Şomutəpə (yaşayış yeri) — Vikipediya
Şomutəpə (və ya Şomulutəpə) — Ağstafa rayonu ərazisində qədim yaşayış yeri.
Haqqında
[redaktə | mənbəni redaktə et]Azərbaycanın şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının şərqində yerləşən yaşayış yerində 1961-1964-cü illərdə 400 kv.m sahədə tədqiqat aparılmışdır. Şomutəpənin məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, uçub tökülən binalar tez-tez təmir olunmuşdur.
Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə yaşamışlar. Evlərin divarları bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m olmuşdur. Ocaqlar bəzən də həyətdə olmuşdur. Şomutəpənin təsərrüfat binaları da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış yeri müəyyən ailələrə məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin məcmuyundan ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən düzəldilmişdir. Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur. Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə örtülmüşdür. Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır.[1]
Şomutəpə yaşayış yeri Uzuntəpədən 40–50 m şimal-qərbdə yerləşən hündür, konusvari təpənin üzərindədir. Onun hündürlüyü 6, diametri 80 m-dir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007, s. 32 (elektron variant)" (PDF). 2020-01-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Даниелян О.А. Поселения Шомутепе (верхний слой). МКА, IX, Баку, 1980
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007 Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine