Səkinəxanım məscidi — Vikipediya
Səkinəxanım məscidi | |
---|---|
41°21′40″ şm. e. 48°30′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Yerləşir | Quba şəhəri, Heydər Əliyev prospekti 144 |
Tikilmə tarixi | 1854 |
Üslubu | islam memarlığı |
İstinad nöm. | 298 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Səkinəxanım məscidi — 1854-cü ildə Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi.
Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib.
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
[redaktə | mənbəni redaktə et]Səkinə xanım məscidi Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən tikdirilmişdir.[1][2] Səkinə xanım Bakıxanova 1853-cü ildə dünyasını dəyişib. Məscidin tikintisi onun ölümündən sonra 1854-cü ildə bitib.[3]
Sovet işğalında
[redaktə | mənbəni redaktə et]Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4]
İşğaldan sonra 1930-cu illərdə dinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində məscid bağlanmış ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır. İlk illər məscidin binasından anbar daha sonra isə tikiş sexi kimi istifadə edilib.[5]
Müstəqillikdən sonra
[redaktə | mənbəni redaktə et]Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə məsciddə təmir işləri aparılıb və məscid insanların istifadəsinə verilib. Məscidin ətrafına hasar çəkilib, su, kanalizasiya, işıq, qaz xətləri bərpa edilib. 1990-1993-cü illərdə dəstəmazxana və baş köməkçi binalar tikilib.[6][7]
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8]
Memarlığı
[redaktə | mənbəni redaktə et]Məscidin xüsusi memarlıq üslubu var və Qubadakı digər məscidlərdən fərqlənir. Qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Hər bir divar-tildə bir yarımdairəvi tağ şəkilli pəncərə var. Fasadın üstünü xırda kərpiclərdən hörülmüş orijinal karniz əhatə edir.[9] Döşəməsi daş plitələrlə örtülüb, tavanı dörd böyük sütun üzərində dayanıb. Minbər qoz ağacından düzəldilib və səkkizpilləlidir. Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi və iki qapısı var. Hündürlüyü 27 metrdir. Yerdən günbəzədək 9 metrdir. Günbəzin diametri 4,5 metrdir. Damı və günbəzin üstü dəmir təbəqə ilə örtülüb. Onun da ətrafı çoxsaylı tillərlə əhatə olunub. Günbəzin mərkəzi incə nazik millə bəzədilib.[9] Məscidinin nəzdində mədrəsə də var. Mədrəsə 1994-cü ildən fəaliyyət göstərir.[10]
Məscidin günbəzinin üstündə məscidin şərəfəsi yerləşir. Şərəfəyə çıxmaq üçün yer məscidin içindədir.[11]
Məscid binasının giriş portiki üstündəki epiqrafik kitabənin haşiyə hissəsində nəsx xətti ilə ərəb və fars dillərində Qurandan ayə verilib. Həmçinin kitabənin ortasında yazılıb:[1]
Həqiqətən Allaha və axirətə inananlar. Allahın məscidlərini təmir edən kimsələrdir. (Tövbə surəsi 18-ci ayədən bir parça); Peyğəmbər ona salam olsun dedi. Quş qəfəsi qədər də olsa, hər kəs bir məscid tikdirsə, Allah onun üçün cənnətdə bir qəsr tikər (hədis); Buna görə bu məscidi yüksək dərəcəli cənnətməkanlı Hacı Abbas Qulu xan Bakıxanovun Səkinə xanım adlı qadını. - Allah onların hər ikisini bağışlasın. Mərhumənin vəfatından sonra 1271-ci ilin məhərrəm ayında (sentyabr 1854-cü il) tamamilə tikilib qurtardı. |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Səkinə xanım məscidi" (az.). irs.gov.az. 10 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ Zeynalova, Ülkər. Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu / Qubanın tarixi yerləri və abidələri (az.). Bakı. 2019. səh. 255. Archived from the original on 2022-06-17. İstifadə tarixi: 2022-06-17.
- ↑ "Mədəniyyət naziri Anar Kərimov Qubanın mədəniyyət müəssisələrinə baxış keçirib" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 14 aprel 2022. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ S.Abdullayeva. "Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri" (az.). 525-ci qəzet. 1 oktyabr 2013. 16 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ "Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi". 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
- ↑ "Səkinə Xanım məscidi". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 17, 2022.
- ↑ 1 2 "Qubada hökmən görməli olduğunuz - 8 turizm məkanı" (az.). seyyah.az. 12 Sentyabr 2016. 7 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ "Səkinə xanım məscidi: Bakıxanovun xatirəsi" (az.). shimal.news. 16 iyul 2021. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.
- ↑ Nazilə Məmmədova. "Azərbaycanın Quba bölgəsində olan tarixi yerlər və abidələr" (az.). kanal32.az. 18 aprel 2022. 17 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022.