Anabaptistlər — Vikipediya
Anabaptist (yun. Αναβαπτιστές) — XVI əsrdə İsveçrə, Almaniya, Avstriya və Niderlandda yayılmış radikal protestant hərəkat. Hərəkatı digərlərindən fərqləndirən ən önəmli xüsusiyyəti icmanın yaşlı üzvlərinin ikinçi dəfə xaç suyuna çəkilməsi idi. İcma üzvləri körpə uşaqların xaç suyuna çəkilməsini qəbul etmədikləri üçün yaşlı insanların bu mərasimi yerinə yetirmələri təkrar hesab olunmurdu.
Anabaptistlər özlərini qardaşlar və bacılar adlandırırdılar. Anabaptist dini cərəyanın yaranması və formalaşması din xadimi Qrebelin adı ilə bağlıdır. Qrebel Sürix radikal protestantlarının başçısı idi. O, körpələrin xaç suyuna çəkilməsinə etiraz edir və bunun Bibliyaya zidd olduğunu bildirdi. 1527-ci ildə təlimin əsasları işlənib hazırlandı. Ona əsasən yaşlılar açıq tövbə etdikdən sonra xaç suyundan keçməli, günah işlətmiş və tövbə etməmiş icma üzvləri icmadan qovulmalı idi. İcma üzvləri dövlət işindən, orduda quluqdan, silah gəzdirməkdən imtina etməli idilər. Təlimin ehkamlarını katolik və protestant kilsələri tərəfindən rədd edilmişdir. Surix Anabaptistlərinə qarşı katolik kilsəsi tərəfindən bir neçə dəfə dini hərəkatlar təşkil edilmişdir.
Anabaptistlərin əsasən sülhpərəstliyə xüsusi diqqət yetirməyinə baxmayaraq bəzi anabaptist qruplaşmalar katolik və digər protestantların təqiblərinə qarşı silahlanmış və açıq döyüşlərdə iştirak etmişdir. Bu üsyanların ən məşhuru 1534 Münster üsyanıdır. Üsyanın nəticəsində şəhər anabaptistlərin əlinə keçir və tarixdəki yeganə anabaptist dövləti qurulur. Yalnız 1 il mövcud olan Münster anabaptist dominionluğunun varlığına katolik Habsburqlar tərəfindən son qoyulur.
Katoliklik və Lüteranlıq məzhəblərindən fərqli olaraq anabaptistlər və anabaptizm heç bir dövlət tərəfindən rəsmi dövlət dini elan edilməmişdir. Bunun səbəbi onların kilisənin tam azad olmağını tələb etməsi və kilisə və dünyəvi dövlət arasındakı əlaqələrin dayandırılmağını tələb etmələridir.
Müasir dövrdə anabaptist cərəyanının üzvləri 2 cərəyana bölünmüşdür: Hollandiyalı keçmiş katolik rahibi anabaptist Menno Simmonsun başlatdığı Mennonitlər və "İsveçrə Qardaşları" anabaptist cərəyanından törəyən Amişlər. Münsterli anabaptistlərdən fərqli olaraq bu cərəyanlar şiddət və mühabirələrdən çəkinməyi vacib görür və pasifizmi təbliğ edirlər.Anabaptistlərin əksəriyyəti bu gün Almaniyada,İsveçrədə,Niderlandiyada və Şimali Amerikada yaşayır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası səh 462.