ABŞ musiqisi — Vikipediya
|
ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı. Amerika milli bəstəkarlıq məktəbinin banisi E. Mak-Douell olub. 20-ci əsrin əvvəllərində isə caz sənəti formalaşdı, D. Ellinqton, L. Armstronq, B. Qudmen və b. görkəmli caz ustaları bu dövrün məşhur musiqiçilərinə çevrildi. Birinci dünya müharibəsindən əvvəl və sonra görkəmli Avropa musiqiçilərinin ABŞ-yə köçməsi ölkənin musiqi həyatında yeni canlanmaya səbəb oldu. 20-ci illərin axırlarında Amerika peşəkar bəstəkarlıq məktəbi yarandı. İlk milli opera "Porgi və Bess"in (1935) müəllifi C. Gerşvinin yaradıcılığında caz musiqisinin, zənci mahnı-rəqs folklorunun üslub xüsusiyyətləri inkişaf etdirilmişdir. U. Şumen, S. Barber, C. Menotti də bu dövrün bəstəkarlarındandır. 1940–50-ci illərdə ölkədə müzikl janrı geniş yayılmışdı. Bu dövrdə şair-bəstəkar, həmçinin xalq mahnıları ifaçılarından X. Ledbelli, Vudi-Qatri, P. Siger, eləcə də müğənni P. Robson məşhurlaşdı. Dirijorlardan Y. Ormandi, L. Stokovski, L. Maazel, pianoçulardan C. Brauninq, C. Bayron, B. Klaybern, M. Dixter, skripkaçılardan İ. Menuhin, İ. Stern, müğənnilərdən M. Lansa, M. Anderson, M. Dobbs, L. Prays, musiqişünaslardan N. Slonimski, C. Çeyz ABŞ-nin görkəmli musiqi xadimlərindəndir.
ABŞ musiqisinin dövrləri
[redaktə | mənbəni redaktə et]Ümumiyyətlə ABŞ- ın musiqi tarixi üç dövrə bölünür: 1) 17-ci və 18-ci əsrlərin İngilis suverenliyindəki koloniya dövrü; 2) 19-cu əsrdən 1930-cu illərə qədər uzanan, Avropadan gələn bəstəkarların və Avropa ritmləri üzərində qurulan musiqinin fəaliyyət dövrü; 3) 1930-cu ildən günümüzə qədər Amerikan musiqisinin sərbəstliyə qovuşduğu dövr.
Koloniya dövrü
[redaktə | mənbəni redaktə et]Koloniya dövründə musiqi Yeni İngiltərə bölgəsindəki Puritanların həyatında əhəmiyyətli yer tuturdu. Yeni Dünyada yerləşən insanların musiqiyə maraqlı olmadığı deyilirdi. İlk öncə keşişlər ilahilər oxuyurdular. 18-ci əsrin səyyah usta müğənniləri ingilis musiqisindən öz kökünü götürmüş ilahiləri şagirdlərinə öyrədirdilər. Bu dövrün ən məşhur əsəri Ceyms Lyonun (1735–94) "Urania" adlı əsəri olmuşdur. Bu dövrün bütün amerikan bəstələri ingilis musiqisinin bir aynası olmuşdur. İlk dəfə özünə xas stili və mahnıları ilə diqqəti çəkən, Uilliyam Billinqsdir (1746–1800). 18-ci əsrdə bir tərəfdə koloniyaların sadə dini musiqisi, digər tərəfdə şəhərlərin kompleks musiqisi mövcud idi. Bu dövrün ilk konserti 1731-ci ildə Bostonda təşkil edilmişdir. 1736-cı ildə Nyu-Yorkda, 1757-ci ildə Filadelfiyada verilən konsertlərdə dinləyici kütləsi daha da artmışdır.
Amerikadakı konsert bazarı beləcə ingilislərin diqqətini öz üzərinə çəkməyə başlamışdır. Yeni musiqiçilərin köç etməsi; ilk musiqi dükanlarının və nota mətbəələrin açılması amerikan musiqi dünyasını zənginləşdirmişdir. Daha çox immiqrantlar musiqi müəllimliyi etməklə, çalğı alətlərini təmir etməklə və eyni zamanda musiqiçi kimi fəaliyyət göstərməklə pul qazanırdılar. Aleksandr Reinagle (1756–1809), Benjamin Carr (1768–1831), Ceyms Heuitt (1770–1827) və Qottlieb Qropner (1767–1836) bunlardan bir neçəsidir. 18-ci əsrdə Pensilvaniya, Ohayo və Şimal Karolinaya köçən moravyalılar parçalar bəstələyib səsləndirirdilər.
XIX əsrdən 1930-cu illərə qədər olan dövr
[redaktə | mənbəni redaktə et]19-cu əsrdə Amerikada doğulan bəstəkarlar və musiqi təlimçiləri amerikan musiqisini Avropa təsirindən qurtarmağa çalışırdılar. Buna baxmayaraq 19-cu əsr boyunca Amerika Birləşmiş Ştatlarında, Avropadan gələn musiqilər öz üstünlüyünü göstərmişdir. Louell Mason, 1732-ci ildə Boston Musiqi Akademiyasını quraraq Amerikan musiqi həyatına əhəmiyyətli xidmətlər göstərmişdir. Daniel Mason (1873–1953), Tomas Hastinqs (1784–1872), Uilliyam Bredböri (1816–68), və Isaak Vudböri (1819–58), bu dövrün məşhur bəstəkarları olmuşlar.
1848-ci ildə Almaniya inqilabının ardından bir çox alman musiqiçisi Amerikaya köç etmişdir. Bunların arasında Almaniya Musiqi Birliyinin 25 nəfərlik orkestri də var idi. İllərcə ABŞ-nin müxtəlif bölgələrində konsert verən orkestr, konsert vermək ənənəsini ən uzaq yerlərə qədər tanıtmışdılar. Bu vaxt Amerikada doğulub musiqi təhsili üçün Avropaya getmiş musiqiçilər də ölkələrinə geri dönməyə başlamışdılar. Piyanist Luis Moreau Gottschalk (1829–69), 1853-cü ildə ölkəsinə dönərək Amerikada üstünlüyünü davam etdirən Avropalı virtüozlarla rəqabət edərək turnelər təşkil etmişdir. 19-cu əsr amerikan musiqi zövqü, ümumiyyətlə alman ənənəsindən asılı idi. Amerikan bəstəkarları yalnız kiçik kənd-qəsəbə həyatında sadə, bölgəyə xas bəstələri ilə özlərinə yer tapa bilmişdilər.
Bu dövrdə Hatçinsonlar ailəsi ictimai fəaliyyətlə bağlı olan yerlərdə xor şəklində xalq mahnılarını oxumaqla məşhurlaşmışdılar.
19-cu əsrin ortalarında Nyu-York bütün sənət sahələrində yeni sənətçilərin cücərdiyi bir mərkəz halına gəlmişdi. Artıq amerikalı bəstəkarlar tərəfindən xüsusi Amerikan mahnıları bəstələnilirdi. Mövzusunu Amerika həyatından alan Uilliyam Henri Frayın (1813–64) "Leonora" adlı operası 1845-ci ildə Filadelfiyada səhnəyə qoyulmuşdur. İlk böyük orkestrlərin qurulduğu mərkəzlər isə Sentluiz, Sinsinnati, və Çikaqo şəhərləri idi. Musiqi cəmiyyətləri, konsert təşkilat büroları getdikcə çoxalmaqdaydı. Nyu-York Filarmoniya Orkestri 1842-ci ildə, Boston Simfoniyası 1881-ci ildə, Çikaqo Simfoniyası isə 1891-ci ildə yaradılır. 1810-cu ildə isə fransız mədəniyyəti təsirində olması ilə seçilən Nyu-Orlean şəhərində opera evi tikilir.
19-cu əsrdə vətəndaş müharibəsi ərəfəsində musiqiçilər musiqi təhsilini Amerikada deyil, daha çox Almaniyanın Münix, Leypziq, Berlin kimi şəhərlərində alırdılar. Ölkədəki musiqi məktəblərinin mütəşəkkil bir hala gəlməsi ancaq son əsr içində reallaşmışdır. Oberlin Kollecindəki ilk konservatoriyadan sonra (1865) Yeni ingiltərə Konservatoriyası açılmışdır. Bu məktəblər hazırlıq səviyyəsində olduğundan şagirdlər fürsət tapdıqda Avropaya gedirdilər. Con Peyn (1839–1906) Almaniyadakı təhsilindən sonra Harvard universitetində professor olmuşdur.
Bütün təhsilini Amerikada alan Artur Fut (1853–1937) ilə Corc Çaduik (1854–1931) və Horatio Parker (1863–1919) məşhur Boston qrupunun üzvləri olmuşdur. Edvard Makdouel (1860–1908) eyni qrupun müasiri olmuş və gələcəyin böyük quruluşlu amerikan musiqisini yaratmışdır. Digər bir axının qabaqcılı da musiqisini zənci melodiya və ritmləriylə təchiz edən Henri F. Gilbert (1869–1928) olmuşdur. Çarlz Ayves (1874–1954) və Duqlas Mur (1893–1969) kimi bu günün musiqi təməllərini atan məşhur bəstəkarlar Boston qrupunun şagirdləridir.
1930-cu ildən günümüzə qədərki dövr
[redaktə | mənbəni redaktə et]20-ci əsrdə musiqidə amerikan xarakterini axtaran bəstəkarlar, xalq melodiyalarına və ölkənin özünə xas caz musiqisinə müraciət etdilər. Artıq pop musiqisi təməldə oxuma yazması olmayan xalqın ağızdan ağıza keçirdərək yaydığı musiqi janrına çevrilmişdir. Amerikada, dini məzmunlu musiqinin yanında xalqın ağızdan köçürmə üsulu ilə günümüzə qədər uzanıb gələn bir folk musiqi mədəniyyəti vardır. Ən köhnə folk mahnıları ya solo olaraq ya da cəm şəkildə oxunmuşdur. Bu folk mahnılarına yoldaşlıq etmək üçün skripka, banjo və gitaranın da əlavə edilməsi ilə ilk pop musiqi növlərinin təməlləri qoyulmuş oldu. Amerikanın ilk pop musiqi ulduzu Cimmi Rocersdir. Rocers, kantri və buqi-bluz arasında harmoniya yaradaraq hillbilli, folk və bluzdan mənimsədiyi sözləri birləşdirərək kantri musiqisinin başlıca dayağı halını almışdır. Pop musiqisi İngiltərə və Amerika kimi sürətli sənayeləşmiş cəmiyyətlərdə geniş kütləni əyləndirmək məqsədiylə bir ənənə meydana gətirmişdir. Rok musiqisi isə özündə bir çox musiqi janrlarını birləşdirmiş bir növ olaraq "rock and roll"dan, "and roll"un çıxarılmasıyla 1960-cı illərin əvvəllərində meydana gəldi. Rok musiqisni meydana gətirən musiqi janrlarının alt növləri də, öz daxilində alt növlərə ayrılmışlar. Rok musiqisini də əhatə edən pop musiqi növləri bir çox musiqi janrlarının alt növlərinin sintezindən meydana gəlmişdir. Musiqi növləri arasındakı ilk qarşılıqlı təsirİ 1730-cu illərdə Amerikada "Böyük oyanışlar" adı ilə tanınan təkanda tapmaq mümkündür. "Böyük oyanışlar" Amerikan musiqisinə dərindən təsir edən dini bir oyanışın ardıcıl olaraq meydana çıxan iki dalğası idi. "Birincisi Dr. Isaak Uatts adında bir ingilisə aid "Hymms and Spirituali"ın (1701) Londonda nəşr olunmasıyla yaranan və 1739-cu il Boston nəşrindən sonra Amerikanın bütün şəhərlərində təsiri hiss edilən yeni bir musiqi anlayışının cənubun folk musiqilərini təsir etməsi nəticəsində meydana gəlmişdir. İkinci oyanış isə 1780–1830 illəri arasında düşərgə yığıncaqlarında ortaya çıxan bir axındır. Xristianlaşdırılmış zəncilər ayinlərini edərkən Afrika dini mərasimlərində görülən dairəvi rəqs, qışqırma, ritm tutma kimi elementlər dualarla birlikdə yerinə yetirilirdi. Beləcə zəncilər ağlardan mənimsədikləri spiritualların içinə atalarından miras qalan ritm və coşğunu qataraq ortaya yeni bir növ musiqi çıxarmışlar. Bu eyni zamanda dini musiqidə qara-ağ ayrıseçkiliyini də doğurmuşdur. Ağların spiritualları yerində sayarkən, qaraların etdikləri bütün ölkəyə yayılmaqla qalmayıb, ölkə xaricinə də çıxmışdır. Bir çox amerikan musiqisi kimi qospel də vətəndaş müharibəsidən sonra cənubda spiritualların davamı xüsusiyyətində ayrı bir növ olaraq özünü göstərir. Spirituallarda olduğu kimi qospelin də yalnız qaralara xas olduğunu demək düzgün olmazdı, amma ən çox zəncilərin kilsələrində və zənci qrupları daxilində icra edilmişdir. 19-cu əsrin sonunda qurulan Pentacostalis və Holines kilsələrində, Afrika musiqisindəki əlçırpma və ayaqları yerə vurma yoluyla edilən musiqi, qospel növünün ilk nümunələrini meydana gətirmişdir.
"R&B"
[redaktə | mənbəni redaktə et]1943–51-ci illər arasında cənubdan şimala edilən köçlər əsnasında piano və nəfəsli alətlər ilə tanış olan delta bluz ifaçıları "rock and roll"a keçiddəki son musiqi növü olan "R&B"i meydana gətirİrlər. Başlanğıcda yalnız qaraların radio stansiyalarında və küçələrdə yaşayan R&B, orta sinif ağ gənclərin bu musiqini vərdiş halına gətirməsiylə məşhurlaşdı. Gün keçdikcə artan tələblər, nəşr olunan R&B vallarının sayının artmasına və 25 may, 1949-cu ildə Bilbord musiqi jurnalı siyahılarında R&B adında yeni bir başlığın açılmasına gətirib çıxardı. 1953-cü ildə Çordz qrupunun "Sh-boom" adlı musiqi parçaları R&B siyahılarına sığmayaraq, məşhur musiqi siyahılarına daxil oldu və "1" nömrəyə qədər yüksəldi.
"Rock and roll"
[redaktə | mənbəni redaktə et]1954–55-ci illərdə eyni musiqini ağlar ifa edincə bunun adını "rock and roll" qoydular. Məşhur "rock and roll" piyanisti Fats Domino "biz "rock and roll"a 15 il əvvələ qədər Nyu Orleanda R&B deyərdik" demişdir. "Rock and roll", gənclər arasında o qədər rəğbət qazanır ki, həm sənayeyə qarşı ən radikal çıxışların qaynağı, həm də musiqi sənayesinin ən gəlirli dolanışıq qaynağı mövqeyinə gəlir. "Rock and roll"un R&B'dən fərqlənərək özünə xas bir musiqi növü halını almasını təmin edən ən əhəmiyyətli kəslər Elvis Presli və Çak Berridir. "Rock and roll"un böyük kralı Elvis Presli R&B ilə, "kantri" və "hillbilli" musiqilərini çox yaxşı sintez etmişdir. Çak Berri isə özündən əvvəlki gitaraçıların texnikalarını sintez edərək "rock and roll"un ilk gitara qəhrəmanı olmuşdur. Buna baxmayaraq ikisinin də əsl şöhrətləri bu birləşdirici güclərindən və özlərindən sonrakı bütün rok musiqiçilərinə təsir etmələrindən gəlmişdir. Lakin sənaye "rock and roll"u çox tez udmuşdur. Araşdırmaçıların çoxu 1950-ci illərin sonunun "rock and roll" musiqisinin də sonu olduğu mövzusunda fikir irəli sürmüşdülər. 1950-ci illərin sonunda ən məşhur "rock and roll" musiqiçilərindən olan Elvis Presli hərbi xidmətdə, Çak Berri isə həbsdə idi. Baddi Holli isə vəfat etmişdi. 1959–63-cü illər arasında rok musiqisində demək olar ki, bir boşluq yaranmışdı. Lakin, bu illərdə sonradan "60-cı illər gəncliyinin lideri" adını alan musiqiçi, Bob Daylan meydana çıxmışdır. Daylanın ilk üç albomundakı musiqilər nə folk musiqisi nə də "rock and roll" musiqisinə aid idi. Daylan, mahnılarında qaralara qarşı düşmənliyin inadla davam etməsindən, döyüşün mənasızlığından, sevginin əhəmiyyətindən, dünyanın gözəlliklərinin sürətlə itib getməsindən bəhs etmişdir. Amerikada reallaşan bu musiqi yönümlü inkişaflar bütün dünya gəncliyinə, amma ən çox ingilis gəncliyinə böyük təsir etmişdir. Uşaqlıqlarından bəri "rock and roll" musiqisiylə böyüyən ingilis gəncləri arasından bir çox musiqiçi çıxmış; bunlar "Beatles", "Rolling Stones", "Animals" kimi ilk rok birliklərini qurmuşlar. Bu qruplar, ilk zamanlarda amerikan musiqininin alt növlərindən təsirlənmişlər, lakin qısa bir müddət sonra özlərinə xas strukturları ortaya qoyaraq əsl mənada rok musiqisini formalaşdırmışlar. Bu qruplardan ilk musiqi albomunu satışa çıxaran "Beatles" yaranışından bir iki il sonra, ilk albomlarındakı bluz, buqi, qospel mahnı ailələrinin parçalarını kopiya etməkdən və "rock and roll"a yaxın musiqi parçaları bəstələməkdən yavaş yavaş imtina etməyə başlamışdır. Ən son "rock and roll" mahnılarından biri də 1965-ci ildə "Help" albomunda Larri Uilliyamsa aid "Dizzy Miss Lizzy" musiqi parçası olmuşdur.
Rok
[redaktə | mənbəni redaktə et]1965-ci ildə "Rubber Soul" albomu çıxdıqdan sonra musiqidə tamamilə xüsusi quruluşa keçid tamamlandı. Bu inkişafdan sonra rokun maneə törədilə bilməz yüksəlişi başlamış oldu. Erik Klaptonun üzvü olduğu qruplar, xüsusilə "Cream" çox böyük uğurlara imza atmışdır. "Beatles" ulduzu sönərkən səhnəyə Erik Klapton adıyla dünyanın ən yaxşı gitara virtuozlarından biri çıxdı. O zaman ABŞ küçələrinin divarlarının "Clapton his God" (Klapton tanrıdır) yazıları ilə dolması dövrü idi. 1960-cı illərın sonu, dünyada gənclik hərəkatları olaraq xarakterizə edə biləcəyimiz bir üsyanın yüksək səviyyəyə çatdığı illərdir. Get-gedə böyüyən nüvə müharibələri hədəsi, Amerikanın Vyetnamı amansızca döyüşə sövq etməsi, bir çox vyetnamlının və Amerikalının bu döyüşdə ölməsi çarxları hərəkətə keçirmiş, çiçək gücü hərəkəti belə bir mühitdə ortaya çıxmışdır. Artıq rok musiqisi dünyaya qlobal problemlərin çatdırılması vəzifəsini öz üzərinə götürmüşdür. Məşhur "döyüşmə seviş" şüarı bu hərəkatın bir məhsuludur. Çiçək gücünü yaradanların əksəriyyəti orta sinif ağ gənclərdir. Bu insanlar "hippi" olaraq adlandırılmışlar. Ümumiyyətlə o dövrlərdə bu hərəkat harada olmağından asılı olmayaraq bütün rok qruplarından dəstək almışdır. Bu illərdə şərq dinlərinə olan maraq da artmış, hətta "Beatles" üzvləri Hindistana tanınmış Hindi Maharişi Yoqini ziyarətə getmişdilər. Rokdakı bu şərq dəbi ilə birlikdə musiqiçilərin və dinləyicilərin narkotik maddələrə olan maraqları daha da artmışdı. Hippilərin bəziləri zaman keçdikcə nizam-intizam müdafiəçisinə çevrilmişdilər. Bunlara ən yaxşı nümunə ABŞ dövlət başçısı Bill Klintondur. 1960–70-ci illər rok tarixi baxımından çox müxtəlif və əhəmiyyətli qrupları daxilində saxlamışdır. "Beatles", "Animals", "The Doors", "Rolling Stones", "The who" kimi qruplar hamısı bu tarixlərdə yaranmışlar. 1965–70-ci illər arasında qurulan "Pink Floyd", "Deep Purple","Yes" kimi qruplar da artıq meqa rok qrupları idi. Bu qruplar sayəsində rok, heç olmadığı qədər məşhur olub, ciddi bir musiqi janrı kimi qarşılanmağa başlanmışdır. Rok musiqiçiləri özlərini klassik musiqi ifaçıları kimi görmələri də bu dövrə təsadüf edir. O zamanların ən diqqət çəkən müzakirəsi rokun bir sənət növü olub olmadığıdır. 70-ci illərin ikinci yarısına gəlindiyində rok artıq val satışları və konsert gəlirləriylə musiqi sənayesinin ən yaxşı dolanışıq qaynağını meydana gətirməkdəydi. Rok musiqiçiləri milyonlarla dollarlıq elektronik alətlərə sahib idilər və hamısı çox zəngin olmuşdular. Bu mega rok qrupları nə edirsə etsin satdığlarından ötəri val şirkətləri yenilərə heç şans verməməklə və ya şans versələr belə musiqilərini onlar kimi hazırlamaq şərti qoymuşdular. Pank rok da elə bu dövrlərdə özünü göstərmişdir. Pankda digər heç bir rok növündə görülməyən şiddət, qarışıqlıq və xaos vardır bu xüsusiyyətlər pankın qaranlıq qanadını gözlər önündə açmışdır. 60-cı illərdə Nyu-yorkun qaraj qruplarından formalaşan "Velvet Underground" pankın ilk toxumlarını atan qrup olaraq göstərilə bilər. Ancaq bu fikri ilk pank birliklərindən biri olan "Sex Pistols" qəbul etməyərək reaksiya vermişdir. Pankda qətiliklə keyfiyyət və xoşuna gəlmə qayğısı yoxdur. Pankçılar 1960–70-ci illərdəki rok musiqisini və təbii ki, rokçuları da lənətləyirdilər, çünki onların fikrincə rokdan artıq pul, şan, şöhrət vasitəsi olaraq istifadə edilməyə başlanmışdır. 1970-ci illərin uzun və qarışıq soloları ilə dolu musiqi parçaları yerinə qısa və nizamsız şəkildə musiqilər ifa edilirdi. Hətta "Sex Pistols" o qədər sadə və primitiv ifa edərdi ki, izləyənlər istər-istəməz "bunu mən də ifa edə bilərəm" kimi bir fikrə düşürdülər. Sənayenin ən böyük düşməni olmasına baxmayaraq pank dəliliyi də digər bütün rok dəlilikləri kimi qısa müddətdə sənaye tərəfindən udulub "dəb" halına gətirilmişdir. Pank geyimləri ən lüks mağazaların vitrinlərində biribirinin ardınca düzülmüşdür.
"Heavy Metal"
[redaktə | mənbəni redaktə et]80-ci illərə gəldikdə bir çox rok musiqi növü icra halında olduğundan bir "Heavy Metal" partlayışı yaranmışdır. "Heavy Metal" musiqisini izah edən ən yaxşı söz "qarışıqlıq" dır. Bütün "Heavy Metal" qruplarının fəaliyyət sahələri fərqlidir. Bu musiqi növünün içində kommunizm, faşizm, anarxizm, inqilabçılıq, sadizm kimi bir-birindən çox fərqli mövzuları tapmaq mümkündür.
Heavy Metal bu çoxrəngliliyi sayəsində bir çox alt növlərə ayrılmışdır. Lakin hamısında ortaq olan bir şey vardır; küfr. Kimi dövlətə, kimi qaralara küfr edirdi. 90-cı illərə nəzər yetirsək gözlənilən yeni rok anlayışı Amerikanın Sietl adlı şəhərindən gəldi. Bu şəhərdə qurulan qaraj qruplarının əvvəl Amerikaya sonra bütün dünyaya açılması ilə birlikdə bir "grunge" cərəyanı yaşanmışdır. Hələ Nirvananın "Nevermind" albomu bu yeni, alternativ roku bütün dünyaya tanıtdı. Bu gün "Pearl Jam", "Soundgarden", "Red Hot Chilli Peppers", "Therapy" kimi qruplar sayəsində rok yenidən canlanmışdır.
Caz
[redaktə | mənbəni redaktə et]Bu gün hətta Amerikanın ən son dövrə aid pop musiqisi ilə, ənənəvi hind musiqisi ilə əlaqədar olan caz da vardır. Müasir caz çox geniş anlayışdır, lakin hətta bugünkü cazda da bluz və improvizə elementləri mövcuddur. Caz elə musiqidir ki, ifaçı onu yaratmaq üçün öz keçmişini öyrənməyə və yeni musiqi yaratmaq üçün həmin keçmişdən istifadə etməyə məcbur olur. Avropa musiqisinin keçmişi Amerika musiqisindən tamam fərqli olduğuna görə, avropalı musiqiçilərin yaratdığı caz bu fərqi əks etdirirdi. Əlbəttə, bu ümumi qaydadan istisnalar da var, lakin bütövlükdə Amerika cazı daha çox bluz xarakteri daşıyır, Avropa cazında isə klassik musiqinin təsiri daha güclü hiss olunur. Bu gün dünyada əlaqələr çox gücləndiyi şəraitdə həm avropalılar, həm də amerikalılar hələ gənc yaşlarından başlayaraq, çox vaxt eyni musiqini eşidir, buna görə də onların yaratdığı cazda fərqlər xeyli azalmışdır. Amerikada xüsusilə 1900-cü illərin əvvəlində zəncilər bugünkünə görə çox daha alçaldılmış bir vəziyyətdə idilər. Və cazın ən güclü qollarından deyə biləcəyimiz bluz axınının başlaması da bu dövrə təsadüf edir. Nyu-Orlean şəhəri cazın mərkəzi halına gəlir. Bu gün hələ də caz ifaçılarının əzici bir seqmentinin zəncilər olduğunu görərik. Çünki caz musiqisi amerikan musiqisi olaraq deyil daha çox afro-amerikan yəni Afrika-Amerika qarışığı olan bir musiqi növü olaraq qeyd edilir. Amma buna baxmayaraq caz musiqisi hələ də ən dərin fəlsəfəyə malik və çox az miqdar insanın anlaya biləcəyi, dərindən hiss edə biləcəyi bir musiqi növüdür. Dövrümüzdə hələ də caz musqisinin güclü görkəmli nümayəndələri vardır və istehsal edilən musiqi baxımından keyfiyyətini qoruya bilmişdir. Çünki bu musiqini ifa etmək böyük istedad savad və məharət eyni zamanda da güclü səs diapazonu tələb edir. XIX əsrin ortalarından başlayaraq ABŞ-nin bir sıra cənub ştatlarında mövcud olmuş ən qədim, ənənəvi caz tiplərindən biri də arxaik caz idi. Arxaik caz XIX əsrin səyyar zənci və kreol orkestrlərinin musiqisi ilə təmsil edilmişdi. Arxaik caz dövründən sonra Yeni-Orlean stili (klassik stil) yaranmışdır.
Hip-hop
[redaktə | mənbəni redaktə et]Qara Amerikalıların imtina edilməz musiqisi olan `Qanqster rep` (qanqsta) milyonlarla gənci təsiri altına salmışdır. Bu axın, qaraların yaşadığı hər şəhərdə sürətlə yayılırdı. Qanqsta gənclərin gedərək dəyişən geyim tərzlərində, danışmalarında və hətta küçələrdəki gedişlərində belə özünü hiss etdirirdi. 1970-ci illərdə isə Nyu-York və Bronks şəhərlərinin arxa küçələrində qaradərili amerikanlıların dinlədiyi yeni musiqi növü — hip-hop musiqisi yarandı. DJ-lərin iki qrammofondan istifadə edərək qarışdırdıqları disko ritmlərinin üstünə, reperlərin həyatlarını izah etdikləri qafiyəli, ritmik sətirlər əlavə edərək yaratdıqları bir musiqi növü idi. Gənclərin hazırladıqları rep kasetlərini dəyişdirmələriylə küçədən küçəyə, şəhərdən şəhərə yayılan hip-hop bir alt-mədəniyyəti halına gəldi. Və hiphop rok musiqinin yarım əsrlik suverenliyinə son verərək, Amerikanın ən çox dinlənən musiqisi oldu. Qaradərili amerikalıların atışma şəklində bir-birlərinə söylədikləri mahnılar, qısa müddətdə ara küçələrdən çıxıb, prospektlərə, meydanlara, oradan da başqa şəhərlərə yayıldı.
Zamanla hip-hop Amerikanın ən təsirli, ən məşhur musiqi mədəniyyətinə çevrildi. Belə ki, Amerikanın ən çox satan musiqi jurnalı Bilbordun 11 Oktyabr, 2003-cü il sayında "ən çox dinlənən 10 mahnı" sıralamasındakı 10 mahnının hamısı da hiphop növündə idi. Amerika tarixində ilk dəfə 10 qaradərili müğənnidən ibarət olan bu siyahı, bir zamanlar qapılarını rep musiqisinə bağlayan radioların artıq hip-hop axınına təslim olduğunu sübut edirdi. Üstəlik qaraların yaratdığı və bu gün yalnız Amerikada 45 milyon adama xitab edən bu musiqinin dinləyicilərinin yüzdə səksənini ağdərili dinləyicilərin təşkil etməsi də maraqlı faktdır.
Kantri musiqisi
[redaktə | mənbəni redaktə et]Amerikan musiqisi dünyada ən çox dinlənilən musiqi olmaqla yanaşı bir çox xalqların musiqi mədəniyyətini də özündə birləşdirir. ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur.
Mənşəyi
[redaktə | mənbəni redaktə et]Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər "kantri musiqisi"nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Texas ştatının kantri musiqisinə verdiyi töhfələr
[redaktə | mənbəni redaktə et]Texasda kantri musiqi öz unikal cəhətlərini təkmilləşdirdi. 1820-ci ildə ingilisdilli mühacirlərin Texas vilayətinə gətirilməsilə bağlı Moziz və Ostinin Meksika hökuməti ilə razılığından sonra on minlərlə ağdərili özləri ilə birgə cənub folklorunu gətirərək növbəti 20 il ərzində Texasa axın etdi. Əksəriyyəti isə gələcəkdə Texasda kantri musiqisinin unikal inkişafında əhəmiyyətli təsiri olacaq qaradərili qulları da özləri ilə gətirmişdi.
1920-ci ilə qədər radio, fonoqraf və hərəkət etdirilən şəkillərin getdikcə artması əvvəllər əsasən Cənub və Cənub-qərblə məhdudlaşan kantri musiqisinin bütün ölkə boyunca və hətta beynəlxalq bazarda geniş vüsət almasına kömək etdi. Kantri musiqisinin ilk məlum ticari rekordu 1922-ci ilə təsadüf edir. 1924-cü ildə Texas, Cefersondan olan Vernon Dolhart bir milyondan çox nüsxənin satışı üzrə ilk ölkə rekordunu qırmışdı. Tezliklə səsyazma ilə məşğul olan şirkətlər və Hollivud kinorejissorları gəlir gətirəcək ifaçı ulduz tapmaq üçün ölkəmiqyaslı axtarışa başladılar. Texasdan olan və ya Texasda yaşayan bu ulduzlardan Cen Otri, Deyl Evanz, Teks Riter və Cimi Rocers ən nüfuzlular sırasında idilər. Radionun və kinofilmlərdəki müğənni obrazlarının böyük şöhrət qazanması bu musiqi janrını beynəlxalq tamaşaçıya çatdırmağa və Texasın tarix və mədəniyyətinin daimi və güclü simvolu olan kouboy musiqisinin yaradılmasına kömək etdi.
1930-cu illərdəki Böyük Böhran dövründə Texas təkamül eden kantri musiqisinə töhfələr verməkdə davam edirdi. 1930-cu illər ərzində əslən Texasın Limston kəndindən olan Bob Uilz və Texasın Stefenvi şəhərindən olan Milton Braun indiyə qədər mövcud olan Amerika musiqisinin ən uzunömürlü və ən ecazkar növlərindən birini-qərb musiqisini yaratmaq üçün müxtəlif cür caz və xalq musiqilərinin təmsilçiləri ilə birgə fəaliyyətə başldılar. Qərb musiqisi ənənəvi balladaların və skripkada ifa edilen rils, vals, şotland və polyak musiqisi, klassik, caz və qəmgin notların melodiyalarının və mariaçidən böyük orkestr musiqisinə qədər çoxsaylı musiqi növlərinin təsirlərini əks etdirən instrumental bəstələrin qarışıq sintezindən ibarətdir. Qərb musiqi qruplarının geniş əhatə dairəsinə malik olmasında Uilsə, Brauna və digər musiqi növlərinin təmsilçilərinə onların etnik və coğrafi mənşəyindən asılı olmadan duyulan sevgi mühüm rol oynamışdır. Böhran dövründə öz işlərini radioda davam etdirmək üçün estrada müğənniləri müxtəlif və geniş dinləyici kütləsinin diqqətini cəlb edəcək bir çox musiqi növündə ifa etməyə məcbur oldular. Son nəticə kantri musiqisinin özəyinə nüfuz edən ecazkar musiqi növü kimi qəbul olunmuş "Texas musiqisi" və ya "Qərb musiqisi" kimi tanınan yeni bir musiqi növünün yaranması oldu.
Honki-tonk mahnıları
[redaktə | mənbəni redaktə et]2-ci Dünya Müharibəsi dövrü kantri musiqisinə digər mühüm yeniliklər bəxş etdi. Sivil əhalinin sürətlə müharibəyə səfərbər olunması urbanizasiya və sənayeləşmədə kəskin artımla nəticələndi, çünki milyonlarla amerikalı kəndli fabrik və şirkətlərdə işləmək üçün şəhərlərə köçürdü. Kənd təsərrüfatından şəhər həyatına bu sürətli keçid "honki-tonk" adlanan kantri musiqisinin yeni bir növünün yaranmasında özünü büruzə verdi. Hələ də ilkin musiqi struktruna və ölkənin ənənəvi instrumentovkasına əsaslanmasına baxmayaraq, honki-tonk getdikcə urbanizasiyalaşan, sənayeləşən və mənəvi cəhətdən zəif olan cəmiyyətin problemlərindən daha açıq-aşkar şəkildə bəhs edirdi. Əvvəllər cəmiyyət içində açıq-aşkar şəkildə müzakirə olunmayan alkoholizm, xəyanət, boşanma və bu qəbildən olan digər sosial problemlər honki-tonk mahnılarının ümumi mövzusuna çevrildi. Bu dövrün ən mötəbər honki-tonk musiqiçilərindən bəziləri Texasdan idilər. Karnaj səhnəsində çıxış edən ilk yerli ifaçı Ernest Tabn 2-ci Dünya Müharibəsinin Honki-tonk erası kimi mövqe tutmasında xidmətləri olmuşdur. 1950-ci illərin sonuna kimi Texas sənətçiləri getdikcə pop musiqisinin ana xəttinə kantri musiqisinin motivlərini gətirməklə kantri musiqi və pop musiqisi arasındakı kəskin fərqi tədricən aradan qaldırırdılar. Məsələn, Coni Hartonun "Batlle of New Orleans", Cim Rivsin "He'll have to go", Cimi Dinsin "Big Bad John" və Rocer Millerin "King of the Road" mahnılarının hamısı həm kantri həm də pop musiqisi cədvəllərində ən çox dinlənilənlər arasında idi. Hətta Texas əsilli Bak Ounsun super pop ulduzlarından olan "Beatles" qrupu tərəfindən yazılmış "Act Naturally" adlı bir mahnısı da var idi. 1970-ci illərdə Texasda amerikan musiqisinin istiqamətini həmişəlik dəyişəcək daha bir musiqi alt-janrı meydana gəldi. Ostindəki Amadil Beynəlxalq Mərkəzi və Soup Krik barı kouboylar, hippilər, velosipedçilər və kollec tələbələri üçün ağılar, kantri musiqi, "rock and roll"un da daxil olduğu müxtəlif musiqi növlərini sərbəst qarışdırmağa və dinləməyə imkan verən bir mühit təmin edirdi. Uil Nelson, Uaylon Ceningz və Kris Kristoferson kimi texaslı bəstəkar müğənnilər mütərəqqi ölkə hərəkatının irəliləməsinə öz töhfələrini vermişdirlər.
Texaslı ulduzlar
[redaktə | mənbəni redaktə et]22 iyun 1936-ci ildə Texasda, Braunsvildə dünyaya gələn Kris Kristoferson öz tərcümeyi-halında helikopter pilotu, elmi işçi və dalandar kimi müxtəlif peşələri qeyd edir. Bob Daylan, Coni Keş və Barbara Streyzendlə birgə rollar canlandırmaq və səsləndirməklə o müvəffəqiyyətli bir bəstəkar və film ulduzuna çevrildi. 15 iyun 1937-ci ildə Texasda, Labok yaxınlığındakı Lidlfilddə dünyaya gələn Uaylon Ceningz səs yazmaq üçün ARK (Amerika Radio Kooperasiyası) səsyazma studiyasına getməzdən əvvəl Badi Holinin orkestrında bas gitara çalırdı. 30 aprel 1933-cü ildə Texas, Abotda dünyaya gələn Uili Nelsonu nənəsi və babası böyütmüşdülər. O öz mahnılarını bəstələməyə uşaqlıqdan başlamışdı, 1960-cı illərə qədər isə Neşvildə müvəffəqiyyətli bəstəkarlıq karyerasını qurmuşdu. "Night Life" — Rey Prays, "Crazy" — Pesti Klayn və "Hello walls" — Faron Yang da daxil olmaqla yerli musiqinin ən böyük ulduzlarından bəziləri Nelsonun mahnılarını ən çox dinlənilənlər zirvəsinə qaldırdılar. Lakin 1970-ci illərin əvvəllərinə qədər Nelson daha geniş yaradıcı azadlığını tapmaq ümidi ilə doğma ştatı Texasa qayıtmışdı. Texas kimi mütərəqqi ştatda "Moms, Don't Let Your Babies Grow Up To Be Cowboys" kimi sevilən mahnıların qeyri-adi ticari uğuru Neşvil təşkilatını Nelson, Ceginz və digər "qeyri-qanuni" sənətçiləri təsdiqləməyə və onların ənənəvi olmayan musiqi növlərini kantri musiqinin özəyinə əlavə etmeyə vadar etdi. Tezliklə Rey Uayli Habed, Bili Cou Şeyver, Marsiya Bol, Gay Klark, Maykl Martin Möfey, Rodni Crouel, Coni Rodriqz, Tanya Take, BC Tomas, Fredi Fender, Don Uilyamzın daxil olduğu daha gənc texaslı ifaçıların axını yerli, xalq, ağı, pop, rok və qərb musiqilərini əhatə edən yeni və daha eklektik (zidd fikirləri mexaniki birləşdirən) musiqi bazarının yaranmasına gətirib çıxardı.
1980-ci illər kantri musiqisi
[redaktə | mənbəni redaktə et]1980-ci illərdə kantri musiqisində daha mühüm irəliləyişlər baş verdi. 1948-ci ildə Seminolda dünyaya gələn Lari Getlin, 1948-ci ildə Hyustonda dünyaya gələn Barbara Mendrel və 1938-ci ildə Hyustonda dünyaya gələn Keni Rocerz kimi yerli texaslılar kantri-pop musiqisi ilə cədvəllərdə zirvəyə yüksəldikləri zaman, San-Markosda yaşayan kollecli dostlardan ibarət bir qrup demək olar ki, yerli musiqi aləmini zirvəyə daşıdılar. Mayk Deyli, Teri Heyl, Tomi Fut, Ron Keybel və Corc Streyt adlı tanınmayan ifaçıların da daxil olduğu "The Eyes in the Hole" orkestrı ənənəvi kantri musiqi köklərinə qayıtmağa ruhlandırmaqla səhnəyə çıxmağa başladı. 1952-ci ildə Texas, Potitdə dünyaya gələn və yaxınlıqdakı Persolda böyüyən Corc Streyt Birləşmiş Ştatlar ordusunda olarkən boş vaxtlarında öz ifaçılıq qabiliyyəti üzərində işləyirdi, sonra isə kənd təsərrüfatı sahəsində dərəcə əldə etmək məqsədilə Cənub-qərbi Texas Dövlət Universitetində təhsilini davam etdirmişdi. Universitet və xüsusən San-Markosda Kent Finleyz Çetem küçəsində baş tutan şəhərətrafı konsertlər vasitəsilə Streyt və orkestrın sadiq pərəstişkarlarının sayı artdı. 1981-ci ildə Streyt AMK (Amerika Musiqi Kooperasiyası) studiyasında qeydiyyatdan keçdi və tezliklə ölkənin super ulduzuna çevrildi. Qərb musiqisində güclü bir təsirə malik olan və honki-tonkun əsaslarına söykənən "Fool Hearted Memory", "Right or Wrong", "Amarillo by Morning"in da daxil olduğu onun ən çox sevilən mahnılarından ibarət albomu minlərlə nüsxədə satıldı və yerli musiqinin daha ənənəvi sədalarına yenidən maraq oyatdı. 2006-cı ildə Streytə musiqi sahəsindəki xidmətlərinə görə rəsmi şəkildə "Hall of Fame" mükafatı verildi, 2009-cu ildə isə Dövlət Musiqi Akademiyası tərəfindən "Son 10 ilin ən yaxşı sənətçisi" adına layiq görüldü. 2010-cu ilə kimi Streytin 57 ən sevilən mahnılarından ibarət albomu bütün musiqi janrlarından olan təmsilçilər arasında dünya rekoru qırdı.
21-ci əsr kantri musiqisi
[redaktə | mənbəni redaktə et]1990-cı illərdən 21-ci əsrə qədər Texasdan olan Li Ann Uamak, Klint Blek, Layl Lavet, Robert Erl, Jr.Cimi Deyl Cilmor, Cou Eli, Rendi Rocerz, Kevin Fouler, Rik Trevayne və saysız-hesabsız digər sənətçilər müvəffəqiyyətli karyera qurmaq üçün öz sələflərinin izlərindən gediblər. Bu gənc musiqi təmsilçiləri növbəti bir neçə il ərzində yerli musiqidə dərin və davamlı Texas təsirinin olacağından xəbər verirlər.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Audio clips: Traditional music of the United States. Musée d'Ethnographie de Genève. Accessed November 25, 2010. (fr.)
- American Federation of Musicians Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine
- American Guild of Music
- Essential American Recordings Survey
- Music Business Journal Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine
- Music Publisher's Association
- Music Library Association Arxivləşdirilib 2014-12-21 at the Wayback Machine