Saçlı (roman) — Vikipediya

Saçlı
Müəllif Süleyman Rəhimov
Nəşr ili 1944

"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı.

Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı.

Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir. O, Bakı fəhləsi Xəlilin, təmiz və alicənab Nənəqızın qızıdır, gözlənilmədən ucqar bir rayona düşmüşdür. Qoşa qalın hörükləri olduğu üçün hamı onu Saçlı adlandırır. Ruxsarə nəinki təmiz və namuslu qızdır, həm də qeyri-adlı gözəlliyə malikdir. Bu gözəllik ilahəsi" dərhal hamının diqqətini cəlb edir. Belələrindən biri də rayon icraiyyə komitəsinin sədri Qəşəm Sübhanverdizadədir. Qəşəm sovet quruluşunda məsul vəzifə daşısa da, əslində o, bu quruluşa qarşıdır, onun qəddar düşmənidir. O, xarici kəşfiyyat üçün bu rayonda fəaliyyət göstərir. Ruxsarənin düşdüyü rayonda banditizmə qarşı mübarizə gedir. Bu mübarizəyə rayonun yeni adamları — Tahir Dəmirov, Xosrov və başqaları başçılıq edirlər. Ruxsarə də bu mübarizədən kənarda qalmır, ona qoşulur, silah götürüb Zülmət kimi banditlərə qarşı atışmalarda iştirak edir, bu mübarizənin qəhrəmanlarından biri olan Xosrov onun əlləri üstündə keçinir.

Romanda S. Rəhimovun daha böyük diqqət yetirdiyi, epik hadisələrin mərkəzinə çəkdiyi ikinci surət Tahir Dəmirovdur. O, rayon partiya komitəsinə başçılıq edir. Tahir dərin insani keyfiyyətləri ilə də romanın əsas surətlərindəndir. O, Moskvada təhsil almışdır və Bakıda qalıb yüksək bir vəzifədə işləyə bilərdi, lakin Tahir geridə qalmış ucqar bir rayona könüllü olaraq işə gəlir və o, burada Sübhanverdizadə kimi qapalı düşmənlərlə mübarizə aparır. Yazıçı özü deyirdi ki, bu romanı iki surətə görə qələmə almışdır. Onlardan biri Ruxsarədirsə, ikincisi Tahir Dəmirovdur. Tahir işə gəldiyi rayona yenilik gətirir, yol çəkdirir, burada maarifi, mədəniyyəti inkişaf etdirir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • [1] [ölü keçid] Süleyman Rəhimov. Seçilmiş əsərləri, I cild. Bakı, 2005