Züvüc — Vikipediya

Züvüc
38°51′49″ şm. e. 48°20′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Züvüc xəritədə
Züvüc
Züvüc

ZüvüçAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

"Züvüç" sözünün talış sözü olması və "güclü", "qüvvətli" mənasında işlənməsi ehtimal edilir.[2]

8 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılmış, Osyedərə kənd inzibati ərazi vahidinin Arta, Çeşman və Zövnə kəndləri Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[3] Züvüç kəndinin tarixi çox qədim zamanlarla səsləşir. Bu kəndin əsasını İrəc adlı şəxs qoymuşdur. Həmin məşhur nəslin davamçılarından hətta qonşu ölkələrdə də yaşayanlar var. 1938-ci ilədək Züvüç kəndi və onunla qonşuluqdakı 11 kənd Vərgədüz (indiki Yardımlı) rayonunun tərkibində olub. Bu kəndlər sonradan məsafə baxımından xeyli uzaq Zuvand (indiki Lerik) rayonuna birləşdirilmiş və beləliklə inzibati ərazi vahidlərinin bölgü prinsipi pozulmuşdur. Züvüç sözü talışca "güclü", "qüvvətlı" mənasını bildirir.

Züvüç Lerik rayonunun abad kəndlərindən sayılır. Çoxsaylı əhalisi olan bu kənd Pornayım adlanan bölgənin əhatə etdiyi yaşayış məntəqələrinin hamısından bir sıra cəhətləri ilə fərqlənir. Kənddə orta məktəb, xəstəxana, kitabxana, rabitə şöbəsi, mədəniyyət evi, məişət və digər xidmət obyektləri fəaliyyət göstərir.

Pornayım bölgəsi tarixən taxılçılıq məskəni, bərəkət, bolluq diyarı olub. "Pornayım" ("pür" farsca "dolu", "çox", "nəim", ərəbcə "nemət", "bolluq" mənasında yozulur) sözü "bolluq diyarı" deməkdir. Bu sözün talış mənşəli olduğu da güman edilir.[mənbə göstərin]

Coğrafiyası və infrastrukturu

[redaktə | mənbəni redaktə et]

Züvüç kəndi rayon mərkəzindən 32 kilometr şimal-qərbdə, Peştəsər silsiləsinin dağətəyi çökəkliklərinin birində, xüsusi geocoğrafi mövqeyə malik bir məkanda, əyalətin Pornayım bölgəsində yerləşir. Başlanğıcını Kömürgöy və Şahnişin yaylaqlarından götürən Alar çayı Şərətük çayıilə birlikdə bu ərazidən keçərək Viləşçaya qovuşur. Züvüç kəndi həmçinin Yardımlı rayonunun bir sıra kəndləri ilə qonşudur və həmin rayonun 12 kilometrliyindədir.yerləşir. Deyilənə görə, keçmişin qanlı müharibələrindən, yadelli işğalçıların hücumlarından qorunmaqda bu ərazinin əlverişli imkanları varmış. Qədim zamanlarda dağ yüksəkliklərində müdafiə məqsədi ilə qazılmış səngərlərin izləri bunu bir daha sübut edir.

Kəndin üstündəki halqavari gədiklər bir növ amfiteatrı xatırladır. Yuxarıdan şiş qayalara söykənmiş, aşağıda dağ çayınadək uzanan yarğanlar boyu salınmış kənd, elə bil, nə vaxtlarsa gədiklərin səviyyəsindən qoparaq ayrılmış və çökəkliyə enmişdir.

Kənddən yuxarı zirvəyə qalxanda xəyalən qarşıdakı dağların o üzündəki qoca Savalanla üz-üzə dayanırsan. Buradan baxanda yaylaqlar bütün əzəməti ilə görünür. Qız və Oğlan qalaları gədiklərdən daha aydın seyr edilir.

Ətrafındakı qonşu kəndlərlə bitişik halda olan Züvüç, əslində, bu kəndlərlə əzəldən qaynayıb-qarışmış, adamların dərd-səri və xeyir-şəri birlikdə keçmişdir. Bu kəndlərin gözəlliyini və füsunkarlığını artıran o idi ki, Alar çayı ərazini tam ortaya bölür, on iki parça kəndi bir nöqtədə – inzibati ərazinin mərkəzi sayılan Osyodərə kəndində birləşdirirdi. Dəniz səviyyəsindən təxminən 2400 metr yüksəkliklərdən köpüklənə-köpüklənə axıb gedən bu dağ çayı bir neçə yerdə hündür şəlalərdən tökülür, aşağı düşdükcə haray-həşir qoparmadan Qaraçaya və Şərətükə, oradan da Viləşçaya qovuşmağa tələsir. Alar çayının suyunu çay daşları, çınqıllar duruldur və saflaşdırır. Yüzlərlə ailə bu dağ çayının hövzəsində əkib-becərdiyi məhsullar hesabına ruzi əldə edir. Bülüdülün möcüzəli narzan tipli mineral bulağı da əsrarəngiz meşələrin ayağında – iki dağ çayının qovuşduğu yerdədir.

"Pirə Yusub" ərazidə olan tarixi yerlərin, bəlkə də ən qədimidir. Bu müqəddəs ocaqdakı qəbirüstü daşların üzərindəki yazıları indiyədək oxumaq mümkün olmamışdır. Ərazi yüzlərlə hektar meşə faunası: palıd, vələs, fıstıq, göyrüş, azat (nil) və digər ağaclarla zəngindir. Zümrüd meşəliklər bu əraziyə xüsusi bir yaraşıq gətirir. Amma çox təəssüf ki, təbii qazın olmadığı bir şəraitdə dağ kəndlərini yanacaqla təmin edən meşələr ilbəil zənginliyini itirib seyrəkləşir və məhvə doğru gedir.

Züvüç kəndinin müfəssəl tarixini öyrənmək üçün əlimizdə elə bir elmi mənbə yoxdur. Təqribi araşdırmalar, mövcud türbələr, oradakı daş abidələr bizə deməyə əsas verir ki, bu ərazinin digər yaşayış məskənləri kimi, tarixi keçmişi çox qədim zamanlarla bağlıdır.

Kəndin iki qəbiristanlığından biri qədim tarixdən xəbər verir. Köhnə məzarlar islami qaydaları əks etdirir. Qəbirlərin içərisinin dörd tərəfdən daşla hörülməsinin şahidi olursan. Türbə "Qələmə" adı ilə tanınır. Fikrimizcə, "Qələmə" sözü hazırda dilimizdə işlənən "qələmə" sözüylə eyniyyət təşkil etmir. Bu söz, əslində, Azərbaycan türklərinin işlətdiyi "qalamaq" sözünün təhrif olunmuş formasıdır. Yaşlı adamların tez-tez işlətdikləri "yerə qalaram" ifadəsi də buna bir daha aydınlıq gətirir. Yəni "yerə yıxmaq", "torpaq üstə uzatmaq", "torpağa basdırmaq" mənasını bildirən bu söz yerli şivə ilə "qələmə" şəklinə salınmış və beləcə də tələffüz edilmişdir. Arxiv materiallarında Züvüç kəndi barəsində müxtəsər də olsa, məlumat vardır. Bu qeydlər nisbətən yaxın bir dövrə, XlX əsrin ikinci yarısına aiddir.

Züvüç kəndinin əsasını İrəc adlı şəxs qoymuşdur. İrəc, deyilənlərə görə, vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmişdir. Əlbəttə, bu, bir fərziyyədir. Şübhə yoxdur ki, kəndin ilk sakini İrəc olub. Çox sonralar isə bu kəndə müxtəlif tayfalar gəlib məskunlaşmışlar. Güman edilir ki, yayı yaylağa çıxıb, qışı arana enənlər burada maldarlıqla məşğul olmuş, daimi oturaq həyat keçirməmişlər. Ərazidəki əhalinin əksəriyyətinin, habelə aran-yaylaq gəzib köçəri həyat sürənlərin milliyyətcə talışlar olması zənn edilir.

İrəc Züvüç kəndində həmişəlik məskunlaşandan sonra buraya kənardan gələnlərin sayı getdikcə artmış, kənd sürətlə böyümüşdür. Hazırda Züvüç kəndində yaşayan əhalinin əksəriyyətinin ulu babaları sayılan İbrahim və Nurməmməd XIX əsrin ikinci yarısında Cəlilabad (Astraxanbazar) rayonundan köçüb gəlmişlər.

Züvüç kəndinin tarixi keçmişindən danışanlar kəndin ətrafının sıx meşəliklər olduğunu da qeyd edirlər. "Kəlalə" adlı yerdə qazıntı zamanı üzə çıxan saxsı qablardan və küp qəbirlərdən məlum olur ki, buralar keçmiş insanların yaşayış məskəni olmuşdur. Kəndlərdəki türbələrdə qəbir daşları ilk yaşayış dövrlərinə aid əyani sübutlardır.

Məskunlaşma dövründə əcdadlarımızın buralarda əkinçilik və heyvandarlıqla, xüsusən çəltik əkib becərməklə məşğul olmaları açıq-aşkar bəlli olur. Ərazidən keçən dağ çayının adı "Şərətük" adlanır. "Şərətük" sözünün tərkibindəki "tuk" talışca "çəltik" mənasını bildirir. Çəltik sahələrinə uzaq məsafələrdən çəkilmiş su arxlarının izi indi də durur.

Züvüç kəndindən dağlara – Semahoniyə sarı qalxarkən yurd yerlərini, düşərgələrin hər birini aydın müşahidə edir, o vaxtlar köçəri həyat sürənlərin aran-yaylaq gəzib güzəran keçirdikləri qənatinə gəlirsən. Yaylaq yolları boyu "Kiçik bazar", "Böyük bazar" deyilən düşərgələrdə dayanıb istər-istəməz keçmiş əsrlərə boylanır, tarixləri nəzərdən keçirərkən açıq-aşkar görürsən ki, Ərdəbil, Təbriz kimi qədim mədəniyyət və ticarət mərkəzlərinə gedən karvan yollarının biri də buralardan keçirmiş. Düşərgələrdə bazar açıb ticarətlə məşğul olanlar, şübhəsiz ki, ikiyə parçalanmış Azərbaycanın deyil, bütöv bir ölkənin övladlarıymışlar.

Lerikin Pornayım deyilən bu ərazisi, fikirmizcə, mərkəz şəhərlərə uzaq olduğuna görə, elmin, mədəniyyətin ziyasından xeyli müddət kənarda qalmış, yüzilliklər ərzində məktəb, elm və mədəniyyət bu yerlərə gec ayaq açmışdır.

Züvüç kəndinin qəbiristanlığında və onunla qonşu olan kəndlərin ərazilərində hələ heç bir kəsin tədqiq etmədiyi müqəddəs tarixi yerlər vardır. "Pirə Movla", "Seyid Xoca", "Qəqə Musa", "Havzava", "Pirə Yusub", "Mukon", "Hind honi" əsrlərin yaddaş kitablarıdır. Onlar yerləşdikləri geofiziki və geocoğrafi quruluşuna və ya tərtibatına görə də diqqəti cəlb edir. Türbələrdəki qoç heykəlləri, qızılbaşları təmsil edən qəbir daşları və daşlar üzərindəki qədim yazılar bir daha sübut edir ki, bu yerlər geniş tədqiqata ehtiyacı olan ərazilərdir və burada kifayət qədər maddi-mədəniyyət nümunələri vardır.

Deyilənə görə, bu ərazidə nə vaxtsa sıldırımlı dağlar arasında iri dəryaça olub. Adamlar qayıqlardan istifadə etmişlər. İndiki "Səpik" adlı yerdə Səpləkəran kəndi varmış. Oradan qayıqla Əvçə kəndinə gedər və geriyə qayıdarmışlar. Qayıqlar hər iki tərəfdə sahilə çıxarkən palıd ağaclarına bağlanarmış. Bir kənddə hadisə baş verəndə digər kəndə şeypur çalmaqla xəbər verərmişlər. Həmin ərazidə "Doribərə" adlı yerdə o vaxtlar dəryaçalar olması və dor ağacı olan qayıq-gəmilərdən istifadə edilməsi kimi faktları təsdiq edən digər mülahizələr fərziyyələri bir daha gerçəkləşdirir (Doribərə və Əvçə vaxtilə kənd olub – R.S.). Dağlara sarı getdikcə çox-çox qədimlərdən soraq verən möhtəşəm qalalar, daş təndirlər, daşlaşmış təndir şişləri, xəmir kündələri, at axurları, atların bağlandığı daşlaşmış mıxlar, daş yataqlar və kahalar sirləri aça bilən dərin ixtisaslı tədqiqatçıların yolunu gözləyir.

Əfsanələrdə söylənilir ki, axurlarda bağlanan "Dədə Qorqud"dakı boynu uzun bədöy atlar susayan zaman boğazlarını uzadıb aşağıdakı Sorsçayın suyundan içərmişlər.

Qız və Oğlan qalaları Lerikin bu bölgəsinin qədimliyinə dəlalət edən ən gözəl faktdır. Sərt keçidləri, aşırımları və zəhmli görkəmi olan daş qalalar bir-birindən müəyyən məsafələrdə yerləşir.

Qalalar barədə çoxdan bəri dildə-ağızda gəzib dolaşan maraqlı əfsanə danışırlar. İki sevişən gənc qız və oğlan öz məmləkətlərini qoruyan igid sərkərdələr olublar. Onlar qabaqcadan mərcləşib qalalar tikdirir, özlərinin qüvvətli və cəsur olmalarını qalaların möhkəmliyində sınayırlar. Kim kəmənd atıb əks tərəfdəki qalanın bürcünü uçura bilsə, o, yarışda qalib sayılmalı idi. Püşk atılır, birincilik oğlana düşür. O, Qız qalasına kəmənd atır, bürcü dağıda bilmir. Sonra növbə qıza yetişir. O, kəmənd ataraq Oğlan qalasının bürcünü qoparıb yerə salır. Oğlan mərcdə uduzur. Qız oğlana xəcalət verməmək və izi azdırmaq üçün atını tərsinə nallatdırıb oradan gecə ikən cənub tərəfə çapır. Bir müddət keçir, oğlana məktub yazır: "Ərdəyəm, bil". Deyirlər, Ərdəbil sözü də o vaxtdan beləcə yaranmışdır. Biz yuxarıda "Pornayım" bölgəsinin təsadüfi olaraq "bolluq diyarı", "bərəkətli yer" olduğunu qeyd etməmişdik. Lerikin bir sıra ərazilərində yerin təkindən müalicə suları çıxır. Amma Bülüdül kəndinin yaxınlığındakı bulağın özgə hüsnü var. Onun suyu narzan tiplidir. Min dərdə dərman sayılan və hələ ovaxtkı sovetlər məkanında 72 məşhur şəfaverici ceşmə içərisində müstəsna keyfiyyətləri ilə seçilən, dünyada məşhur Karlovı-Varı suyundan müalicə əhəmiyyətinə görə heç də geri qalmayan (bu barədə respublikanın geologiya-mineralogiya ixtisaslı alimlərin sənədli rəyi var – R.S.) bu çeşmə barəsində maraqlı əfsanə söyləyirlər. Deyilənə görə, qədim zamanlarda bu sudan içilməz, keyfiyyətsiz bulaq hesab edilərmiş. Bir dəfə dağlarda qoyun otaran bir çoban görür ki, ilan ağzında ölmüş başqa bir ilanı gətirib həmin bulağın içərisinə atır. Bir qədər vaxt keçəndən sonra ölmüş ilan dirilib gedir. Bu hikmətli əhvalatdan sonra şəfa suyutək ondan müntəzəm istifadə etməyə başlayırlar. Həmin mineral su mədə-bağırsaq, ürək-damar, əsəb xəstəliklərinin dərmanıdır. Təəssüf ki, bu sudan sənaye üsulu ilə istifadə olunmur, milyonlarla dəyəri olan sərvət havayı yerə axıb gedir.

Peştəsər silsiləsinin ətəyində, ərazinin Yardımlı ilə sərhədində yerləşən Xanəgah kəndində bir mədəniyyət abidəsi vardır. XII və ya XIV əsrin nişanəsi Seyid Xoca türbəsi (türbədə XII və XIV əsrlərin qəliblərinə uyğun gələn kərpiclər var. Ehtimal olunur ki, XII əsrdə tikilən türbə XIV əsrdə yenidən bərpa olunub) Yardımlı rayonundakı Abidərdə türbəsi ilə eyni tarixə və eyni memarlıq üslubuna malik olan mədəniyyət nişanəsidir. Bineyi-qədimdən müqəddəs ziyarətgah sayılmış bu abidənin divarları XII əsrin arxitekturasına uyğun gələn kərpic və gəc materialları ilə hörülmüş, günbəz hissəsi mahir sənətkarlar tərəfindən milli ornamentlərə uyğun tikilmişdir. Seyid Xoca türbəsinin içərisində üç məzardan birinin naməlum bir şahzadənin qəbri olduğu güman edilir. Qəbirləri IX əsrə aid edənlər də var. Buradakı məzarlar yerüstü sərdabələrlə götürülmüşdür. Seyid Xocanı Şah İsmayıl Xətainin yaxın qohumu hesab edənlər də var. Türbənin divarları nə vaxtsa zəlzələdən partlamış, bir neçə yerdə çatlar əmələ gəlmişdir. Abidənin bərpasından ötrü 1980-ci illərin ikinci yarısında dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət edilmişdir. Lakin bərpa üçün heç bir vəsait ayrılmamışdır. Hələ bu azmış kimi 1990–1992-ci illərdə bir sıra adamların xəyanəti ilə sərdabələr dağıdılmışdır. Deyilənə görə, quldur xislətli şəxslər burada qızıl və gümüş axtarırmışlar. Şayiələr gəzir ki, İran tərəfindən sərhədi gizlicə adlayıb keçənlər özlərində xəritələr gəzdirir və guya harada qızıl olduğunu bilirmişlər. Ona görə də kəndin bir sıra tamahkar şəxsləri ilə əlbir olub bu xəyanəti törətmişlər. Çox təəccüblüdür ki, həmin adamlar qəbiristanlıqlarda daş heykəllərlə çox maraqlanır, hətta gecə vaxtlarında heykəllərin baş hissəsini sındırıb aparırmışlar.

Züvüç kəndinin tarixinə nəzər salarkən vaxtilə yerli əhalinin güclü miqrasiyasının da olması qənaətinə gəlirik. Hazırda yaşayış yeri olmayan, tarixi naməlum qədim məzarıstanlıqlar var. Qədim qəbir daşlarını görərkən belə fikrə gəlirsən ki, buralarda ya keçmişin vəba və taun xəstəliklərindən kütləvi ölüm halları baş verib, ya da yerli sakinlər hamılıqla köçüb uzaq yerlərə getmişlər.

Yadımdadır, kəndimizə nə vaxtsa tibb sahəsi üzrə bir professor gəlmişdi. O, ərazidəki "Qamışlı göl", "Girdə göl", "Biləzəmi" adlı suyu heç yerə axmayan gölləri görüb dəftərçəsində qeydlər apardı və belə bir rəy söylədi: "Bu göllər axmadığına görə keçmişdə vəba və taun xəstəlikləri üçün mənbə olub". Alimin qənaətinə şübhə yox idi. Həqiqətən də, kəndimizlə qonşu olan Arta və Sardovu kəndlərinin ərazilərində yerləşən həmin göllər bir vaxtlar yoluxucu virusların yuvası olmuş, Arta və Sardovu kəndlərinin çoxsaylı əhalisinin kütləvi surətdə qırılıb məhvinə gətirib çıxarmışdır. Ərazilərində axmayan gölləri olan Kerəbın, Lara, Sardovu və Qamışlı göl kəndlərinin indi yalnız izi qalıb. Arta kəndində isə hazırda bir neçə ev vardır.

Züvüç kəndinin intibahı XVII əsrin son illərindən başlanır. Yazı-pozuya, dini elmlərə və təhsilə o vaxtlardan maraq artıb. Ətrafdakı yaşayış məskənlərindən fərqli olaraq, burada müxtəlif növ sənətkarlıq inkişaf etməyə başlayıb.

Kəndin sakini Ağasuvar İbrahim oğlu öz dövrünün çox gözəl həkimi olub. O, vaxtilə İranda tibbi təhsil almışdı. Təbabət elminin bilicisi kimi vətənə qayıdıb adamlara xidmət göstərmiş, öz sevimli həkimlik peşəsini oğlu Alışa və nəvəsi Ağabalaya da öyrətmişdir. Onlar uzun illər təkcə Züvüç kəndinin əhalisinə deyil, ərazinin digər yaxın və uzaq yerlərindən şəfa tapmaq üçün gələn xəstələri müalicə etmişlər. İndiki nəsil Ağabala kişini əsl loğmantək xatırlayır, xatirəsini daim yad edir, ona rəhmət oxuyur. Molla İbad, Molla Ruşan, Molla Əkbər, Molla Pişan, Məşədi Cavad, Kərbalayı Cəfərqulu, Kərbalayı Mikayıl, Məşədi Feyzi zəmanəsinin əli qələm tuta bilən və ərazinin hörmətli şəxsləri və ağsaqqalları sayılmışlar. Molla Pişan Abış oğlu Züvüç kəndinin ağsaqqalı, elm və təhsili daim təbliğ edən ruhanisi, xalqın maariflənməsi yolunda şəxsi xidmətlər göstərən ziyalısı olmuşdur. Adlarını iftixarla cəkdiyimiz şəxslərin hər birinin həyatın müxtəlif sahələrində şöhrət qazanmış övladları vardır. Təsadüfi deyil ki, atalarımız demişlər: "Ot kökü üstə bitər".

Musiqi sənətkarlığı, dəmirçilik, toxuculuq Züvüç kəndində erkən vaxtlardan yaranıb və inkişaf etməyə başlayıb.

Yaşlı adamlar qədim məzhəkəli oyunlardan və mahir oyunçulardan, camaatı payız və qış gecələrində əyləndirən maraqlı tamaşalardan indi də tez-tez söhbət açırlar. Belə sənətkarlardan biri Nəbi Qubad oğlu olub. Nəbi uşaqlıqdan şikəst olsa da, fitri istedada və xüsusi qabiliyyətə malik idi. O, folklor ədəbiyyatının: nağıl, dastan və əfsanələrin bilicisi, nəfəs alətlərinin ifaçısı, əyalətin hörmətli, bacarıqlı bərbəri idi. Kəndlərdə toy şənliklərini layiqincə aparar və oğlan uşaqlarını sünnət edərdi. Nəbi kişini camaat fəxri olaraq özlərinə "xan" seçmişdilər. Kənd adamları hər gün növbə ilə birinin evinə yığışar və qış gecələrində müxtəlif oyunlar keçirərmişlər.

"Xan-xan" xalq oyununda xan-hakim və prokuror seçilər, oğru düşənləri coşqun gülüş doğuran üsullarla cəzalandırarmışlar. Qərarları "xan" qəbul edərmiş. Nəbi kişi oyunda güzəşt nə olduğunu bilməzmiş. Deyilənə görə, Xan oğru düşmüş kəndin bir hörmətli qocasına "sürgün" cəzasını kəsir. Kəndin ucqar evlərindən birinə "sürgün" edilən qoca xəstə olduğunu bəhanə gətirib uzağa gedə bilməyəcəyini söyləyir. "Xan" çox deyir, qoca az eşidir və əvvəlki sözündə israrla dayanır: "Xəstəyəm, gedə bilmərəm", – cavabını verir. Ağsaqqalların qocanı azad etmək üçün acizanə xahişlərinə o, məhəl qoymur: "Xalq oyunlarında güzəşt olmaz", – deyir, "həkim" çağırtdırır və xəstəyə "dərman" verməyi əmr edir. Qocaya tənbəki qarasından hazırlanmış dərman içirdirlər. Kişi bərk xəstələnir və az qalır ölsün. Bəzən belə də olurmuş: oyun zamanı oğru düşənlərin ayaqlarını falaqqaya qoyurlarmış. Belə cəzalara çoxları tab gətirə bilməz və fəryad qopararmış.

Deyirlər, kənddən çıxıb kənar yerlərə gedənlər və ya kənddən ötüb keçmək istəyənlər "xan"dan icazə almalı imişlər. Bu, bir qayda olaraq belə qəbul olunmuşdu. Amma qaydanı bəzən pozanlar da olurdu. Ona görə də "xan" onlara cəza verərdi. Bir dəfə qonşu kəndin hörmətli bir aşığı kəndi ötüb digər kəndə toya gedərkən yarı yoldan qaytarılıb kəndə gətirilir. Onu tüstü doldurulmuş dəhlizə salıb cəzalandırmaq istərkən aşıq "xan"ın şəninə saz çalıb-oxuyur, "səhv"ini səmimiyyətlə boynuna alır, üzrxahlıq edir və cəzadan canını qurtarır. Kənd adamları belə məzəli, zarafat və yumor doğuran xalq tamaşalarından bezikib imtina etməz, əksinə, belə oyunları yüksək alqışlarla qarşılar, komik səhnəciklərə baxmaqdan doymazdılar. Bu cür oyunlarla bağlı maraqlı bir əhvalat da danışırlar: Nəbi "xan" özünə Züvüç kəndinin aşağısında, dağ çayının üzərində hündür bir yerdə taxt qurdurub, yayın qızmar vaxtlarında burada hər gün istirahət edərmiş və yanında növbə ilə mühafizəçilər saxlayarmış. Onun atası Qubad kişi xalqı "incidən" bu adamı biryolluq aradan götürmək məqsədi ilə bir gün həmin yerə gəlir, Nəbinin taxt-rəvanda yatdığını və mühafizəçinin olmadığını güman edib taxtı odlayır. Xoşbəxtlikdən Nəbi "xan" yuxudan ayılıb tez özünü çaya atır və xilas olur.

El və ağız ədəbiyyatının hədsiz həvəskarı, xalq dastanlarını və nağılları əzbərdən söyləyən, "Koroğlu"nun qollarını sinədəftər danışan, qoşmalarını zövqlə ifa edən, toy məclislərində gözəl rəqsləri ilə hamını heyran qoyan şəxslərdən biri də Allahverən Teyyub oğlu olub.

Lerik rayonu, o cümlədən Züvüç kəndi uzunömürlüləri ilə məşhur olmuşdur. Burada yaşı yüzü ötmüş çoxlu qoca var imiş. Bu kənddə fiziki cəhətdən güclü, qüvvətli ər kişilər olub. Abdul, Əmirəli, Vəliş, Yunsur, Rəzzaq kəndin seçilən cavanları imişlər. Ocaqqulu babamız pəhləvan cüssəli insan olub. 110 il ömür sürüb. Yaşlı adamlar deyərdilər ki, bir gün sıx meşəliklərlə əhatə olunmuş kəndin ətrafında Ocaqqulu baba pələnglə üz-üzə gəlir. Silahsız olduğuna görə o, nəhəng yırtıcı ilə ölüm-dirim savaşına girir. Pələng ağzını geniş açdıqca Ocaqqulu baba qəzildən toxunmuş çuxasını qoluna dolaq edib onun ağzına yeridir və pələngi boğur. Dərisini soyub çiyinlərinə salır, evə gəlir. Sonralar namaz qılmaq üçün dəstəmaz alarkən qolunda pələngin dişləri ilə qoparmış olduğu yer su ilə dolarmış.

XX əsrin əvvəllərində qaçaq-quldur kəndlərə tez-tez basqınlar edər, əhalini soyub talayarmışlar.

Xatirə. İranlı Nəcəfqulu xan kəndlərə tez-tez hücum cəkib xalqın var-yoxunu talan edərmiş. Bir dəfə qonşu kəndin adamları kəndə od vurulacağını və mal-qaranın zorla aparılacağını qabaqcadan duyub pusqu qururlar. Kəndin naxırı, qoyun-quzusu xəlvət yerlərdə gizlədilir. Yenicə doğmuş bir camış naxırdan çıxıb kəndə, balasının yanına qaçarkən, Nəcəfqulu xanın adamlarından biri aynalı tüfənglə nişan alıb camışı öldürür. Camışı öldürən mühasirəyə düşür, qətlə yetirilir, onu kənd qəbiristanlığında dəfn edirlər. Nəcəfqulu xan növbəti səfərində yenə kəndləri odlayıb, adamlara məxsus var-dövləti aparırmış. Qonşu kəndləri yandırıb Zövnə kəndinə hücum çəkir. Kəndin cəsarətli cavanları döyüşə atılırlar. Bu zaman əhalinin qabağında duruş gətirə bilməyən qəsbkarlar qaçmağa üz qoyurlar. Bir nəfər güllədən həlak olur və meyiti dərədə qalır. Nəcəfqulu xanın papağı başından düşür. Xana layiq qiymətli çal papağı ələ keçirirlər. Bu hadisəni eşidən kimi qonşu kənddə yaşayan yerli bəylərdən biri gəlib papağı istəyir: – Bəy papağını yalnız bəy geyə bilər! – deyir. Papağı verməkdən imtina edəni mübahisə zəminində güllə ilə vurub yaralasa da, əliboş geri qayıdır.

XX əsrin əvvəllərində çar Rusiyasının apardığı mənfur müstəmləkəçilik siyasəti nəticəsində ucqarlar, xüsusən Azərbaycanın dağ kəndləri yoxsulluq və səfalət girdabında batıb qalmışdı. Belə olan təqdirdə təhsil də bir növ unudulmuşdu.

Vərgədüz-Zuvand qəzasına daxil olan kəndlərin icma başçılığı o vaxt Lənkəranda progimnaziya təhsili almış Səməd Bağır oğlu Quliyevə tapşırılmışdı.

Səməd Quliyevlə bağlı xatirələr indi də el arasında danışılır. Bəziləri onu uzaqgörən, hazırcavab, istedadlı idarəçi, at minməkdə və igidlik göstərməkdə ayrıca şakəri olan bir şəxs hesab edirlər. Elələri isə onu rəhmsiz bir məmur kimi qələmə verir.

Tarixçi alim Firudin Əsədzadənin arxiv materialları əsasında yazdığı tədqiqat əsərində göstərilir ki, Lənkəran qəzasının pristavı İbadulla bəy Nurullabəyovun nəzərində Səməd Quliyev görkəmli şəxsiyyət olub. O dövrün mürəkkəb və ziddiyyətli şəraitində əyalətin idarə edilməsində əgər despotik hərəkətlərə yol verilmişsə də, bunlar bir növ başadüşüləndir.

Yeri gəlmişkən, deyək ki, Səməd Quliyev uzun müddət Vərgədüz nahiyəsi üzrə kəndlərin icma başçısı, sonrakı illərdə Vərgədüz fəhlə komitəsində işləmişdir.

Onu da danmaq olmaz ki, bu dövrdə əyalət bəyləri özbaşınalıq edir, istədikləri vaxt güllə ilə adam öldürürdülər. Bəylərdən biri qonşu kənddə gözəl bir gəlini inək sağan zaman beşatılan tüfənglə nişan alıb öldürmüşdü. Deyilənə görə, dul qalmış gəlinə qısqanan qayınana onun ölmünə fitva vermiş və əvəzində bəyə buzovlu inək bağışlamışdır.

1930-cu illər hər yerdə olduğu kimi, Züvüç kəndinin də həyatında yeni mərhələnin başlanğıcı idi. Bir tərəfdən torpaqlar kəndlilərin əlindən alınır, qızğın kollektivləşmə gedir, kəndliyə ağır zərbələr vurulurdusa, digər tərəfdən şəxsi evlərdə kurslar açılır, savadsızlıq tədricən aradan qaldırılırdı. Latın qrafikasını hamı asanlıqla başa düşür, dinləyicilər onu mənimsəməyə çalışırdılar. Geri qalmış bir kənddə bu tədbirlər mədəni inqilab təsiri bağışlayırdı.

1930-cu illərdə Lənkəranda ilk dəfə partiya təhsili alıb Lerik rayonunun mərkəzinə rəhbər işə gəlmiş adamlar arasında Züvüç kəndinin sakinləri də vardı. Bunların biri Rzaxan Sücaəddin oğlu Abdullayev idi. Nağı Tehmar oğlu Aslanov həmin illərdə sovet sədri işləyirdi. Mirzəhüseyn Hüseynov, Rzaxan Abdullayev, Curuq Hüseynov kollektivləşmə dövründə əhalinin ərzaqla təminatında səylə çalışırdılar. Züvüç kəndinin bu ilk ziyalıları repressiyanın tuthatut vaxtlarında həmvətənlərini hər cür təqib və işgəncələrdən qorumuş, qıtlıq, aclıq və səfalətin qarşısına sipər çəkməkdə əsl qeyrət və əzmkarlıq göstərə bilmişlər.

O illəri xatırlayanlar deyirlər ki, kolxozçuların əmək gününə nəinki taxıl, hətta bostan-tərəvəz məhsulları bölünürdü. Şamlıqlarda dağ çayının saf, büllurtək suyu ilə becərilən qovun-qarpız evlərə daşınar, şirinliyi, ətir saçan qoxusu yeyənləri məst edərdi.

Müharibə başlanan kimi Nağı Aslanov kənd sovetinin, Rzaxan Abdullayev kolxozun möhürünü könüllü təhvil verib cəbhəyə getmişdir. Onlar başqalarına örnək olmaq üçün məhz belə etmişlər.

İkinci Dünya müharibəsi illəri Züvüç kəndi, habelə qonşu kəndlər üçün çətin, məşəqqətli və ağır illər idi. Qonşu Zövnə və Şivlə kəndlərinin hər birindən 30-a yaxın, Züvüç kəndindən 18 nəfər, sovetlikdən 150 nəfərdən çox adam müharibəyə gedib qayıtmadı. Amma bu kəndlərdə adamlar hər çətinliyə dözüb birlikdə çalışdılar, gecə-gündüz yorulmadan işlədilər, aclığın dəhşətli girdabından qurtula bildilər.

Vətən, torpaq, millət qeyrəti çəkən namuslu adamlarla yanaşı, cəbhəyə getmək, arxada qalıb vicdanla işləmək əvəzinə, öz doğma el-obasında kasıb-kusubun mal-qarasını oğurlayıb, qaçaqçılıq edərək şərəfsiz işlərlə məşğul olanlar da vardı. Bunlar da həmişə nifrətlə yad edilir.

1930-cu ildə ilk dəfə on iki kənddən yalnız birində – Züvüç kəndində yeddiillik məktəb açılmış və ətraf kəndlərin uşaqları burada təhsilə cəlb olunmuşdu. Ayrıca məktəb binası olmadığına görə siniflər şəxsi evlərdə təşkil olunurdu. Və bu məktəbdə işləyən müəllimlər bəsit biliyə malik, orta və natamam məktəblərin məzunları idilər. Onların içərisində bir nəfər də olsun, yerli ziyalıya rast gəlmək olmazdı. 1952-ci ilədək iyirmi illik bir müddətdə Züvüç kəndi ali təhsilli pedaqoji ixtisaslı müəllimlərə həsrət qalmışdı. Hazırda isə Züvüç kəndinin yüzdən çox ali təhsillisi var. Onlardan 4-ü elmlər namizədi, bir nəfəri elmlər doktorudur.

Bu kənd Qarabağ torpaqları uğrunda döyüşlərdə üç şəhid verib. Onların xatirəsi unudulmur.[4]

Bu kənddə 220 yerlik orta məktəb, mədəniyyət evi, kitabxana, rabitə şöbəsi fəaliyyət göstərir. Züvüç kəndi 4 kəndi birləşdirən inzibati ərazinin və kənd bələdiyyəsinin mərkəzidir. Qədim dərziçilik, dəmirçilik, xalçaçılıq, toxuculuq sənəti indi də bu kənddə yaşamaqdadır.Keçmişdən bu kənddə musiqiçilər, xüsusən nəfəs alətləri ustaları, həvəskar və peşəkar özfəaliyyət kollektivləri olmuş və indi də onlar fəaliyyət göstərir. Ərazidə "Qəqə Musa", "Pirə Movla", "Mukon", adlı müqəddəs pirlər vardır. Canbulaq, Semaqonu yaylaqları və digər yurd yerləri indi də qalır. Möhtəşəm Qız və Oğlan qalaları və onların yerləşdiyi ərazilər bu bölgəyə daxildir.

Züvüç kəndinin hazırda yüzlərcə ali təhsillisi, 4 fəlsəfə doktoru, 1 elmlər doktoru var.

İlk dəfə 1856-cı ildə ərazidə əhalinin siyahıyaalınması aparılmışdır. Züvüç kəndinin Lənkəran şəhərindən 84 km aralıda qərb tərəfdə yerləşdiyi, burada milliyyətcə talışların məskunlaşması, 9 evin mövcudluğu, 87 nəfər əhalidən 46-sının kişi və 41 nəfərinin qadın olması, adamlarının İslam dininə və şiə təriqətinə mənsub olmaları qeyd edilmişdir. Arxiv materiallarındakı qeydlərdə ikinci dəfə – 1904-cü ildə aparılmış siyahıyaalınmanın nəticələri də bu tərzdə sadalanır. Burada 26 ev və 371 nəfər əhalinin olması göstərilir. Hazırda isə kənd əhalisinin sayı 1196 nəfərdir.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. İqtisadiyyatın əsasını taxılçılıq və kartofçuluq təşkil edir.

Kənddə Züvüç kənd məscidi dini icması fəaliyyət göstərir[6].

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  2. Züvüc // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Qanunu — e-qanun.az saytı". 2012-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.
  4. "Qartal zirvədən uçar" kitabı, "Gənclik" nəşriyyatı, Bakı, 1998
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
  6. MÜSƏLMAN DİNİ İCMALAR — 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
  • R.R.Sucayev, "Qartal Zirvədən uçar", s.7–39, "Gənclik" nəşriyatı, Bakı- 1998