Sara xatun məscidi — Vikipediya
Sara xatun məscidi | |
---|---|
Sarahatun camii | |
| |
Ölkə | Türkiye |
Status | ibadətə açıqdır |
Şəhər | Harput |
Rayon | Elazığ |
Yerləşir | Harput şəhəri, Sara xatun məhəlləsi |
Aidiyyatı | Ağqoyunlu dövrü abidəsi |
Sifarişçi | Saraxatun |
Tikilmə tarixi | XV əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Sara xatun məscidi (türk. Sarahatun Camii) - Türkiyənin Elazığ iliin Harput şəhərində yerləşən Ağqoyunlu dövrü abidəsi.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]Sara xatun məscidi Harput şəhərinin Sara xatun məhəlləsində yerləşən tarixi məsciddir. Məscid Buğda meydanı, Bələdiyyə küçəsi, Bələdiyyə binası ilə əhatələnib. Onun bir tərəfində Sara xatun bulağı və mədrəsəsi digər tərəfində isə Cəmşid hamamı kimi tarixi abidələr var.
Tarixçilərin fikrincə abidə Uzun Həsənin anası Sara xatunun əmri ilə ilk dəfə taxtadan inşa edilmişdir. Sara xatun bir müddət Harput şəhərinin hakimi olmuşdur.[2]
Məscidin bir digər adı Uzun Həsənin oğlulları məscididir. Bu səbəbdən abidənin Sara xatun tərəfindən deyil Uzun Həsənin oğullarından biri tərəfindən inşa etdirildiyi ehtimalı da tarixçilər tərəfindən önə sürülmüşdür.[3]
Məscidin qiblə divarının sol tərəfində tapılan kitabəsində aşağıdakı sözlər yazılıb :
وبي عمر هو المسجد حاجي مصطفى ابن حاجی خدا و بودی این حاجی محمود ابن مصطفى رجب شَرِيفَ فِي سَنَةِ ثَلَاثَ وَسَبْعِينَ وَسَعَ مِأَة مُصْطَفَى وَجَب |
"Bu məscid Mustağa oğlu Hacı Mahmud oğlu Hacı Xudaverdi oğlu Hacı Mustafa tərəfindən III Murad dövründə hicri 993-cü ilin rəcəb ayında təmir etdirilmişdir".
Sultan Əbdülməcid xanın dövründə məscid yenidən Hacı Əhməd adlı harputlu bir şəxs tərəfindən bərpa edilir. Hacı Əhməd məscidi və ətraf əraziləri 400 qızıla alıb. Məscid sökülərək ətraf ərazilər məscidin ərazisinə əlavə edilsə də, qurbanlar kəsilsə də, dualar edilərək bünövrəsi qoyulsa da, bu pulla məscidin divarlarını bünövrədən bir metr yuxarı qaldıra bilmişdi. Daha sonra o, Harput əhalisindən pul toplayaraq məscidin yenidən inşaasına başlayır. Lakin yeni tikilən məscidin sadəcə qiblə tərəfində yerləşən 4 kiçik 4 böyük pəncərəsi varidi. Bu pəncərələr də məscidin işıqlandırılması üçün kifayət etmirdi. Bu dəfə o yenidən Harput əhalisinə müraciət edir və bildirir ki, kim məscidə yeni pəncərələrin açılmasına kömək etsə o pəncərəyə həmin şəxsin adı veriləcək.[4] Nəticə də yarım saat ərzində 9 yeni pəncərə ərsəyə gətirilir və məscidin tikintisi başa çatdırılır. Bu barədə Məmurətüləziz səlnamasındə aşağıdakı sözlər yazılıb:
Müessesat-i cesime ve cedideden olarak eâzım-ı ulemay-ı mahılliyeden Müftü El-Hac Ahmed Ef. merhumun himmet-i mahsusasiyle vc ianat-ı nakdiye ve bedeniye-i erbab-ı hamiyetle ( 1259.H) senesinde inşa kılınmış ve eski bünyadına nisbeten Sarahatun camii şerifi namiyle marufiyeti baki kalmış olan mabed-i âli dahi bu memlekete medar-ı iftihar bir eser-i fuyuzat karar olup evkat-l hamsede cemaat-i vefire-i muvahhidin ile malâmal olmaktadır. |
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Məscidin divarları çöldən 2,5 m qalınlığındadır və 4 sütun üzərində inşa edilib. Daxildən bu divarlar ortada iri tağlar, hər iki tərəfdən isə kiçik tağlar qoyularaq möhkəmləndirilmişdir. Sonra bu tağ dirəkləri 2,20 m qalınlığında dörd dairəvi sütunun üzərinə qoyulmuş tağlarla bir-birinə bağlanmış, başlıqları çox nəfis şəkildə işlənmiş və beləliklə, məscidin tək böyük günbəzinin yükü paylaşılmışdır. Divar qalınlığı 1,8 m-dir. Qübbənin mərkəzindəki ixlas surəsi məşhur xəttat Hafiz İbrahim, əsmaül-hüsna isə Hacı Məhəmməd Səid tərəfindən yazılıb və xurma budaqları ilə motivləndirilib.[5]
Qiblə divarında 4 böyük və 4 kiçik pəncərə, solda 5 böyük və 4 kiçik, sağda 3 kiçik pəncərə var. Böyük pəncərələrin eni 1.20 m, hündürlüyü isə 3.20 m qədərdir.
Məscidin daxili 22x22 m ölçüdə və dördbucaqlı formada olub, sahəsi 500 m-ə yaxındır. Buraya eni 1,25 m, hündürlüyü 2,25 m olan iki müntəzəm tağvari qapıdan daxil olunur. Qapıların sağ və sol tərəflərində daxili künclərdə iki pilləkən və ətrafında taxta məhəccərli iki maqsura var. Bu maqsuralara taxta pilləkənlər çıxır.[5]
Məscidin minbəri və mehrabı xüsusi sənətçilər tərəfindən mərmərdən hazırlanıb. Minbərin sağ tərəfində və minbərə bitişik əsas divarın içərisində dəmir barmaqlıqlı şkafın içərisindəki qiymətli siyirmədə lihyə-i səadət saxlanılır. Bu şkafın yaşıl çuxa örtüyündə ipəklə işlənmiş aşağıdakı beytin yazılıb:
ŞEFAAT YA RESULÂLLAH Olma isyanınla nevnmid-i şefaat Hamdiya Et nikâh-i mafherül - Kevneyni celhe ihtimam Mûy-i anber, bûy-i pak-i lihye-i nüghetin Kıl ziyaret şevkile gel et salâtiyle selâm. |
Bu mısralar alim Hacı Həmid tərəfindən qələmə alınıb.
Məscidin çöl tərəfindəki giriş bloku da gözəl və genişdir. Hər iki tərəfdə iki enli və bərabər tağın altından iki pilləli mərmər döşənmiş həyət enir, ortada isə məscidin əzəmətinə və gözəlliyinə uyğun qrafik var.
Müvəqqitxana hörgü tikili olub, 8 tərəfi günbəzli, beş pəncərəli, qapısı sol tərəfdədir. Bu yer həm də saatsaz dükanı idi. Məscidin bünövrəsindən başqa buranın vəqf gəliri var idi. Burada camaatın xarab saatlarını pulsuz təmir edərdilər. Bu vəqfin əsas şərti idi. Müvəqqitxananın Ərzincanın qədim xanədanlıqlarından Hacı Əli Bəy tərəfindən hicri 1277-ci ildə hazırlanan qapısının üzərində kitabədə aşağıdakı sözlər yazılıb:
Makam-ı dilküşa oldu mekân-ı irtifa'... şana Ola banisine yaver beher saatte mevlâna Kadimi hanedan-ı belde-i âbad-ı Erzincan Ki meşhur Hacı Ali bey zehl âli cenab-ı cana Mücevherden çıkıp tarih-i dilcûsu deyip Hafız Acip Âli binadır ki muvakkithane-i rana. 1277 H. |
Harputun yeganə musalla daşı məhz bu məsciddədir. Digər məscidlərdə dəfn namazı qılınılmadığı üçün şəhərin bütün cənazələri buradan dəfn olunur. Müvəqqitxana ilə yanaşı bu daş da günümüzdə mövcudiyyətini qoruyur.[6]
Məscidə giriş iki ədəd yanaşı qapı ilə təmin edilir. Girişdə mərmər zəmin üzərində ayaqqabıları qoymaq üçün bölmə ayrılıb. Sağ tərəfdəki girişdə isə dar, 5-10 pilləli pilləkən vasitəsilə minarəyə qalxmaq mümkündür. Sol tərəfdə də eyni şəkildə pilləkənlər var. Məscidin insan tutumu 1500-dür. Lakin xüsusi günlərdə, bayramlarda bu say 2000-ə çatır.
Məscidin ilk inşa edildiyi günlərdə tavanı və qübbəsi torpaqdan idi. Bu da zamanla onların dağılmasına səbəb olmuşdur. Hicri 1266-cı ildə xeyirxah şəxslərin təşəbbüsü ilə tavan və qübbə qurğunşunla örtülüb. Nəticə də həm tavan həm qübbə 1 əsr keçməsinə baxmayaraq günümüzdə də öz formalarını qoruyub saxlayıblar.
Məscidin minarəsi ilə bağlı Övliya Çələbi öz qeydlərinə məlumat verib. Onun qeydlərində məscidin minarəsiz olduğu yazılsa da, günümüzdə minarə mövcuddur. Hal-hazırkı minarə hicri 1314-cü ildə (miladi 1898) tikilib.[2] Minarənin daşları Harputun Körpə kəndindən gətirilib və minarə kənd əhalisinin vəsaiti, əməyi hesabına ərsəyə gəlib.
Məscidin vəqfiyyələri və kitabələri
[redaktə | mənbəni redaktə et]Məscidin vəqfiyələri arasında aşağıdakı sənədlərə rast gəlinir:[7]
- "Evkaf-ı mascid-i Sarahatun hasılât-ı malikâne-i kariye-i Hasılı ve Hamedi. İmam fi yevmin 2, müezzin fi yevmin 2, akça". Burada məsciddə çalışan imam və müəzzinləri maaşları barədə məlumat öz əksini tapır.
- IV Murad dövründə məscidin təmir edilməsi ilə bağlı sənəd.
- "Medine-i Herburtda vâki Sarahatun mescid-i şerifi vakfının yevmî iki akça vazife üe müezzinliği ve yevmî bir akça vazife üe cüi'hanlığı, yevmî bir akça vazife ile tevliyeti erbab-ı istihkaktan işbu tevki'i refiüşşan-ı hakanı Esseyid Mehmed Halif e ibn-i Elhaç Mahmudun üzerinde olup hizmetinde mukim ve ehil olduğundan kemakân ifa ve tevcih ve yedine berat-ı âlişan verilmek babında. 18 Recep 1156 Herbrut Kadısı Mevlânâ Mustafa". Sənəddə müəzzin, cüzxan və tövliyət rütbələrinin maaşları haqqında məlumat verilir.
Məscidin divarlarında Harputun məşhur xəttatları tərəfindən birbaşa daş üzərində oyma üsulu ilə yazılar və kitabələr həkk edilib. Onlardan birində yazılıb:
Sare nam hatun merhum e yapup bu camii
Eskimişti ettiler tecdide himmet müminin
Kıldı bu nev seçdegeh şükür etsin sadikin
Söyledi bu bende tarih Münip AlIâh için.
Kitabənin ortasında ərəbcə aşağıdakı sözlər oxunur:[8]
"İnnessalât e kânet Alel-Müminine kitaben mevkuta
Accilu bissâlâti kabl el - Fevt
Ve accilû bittevbeti kabl el - Mevt.
Fi şəhəri məhərrəm ayı 1105-ci il"
Bu sətrlər Nisa surəsi 103 ayədən götürülüb.
Həmin divarda 5 müxtəlif kitabə və yazı var. Onlardan 4-ü oxunub tərcümə edilsə də biri üzərində hərəflərin bəziləri silindiyi üçün oxumaq mümkün olmayıb. Ən üstdəki kitabə Harput xəttatları tərəfindən mərmər üzərində həris formasında işlənib. Sözü gedən 4 kitabədən birində "Gecə qaranlığında məscidə üz tutanlara qiyamət günündə tövbələrinin qəbul ediləcəyini müjdələ" sözləri həkk olunub.
Bir digər kitabə Belağel-üla adlanır. Bu kitabədə Peyğəmbərin mədhi ilə bağlı sözlər yazılıb.[8]
Daha sonra məscidin qiblə divarının zəkat pəncərəsinin üzərində başqa 2 ədəd kitabəyə rast gəlinir. Birincisində aşağıdakı sətrlər yazılıb:
Ede hadisini mevlâ mümecced .
Naimiyl e Naiminde müebbed
Bu yolda mal-ü canla sa'y edenler
Ola bağ-ı irem içre muhalled
Sorarsan tarih-i salını nazır
Demiştir işte Rıfat nev müşeyyed
İkiyüz elli dokuz zil'kade
Yapıldı cami-i Sara mücedded
Digər kitabə təliq xətti ilə Allah-ü vahdeh sözü ilə başlayır. Kitabənin sağ küncdə 1259 tarixi, sol küncdə 12 ramazan, aşağı sağ küncdə Fi tahrir-i Hacı Hüseyn, sol küncdə isə İbn-i el-hac Məhəmməd Əmin sözləri yazılıb.[9]
Məscidin girişində qapı üzərindəki kitabədə aşağıdakı sətrlər oxunur:
Kıl teveccüh kıble-i ikbale miknatis-veş
Gayriden ümmidi kes, Allah bes, baki heves
Məscidin günümüzə gəlib çatan sonuncu kitabəsi çöl divarında, iki qapının arasında, saçağın altındadır. Kitabənin mətnində 20 beytlik şeir yazılmış olsa da, beytlərin bir qismi oxunmaz haldadır. Lakin kitabənin tarixinə son beytdə rast gəlmək mümkündür.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sarahatun camii". https://www.kulturportali.gov.tr (türk). 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
- ↑ 1 2 Sinclair, 1987. səh. 30
- ↑ Sümer, 1990. səh. 643
- ↑ Sunguroğlu, 1958. səh. 285
- ↑ 1 2 Sunguroğlu, 1958. səh. 287
- ↑ Sunguroğlu, 1958. səh. 290
- ↑ Sunguroğlu, 1958. səh. 294
- ↑ 1 2 Sunguroğlu, 1958. səh. 296
- ↑ Sunguroğlu, 1958. səh. 302
Mənbə
[redaktə | mənbəni redaktə et]- T.A.Sinclair. https://www.google.com.tr/books/edition/Eastern_Turkey/Na1EBAAAQBAJ?hl=en&gbpv=0 (#bare_url_missing_title) // Eastern Turkey An Architectural and Archaeological Survey . 3. 1987. ISBN 9780907132349, 0907132340.
- Faruk Sümer. Remarks on Some Mongol and Turkmen Buildings in Eastern Anatolia. İstanbul. 1990. səh. 642.
- İ.Sunguroğlu. Harput Yollarında. 1. İstanbul. 1958. səh. 285-302.