Sənsiz (romans) — Vikipediya
"Sənsiz" | |
---|---|
Bülbül tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1941 |
Janr | qəzəl-romans, romans, miniatür vokal |
Dil | Azərbaycan dili |
Bəstəkar | Üzeyir Hacıbəyov |
Sözlərin müəllifi | Nizami Gəncəvi |
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans[1].
Yazılma tarixi
[redaktə | mənbəni redaktə et]Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü[2]. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan".
Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Sözləri
[redaktə | mənbəni redaktə et]Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Zemfira Səfərova. Üzeyir Hacıbəyov. Bakı: Yazıçı. 1985. səh. 64.
- ↑ Nigar Ələkbərova, Boris Zabolotskix. Üzeyir Hacıbəyov. Moskva: Muzıka. 1988. səh. 89.