Reaktiv yaylım atəş sistemi — Vikipediya

Reaktiv Yaylım Atəş Sistemi, (və ya qısa adı ilə RYAS) Yaylım Atəşli Reaktiv Sistem (qısaca YARS) — birdən çox raket atma qabiliyyətinə sahib, təkərli və ya tırtıllı maşınlara əlavə olunan silahlardır. Bu silahlar, həmçinin uzaq məsafələrdə, düşmənin həssas elementləri olan, açıqda və sığınacaqda yerləşən canlı qüvvədən, piyada, motoatıcı və tank bölmələrinin zirehsiz, yüngül zirehli və zirehli texnikalarından, dayanacaqdakı aviasiya vasitələrindən, artilleriya qurğularından, taktiki raketlərdən, zenit raket sistemlərindən ibarət olan qrup hədəflərini məhv etmək, komanda məntəqələrini, rabitə mərkəzlərini və hərbi-sənaye obyektlərini dağıtmaq, həmçinin dağlıq ərazilərin uzaq məsafədən piyada və tank əleyhinə minalanması üçün nəzərdə tutulur[1].

YARS-ın reaktiv sursatlarının tərkibində praktiki olaraq təpmə qüvvəsi olmayan reaktiv mühərriklərdən istifadə edilir, bu isə onların kifayət qədər sadə və kompakt atıcı qurğulara malik olmasına şərait yaradır[1].

YARS-ların atıcı qurğuları özüyeriyən (təkərli və tırtıllı) və yedəkli şassilərə, təyyarələrə, helikopterlərə və gəmilərə quraşdırıla bilər. Özüyeriyən atıcı qurğular, reaktiv artilleriyanın döyüş maşınları hesab edilir. Müasir YARS-ların çapı 425 millimetrədək, atəş məsafəsi isə bəzi nümunələrdə 400 kilometrə qədər çata bilər. Daşınan raket sayı isə 4-dən 50-ə qədər dəyişir və hər bir raket üçün 1 ədəd boru şəkilli fərdi istiqamətləndirici nəzərdə tutulur[1].

  1. 1 2 3 "Ordumuzun silahlanmasında olan Universal Artilleriya Sistemləri - LYNX (HƏRBİ EKSPERT)". ordu.az. ordu.az. 15 mart 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.