Ağaəli Dadaşov — Vikipediya

Ağaəli Dadaşov
Ağəli Abbasəli oğlu Dadaşov
Digər adları Ağəli Dadaşov
Ağa Əli Dadaşov
Doğum tarixi 20 mart 1906(1906-03-20)
Doğum yeri
Vəfat tarixi 7 dekabr 1973(1973-12-07) (67 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, pedaqoq
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Ağəli Dadaşov (20 mart 1906, Bakı7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959).

Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir.

Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib. O, həmçinin Opera və Balet Teatrında rejissor, Ağdam Dövlət Dram Teatrında rejissor və bədii rəhbər, Pionerlər Evində bədii rəhbər, İncəsənət İşləri İdarəsində teatr şöbəsinin rəisi vəzifələrində çalışıb. Bir müddət Bakı kinostudiyasında rejissor assistenti və rejissor işləyib.

Ağəli Dadaşov 7 dekabr 1973-cü ildə Bakıda vəfat edib.

Hazırladığı və quruluş verdiyi tamaşalar

[redaktə | mənbəni redaktə et]

Gəncə Dövlət Dram Teatrında hazırladığı əsas tamaşalar

Tamaşanın adı Müəllif Tarix
Vətən Namusu Georgi Mdivani 1938
Qohumlar Hacıağa Quliyev 1939
Toy Sabit Rəhman 1939
Köhnə dostlar Leonid Malyugin 1947
Praqanın şabalıd ağacları altında Konstantin Simonov 1947
Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev 1947
Fərhad və Şirin Səməd Vurğun 1947
Sevil Cəfər Cabbarlı 1948
İşıqlı yollar İlyas Əfəndiyev 1948
İki ağanın bir nökəri Karlo Qoldoni 1948
Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev
Ölülər Cəlil Məmmədquluzadə
1905-ci ildə Cəfər Cabbarlı

Gənc Tamaşaçılar teatrında quruluş verdiyi tamaşalar

Tamaşanın adı Müəllif Tarix
Qayğı Səttar Axundov 1945
Bir gəncin manifesti Mir Cəlal 1952
Əbədi gecənin sirləri İqor Lukovski 1952
Gülşən Əli Vəliyev 1953
Molla İbrahimxəlil kimyagər Mirzə Fətəli Axundzadə 1953
Gənc ustalar Zeynal Xəlil 1953
Komissar Mehdi Hüseyn 1954
Çiçəkli dağ Məmmədhüseyn Təhmasib 1956

Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar

Tamaşanın adı Müəllif Tarix
Almaz Cəfər Cabbarlı 1936
Vətən namusu Georgi Mdivani 1938

Naxçıvan Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar

Tamaşanın adı Müəllif Tarix
Solğun çiçəklər Cəfər Cabbarlı 1948
  • Qardaşlıq köməyi (1944, qısametrajlı sənədli film) – rejissor
  • Dağılan tifaq (1959, tammetrajlı film-tamaşa) – rejissor
  • Firuzə (1959, tammetrajlı film-tamaşa) – rejissor
  • Molla İbrahimxəlil Kimyagər (1960, tammetrajlı film-tamaşa) – rejissor
  • Müsyo Jordan və Dərviş Məstəli Şah (1962, tammetrajlı film-tamaşa) – rejissor
  • Xəyyam (1963, tammetrajlı film-tamaşa) – rejissor
  • Muğan (1964, tammetrajlı film-tamaşa) – rejissor
  • Qurbanəli bəy (1965, tammetrajlı film-tamaşa) – rejissor
  • Sən gözəlsən (1965, tammetrajlı film-tamaşa) – rejissor
  • Mehman (1967, tammetrajlı film-tamaşa) – rejissor
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. səh. 31–32