Uolden, yaxud meşədə həyat — Vikipediya
Uolden, yaxud meşədə həyat | |
---|---|
ing. Walden; or, Life in the Woods | |
Janr | gündəlik |
Müəllif | Henri Devid Toro |
Orijinal dili | ingilis dili |
Nəşr ili | 9 avqust 1854 |
Vikianbarda əlaqəli mediafayllar |
"Uolden, yaxud meşədə həyat" (ing. Walden) amerikan filosofu və şairi Henri Devid Toronun əsas əsəri. Ralf Uold Emersonun transsendentalizm ideyalarını dərindən dərk etmiş 27 yaşlı Toro 1845-ci ilin yazında, cəmiyyətdən təcrid olaraq fikrini insanın özündə və ən əsas ehtiyaclarında cəmləşdirmək eksperimentini həyata keçirmək qərarına gəlir. O, Konkord şəhəri (Massaçusets ştatı) ətrafında, Uolden gölünün sahilində özünün tikdiyi daxmada məskunlaşır.
Filosof gününün əsas hissəsini bostançılıqla, balıqçılıqla, avar çəkmə ilə, üzmə ilə, klassikləri oxumaqla keçirərək həyat üçün tələb olunan bütün şeylər ilə özü-özünü təmin edirdi. Toro düz iki il, iki ay, iki gün bu minvalla tənha yaşamışdır. Bununla belə, o insanlardan qaçmamış, gölün sahibi Emerson da daxil olmaqla Konkord sakinləri ilə müntəzəm olaraq söhbətləşmişdir.
Toronun ilk dəfə 1854-cü ildə özü tərəfindən dərc olunan və meşədəki həyatı təsvir edən əsəri, onun bioqrafiyasının həqiqi vəziyyəti ilə tam uyğunluq təşkil etmir. Belə ki, başlıqlar ilin fəsillərinə müvafiq olaraq xronoloji ardıcıllıqla düzülmüşdür və belə bir təəssürat yaradır ki, filosof gölün sahilində cəmi bir il yaşamışdır.
Toro öz eksperimentləri ilə maddi zənginliyə həris olan müasirlərinə anlatmaq istəyirdi ki, cəmiyyətdən kənarda da, öz təbii ehtiyaclarını öz əməyinlə ödəyərək də xoşbəxt və gözəl yaşamaq olar. O, maddi qayğıdan azad olmağı, təkliyi, özünü təmin etməni, passiv seyrlə kifayətlənməni (fəaliyyətsizlik) və təbiətə yaxın olmağı, sənaye inqilabına və bundan törəyən istehlak cəmiyyətinə qarşı qoyurdu. Kitab 18 essedən ibarətdir. Müəllif esselərdə ilin müxtəlif dövrlərində meşənin səsi, qoxusu, suların axması üzərində apardığı müşahidələri, qarışqalar, marmotlar ilə təcrübələrini və meşədəki digər sakinlər ilə söhbətlərini, Tomas Keryunun qədim poemasını və öz şeirlərindən parçaları göstərməklə təqdim edir. Ekoloji şəraitin kəskinləşməsi ilə əlaqədar əsər XX-əsrin əsas mədəni yazılarından biri kimi qəbul olunmuşdur. Müasirləri isə Toronun düşüncələrini soyuq qarşılayıblar. Robert Stevenson müəllifin cəmiyyətdən qaçışını qorxaqlıq adlandırmışdır. Kitabın ilk 5 ildə cəmi 2000 nüsxəsi satılmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- William Barksdale Maynard. Walden Pond. Oxford University Press US, 2004.
- Philip Cafaro. Thoreau’s Living Ethics: Walden and the Pursuit of Virtue. University of Georgia Press, 2004.