Vaqif (opera) — Vikipediya

Vaqif — Bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı opera. Librettonun müəllifi Firudin Mehdiyevdir. 1960-cı ilin 23 iyununda «Vaqif» operasının Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında ilk tamaşası oldu. Bəstəkar müxtəlif dövrlərdə operanı bir neçə dəfə redaktə edərək onu daha da təkmilləşdirmişdir. Bu səhnə əsəri iki il sonra Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına layıq görüldü.

Bəstəkarın etiraf etdiyi kimi, Səməd Vurğun poeziyası və dram əsərləri onu həmişə cəlb etmişdir. O, hətta «Vaqif» dramında Əlibəy rolunun ifaçısı da olmuşdur. Bu barədə söz düşəndə R. Mustafayev belə deyirdi:

«Bir tamaşada görkəmli aktyorumuz Ismayıl Dağıstanlı nə üçünsə də gəlmədiyindən rejissor Əlibəy rolunda çıxış etməyi mənə tapşırdı. Əvvəl mən bu rolda oynamağa tərəddüd etdim. Doğrusu, bu mürəkkəb obrazın öhdəsindən gələcəyimə inanmırdım. Lakin recissor və mənim həmkarlarım məni ruhlandırıb həvəsə gətirdilər. Razılaşdım … «Vaqif» dramı ilə mən ilk dəfə belə qaynayıb qarışdım. Elə o vaxtlar fikirləşdim ki, bu əsəri operaya çevirmək gözəl olar».

Bəli, bəstəkarın arzuları gerçəkləndi. 1960-cı ilin 23 iyununda «Vaqif» operasının Azərbaycan Dövlət Akademik opera və balet teatrında ilk tamaşası oldu. Bu səhnə əsəri iki il sonra Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına layıq görüldü. Librettonun müəllifi, respublikanın əməkdar artisti, müğənni Firudin Mehdiyev öz yaradıcılıq işi haqqında deyirdi:

«Mən libretto üzərində işlərkən çalışmışam ki, «Vaqif» dramında olan ana xəttdən kənara çıxmayım, istər şəxsi həyatında, istərsə də xalqın səadəti üçün apardığı mübarizə səhnələrində Vaqif obrazının dolğunluğunu saxlayım. Illərdən bəri səhnəmizdən düşməyən «Vaqif» operası özünün bal kimi musiqi rüşeymlərini xalqımın qəlbinə atmış və onu ovsunlamışdır.»

F. Mehdiyev «Vaqif»də şah Qacarın obrazını uzun illər yaratmışdır. Görkəmli müğənni Lütfiyar İmanov «Vaqif» operasında əsas obraz olan Vaqifin rolunu oynayıb. O, bu obrazı belə səciyyələndirirdi:

«Vaqif» operasında sevimli şairimizin obrazı üzərində işləmək mənə nəsib oldu. O vaxtdan artıq 40 il keçir. Bu müddət ərzində mən bu obrazı hərtərəfli mənimsəmiş, onun üzərində necə deyərlər, «zərgərlik işi» aparmışam. Və hər dəfə «Vaqif» operasında çıxış etmək mənə xoş tə’sir bağışlayır».

Bu əsər bir neçə dəfə redaktə olunmuş və 40 ildir ki, səhnəmizdən düşmür. Bu yaxınlarda bəstəkarın yubileyi ilə əlaqədar «Vaqif» yeni redaksiya da tamaşaya hazırlanıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]