Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar | |
---|---|
Təhmasibqulu xan Əmirgunə xan oğlu Ağcaqoyunlu-Qacar | |
1625 – 1635 | |
Əvvəlki | Əmirgunə xan Ağcaqoyunlu-Qacar |
Sonrakı | Murtuza paşa (Osmanlı işğalı) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Çuxursəəd bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | İzmit, Osmanlı imperiyası |
Vəfat səbəbi | edam |
Atası | Əmirgunə xan Ağcaqoyunlu-Qacar |
Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar — Çuxursəəd əyalətinin bəylərbəyi (1625–1634), Əmirgunə xan Ağcaqoyunlu-Qacarın oğlu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Təhmasibqulu bəy İrəvan şəhərində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili alıb. Öncə sultan, sonra xan ünvanları ilə mükafatlandırılmışdır. 1625-ci ildən 1634-cü ilədək Çuxursəəd əyalətinin bəylərbəyisi vəzifəsində çalışmışdır.
1630-cu ildə (hicri qəməri 1043-cü ildə) Səfəvi və Osmanlı dövlətlərinin sərhəddində, Həkkari vilayətinin valisi Şah Səfiyə ərizə yazıb, Səfəvilər dövlətinin tərkibinə keçmək istədi. Səfəvilər ordusunun baş komandanı Rüstəm xan Pörnək-Türkman şahdan əmr aldı ki, Van qalasını ələ keçirsin. Diyabəkrin bəylərbəyi Mürtəzaqulu paşa Van hakiminə yardım üçün tələsdi. Ərzurumun bəylərbəyi Xəlil paşa da 50 minlik qoşunla Vanın müdafiəsinə yollandı. Şah Səfi Səfəvi bunları eşidib, Çuxursəəd əyalətinin bəylərbəyləri Təhmasibqulu xanı Kəlbəli xanla birlikdə qızılbaş ordusuna yardım üçün göndərdi.
Bu vaxt Çuxursəd vilayətinin əmir-ül-ümarəsı Təhmasibqulu xan 10 min qoşunla kürdmahmudi tayfasına qarşı hücuma keçdi. Sonra Adilcəvaza doğru yönəlib хеyli qənimət, əsir ələ keçirərək Хоy ətrafına gəldi. Şah Səfi Nəqdi bəy Şamlunu Təbrizə göndərib, ona əmr etdi ki, qoşunu ilə Azərbaycana gedib orada baş verən hadisələrə nəzarət etsin. Nəqdi bəy Azərbaycana çatan zaman Diyarbəkir Sərdarını və kürd əmirlərinin 10 min nəfərdən ibarət olan qoşunu artıq Təbriz ətrafını qarət etməyə başlamışdılar. Şəhər əhalisinin bir hissəsi var-dövlətlərini, mallarını gizlədərək özləri təhlükəsiz yerlərə köçməyə məcbur olmuşdular. Belə bir anda Nəqdi bəy qoşunu ilə Təbrizə yaxınlaşdı. Acı çay kənarında qızılbaş qoşunu işğalçıların qarşısını kəsdi və orada qanlı savaş oldu. M. Y. Qəzvini yazır ki, Acı çay üzərindəki körpüdən keçmək mümkün deyildi. Lakin buna baxmayaraq qızılbaş döyüşçüləri və Təbriz gəncləri özlərini suya ataraq üzə-üzə çayın о tərəfinə keçib, işğalçıların qoşunundan bir çoxlarını öldürüb, osmanlılara və kürdlərə ağır zərbə vururdular. Sonda onlar qaçmağa məcbur oldular.
XVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də şərq sərhədlərində vəziyyət о qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir daxili vəziyyətdən istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Rüstəm xan Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuzaqulu paşa və Ərzurum hakimi Xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib, geri döndülər. 1633-cü ildə Osmanlı-Səfəvi əlaqələri soyumuşdu. Diplomatik əlaqələr baş tutmurdu. Diplomatik danışıqların baş tutmasından istifadə edən sərhəd kürdləri öz hərəkətləri ilə Osmanlı-Səfəvi münasibətlərini gərginləşdirmək üçün yeni manevrlərə başladılar. 1633-cü ilin mart ayında Şah Səfi Qəzvində ikən Rəvan əmirül-ümərası Təhmasibqulu xanın Araz çayı kənarında kürdlər üzərində qələbə xəbəri şaha çatdırıldı. M. Y. Qəzvini bu vuruşmanı ətraflı şərh etmişdir. Təhmasibqulu xanın Rüstəm xanla Gürcüstana hücum xəbərini eşidən kürd əmirləri birləşib, üç-dörd min nəfərlik qoşunla Çuxursədi qarət etməyə başlamışdılar. Gürcüstandan qayıdarkən Təhmasibqulu xan Kür çayı kənarında Çuxursədin talan edilməsi xəbərini eşidib, sürətlə Araza doğru hərəkət etdi. Araz çayı kənarında Təhmasibqulu xanın qoşunu ilə kürdlər arasında möhkəm vuruşma oldu. Həmin vuruşmada kürd əmirlərindən Bəhaəddin və Məhəmməd bəy Məhmudi yaralanıb cəbhəni tərk etdilər. Bu zaman Ravanə əsir (dil) gətirməyə getmiş Yarəli sultan Qacar və Şəkəryurdlu sultanın qoşunları geri qayıdarkən yenə də kürdlərlə qarşılaşırlar. Vuruşmada kürdlərin bir qismi öldürülür, bir qismi isə əsir alınır. Van və onun ətrafında yaşayan kürdlər Osmanlı sultanına da tabe olmayaraq, özbaşına hərəkət edib tez-tez Şərur və Naxçıvan tərəfə gəlib, bu yerləri qarət və talan edirdilər. Şah Səfinin əmri ilə Rüstəm xan Sipəhsalar 1633–1634-cü ildə Van qalasını ələ keçirib, Naxçıvan ətrafını qarətçilərdən təmizlədi. 1633-cü ildə Diyarbəkr bəylərbəyi Murtuzaqulu paşa Van qalasına gəlib, orada хеyli qoşun yerləşdirdi. Van ətrafında yaşayan kürdlər də Osmanlı ordusu ilə birləşdilər. Birlikdə onların sayı 40–50 min nəfər oldu. Onların qarşısını almaq üçün Şah Səfinin əmri ilə Rəvan bəylərbəyi Təhmasibqulu xanın tabeliyində olan üç-dörd min nəfər yerli qoşun, on min nəfər qorçu qulam, şah qoşunu eşikağası Başıuğurlu xan, Rumiya hakimi Kəlbəli xan Avşar əsgərləri Vana doğru hərəkət etdilər. Molla Kamal yazır ki, Sipəhsalar Rüstəm xan da 1633-cü ilin iyulunda Gürcüstandan çıxıb, Vana gəlmişdi, 1633-cü ilin avqust ayının ortalarında Van qalası muhasirəyə alındı. Sipəhsalar Rüstəm xanın əmrilə İsfahan tüfəngçilərinin minbaşısı Mir Fəttahın tüfəngçiləri yayılmış atəş ilə osmanlılardan min nəfəri yaraladılar. İlk uğurlu zərbələrdən istifadə edən şah qoşunları Qotur qalasını ələ keçirib, oraya bir dəstə tüfəngçi yerləşdirdilər. Yüksəkrütbəli əmirlər Rüstəm xan Sipəhsalar ilə birlikdə 1633-cü il dekabr ayının 21-də Təbrizdə Şah Səfinin yanına gəlib, yeni hərbi əməliyyat tapşırıqları aldılar. О cümlədən Çuxursəəd əmir-ül-ümərasının qardaşı Qacar qorçularının yüzbaşısı Hüseynəli bəy və bir çox başqa əmirlər vuruşmada səhlənkarlıq etdikləri üçün şahın əmri ilə öldürüldülər. Səfəvilərin orduda yaratdıqları ciddi intizam uğurlarına çox böyük təsir etdi. Nəhayət, Van qalası ətrafında vuruşmada Osmanlı ordusu məğlub olub, Qarsa tərəf geri çəkildilər.
Osmanlı xidmətinə keçməsi
[redaktə | mənbəni redaktə et]Yusif adını alıb Osmanlı dövlətin xidmətinə girdikdən sonra vəzir rütbəsi ilə Hələb valiliyinə təyin olundu. İki ay sonra o, diqqətəlayiq hərəkətlərinə görə Hələbdəki vəzifəsindən azad edilərək paytaxta çağırıldı. Sultan IV Muradı İzmitdə qarşılayan konvoyun tərkibində idi və qayıq ilə İstanbula getdi. Bundan dərhal sonra ona "Firudin bəy bağları"nın yaxınlığında, bu gün Əmirgan kimi tanınan malikanə, Axırqapıda saray və Kağızxanada bir ferma ona ayrıldı. Sonrakı dövrlərdə o, musiqiyə və şeirə olan marağı, əyləncə və eyş-işrətə düşkün olması sayəsində sultanın yaxın adamlarından birinə çevrilir. IV Muradın 1640-cı ildə ölümündən bir il sonra, separatçı və dağıdıcı təbliğat apardığı iddiası ilə 17 iyun 1641-ci ildə Sultan İbrahimin əmri ilə edam edildi.[1] Qəbri İzmitdədir.[2]
İstanbul-Sarıyerin Əmirgan rayonu adını Əmirgünəoğlu Yusif paşadan almışdır. Rayon əvvəlcə paşanın adını almış, zamanla dəyişərək Əmirgan adını almışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.