Qazi Əkrəm Xosrov Paşa — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qazi Əkrəm Hüsrəv Paşa | |
---|---|
خسرو باشا غازي إكرم | |
6 aprel 1628 – 25 oktyabr 1631 | |
Əvvəlki | Maraşlı Xəlil Paşa |
Sonrakı | Hafiz Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1584 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
Dini | islam |
Hüsrəv Paşa (ö. 11 mart 1632) — IV Murad dönəmində 6 aprel 1628 - 25 oktyabr 1631 tarixlərində ümumilikdə 3 il 6 ay 19 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Biyoqrafiyasını verən mənbələrdə Bosniyalı olduğu və Əndərunda yetişdirildiyi qeyd olunur. Əskişəhərdə öz adına inşa etdirdiyi külliyənin kitabəsində qardaşının adının İbrahim Paşa olduğu qeyd edilir. Saraya necə alındığı bilinməsə də, müxtəlif vəzifələrə təyin olunması və silahdarlığa qədər yüksəldiyi bilinir. II Osmanın qətlinin ardından yeniçəri ağalığına təyin olundu (oktyabr-noyabr 1623). Səfəvilərin Bağdadı ələ keçirməsinin ardından Abxaz Paşa üsyanını yatırmaq məqsədilə sədrəzəm Çərkəz Mehmed Paşa ilə səfərə çıxmış (iyun 1624), Kayseri ətrafındakı döyüşlərdə mühüm rol oynamışdır (5 sentyabr 1624). Ordu Tokatda səfərə hazırlaşarkən sədrəzəm vəfat etmiş, Hüsrəv ağa isə o dönəmdə Diyarbəkir bəylərbəyi Hafiz Əhməd Paşanı sədrəzəm olaraq padşaha təklif etmişdir. Yeniçəri ağasının təklifi qəbul edilir və Hafiz Əhməd Paşa həm sərdar-ı əkrəm, həm də sədrəzəm təyin olunur. Ancaq sədrəzəmliyə namizədlər arasında özünün də olduğu başa düşən Hüsrəv ağa Hafiz Paşanı məsləhət gördüyünə peşman olur. O əsnada orduda olan Peçevi İbrahim qeyd edir ki, Hüsrəv ağa Əhməd Paşanı qısqanırdı və qələbə qazanmağını istəmirdi. Buna baxmayaraq yeni sədrəzəmin ordusuna qoşulmaq üçün Tokatdan ayrıldı. Osmanlı ordusu 13 noyabr 1625 tarixində Bağdadı mühasirəyə aldı. Ertəsi ilin martında Səfəvi şahı I Abbasın 30 minlik ordusunun Bağdada köməyə gəlməsi ilə Osmanlı ordusu iki od arasında qaldı. Bu vəziyyətdən çıxmaqda Hüsrəv ağanın rolu böyük oldu. Ancaq ordunun ehtiyacları var idi və bu səbəbdən 3 iyul 1626 tarixində mühasirə qaldırıldı. Ordu qışlamaq üçün Diyarbəkirə çəkildi. 7 ay 20 gün davam edən mühasirənin uğursuz olması səbəbilə sədrəzəm Xəlil Paşa və Hüsrəv ağa vəzifədən alındı. IV Murad tərəfindən paytaxta çağırılan Hüsrəv ağa qübbə vəzirliyinə yüksəldi (mart 1627).
Bu əsnada yenidən üsyan edən Abxaz Paşa üzərinə gedən yeni sədrəzəm qələbə qazana bilmədi. Məsələnin müzakirə olunduğu məşvərət məclisində şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndi Hüsrəv Paşanı sədrəzəm olaraq təklif etdi. Heç kəs bu təklifə qarşı çıxmasa da, sədarət növbəsi sədrəzəm naibi olan Rəcəb Paşada idi. Ona görə də Hüsrəv Paşa əvvəlcə Diyarbəkir bəylərbəyi olaraq yola salındı, ardından qapı kədxudası ilə sədarət möhürü göndərildi və İzmitdə Hüsrəv Paşaya təqdim olundu (6 aprel 1628). Eyni zamanda Abxaz Paşa üsyanı üzərinə sərdar olaarq göndəilən Hüsrəv Paşaya göndərilən fərmanda öncə Abxaz üsyanını yatırmaq, daha sonra isə Səfəvilər üzərinə səfərə çıxmaq əmr edilirdi.
Hüsrəv Paşa İzmitdə səfər hazırlıqlarını tamamladıqdan sonra ordu ilə birləşmək üçün Tokata hərəkət etdi. Yolda ikən ordunu tənzimləmək üçün güclü tədbirlər gördü və ordunun əhaliyə zərər verməsinin qarşısını aldı. Abxaz Paşaya dəstək verənlər ard arda sədrəzəmin ordusuna qatıldı. 1628-ci ilin iyun ayında Tokata çatdı və 7 ay burada qalaraq Abxaz Mehmed Paşa haqqında məlumat topladı.
Bu əsnada sədrəzəmin səfərə çıxdığını öyrənən Abxaz Mehmed Paşa Səfəvi şahından yenidən yardım istədi. Şah Abbas da həm Mehmed Paşaya yardım qüvvələri yolladı, həm də öz ordusunu Azərbaycanda hazır vəziyyətə gətirdi. Artıq Ərzurum qalası da təhlükə altında idi. Bu vəziyyətdə dərhal Tokatdan ayrılan Hüsrəv Paşa Ərzurum qalasını mühasirəyə aldı (6 sentyabr 1628). Qalaya gizlicə öz cəsuslarını salan Hüsrəv Paşa üsyançıların gücünü zəiflətdi. Artıq müqavimət göstərməyin mənasız olduğunu anlayan Abxaz Mehmed Paşa da təslim olmaq istədiyini bildirdi. 4 gün davam edən danışıqlardan sonra Abxaz Mehmed Paşa təslim oldu (22 sentyabr 1628). Beləliklə, 6 ilə yaxın davam edən böyük üsyan başa çatdı. Ərzurumda çox qalmayan Osmanlı ordusu oktyabr ayında paytaxta geri döndü. 9 noyabr 1628 tarixində İstanbula daxil olan Hüsrəv Paşa üsyançı Mehmed Paşanın bağışlanmasında və Bosniya bəylərbəyiliyinə təyinində önəmli rol oynadı.
Qazandığı qələbə Hüsrəv Paşanın nüfuzunu və iqtidarını daha da gücləndirdi. 1629-cu ilin iyulunda yeni bir şərq səfərinə çıxmaq üzrə ordu ilə birlikdə Üsküdara gedən Hüsrəv Paşa 17 dekabr 1629 tarixində Mosula çatdı və burada dəniz yoluyla gətirilən topları da alaraq davam etdi. O əsnada davam edən şiddətli yağışlar yolları keçilməz etmiş, buna görə də ordu 42 gün boyunca suların çəkilməsini gözlədi. Ordu Bağdada getmək üzrə 28 yanvar 1630 tarixində Mosuldan ayrıldı. Hava şəraiti mühasirə üçün uyğun olmadığından əvvəlcə bölgənin təhlükəsizliyi təmin edildi. Bölgədəki bir çox kürd qəbilələri Hüsrəv Paşaya təslim oldu. 5 may tarixində 40 minlik Səfəvi ordusu məğlub edildi və Həmədan yolu üzərindəki Mehriban qalası ələ keçirildi. 9 iyun tarixində Həmədana çatan Osmanlı ordusu şəhərdə heç nə tapa bilmədi. Şah Səfi şəhəri tamamilə boşaltmışdı. 15 iyunda buradan hərəkət etdi və 3 gün sonra Dərgəzinə çatdı. Hüsrəv Paşa İranın mərkəzinə doğru irəliləmək istəsə də, Səfəvilər dağlıq bölgəyə çəkilmiş, bütün quyuları, əkin yerlərini dağıtmışdı. Buna görə də, ordu irəliləmək istəmirdi. Hüsrəv Paşa bu dəfə də ordunu Bağdada yönəltdi.
21 iyunda Bağdad istiqamətində hərəkətə keçən Osmanlı ordusu 14 iyul tarixində kiçik bir dəstəni məğlub etdi. Avqust ayının əvvəllərində Bağdad ətrafına çatan Osmanlı ordusu 6 oktyabrda şəhəri mühasirəyə aldı. Əks hücum əsnasında Osmanlı ordusu böyük itkilər verdi. Buna görə də 39 gün sonra, 14 noyabr 1630 tarixində mühasirə qaldırıldı.
Hüsrəv Paşa ordunu 12 dekabr tarixində Mosula çatdırdı və ordu burada qışladı. Səfəvi ordusu isə qışı sakit keçirmədi. Əks hücuma keçən Səfəvilər bir neçə qalanı ələ keçirdi. Məğlub olub Mosula qayıdan Barmaqsız Mustafa Paşa, Abdal paşa və Ömər Paşa sədrəzəmin əmriylə edam edildi (23 dekabr 1630). Bu əsnada kürd qəbilələri də xainlik edərək sülhü pozdu və Səfəvilərə kömək etdilər. 22 yanvarda ordunu Mardinə aparan Hüsrəv Paşa yeni səfər üçün hazırlıq işlərinə başladı. İstanbula xəbər göndərildi və pulla Krımdan gələcək 30 minlik ordu tələb etdi. Ancaq bu ordu gecikdi və bütün yay ordu Mardində saxlandı. Sentyabrda Mosul üzərindən Bağdada səfər tərtib olunsa da, yeniçəri və sipahilər artıq yorulduqlarını bildirdilər və səfərin gələn ilə saxlanmasını tələb edərək üsyan etdilər (6 sentyabr 1631). Hüsrəv Paşa bu istəklərə boyun əydi və Diyarbəkirə çəkildi. Ancaq bu əsnada 25 oktyabr 1631 tarixində sədarətdən alındı və yerinə Hafiz Əhməd Paşa gətirildi.
Bağdad məğlubiyyətinin ardından nüfuzunu itirən Hüsrəv Paşanın vəzifədən azad edilməsində əsas səbəb isə İstanbuldakı Hafiz Əhməd Paşa və başdəftərdar Mustafa Paşanın ordudakı sipahiləri qızışdırması oldu. Rəvayətə görə, dövrün şeyxülislamı Zəkəriyazadə Yəhya Əfəndi də bu qurmanın içində olmuş və Hüsrəv Paşa haqqındakı mənfi rəyləri toplayaraq padşaha təqdim etmişdir.[2]
Hüsrəv Paşa vəzifədən alındıqdan sonra və sədarət möhürünü qapıçılar kəndxudasına təslim edərək kiçik bir dəstə ilə Tokata çəkildi. Yolda ikən qut xəstəliyi daha da şiddətləndiyi üçün Tokatda qalmağa məcbur oldu. Bu əsnada Diyarbəkirdəki yeniçərilər Hüsrəv Paşanın lehində üsyan qaldırdılar. Nüfuzlu yeniçəri ağaları Anadoluya gedərək burada Hüsrəv Paşa lehinə böyük bir üsyan tərtibləməyə başladılar. Qısacası Hüsrəv Paşanın vəzifədən alınması Anadoluda yenidən iğtişaş törətdi.
Yeni sədrəzəmin köşkündə toplanan məclisdə ordunu sakitləşdirmək üçün yeniçərilərin İstanbula çağırılmasına qərar verildi. Bu qərara tabe olan yeniçərilərlə birlikdə üsyançı sipahi ağaları da ülufə almaq bəhanəsi ilə İstanbula gəldilər. Sədarətdə gözü olan Rəcəb Paşanın da təhriki ilə üsyançı sipahilər ayaqlandılar. Hüsrəv Paşanın haqsız yerə vəzifədən alınmasında günahlandırdıqları Hafiz Əhməd Paşa, şeyxülislam Yəhya Əfəndi və başdəftərdar Mustafa Paşa da daxil olmaqla 17 dövlət adamının təslim edilməsini tələb edən üsyançılar niyyətlərinə çatdılar. Hafiz Əhməd Paşa IV Muradın gözləri önündə parçalanaraq öldürüldü və Rəcəb Paşa sədrəzəm təyin olundu. (10 fevral 1632)
Bütün bunların günahını Hüsrəv Paşada görən IV Murad Murtuz Paşanı Diyarbəkir bəylərbəyliyinə göndərərək Hüsrəv Paşanın edam edilməsini əmr etdi. Tokatda xəstə yatağında olan Hüsrəv Paşa hələ də yeniçəri və sipahilər tərəfindən sevilirdi. Ancaq Tokat əhalisinə verilən vədlərlə şəhər qapıları açıldı və Hüsrəv Paşa ələ keçirildi. Namazını qıldıqdan sonra boğularaq edam edilən Hüsrəv Paşanın başı kəsilərək paytaxta göndərildi. (11 mart 1632)
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=190038[ölü keçid]
- ↑ Naîmâ, III, 76-79