Aya Koda — Vikipediya

Aya Koda
yap. 幸田文
Doğum tarixi 1 sentyabr 1904(1904-09-01)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1990(1990-10-31) (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d]
Uşağı
Fəaliyyəti romançı, esseist, yazıçı
Əsərlərinin dili yapon dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aya Koda (幸田文, Koda Aya?, 1 sentyabr 1904, Tokio[d]31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası)Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır.[1] Yazıçı Rohan Kodanın qızıdır.

Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[1] Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur.[2] Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır.[1] 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur.[2]

Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır.[1] 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür.[2] Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir.[1] Kimono geyinmiş qadınların əhatəsində olmaq 1955-ci ildə "Axıntı" (流れる, "Naqareru"?) adlı birinci romanını yazmaq üçün ilham mənbəyi olmuşdur.[1] Qocalan geyşadan bəhs edən bu əsər onun ən tanınmış əsəri olmuş və əsərə görə 1956-cı ildə Yaponiya İncəsənət Akademiyası Mükafatına layiq görülmüşdür.[2]

Koda 1956–57-ci illərdə "Böyük qardaş" əsərini, 1956-cı ildə isə "Didilmiş buludlar" esse kolleksiyasını yazmışdır.[2] Onun ailəsinin paqodalarla sıx əlaqəsi olduğu üçün Koda 1970-ci illərdə Horin məbədinin bərpası üçün pul toplamışdır.[1] Kodanın yaradıcılığı 1994–97-ci illərdə nəşr olunmuş 23 cildlik əsərdə öz əksini tapmışdır.[1]

Ədəbi üslubu

[redaktə | mənbəni redaktə et]

Koda romanlar və esselər yazmışdır.[1] Ailə münasibətləri, gender rolları və ənənəvi Yaponiya mədəniyyəti onun ən çox müraciət etdiyi mövzular olmuşdur.[1] Kimono əsərlərinin əsas ünsürlərindən biri olmuşdur, buna görə də kimono ilə görünüşü popular olmuşdur.[1]

Google 1 sentyabr 2020-ci ildə Kodanın 116 illiyi münasibətilə dudl yayımlamışdır.[1] "Bungo Stray Dogs" manqasında Aya Koda personajı onun şərəfinə adlandırılmışdır.[3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Aya Kōda's 116th Birthday". Google (ingiliscə). 1 sentyabr 2020. 21 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.
  2. 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan
  3. "Bungo Stray Dogs" Manqa: 40-cı fəsil.