Araz su anbarı — Vikipediya
Araz su anbarı | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | Naxçıvan MR |
Uzunluğu | 52.000 m |
Eni | 6.100 m |
Sahəsi | 145 mln m² |
Həcmi | 1254 mln m³ |
Orta dərinliyi | 9,3 m |
Tökülən çaylar | Naxçıvançay , Başbaşıçay, Şorsuçay |
Şəffaflığı | 0,1 - 3,5 m |
Araz su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir.
Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir. Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir.
Su anbarını çirkləndirən əsas mənbələr. Araz (Naхçıvan) su anbarının çirklənməsində əsas rolu Araz çayı oynayır. Çünki Ermənistanın bütün çirkablı tullantıları təmizlənmədən birbaşa bu çaya axıdılır. Belə ki, Ermənistan ərazisindən başlanan və Araz çayına birləşən Axura və Zəngi (Razdan) və bir sıra digər kiçik çayları, Araz (Naхçıvan) su anbarına qədər оlan Ermənistanın bütün çirkab sularını bir başa Araza daşıyırlar. Araz çayı isə təbii yolla bu çirkablardan xilas olmamış su anbarına daxil olur.