə baş vermədi.[13]

1420-ci ildə Qaraqoyunluların vassalı Ərzincan valisi Pir Ömər Osmanın oğlu Yaqub bəyi tutub Təbrizə göndərmişdi, intiqam almaq istəyən Osman, həmin ilin iyununda qəfil hücumla Pir Öməri öldürdü. Qara yusif bu xəbəri eşidib hücuma keçmək istəsə də, Şahruxun Azərbaycana yürüşü buna imkan vermədi. O da Pir Ömərin yerinə kiçik oğlu Əbu Səidi Ərzincan valisi təyin etdi.[14]

1420-ci ildə Qara Yusif Teymuri hökmdarı Şahruxu qarşılamaq üçün Təbrizə yola düşdüyü bir vaxtda Təbriz yaxınlığında xəstələnərək vəfat etdi. Nəticədə başsız qalan Qaraqoyunlu dövləti dağılma təhlükəsi altında idi. Bu vəziyyətdən yararlanan Osman bəy Mardin üzərinə hücuma keçir. Lakin bilinməyən bir səbəbdən bu fikrindən daşınaraq geri qayıtdı. Qara Yusifin ölümündən sonra səltənət mübarizəsinə başlayan İsgəndər Mirzə ilə Osman bəy arasında Şeyx Kəndidə şiddətli döyüş baş verdi. Dögərlərin qaraqoyunlular tərəfinə keçməsi nəticəsində Osman bəy döyüşdə böyük məğlubiyyətə uğradı. Döyüşdən sonra o Amidə qayıdır.[15]

Şahruxun Təbrizdən Şərqi Anadoluya üz tutduğunu eşidən Osman bəy oğlu Əli bəyi 600 atlı ilə birgə onun yanına göndərir. Əli bəy Şahruxa xəbər verdi ki, İsgəndər Mirzə qardaşı İsfahan Mirzə birləşərək onun üzərinə yürüşə hazırlaşır. Şahrux bu xəbəri eşidib Alaşkerdə yola düşdü. Osman bəy bu zaman onun köməyinə yetişir və tərəflər arasında 1 avqust 1421-ci ildə baş verən döyüşdə Teymuri Şahrux qələbə qazanır. Döyüşdən sonra Osman bəy Şahruxdan icazə alaraq ölkəsinə qayıdır. Oğlu Əli bəy isə Azərbaycan hakimi təyin edildi. Bu ərəfədə Osman bəy zəifləmiş Qaraqoyunlu dövlətinin əlində olan ərazilərə, Ərzincan və Mardin üzərinə dəfələrlə yürüşlər etdi. Qısa müddət ərzində Çemişgəzək, Bayburt, Tərcan və Ərzincan ərazilərini ələ keçirərək öz torpaqlarına daxil etdi. Daha sonra Mardinə yönələn Osman bəy buradakı Süleymani və Zərki kürdlərini məğlub edib özünə tabe etdi. O cümlədən Meyyafarkin, Tərcil və 8 qalanı da özünə birləşdirdi. Əhlət və Bitlis əmirləri də Osman bəyə tabe oldu.[16]

Digər tərəfdə Qaraqoyunlu dövləti yenidən əvvəlki qüdrətini bərpa etməyə çalışırdı. İsgəndər Mirzə Osman bəyin bu faəliyyətlərini cavabsız qoymadı və 1422-ci ildə Təbrizdən Bilgöl yaylağına gəldi. Ov məqsədilə gəldiyi bu səfərdə buradakı kürd bəylərini xəyanətlərinə görə cəzalandırdı. Daha sonra Bitlisə doğru yola düşdü. Bu hadisədən sonra Osman bəy Harput üzərinə yürüşə keçdi. Buranı fəth edərək oğlu Əli bəyi Harputa vali təyin etdi. Digər oğlu Habil bəyi isə Urfa ətrafında Məmlük ərazilərinə yürüşə göndərdi. Lakin Osman bəyin zəfərlərindən qorxuya düşən Məmlüklər Urfaya hücum edərək Habil bəyi əsir aldılar. Şəhəri isə dağıtdılar.[17]

1430-cu ildə Osman nəhayət ki, Mardini ələ keçirdi və bura oğlu Həmzə bəyi hakim təyin etdi.

Şirvanşahlarla münasibətlər

[redaktə | mənbəni redaktə et]

1435-ci ildə Qara Osman və Şahrux Qaraqoyunlulara qarşı I Xəlilullahla ittifaq bağlamışdı. Ərzuruma sıxışan Qara İsgəndər geri çəkilməsi üçün Osman bəyə xəbər göndərdi. Lakin Osman bəy onun istəyinə rədd cavabı verdi. Nəticədə tərəflər qarşı-qarşıya gəldilər. Bu döyüşdə məğlub olan Osman həmin gün də vəfat etdi. Onun ölümündən sonra Ağqoyunlu tayfaları arasında çəkişmələr başladı. Bu hal Uzun Həsənin hakimiyyətə gəlməsinə qədər davam etdi.[18]

Bilinən oğulları:

Ruqiyyə sultan adlı qızı olmuş, 1401-ci ildə Miranşahın oğlu Seyid Əhmədlə evlənmişdir.[19]

  1. Öztürk, 2014. səh. 20
  2. Woods, 1978. səh. 51
  3. Öztürk, 2014. səh. 1
  4. Woods, 1978. səh. 54
  5. Öztürk, 2014. səh. 2
  6. Tehrani. səh. 53-54
  7. Tehrani. səh. 58-59
  8. Woods, 1978. səh. 56
  9. Tehrani, 68. səh. 51
  10. Erzi, 1954. səh. 274
  11. Sümer, 1993. səh. 241
  12. 1 2 Woods, 1978. səh. 57
  13. Sümer, 1984. səh. 69
  14. Tehrani. səh. 70-74
  15. Woods, 1978. səh. 61
  16. Yinanç. səh. 260
  17. Tehrani. səh. 85
  18. Sümer, 1993. səh. 112
  19. İlhan Erdem - Akkoyunlu devletini meydana getiren aşiretler, s.256 Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine
  • ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYE. Ankara: TÜRK TARİH KURUMU BASIMEVİ. Mürsel Öztürk. 2014. ISBN 978-975-16-2752-0.
  • Əbubəkr Tehrani. Kitabi Diyarbəkriyyə. İstanbul: AZƏRBAYCAN MILLİ ELİMLƏR AKADEMİYASİ ARXEOLOGİYA VƏ ETNOQRAFYA İNSTITUTU. Rəhilə Şükürova. 2006.
  • ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYA AK-KOYUNLULAR TARİHİ. 1. Ankara: TÜRK TARİH KURUMU BASIMEVİ. Necati Lugal, Faruk Sümer. 1993. ISBN 975-16-0521-0.
  • Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
  • Mükrimin Halil Yinanç. Akkoyunlular. İslam Ansiklopedisi. 251–270.
  • ADNAN SADIK ERZI. AKKOYUNLU VE KARAKOYUNLU TARIHI HAKKINDA ARAŞTIRMALAR. 18. Türk Tarih Kurumu. 1954. 251–270.
  • Faruk Sümer. Qaraqoyunlular. Ankara. 1984.