Çamalalılar — Vikipediya
Özünüadlandırma | ||||||
---|---|---|---|---|---|---|
çamal-di, çama-iqa | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Dini | ||||||
Çamalalılar, çamalalilər, çamaladilər, çamaiqalar (özlərini belə adlandırırlar – “qaysı qurusu”) – Rusiya Federasiyasında xalq.[2][3][4] Dağıstan Respublikasında (Tsumada rayonu, 7,2 min nəfər) və Çeçen Respublikasında (2,1 min nəfər) yaşayırlar. Ümumi sayları 9,5 min nəfərdir. SSRİ-də əhalinin siyahıyaalınması keçirilərkən çamalalıları avarlara aid edilirdilər. Nax-Dağıstan dil ailəsinin çamalal dilində danışırlar. Dialektləri: qakvari və gi qatli. Avar, rus, qismən də çeçen dilləri yayılmışdır. Məktəblərdə dərslər avar dilində aparılır. Dindarları müsəlmandır.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Ənənəvi məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Arpa, buğda və qarğıdalı becərirlər. Heyvandarlıqda köçəbə qoyunçuluq üstünlük təşkil edir. Bağçılıq, arıçılıq, üzümçülük (Andi Koysusu çayı dərəsində) inkişaf etmişdir. Sənət sahələri mahudçuluq, keçəçilik, palaztoxuma, mis qablar və ağac məmulatları istehsalı, gümüş emalı, dəmirçilik, dabbağlıqdır. Çamalalıların çoxu Çeçenistana, həmçinin Dağıstanın şəhər və taxıl rayonlarına mövsümi işlərə gedirdi. Hazırda maldarlıq, xış əkinçiliyi, bostançılıq, bağçılıq, qismən arıçılıq və sənətkarlıqla məşğuldurlar. Kiçik ailə üstünlük təşkil edir. Kuzen nikahları yayılmışdır. Qohumluğu ata xətti ilə hesablanan qruplar – toxumlar mövcuddur. Sıx və pilləli yaşayış məskənləri, gözətçi qüllələri ilə əhatələnmiş olurdu. Hər məskən 5–12 məhəllədən (toxum məskənlərindən) ibarət idi. Hər məhəllənin öz məscidi var idi, kəndin mərkəzində isə Cümə məscidi yerləşirdi. Kənd icmasına nüfuzlu toxumlardan seçilmiş kəndxudalar başçılıq edirdi. Kəndlərin yeni hissəsi pərakəndə planlıdır.
Kvadrat planlı, küçə tərəfdən girişi olan 1, 2 və 3 mərtəbəli daş evlər relyefdən və sakinlərin imkanından asılı olaraq bir- və çoxkameralıdır. Evlərin yastı dam örtükləri möhrədən, döşəmələri daş və gildəndir. Son zamanlar dörd və ya iki yamaclı, şifer və ya dəmir taxtapuşlu damı və taxta döşəməsi, dərin özüllü kürsülük-anbarı olan evlər (bir mərtəbə yarım) tikilir.
Ənənəvi kişi geyimləri köynək və şalvar, beşmet, çərkəzi, qoyun dərisindən tikilmiş müxtəlif tipli kürk, qolsuz köynək, gödəkçə, keçədən yapıncı, baş geyimi isə konusvarı yun papaq, ayaq geyimləri xam dəridən çarıqlar, keçə çəkmələr, toxunma yun corablardan ibarətdir. Qadın geyimlərinə köynək, üstündən əlvan kəmər bağlanan tünd rəngli paltar, şalvar və qoyun dərisindən tikilmiş kürk, baş geyiminə isə çutqu və onun üstündən örtülən evdə toxunmuş mahuddan hazırlanmış baş yaylığı daxildir. Kişi bəzək əşyaları kəmər, xəncər, vəznədir, qadınlar isə çutquya tikilmiş alın zənciri (gümüş və ya misdən), boyunbağı, asmalar, üzük, sırğa və s. taxırdılar. Gündəlik yeməkləri xəngəldir. Çörək, əsasən, duzsuzdur.
Çamalalıların nəğmə və rəqs folkloru zəngindir. Mahnılarını avar dilində ifa edirlər. Əsas musiqi alətləri pandur, zurna və dəfdir. Təqvimi mərasimlərindən ən başlıcası “birinci şırım” bayramıdır. Dağ ruhlarına inam, xalq demonologiyası, müqəddəslərin və əcdadların kultu saxlanılmışdır. Türkə çarəlik, falçılıq, yağışın, Günəşin çağırılması ayinləri, magiyanın müxtəlif növləri ya yılmışdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Цумадинский район". 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- ↑ М. М. Ихилов. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine / Дагестанский филиал АН СССР, Институт истории, языка и литературы им Г. Цадасы. — Мх., 1967. — С. 330.
- ↑ Северный Кавказ. Академия Наук СССР. Институт географии. 1957, — С. 507.
- ↑ "Всероссийская перепись населения 2010 г. Национальный состав населения Российской Федерации". «Демоскоп». 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-22.