Azərbaycanda atmosferin çirklənməsi — Vikipediya

Atmosferin çirklənməsi
Kokslaşdırma sobasından çıxan tüstü nəticəsində atmosferin çirklənməsi.

Azərbaycan Respublikasında SSRİ-nin dağılması nəticəsində ətraf mühiti kirləndirən sənaye müəssisələrinin əksəriyyəti dayandıqdan sonra atmosferə atılan zəhərli maddələrin miqdarı kəskin azaldı. 1987-ci ildə respublikanın hava hövzəsinə 2,05 mln.t zərərli tullantılar atılmışdır. Bunun 0,25 mln. tonu bərk maddələr (toz), 0,15 mln. tonu kükürd qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən SSRİ-nin dağıldığı 1991-ci ildə atmosfer havasına atılan zərərli tullantıların ümumi miqdarı artaraq 2,6 mln. tona çatmışdır. Bunların 0,11 mln. tonu bərk toz hissəciklər, 0,09 mln. tonu kükürd 2-oksid, 0,64 mln. tonu karbon oksidi, 0,08 mln. tonu azot oksidi, 1,67 mln. tonu karbon qazı, 0,04 mln. tonu buxarlanan kimyəvi maddələr təşkil edirdi.

Sənaye müəssisələrinin atmosferi çirkləndirməsi

[redaktə | mənbəni redaktə et]

Stasionar mənbələrdən atılan tullantıların əsas hissəsi tikinti materialları 26,6%, neft-kimya sənayesi 16,9%, energetika 16,9%, qaz sənayesi 15,7%, neft sənayesi 7,3%, əlvan metallurgiya 4,7%, elektrotexnika sənayesi 1,8% müəssisələrinin payına düşür. Əsas sənaye şəhərlərindəki vəziyyət sözün əsl mənasında təşviş doğururdu. Sumqayıtda zərərli tullantıların xüsusi təzyiqi 1200 t/km² (ümum respublika göstəricisindən 50 dəfə, ümumittifaq göstəricisindən 500 dəfə çox), Şirvan şəhərində 1000 t/km², Gəncədə 550 t/km², Mingəçevirdə 480 t/km², Bakıda 400 t/km² olmuşdur. Respublikada atmosferə buraxılan tullantıların miqdarının 80%-dən çoxu bu 5 şəhərin payına düşür: o cümlədən Bakı şəhərinin payına (66,1%), Sumqayıtın (4,5%), Gəncənin (3%), Mingəçevirin (2,5%), Şirvanın (5%) zərərli tullantı düşür. Bakı ilə yanaşı digər sənaye şəhərlərinin atmosferinin çirklənməsi nəticəsində də yaranan ekocoğrafi şəraitin əlverişli olmadığını söyləmək olar. Misal üçün, Gəncədə alüminium zavodu yenidən işə salındıqdan sonra təkə Gəncə şəhərində deyil, həmçinin ətrafdakı Samux, Xanlar, Şəmkir, Goranboy rayonlarında da havada olan zəhərli maddələrin miqdarı artmış və qəbul olunmuş həddən xeyli çox olmuşdur. Belə bir vəziyyət Şirvan şəhəri və ona bitişik rayonlarda da müşahidə edilir.

Şəhərlərin hava hövzəsinin çirkləndirilməsinin əsas səbəbi avadanlıq və qurğuların 50 ilə yaxın bir müddətdə dəyişdirilməməsi, atmosferin mühafizəsi üçün nəzərdə tutulmuş təbiəti mühafizə tədbirlərinin həyata keçirilməməsi, ətraf mühitin mühafizəsinə sərf edilən maliyyə vəsaitinin az olması və ya əksinə ayrılan pulların mənimsənilməməsi olmuşdur. İstilik elektrik stansiyalarında və istilik qızdırıcı mərkəzlərində təbii qaz əvəzinə mazutdan, xüsusilə bir çox hallarda yüksək faizli kükürdlü mazutdan istifadə edilməsi atmosferin çirkləndirilməsini daha da gücləndirmişdir. İlk müstəqillik illərində sənaye müəssisələrinin çox hissəsinin dayanmasına baxmayaraq, havanın tənzimləyici qurğularının təmirinə və bərpasına heç bir vəsait ayrılmadığından atmosferin çirklənməsi ağır olaraq qalırdı.

Avtomobilin atmosferi çirkləndirməsi

[redaktə | mənbəni redaktə et]

Sonrakı illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı və respublikaya gətirilən avtomobillərin sayının durmadan artması, yuxarıda qeyd olunan şəhərlərdə atmosferin ekoloji vəziyyətinin ağır olaraq qalmasına səbəb olmuşdur. 2000-ci ildə atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 9839 olmuşdur. Stasionar mənbələrdən ayrılan və tutulan (zərərsizləşdirilən) maddələrin miqdarı 111 min ton olmuşdur ki, bu da tullantıların cəmi 18%-ni təşkil etmişdir. Son illərdə respublikanın paytaxtı Bakıda və digər iri şəhərlərdə avtomobil nəqliyyatının havanı çirkləndirməsi təşviş doğurur. Bəzi günlərdə sakit hava şəraitində baş verən tıxaclar zamanı insanların nəfəs alması çətinləşir və xəstələr, qocalar buna dözə bilmirlər. Dəhşətli hal odur ki, Azərbaycanda istehsal olunan benzin etilləşdirilmiş benzindən ibarətdir. Müasir maşınların mühərriklərində yüksək oktanlı benzin yandırılması tələb olunduğuna görə, Bakının neftayırma zavodlarında oktanlığı artırmaq üçün benzinə qurğuşun tozu əlavə edilir. Nəzərə almaq lazımdır ki, hazırda avtomobillərdən Bakı şəhərinin atmosferinə atılan zəhərli maddələrin orta illik miqdarı 300 min tona çatmışdır. Avtonəqliyyat tullantılarının tərkibində olan qurğuşun insan orqanizminə təhlükəli təsir göstərir və yüksək zəhərləyici xüsusiyyətlərə malikdir. Tullantılar atmosferin aşağı qatlarında küləksiz günlərdə zəif yayılır. Belə havada şəhərin mərkəzi küçələrində güclü şəkildə qalxan hava kütlələri hakim olur və zəhərli tullantılar çox da uzaq məsafəyə yayıla bilmir. Ən çox tullantıların yığılması hündür binaların aralarında və şəhərin ən alçaqda yerləşən məhəllələrində müşahidə olunur. Hazırda respublikamızda avtomobil parklarında olan maşınların 75–80 %-i yüngül maşınlar, 20–25 %-i isə avtobus və yük maşınları təşkil edir. Əhalinin sıx məskunlaşdığı iri şəhərlərdə-Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Əli-Bayramlı və Yevlaxda hava hövzəsi avtonəqliyyat tullantıları ilə daha çox çirklənmişdir. Azərbaycan ərazisi üçün qəbul edilmiş orta sutkalıq konsentrasiya həddi azot oksidləri üçün 0,85 mq/m³, karbohidrogenlər üçün 0,035 mq/m³, karbon oksidləri üçün 1,0 mq/m³, sulfat anhidridləri üçün 0,25 mq/m³ təşkil edir. Abşeron, Kür-Araz, Gəncə-Qazax, Quba-Xaçmaz iqtisadi rayonlarının ərazisindən keçən magistral yollarda və sənaye mərkəzlərində atmosferin yerə yaxın olan təbəqəsində qaz və toz tullantılarının orta sutkalıq və birdəfəlik hədd qiyməti "YVB" normadan bir neçə dəfə çoxdur. Təkcə onu qeyd etmək lazımdır ki, azot oksidlərinin 1 m³ havada qəbul edilmiş hədd norması 6 mq təşkil edir. Lakin bu rəqəm 2003-cü ildə Bakı şəhərində 88 mq, Sumqayıtda 102 mq, Mingəçevirdə 45 mq, Gəncədə 65 mq, Şirvanda isə 48 mq/m³ olmuşdur. Bu vəziyyət hərəkətin intensiv olduğu vaxtlarda səhər saat 700–1000-a və axşam saatlarında 1600–1900-a qədər xüsusilə daha çox müşahidə edilir. Avtomobillərin yanma mühərriklərindən çıxan zəhərli tullantı maddələrin miqdarı karbon oksidləri 0,5–10%, azot oksidləri 0,8–25%, karbohidratlar 3%, aldehidlər 0,2% təşkil edir. Avtonəqliyyatın mühitə mənfi təsirlərindən biri də güclü səs-küyün yaranmasıdır. Səs-küyün intensivliyi destibellə (Db) ölçülür. Təcrübələrlə sübut edilmişdir ki, insanın qulağı 20–120 Db-ə qədər olan səs dalğalarının diapozonunu qəbul edə bilir. Ayrı-ayrı nəqliyyat növləri üzrə səs-küyün orta intensivlik dərəcəsi də müxtəlifdir. Bu göstərici yük avtomobilləri üçün 80–90 Db, avtobuslar üçün 80–85 Db, yüngül avtomobillər üçün 70–80 Db, metro qatarları üçün 95–100 Db, sərnişin təyyarələri üçün 110–130 Db, yaşayış evləri üçün 54–59 Db-dir. Sutka ərzində Bakı şəhərinin mərkəzi küçələrində səs-küyün intensivliyi 80–90 Db-ə, bəzi hallarda, o cümlədən səsli-küylü toy məclislərində 120 Db-ə çatır və ondan da çox ola bilir. İnsan üçün 20–30 Db zərərsiz hesab olunur. 30–80 Db zərərli olub, insanların əmək fəaliyyətini 10%-dən 60%-ə qədər aşağı sala bilir.[1].

Statistik göstəricilər

[redaktə | mənbəni redaktə et]

Cədvəl 1. Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan istilik effekti yaradan qazlar

[redaktə | mənbəni redaktə et]
Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan istilik effekti yaradan qazlar, min ton
2007 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021 2022
Karbon qazı (CO2) 14828,8 15293,1 14399,6 13809,4 12471,4 15135,8 16091,9 13980,8 14911,2 16482,5 18494,1 15863,5 16456,4 16516,5 14121,1
Azot bir oksid (N2O) 1.7 10,4 11,8 25,9 15,8 5,0 4,7 7,0 3,3 10,8 8,7 9,1 8,6 8,7 1,4
Metan (CH4) 24,3 24,2 18,3 298,3 385,2 248,8 95,7 34,1 41,0 34,6 18,2 17,5 14,2 14,0 15,1
Hidroflüorkarbonlar 0,5 7 6,8 0,0 6,4 3,9 1,8 0,7 0,8 0,8 0,6 0,6 0,5 0,5 0,4
Kükürd altı flüorid (SF6) 0,1 0,6 0,3 0,7 0,6 0,2 0,05 0,0 0,03 0,004 0,004 0,0 0,0 0,0 0,0
Perflüorkarbonlar 0,6 6,4 5,6 0,1 5,6 2,4 0,02 0,0 0,01 0,014 0,01 0,02 0,014 0,02 0,02

Cədvəl 2. Atmosfer havasının mühafizəsini və ona zərərli təsiri səciyyələndirən göstəricilər

[redaktə | mənbəni redaktə et]
Atmosfer havasının mühafizəsini və ona zərərli təsiri səciyyələndirən göstəricilər. [2]
1990 1991 1992 1993 1994 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021 2022
Stasionar mənbələrdən ayrılan çirkləndirici maddələrin ümumi miqdarı, min ton 2913 2556 2132 1848 1365 1033 472 508 457 678 627 1029 459 713 829 1781 715 765 646 565 491 479 316 282 273 485 432 436 410 442 420 457 480
Stasionar mənbələrdən ayrılan çirkləndirici maddələrin tutulub zərərsizləşdirilməsi — cəmi, min ton 804 637 433 314 202 154 90 118 105 103 112 452 242 287 289 1223 371 379 365 265 277 255 90 84 83 307 244 252 238 265 274 301 322
stasionar mənbələrdən ayrılan çirkləndirici maddələrin ümumi miqdarına nisbətən, faizlə 28 25 20 17 15 15 19 23 23 15 18 44 53 40 35 69 52 50 57 47 56 53 29 30 30 63 56 58 58 60 65 66 67
Çirkləndirici maddələrin atmosfer havasına atılması — cəmi, min ton 2846 2634 2347 2086 1610 1326 717 849 756 917 908 979 620 838 975 1054 875 970 937 997 957 1003 1076 1137 1155 1156 1170 1160 1121 1122 841 880 930
o cümlədən:
stasionar mənbələrdən 2108 1919 1699 1533 1163 879 382 390 443 575 515 577 217 426 540 558 344 386 295 300 215 224 277 197 189 178 188 184 171 177 147 157 158
adambaşına düşən, kq 294 264 230 205 153 114 49 50 56 72 64 71 26 51 64 66 40 44 33 34 24 24 30 21 20 19 20 19 17 18 15 16 16
avtomobil nəqliyyatından 738 715 648 553 447 447 335 459 313 342 393 402 403 412 435 496 531 584 642 697 742 779 849 940 966 978 982 976 950 945 694 723 772
adambaşına düşən, kq 103 98 88 74 59 58 43 59 40 43 49 49 49 50 52 58 62 67 73 78 82 85 91 100 101 103 102 100 97 95 70 72 76
Atmosfer havasına avtomobil nəqliyyatından atılan çirkləndi-rici maddələrin ümumi atılan çirkləndirici maddələrin miqda-rındakı xüsusi çəkisi, faiz 26 27 28 27 28 34 47 54 41 37 43 41 65 49 45 47 61 60 69 70 78 78 79 83 84 85 84 84 85 84 83 82 83

Cədvəl 3. Sahələr üzrə istilik effekti yaradan qazların atılması

[redaktə | mənbəni redaktə et]
Sahələr üzrə istilik effekti yaradan qazların atılması (milyon ton CO2 ekvivalentində)
2005 2010 2015 2018 2019 2020 2021
Energetika 40,9 41,0 47,4 47,8 49,3 49,8 53,4
Sənaye prosesləri 1,9 2,1 3,4 3,3 3,3 3,2 3,2
Kənd təsərrüfatı 6,5 7,2 8,7 8,7 8,0 8,0 7,6
Torpaqdan istifadə, onun dəyişdirilməsi və meşə təsərrüfatı 2) -5,3 -5,4 -7,1 -7,2 -7,5 -8,5 -7,7
Tullantılar 1,0 2,3 0,9 1,0 1,0 1,4 1,5
Torpaqdan istifadə, onun dəyişdirilməsi və meşə təsərrüfatı nəzərə almaqla, cəmi 50,2 52,6 60,4 60,8 61,6 62,4 65,8
Torpaqdan istifadə, onun dəyişdirilməsi və meşə təsərrüfatı istisna olmaqla, cəmi 44,9 47,2 53,3 53,6 54,1 53,9 58,1
  1. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən
  2. minus " - " işarəsi ilə istilik effekti yaradan qalarının absorbsiyası (udulması) göstərilmişdir.[3]
  1. Xəlilov Ş. B. Azərbaycanın ekocoğrafi problemləri Bakı 2006
  2. "Ətraf mühitin mühafizəsi" (az.). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 05.02.2023 tarixində arxivləşdirilib.
  3. "Ətraf mühitin mühafizəsi" (az.). AR Dövlət Statistika Komitəsi. 12.09.2023. 05.02.2023 tarixində arxivləşdirilib.