İmamqulu xan Qacar — Vikipediya

İmamqulu xan Yıva-Qacar
1577 – 1587
ƏvvəlkiPeykər sultan Ziyadoğlu-Qacar
SonrakıHüseyn xan Ziyadoğlu-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Gəncə, Səfəvilər dövləti
Fəaliyyəti hərbi lider[d]
Rütbəsi general

İmamqulu xan Yıva Qacar (1512, Gəncə1587, Gəncə) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi.

İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin etdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü.

1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir. Az sonra isə Peykər Sultan Yusif Sultanı qətlə yetirir. Lakin onun özü də taxtında uzun müddət otura bilmir. Şahın əmri ilə onun yerinə yenə də Qacarlardan olan İmamqulu xan təyin olunur. Bu seçim uğurlu olur. Özünün uzaqkörən siyasəti və böyük hərbi qabiliyyəti sayəsində İmamqulu xan Qacar Azərbaycanın osmanlılar tərəfindən işğal olunduğu ən ağır zamanlarda belə Qarabağın müstəqilliyini qoruyub saxlaya bilir.

İmamqulu xan Qacar Osmanlılarla on illik mübarizəsi dövründə daim öz rəqibini qabaqlamağı bacarır. Girdiyi bütün döyüşləri Qarabağın hüdudlarından kənarda aparmağa nail olan İmamqulu xan elə bir nizamlı ordu qurur ki, hətta məğlub olduqda belə kiçik itki ilə vətənə dönə bilsin. Üstəlik də İmaqulu xan həmişə iri döyüşlərdən qaçır. II Şah İsmayıl taxt-tacı uzun müddət saxlaya bilmir. Onu əvəz edən şah Məhəmməd Xudabəndə də İmamqulu xanı bəylərbəyi kimi saxlayır. Osmanlı qoşunlarının Şirvana yürüşləri də elə bu zaman başlayır. Gürcüstan və Şirvan üzərinə yürüşdə Osmanlı hakimləri özlərinə əsas mütəffiq kimi Krım xanı Gireyi, Dağıstan feodallarını və Şirvanın müstəqilliyinə nail olmaq fikri ilə yaşayan yerli əyanların bir qismini görürdülər.

Mustafa Lələ paşanın başçılıq etdiyi yüz minlik Osmanlı qoşunu 1578-1579-cu ildə Şirvan üzərinə yürüşə başlayır. İmamqulu xan onlarla ilk döyüşə Çuxursəəd hakimi Tukman xanla birlikdə Tiflis yaxınlığında döyüşə girir. Döyüş onlar üçün uğursuzluqla nəticələnir və İmamqulu xan Qarabağa qayıdası olur. Tamamilə mümkündür ki, İmamqulu xana sultan rütbəsi də elə bu zaman verilib. Çünki tanınmış Azərbaycan tarixçisi Bitlisinin əsərində məhz bu döyüşdən başlayaraq, o, hər yerdə İmamqulu Sultan adlandırılır.

Qarabağda təzə qüvvələr toplayan İmamqulu xan özünü yetirən Azərbaycan hakimi Əmir xanın qoşunları ilə birlikdə yenidən Osmanlı ordusunun üzərinə gedir. Alazan çayı sahillərində osmanlıların çoxsaylı dəstələri ilə döyüş başlanır. Osmanlılar darmadağın edilir və İmamqulu xan böyük qənimət ələ keçirir. Qızılbaşlara min dəvə yüklü sursat və üç min at çatır. Bir çox osmanlı qoşun başçıları əsir düşür. Lakin osmanlıların əsas qüvvələri asanlıqla Şirvanı tutur və orada möhkəmlənərək qarnizonlarını qışlamaq üçün burada qoyub Ərzuruma dönürlər. Ziya paşanı isə Şirvan hakimi təyin edirlər.

Bu zaman Tiflis ətrafında İmamqulu xanla çar Samsonun birləşmiş qüvvələri Mustafa Lələ paşanın qoşununa ciddi zərbələr endirir. İyirmi mindən artıq əsgər və zabit öldürülür, xeyli qənimət ələ keçirilir. İmamqulu xan buradan türklərin yaxşıca möhkəmləndiyi Ərəşə gedir. Burada Kitay paşanın başçılıq etdiyi qarnizonu dağıdır, paşanın özünü qətlə yetirir, türklərin iri rütbəli qoşun başçılarından olan Əbdürrəhmanı isə əsir alır. Qarnizonun əskərlərinin bir qismi də onların zülmünə qarşı üsyana qalxan şəhər əhalisi tərəfindən öldürülür. Qızılbaşların birləşmiş qoşununun Şirvanı osmanlılardan təmizləmək cəhdləri isə Krım xanı Adil Girey tərəfindən pozulur. Bununla da kifayətlənməyən Adil Girey qoşunu təqib edərək Muğan düzünün cənubuna dönür və onlara ağır zərbələr endirib, Şamaxıya qayıdır. Qızılbaş ordusu bunun heyfini çıxmaq məqsədilə ən məşhur qızılbaş əmirlərinin, o cümlədən İmamqulu xanın başçılıq etdiyi dəstələri onun üzərinə göndərir.

Tərəflər 1578-ci il noyabrın 28-də Ağsuçayın sahillərində Mollahəsən adlanan yerdə üz-üzə gəlirlər.(Mollahəsənli döyüşü) Şirvan və Qarabağ tarixində ən məşhur döyüşlərdən biri məhz burada baş verir. Döyüş səhər tezdəndən şər qarışana qədər davam edir. Adil Gireyin 20 minlik ordusu müqavimət göstərsə də, onun özünün döyüşə girməsi də vəziyyəti xilas etmir. Adil Girey yəhərindən salınıb, əsir alınır. Osmanlı sərkərdəsi Kitay paşa da əsir düşür. Adil Gireyin əsir alınmasından sonra tatar ordusu vahimə içində qaçmağa üz qoyur, tutulan tutulur, qaçan qaçır. Tatarların Kür vadisində götürdükləri külli miqdarda qənimət qızılbaşların əllərinə keçir. Bu döyüş az qala bütün Şirvanı azad edir. Osman paşanın əlində faktiki olaraq, təkcə Dərbənd qalır.

1579-cu ildə Krım tatarları yenidən Şirvan üzərinə yürüş edirlər. Bu dəfə buranı viran etdikdən sonra geri qayıdırlar. 1580-1581-ci ildə üçüncü yürüşə gəlirlər. Lakin bu dəfə qızılbaş döyüşçüləri nisbətən asanlıqla tatarları Şirvandan sıxışdırıb çıxarırlar. Ancaq tezliklə Azərbaycanda tüğyan edən aclıq və qıtlıq üzündən Şirvanın müdafiə gücü zəifləyir və osmanlılar onu yenidən ələ keçirirlər.

Səfəvi rəhbərliyi Şirvanın azad edilməsi üçün bir sıra ciddi tədbirlər görür. Peykər bəy Ziyadoğlu Qacara xan rütbəsi verilərək, Şirvan bəylərbəyisi təyin olunur. Qərara alınır ki, İmamqulu xanın başçılığı altında Şirvanın müdafiəsi üçün qacar, otuziki və s. tayfaların ən sayseçmə döyüşçüləri göndərilsin. 1581-ci ilin baharında Krım tatarları Qazi GireySəfi Gireyin rəhbərliyi altında Şirvana dördüncü yürüşə çıxırlar. Döyüş Şamaxı və Şabran arasında gedir. Peykər xanın başçılıq etdiyi qacar, cəyirli, qaramanlı və bu kimi tayfalardan ibarət qızılbaşlar tam qələbə qazanırlar. Qazi Girey qacarlara əsir düşür. Səadət Girey isə çətinliklə də olsa, əsirlikdən qaça bilir. Lakin yenə fələk işləri pozur: Peykər xanın həmin il ölməsi osmanlılara Şirvanda öz hakimiyyətlərini bərpa etmək imkanı verir.

Üstündən bir il keçəndən sonra, 1583-cü ilin yazında İmamqulu xan yenə osmanlıları Şirvandan sıxışdırmaq qərarına gəlir. Niyazabad yaxınlığındakı döyüşdə osmanılar tam məğlubiyyətə uğrayırlar. Bir çox osmanlı qoşun başçıları qətlə yetirilir. İmamqulu xanın qoşunları osmanlıları düz Dərbəndəcən qovurlar. Samurçayın sahilinə çatanda Dərbənddən köməyə gələn qüvvələri ilə birləşən osmanlılar İmamqulu xana qarşı döyüşə girirlər. Bir neçə gün davam edən bu amansız döyüş tarixə "Məşəl savaşı" adı ilə düşmüşdür. Çünki bu döyüş gecələr də kəsilməmiş və məşəl işığında davam etdirilmişdi. Dördüncü gün sayca çox olan osmanlıların güc gəldiyini görən İmamqulu xan geri çəkilməli olur. 1584-cü ilin yayında Osmanlılar yenidən Çuxursəəd vilayətinə hərəkət edirlər. Yenə də Çuxursəəd bəylərbəyisi kömək üçün İmamqulu xana müraciət edir. Bu dəfə rəqibin üstünlüyünü görən İmamqulu xan özünün onsuz da yorğun və azsaylı qoşununu təhlükəyə atmaq istəmir. Osmanlılar İrəvana daxil olurlar. Bir il sonra isə Təbrizə girirlər. Bircə Qarabağ müstəqilliyini qoruya bilir. Elə həmin vaxt qızılbaş tayfalarından hansısa üsyan qaldırır və İmamqulu xan onu yatırır. Bu ağır vaxtlarda Qızılbaş əyanları çox zaman Qəzvində yox, Qarabağda olurdular. İndi, üsyan yatırılandan sonra da şah və onun varisi Həmzə Mirzə İmamqulu xanın müşaiyəti ilə Qarabağa gəlir. Gəncə yaxınlığında türk paşası ilə danışıqlardan sonra Həmzə Mirzə onun şəxsi bərbəri tərəfindən öldürülür və ölkədə başıpozuqluq baş alıb gedir.

Az sonra Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu Şah Abbas adı ilə taxta çıxarılır. O, ölkənin paytaxtını İsfahana köçürür və bununla da bir çox tarixçilərimizin fikrincə, I Şah İsmayılın yaratdığı Qızılbaşlar dövləti öz mövcudluğuna son qoyur. Orası da tamamilə simvolikdir ki, bu hadisə görkəmli sərkərdə və vətənpərvər İmamqulu Sultan Ziyadoğlu Qacarın ölümü ilə eyni vaxta təsadüf edir. Onun yerinə Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ hakimi təyin olunur. Ancaq artıq Qarabağın son nəfəsi idi. 1588-1589-cu ildə osmanlı sərkərdəsi Cəfər paşa neytral Gürcüstan üzərindən buraya hücum çəkir. Artıq ahıl yaşlarında olan Məhəmməd xan faktiki olaraq müqavimət göstərmədən ölkəni düşmənə təslim edir. Beləliklə, Azərbaycan ərazisinin böyük bir hissəsi osmanlıların əlinə keçir. Ancaq qacarlar bununla barışmır və üstündən bir il keçməmiş Məhəmməd xan Ziyadoğlu Qacarın başçılığı altında Qarabağı geri alır, Gəncəni mühasirədə saxlayırlar. Lakin I Şah Abbas osmanlılarla bağladığı sülhü qüvvədə saxlamaq məqsədilə qarabağlıları dilə tutaraq onları yola gətirir. Gəncə və Qarabağ yenidən osmanlıların idarəsinə keçir. Ancaq ədalət naminə hamı qeyd edir ki, 1605-ci ildə I Şah Abbas möhkəmlənib Qarabağ və Gəncəni osmanlılardan geri alarkən yenidən Məhəmməd xan Ziyadoğlu Qacarı vilayət hakimi təyin edir.

İmamqulu xan Qacar 1587-ci ildə vəfat etdi.

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.